Şükür kişilərin də vəfalı sevgisinə - Nigar Həsənzadənin şeirləri...

Nigar Həsənzadə, şair

Nigar Həsənzadə, şair

10 may 2022
# 18:20

Kulis.az Nigar Həsənzadənin şeirlərini təqdim edir.

Mələklərin ölməzliyinə,

Yelçəkənin yüngüllüyünə inanan,

Qanadlı ayaqlarla yol gedən

Hər kəsin barmağında

"Bu da keçər..." hikməti

Yazılmış bir üzük.

"Bu da keçər..." -

Ehtirasların və yaraların

Üzünə çırpılan gülüşlə

Üzük dilə gəlirdi:

Şad-xürrəm yaşayaq, xoşbəxt qocalaq.

Yalandan gözü qorxmuş bu dünya

Ruhdan salmasın qəhrəmanları

Və quzğunlar anlasın:

Allah qu quşlarını sevir göylərdə...

Sinəsində ürək gəzdirən bəndələr -

Kinlərinin, vədlərinin girovları,

Metaforaların və üzüklərin qoruyucuları

Qəbul eləsinlər bu həqiqəti:

Bəraət yoxdu əzablara.

"Bu da keçər..." - bir müdrikin

Bu kəlamını unutmasan əgər.

Yaşamaq əmri verib həyat insana

Zəfər soraqlı sonluğa qədər...

London

Bu şəhəri sevirəm - yuxusuz gecələri

Nəfəsiylə isidən doğma bir ocaq kimi.

O bakir zülmətiylə ağlımı başdan alıb

Məni sevgilisinə çevirən qucaq kimi.

Bu şəhəri sevirəm qoruyucu mələkdən

Uzaqlarda qaldığım uzun illərə görə...

Bir uşaq saflığına, şirin əzablarına,

Bağında çiçəkləyən qızılgüllərə görə.

Burda doğulmuşam mən iyirmi beş yaşımda.

Dumanını çəkmişəm içimə nəfəs kimi...

Bu şəhər dizlərimə təpər verib, güc verib,

Qoymayıb əyilməyə ruhumu, qamətimi.

Burda xəyallarını bir tavana çevirsən,

Daha yaxın olursan planetə - bu nə sirr?!

Bu şəhər hərdən məni küçələrdə gəzdirən,

Yaşıllığa bürünmüş bir karetə bənzəyir.

Sifətini basmayıb zamanın qırışları,

Yenilməyib dünyanın bu pozuq nizamına...

Yaşayır, yaşayacaq uzun illər beləcə,

Demək, mən bu şəhərdən

getməyəcəm heç yana.

2019

***

Həyat dalan deyil, düz bucağı yox.

Bu dünya girdədi: bundadır hikmət.

Kainat bağışalar şəfəqlərini

Kim ona bəsləsə böyük məhəbbət.

Biz də bu dünyanın tozu - zərrəsi.

Gör səndə nələr var: su, qan, torpaq, ət.

Hər şey keçib-gedir, axı fanidir

Həm büllur səltənət, həm də bu şərbət...

Bu dünya girdədi, yumrudu, dostum,

Həyat dalan deyil - zarıma, görək.

Varlığın mənası: özün-özünə

Həm sual olasan, həm cavab gərək.

***

Qabarlar içində ucalar saray...

Qurbansız qurbangah yoxdu, bilirəm...

Mən həm əvvəlimi, həm də sonumu

Güzgünün önündə durub görürəm.

Bilirəm, kədərsiz səadət olmur...

Neçə savabım var, neçə günahım.

Qırışlar göylərə qırçın toxuyur,

Yenilmiş şeytanım, yenən Allahım!

Bu döyüş hər kəsin hünəri deyil,

Əsəbi zəiflər çəkilsin geri...

Çağıraq bu savaş meydanına biz

Çılpaq baxışları, yalın əlləri...

Qurbansız qurbangah yoxdu, bilirəm...

Şam yanar - istisi gedər, ayrılar.

Bilirəm, ayrı cür ola da bilməz:

Gözümdə bir savaş ehtirası var.

***

Qaranlıq səmada işıqlı möhür...

Yağır ulduzların yağışı göydən.

Qaçmağa lüzum yox, qaçmağa yer yox

Cəzadan, ədalət məhkəməsindən.

Yerin qabığını qoparır səma,

Sanki dərisini soyur adamın...

Qoy baxıb anlasın gözləri korlar:

Göylərin altında qonaqdı hamı...

Kimi yuxudadır, kimi də oyaq -

Hamısı dünyada qonaqdı, qonaq.

Və bir an gələcək, hamısı tək-tək

Gözə görünməyən divar dibində

Durub kainata dua edəcək.

Qaranlıq səmada işıqlı möhür...

Günaha batmayan adam var hələ?

Lələyi iynədən, mələyi cindən

Kaş seçib-ayıra biləydik elə.

***

Tanrı, min şükür olsun oyanıb ürək kimi

Döyündüyüm gününə, saatına, anına.

Şükür sinəmin altda yuva salan, yurd salan,

Mənə bunca öyrəşən gözəl kainatına.

Tanrı, min şükür olsun qismətimə yazdığın

İrinsiz yaralara, iniltisiz illərə.

Şükür, həyat yapışıb dartdı qıraqlarımdan -

Məni sınağa çəkdi bu dünyada min kərə...

Tanrı, min şükür olsun, inadımdan dönmədim.

Sönmədi çılğınlığım, odum sönmədi həm də.

Sən mənim atam, arxam, dayağımsan həyatda,

Nəzərini heç zaman çəkmədin üzərimdən...

Şükür kişilərin də vəfalı sevgisinə...

Şükür, savab-günahım düzülübdü bir sapa -

Asmışam bu qırışsız boynuma mirvaritək.

Bir Diriliş günüdü həftədə sevdiyim gün.

***

Bir yabanı qızılgül verib ağırlayaram

Ayağımı tikanla dalayan insanları...

Siz ey kirə-palçığa batmayan topuqların

Hardasa körpüləri, hardasa perronları.

Ruhunuz yox əzəldən sürüdə heyvan kimi,

Aşağı əyarların yiyəsisiz, uzağı...

Cənnət havası çalır buynuz öz günahına,

Alnınıza salamım dəyir güllə sayağı.

Mən tavan, siz döşəmə - nəmişliyi sevərsiz.

Verdiyiniz ehsana toxunmamışam hələ.

Sizin qənimət deyil zəfərlərim, çəkilin.

Oxuyuram dostları gözündən çərşənbələr.

***

Çoxdan gözlədiyin bir qonaq kimi

Gün gəlir - fərəhli, fikirli, dalğın...

Çılpaq kürəyini verir altına

Məlhəmi olmayan yaralarının.

Bu hikmət günüdür - bir işarədir.

Çəkilir kor gözdən toru qəflətin...

Birdən anlayırsan: yaşdı, oğuldu,

Bir də çal saçlardı varın-dövlətin.

Nə utanc, nə qorxu... hüzur tökülür

İsti yağışların indi gözündən.

Ram olur ehtiras qırçını, bir də

Gecə fəryadına oxşayan bədən.

Udulub çəkilir bir anda cana

Ağız şirəsitək qoca dünya da...

Həmin gün yetişir, həmin gün gəlir,

Evinə qapılmaq istəyir adam...

Və cavab axtarır suallarına,

Çözür neçə sirri o lal sükut da...

Gündüz var, gecə var, qalanı puçdu.

Uzağı, bir udum ağız suyudu

Bu fani dünya da dilinin altda.

***

Həm özünü yaradan, həm də qayçı adam var...

Edam kötükləriylə dar ağacı yanaşı...

Adam da var, çirkabı, zir-zibili təmizlər,

Usanmadan üfürər tozu, külü, yaddaşı...

Hamı ciyər dolusu nəfəs alar səmayla,

Hər kəsin dərisi var - hər kəsin libası var.

Hamı gəlir dünyaya, saralıb-solub gedir,

Hamının sifətini bürüyür sızanaqlar...

Arabir xoş təsadüf çıxır qabağımıza

Payız yağışlarında, qışın qarında, yazda...

Dünyaya İnsan gəlir evlərin, həyətlərin,

Və qədimi tağların, bağların arasında.

Varlığı hiss olunmaz, səsi gəlməz ucadan,

Bəlkə də zəngin deyil, bəlkə də kamil deyil.

İyirmi yaşındadı, amma yox, qırxdır yaşı...

Bütün varı-dövləti özündədir elə bil.

Ürəyində təpər var... çəkinmədən, qorxmadan

Qucaq açar hamıya, gülümsəyər üzlərə.

Onun baxışlarında yanan şamlar neçə yol

Yandırıb kainatı, alışdırıb gözləri.

İnanar əlamətə, işarətə, mənaya,

Gah zarafat eləyər, gah da susar bu adam.

Dadlı şərablar içər, acı şirnilər yeyər,

Ayaqyalın dolaşar tikanlıqda qorxmadan.

Sübh şehini xoşlayar... bədənini, ruhunu

Gərər böyük həvəslə bu dəli küləklərə.

Ürəklə salam verər özgələrə, yadlara,

Sevdiyi adamlara sehrli üzük verər...

Həm özünü yaradan, həm də qayçı adamlar...

Dərisi var hər kəsin - hər kəsin libası var.

Amma bir insan da var bir ömür dəyərində -

Hardasa, yanındadı... sadəcə, axtar, axtar...

***

Deyirlər, düzgün deyil, belə yaşamaq olmaz.

İnsan gönüqalındı, laldı, kordu... deməli,

Hər bəladan uzaqdı, yox heç nəyin qorxusu...

İstəyirsən başın dinc, canın salamat olsun,

Gərəkdi tutsun səni letargiya yuxusu.

Deyirlər, çılpaq dizin, çiynin üşütməsindən

Cismi qorumalısan ya mahudla, ya yunla...

Bədən çəkinsin gərək cismani toqquşmadan,

Təmiz havanı alsın ağızla yox, burunla.

Elektrik xətləri damar yox, cərəyandı -

İstisini, nurunu ondan alar evimiz...

Deyirlər, sinəmiz də beton divardır bizim,

Ya damğadı, ya karma həyatda taleyimiz.

Deyirlər, nəyə lazım özünü damdan atmaq:

Sümüklərin qırılar, sir-sifətin olar zay...

Pis nəzərlə baxarlar cilovsuz qadınlara,

Ucaltmazlar onlara qara mərmərdən saray.

Bürüməzlər heç vədə bər-bəzəyə, daş-qaşa,

Onlara yar olmağı heç kim istəməz nəsə.

Deyirlər, bu qadınlar parçalayıb dünyanı.

Görüşdünsə bircə yol, ayrıla bilməyirsən.

Deyirlər, ötəridir yataqdakı sevgilər,

Uzaqbaşı, meyvətək cana-qana xeyri var.

Körpələri döşlə yox, qaşıqla yedirirlər

Süni ailələrdə "nərmənazik" analar.

Parıltı və xışıltı... yaxadakı bu qara

Kəpənəyi sayırlar imicin əlaməti.

Hünülərə qol-qanad verir şüşə lampalar,

Tapa bilsən, böyükdü işığın fəziləti.

Pul yığılır pul üstə - qoxusu yox, dadı yox:

Rahat çeynə özünçün, sonra da qoy cibinə.

Birinin dərisindən birinə xəz tikirlər,

Təki dəyməsin ləkə, zədə bədənlərinə...

Zamanın dörd fəsli var, məkanın da dörd yanı...

Bilə-bilə seçilmiş batini yol çox çətin -

Qartal oxşayar Göyü, qarğasa dimdikləyər.

Hər kəsdə çiçəklənər özünün həqiqəti...

Deyirlər, çox yaşasan, qocalıb-qartıyarsan:

Gözlər düşər çuxura, saç ağarar, nəhayət...

Deyirlər, səsə salma... dünya düzələn deyil,

Gün altında eynəksiz gəzməyə yoxdu hacət.

Min illərdi bu dünya cəhalət üzərində

Sehrbazlıq eləyir usanmadan - ağ, qara...

Piyadalar şahları asanlıqla mat qoyur.

Kimsə fırçayla yuyur özgə ayaqyolunu,

Amma kimsə can verir viran qalan bağlara.

Deyirlər, düzgün deyil, belə yaşamaq olmaz...

İnsan gönüqalındı, laldı, kordu - deməli,

Hər bəladan uzaqdı, yox heç nəyin qorxusu.

İstəyirsən başın dinc, canın salamat olsun,

Gərəkdi tutsun səni letargiya yuxusu.

***

Nə qədər qayda var, nə qədər hakim

Zərif saçlar qədər gödək ömürə.

Adamlar daşınır qurbangahlara

Bir jestə, baxışa, saf səsə görə.

Özgə qaydaların qılıncları da

Başından eləyir haçandan bəri

Bu zalım, bu naqis, murdar həyatın

Altına uzana bilməyənləri.

Gülüş və göz yaşı içində Yallı...

Hamı həqiqəti oxuyur bərkdən.

Tövbəyə çağırır günahlarını

Kimi məzarında, kimi bələkdə...

Göydən ulduz axır Yer kürəsinə,

Tökülür üstünə sağ qalanların.

Kövrək ulduzların öpüşlərindən

Dua edən damlar alışıb-yanır.

Yenə qəndillərin şüşə işığı

Sığallayır yuxulu kirpikləri:

Ah, bu gözlərdəki əbədi bağın

Havası təmizdir, quşları diri...

Bu bağda kədər də ayrı kədərdi:

Tamam çevrilibdi astar üzünə.

Mənim ürəyimsə hamıdan gizli

Qumdan saray tikir sevincə yenə.

Göydənsə elə hey ulduzlar axır...

***

İsti külək üzə vurur,

Hərçənd... yelçəkəndi bu.

Nə varsa bayağıdı, saat şən-şən oyanır,

Bədən alverindədir yatan küçələr hələ.

Göydən ulduzlar axır yerə səssiz-səmirsiz,

Bizimlə yerlərini dəyişmək ümidiylə.

İnanırıq nizama, ağız büzmək nə lazım?!

Hər şey gözəl oturub təbiətdə yerinə.

Və sürünür uçuşda donub-qalan adamlar.

Adamlar qisas alır, sevmək istəyir yenə.

Kimin boynunda şərf var, kimin boynunda ilgək,

Kimi üzük taxıbdı, kiminin yox barmağı.

Bəşər dediyin nədir? Ulayan ac qurdların

Və ürkək dovşanların sürüsüdür, uzağı.

İsti axşam üzə vurur,

Hərçənd... yelçəkəndi bu.

Bədən kimi canlıdı, diridi mavi səma:

Qucaqlayıb yalayır yenə qançırlarını

Göy üzündə Günəşi - ruhu parlasın deyə.

***

Görürsən, barmaqlarım barmaq deyil, lələkdi,

Əllərim kökdü mənim, sinəm mürəkkəbqabı...

Bir ac, vəhşi heyvanı gizlədirəm içimdə,

Bundan belə heç kəsi yaralaya bilməsin...

Bu heyvanı min ildi ovlamaq istəyirlər

Bir əyləncə eşqinə, bir qonaqlıq xətrinə.

İndi xilas olunub ovçulardan, tələdən,

Amma yaman inləyir

İncə tikişlərinin ağrısından hələ də.

Qabırğama sürtülüb yeyilib caynaqları,

Tükləri biz-biz olub, gözlərində ağrı var.

Onu yaman qorxudur soyuq ürəkdən qopan,

Cana üşütmə salan küləklər, qasırğalar.

Qorxur külək üfürüb çölə atar qəfildən -

Azadlığın bədəli ağır olar bir gecə.

Bir ac, vəhşi heyvanı gizlədirəm içimdə,

Dörd yanın işığından qoruyuram beləcə...

Qoruyuram yuxuyla, tozla naxış vurulmuş,

İpəkdən zərif olan qadın bədənimlə mən.

Neyləyək, tapılmadı bu həyatın mənası,

Zaman da alt-üst olub qoparaq məhvərindən.

Hər şey ötüb-keçəcək, yox olacaq bu anlar,

Narın-narın yağan qar toxunacaq ürəyə...

Mən bu fağır heyvanı öldürəcəm içimdə,

İçimdəki bir Adam salamat qalsın deyə.

***

Özünə sadiq olan özümə minnətdaram,

Şükür ki, bu həyatda qalmağa çatır gücüm.

Minnətdaram özümə - hələ güzgüyə baxa,

Əbədiyyət və ana oynaya bildiyimçün...

Özümə minnətdaram zərif xasiyyətimin

İti bucaqlarına, tinlərinə görə mən.

Nə başımı itirdim, nə mənimlə doğulan

Rəngimi, məzmunumu dəyişdim bu günəcən.

Özümə minnətdaram, var olsun dəliliyim

Və rəngli yuxularım - qocalmayan uşaqlar.

Beton divardan da sərt, dəmir qəfəsdən də bərk

Bu zərif bədənimə böyük təşəkkürüm var.

Gecə stratosferdə fal açdım, bəxtə baxdım,

Bədənin təri kimi duzlu rəqslər elədim.

Şükür, yoxdu inamım məhəbbətsiz həyata,

Şükür, yaşamağıma inanıram hələ də.

O əsrdən bu əsrə çay süzürəm yenə mən,

Çay süzürəm mehriban dostların fincanına.

Şükür, özüm özümçün qurutma kağızıyam -

Yazdığım sətirləri hopdururam canıma.

Bu gün Tays Afinalı - mənim əziz rəfiqəm

Gəlmişdi nahar vaxtı bizə qeybət qırmağa:

Nara, özün bilirsən, həyat çox qəribədi -

Macərasız olanda izi də solğun çıxar.

Biz ürəkdən gülürdük, lap uğunub-gedirdik,

Çağırılmamış qonaqlar ürkürdü səsimizdən.

Gözoxşayan ehtiras çələnginin qoxusu

Düşürdü yadımıza, keçirdi içimizdən.

Sonra getdi... təzəcə ayrılmışdıq onunla,

Lal qapımı Janna Dark yavaşca döydü bu dəm.

"Gəl, əzizim, gəl öpüm, basım səni bağrıma,

Ey mənim əziz bacım, ey mənim qanlı laləm...".

Biz hamıdan gizlicə axıdırdıq göz yaşı...

Ey aləmi yaradan, sən özün yetiş dada.

İstəmirdik pərişan eləyək başqasını

Kədəri zibilindən artıq olan dünyada.

Nə yaxşı ki, dilimə gəlmədi heç vaxt yalan,

Taleyin yollarında büdrəmədim bir kərə.

Nə yaxşı ki, içimdə minnətdarlıq hissi var

Bir azacıq özümə, bir az da özgələrə.

***

Mən bu gün pəncərəmə bir özgə pərdə çəkdim,

Bu gün özgə paltarı geydim başdan-ayağa.

Bədənimə yad kürək, bir özgə donqar qoyub

Başladım öz-özümə nəğmə pıçıldamağa...

Dodağımdan içimə axıb dondu bu nəğmə.

Donum yanıq yeritək dərimdən çəkilirdi...

Bu tərənnüm... virtual zərbələr xaosunda

Oxumaq istədiyim şeir mənə gülürdü.

Tək idim güzgüdəki surətimin önündə:

Nə pafoslu bir təmas, nə bər-bəzək, nə paltar...

Yad aləmlə xəyali ilhamım arasında

Savaşların baxışı gözümdə batırdılar.

***

Sabah görüşərik, darıxma belə,

Nə vaxt görüşmərik - kim bilir amma.

Tərli ay özünü verib kölgəyə,

Deyəsən, həyatın yuxusuyuq biz...

Darıxma, darıxmaq üzür adamı:

Alnı qırışdırır, saçı ağardır.

Sən mənim qəlbimi qırmayan kişi,

Mən səni arxadan vurmayan qadın...

Nə çox bizdən qalan xatirə, nə çox...

Keçmişdən dirilləm, görərsən sağam.

Sən məni kəməndə sala bilmədin.

Mən səni qaldırdım əlçatmazlığa...

Elə belə olur eşq nəfəsindən,

Sevgi sığalından doymamaq dərdi.

Bu sübh xəyal kimi göründün mənə:

Sıxıb əllərimi gülümsəyirdin...

Mənsə, dodağından təbəssüm kimi,

Şəfəqi yaladım, oyandım hövlnak.

Sən mənim qəlbimdə günahsız xəta,

Mən sənin qəlbinə sonuncu yolam...

İnan, bir gün hər şey gələcək başa,

Yer üzü səhraya dönəcək tamam,

Göydən dolu kimi quşlar yağacaq,

Qəfil soyuyacaq can verən səma.

Ölkələr, küçələr, mehmanxanalar

Hamının yadından çıxacaq birdən.

Bax onda sinəmdə Günəşin rəsmi

Durub gələcəyəm görüşünə mən.

***

Sən mənim sükutumda nəfəs alırsan elə...

Sevgidən toxunmayan, əzilib-qırışmayan

Mələfələr və günlər içində yaşayırsan...

Sən mənim qanla dolu bədənimsən hər zaman.

Sən görünməz boşluğum, sən yarımçıq fəryadım,

Yolunu intizarla gözlədiyim qonaqsan -

Üşüyən dizlərimin son ümidi, pənahı...

Tapılmayan paltarım... nə vaxt tapılacaqsan?!

Gör neçə yay, neçə qış, neçə yaz usanmadan

Döyür yuxularımı, lal sinəmi harayın.

Daha yolum qalmadı bir kədərli, bir gözəl,

Bir çalsaçlı payıza çevrilməkdən savayı...

Bu gün yenidən varam, sabah yenə olacam.

Mən hələ bitməmişəm, mən sona çatmamışam...

Desələr, unudacam səni günün birində,

Nə falçılara inan, nə Allaha, nə quşa.

Heyif, ala bilmədin bağ havası doyunca,

Sən mənim kölgəm idin, işıqda yox olmusan.

Qorxma, əvvəlki kimi dayanacam yanında...

Gələrsən siqareti çəkib qurtaran zaman...

Amir

Şahzadəm, söz ver ki, gözəl qış günü

Doğulub səadət verərsən bizə.

Dilini duaya öyrədəcəm ki,

Açaq qəlbimizi bir-birimizə.

Ruha, sözə görə, sevgiyə görə,

Bətnimdə ulduzlu əfv qərarı var...

Artıq bağışlanıb mənasız həyat,

Bir də alov kimi qırmızı qanlar.

Öpürlər hələ də yaş dodaqları

Səndə mənim suyum, mənim dənizim...

Bir azdan dönəcəm bir hökmdara -

Canlı üzüyümsən sənsə, əzizim.

Şahzadəm, söz ver ki, tez olacaqsan...

Səni nağıllarda niyyət eləyən

Bu şair qadının məhəbbətindən

Toxunmuş köynəkdə doğulacaqsan.

***

Ağ suyun üzərində bəyaz cadugər kimi

Damcılara bir ovsun oxuyuram mən yenə.

Baxıram acgöz-acgöz körpə dodaqlarının

Gənc ananın döşündə gözəl tərpənişinə.

Körpəm, al qoxusunu çoxdan gözlənən yayın,

Yaxınıq, ayrılmazıq dırnaq ilə ət kimi.

Gəl iç məst elədiyin göylərimi doyunca,

Gəl iç göy qurşağıtək işıq saçan qəlbimi.

Damcılara bir ovsun oxuyuram yenə mən.

İlıq dərman içində duz kimi ərimişəm.

Qabaq üsyankar idim, indi itaətkaram,

Dəlisov roluma da xəyanət eləmişəm.

Damcılara bir ovsun oxuyuram yenə də,

Azalır həyat suyu get-gedə, damla-damla.

Mən bu südlü ruhumu, bu südlü bədənimi

Sənə bağışlamışam, gəl iç məni aramla.

***

Dodağıyla öpərək anasının döşünü,

Bu möcüzə deyinir, fısıldayırdı yenə.

Eləcə ürkək-ürkək, kor-koranə baxırdı

Sinəm altda qəlbimin ən dərin yerlərinə.

Deyirdi, qoruyucu mələyinəm, ay ana,

Yuxuların yozumu, ömrün mənasıyam mən.

Bir azdan zümrüd bağı, göy yaqutlu bir səma,

Bir də doğma yurd-yuva yaradacam, görərsən.

Bir azdan keçib gedər canındakı ağrılar,

Boz günləri, borcları, dərdləri unudarsan.

Unudular yaralar, buynuzlar, badalaqlar,

Cırmaqlayan, gəmirən, əzab verən nə varsa.

Bir azdan yoxa çıxar ev-eşik qayğıları,

Zamansızlıq içində yaşın da yaddan çıxar.

Unudular ruhunun susuzluğu, aclığı,

Kədərli gözlərinin yaşı da yaddan çıxar.

Hər əngəlin yox olar, işıqlı ümidlərin

İşıq gələn tərəfə bağlı yolu açılar.

Bircə-bircə toplayıb qalaqlaram bir yerə,

Sonrasa yox edərəm, neçə ağrın-acın var.

Oyaq gecələrinə, südünə and içirəm,

Mən səni misralara bələrəm dönə-dönə...

Bələrəm sinən altda haçandı səssiz yatan,

Haçandı ayaq altda qalan nəğmələrinə.

And içirəm, nə varsa, keçmişində qalacaq,

Daha heç kəs, heç nə yox həyatında mənəcən...

Mən sənə Yaradandan möcüzəyəm, ay ana,

Mənimçün yaşamağa dəyər son nəfəsəcən.

***

Sevgidən keyimiş ovuclarımda

Beş barmaq tərpənir, fısıldayır, bax...

Bətnimdən, qanımdan, fikirlərimdən

Yoğrulan tacdımı bu beşcə barmaq?!

Gərək hər barmağa pıçıldayım mən

Beşik ahəngində beş dua bu gün...

Ovsun pıçıldayır yuxulu ulduz

Gələcək döyüşlər, zəfərlər üçün.

Ölümə yaraşmır əbədiyyət də.

Qoy zaman son qoysun Yerdə hər şeyə.

Mənsə bu Toxumu qoyub gedəcəm,

Tanrı da, bəndə də sevinsin deyə.

***

Tanrım, hifz elə balamı

Anasının

Göz yaşlarından,

Xətalarından,

Günahlarından,

Amiranə sevgisindən,

Saçlarının düyünlərindən,

Qapılarının yelçəkənindən.

Tanrım, hifz elə balamı

Qaniçən öpüşlərin zərifliyindən,

Qaydalardan, hakimlərdən...

Yuxusuz gecələrimdə

Şirin-şirin böyüyən,

İkimizin əvəzinə yuxu görən balamı

Hifz elə, Tanrım.

Özümü mamır xalı kimi

Sərmək istəyirəm

Xeyirə gedən yolda

Balamın ayaqları altına -

Qoy izləri gümüşlə

"Ana" sözünü yazsın

Sinəm üstünə.

***

İlahi, min şükür bu möcüzənə -

Tikdin bu qalamı, bu məbədimi.

Varam, vardım, yenə olacam onda

Zəncirin növbəti həlqəsi kimi...

Fərqi yox, nə qədər ömür sürmüşəm -

Mənim açıq alnım, əyilməz belim

Bu zalım dünyada, fani dünyada

Nələri qoruyub saxlaya bilib...

Hər şeyə dünyanın bir tikəsinin -

Balamın gözüylə dəyər verilər:

Bizimçün nə qədər xatirə qoyub

Dərin bir yuxuya gedəndə illər.

İlahi, min şükür bu möcüzənə -

Qoru başındakı tacını hər an.

Ruhunu, cismini, ev-eşiyini

Hifz elə soyuqdan, alovdan-oddan.

***

Körpəm, keçəcəyəm hər günahından,

Hər şeyi bu başdan bağışlayıram...

Mürgülü səmanı yellədikcə mən

Səni göy üzündə yırğalayıram.

Yorğun bədənində qucağın açıb

Hey şükür eləyir indi bir ana

Elə bətnindəcə bağışladığı

Övlad doğuşunun ağrılarına.

Ta qəlbin yerində başqa ürək var.

Səsim pıçıltıya dönəcək daha.

Sən mənim dünyada sonsuzluğumsan,

Aldığım nəfəsim, hayım-harayım,

Zərif deyintimsən, şükür Allaha.

Hər şeyi bu başdan bağışlayıram

Bu saf baxışlara, saf nəzərlərə.

Sevgidən yoğrulan, rəvan nəfəsli

Bir zərif varlığa, vücuda görə.

Gecə rahat olur bağışlayan qəlb...

Tanrım, onu sənə tapşırıram mən -

Mənim əfv etməyə ömrüm çatmayan

Qalan günahından özün keçərsən.

Rus dilindən tərcümə: Salam Sarvan

# 1533 dəfə oxunub

Oxşar xəbərlər

# # #