Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

Rüstəm Dastanoğlu, yazıçı

Rüstəm Dastanoğlu, yazıçı

20 noyabr 2026
# 13:20

Kulis.az Yusif Məmmədlinin Rüstəm Dastanoğlunun "Tənhalıq həsrəti" hekayəsi haqqında essesini təqdim edir.

Yeni janrlar, yeni ədəbi cərəyanlar yarandıqça ədəbiyyatın təyinatı da mübahisə predmetinə çevrilir. İndiki zamanda ədəbiyyatın nə üçün lazım olduğunu əminliklə demək mümkün deyil. Meyarlar, ədəbi konturlar dəyişdikcə bir zamanların qəti qənaətləri də dəyişikliklərə məruz qalır.

Bu səbəbdən, son illərdə oxuduğum bədii mətnləri beynimdəki bu qəlibləri, stereotipləri kənara qoyaraq mütaliə edirəm. İmzası ilə yeni tanış olduğum müəlliflərdən biri də Rüstəm Dastanoğludur. Onun "Şeytan əməli" hekayəsi haqqında fikirlərimi yazandan sonra digər mətnlərinə də göz gəzdirmək qərarına gəldim. Rastıma "Tənhalıq həsrəti" hekayəsi çıxdı. Hekayənin poetik və maraqlı adı diqqətimi çəkdi və oxudum.

Bu hekayədə bir qəribəlik var: qəhrəman bütün günü yatmaq istəyir, amma gecə yatanda ağlayaraq oyanır. Gündüz yuxu onun düşmənidir, gecə isə yuxusuzluqdan xilas ola bilmir. Auditoriyada mürgüləyən adam gecə öz keçmişinin qarşısında ayıq qalmağa məcburdur. Məncə, bu ziddiyyət hekayənin açarlarından biridir.

İnsanın həyatı iki cür yuxudan ibarətdir: yaşamaq istəmədiyi anlarda gözlərini yumur, yaşamaq istədiyi anlara qayıtmaq üçün isə gözlərini aça bilmir.

Hekayənin qəhrəmanı tələbədir. Hərbi hazırlıq dərsində oturub. Zabit mühazirə oxuyur, lövhədə formullar yazır, sxemlər göstərir. Qəhrəmanın isə bunlarla heç bir işi yoxdur. Onun fikri dünən baxdığı "Amadey" filmindədir. Hətta özünü rejissor kimi təsəvvür edir, beynində kadrlar qurur, səhnələr çəkir. Bir sözlə, adamın bədəni auditoriyadadır, ruhu başqa yerdə.

Ədəbiyyatda bu vəziyyətə "qaçış" demək olar. Amma məncə, burada daha maraqlı bir şey baş verir: qəhrəman yaşadığı həyatın içində deyil, onun mümkün versiyalarının içində yaşayır. O, baş verənlərdən çox, baş verə biləcəklərlə maraqlanır.

İndi isə onun qarşısına bir papaq çıxır.

Papaq adi əşyadır. Nə tarixi var, nə xüsusi mənəvi dəyəri. Sadəcə, kiminsə başından çıxıb, kiminsə yadından çıxıb və partanın altında qalıb. Ancaq bu əşya qəhrəmanın həyatında kiçik bir sınaq yaradır. Onu götürmək istəyir. Sonra fikrindən daşınır. Yenidən istəyir. Özünə bəhanələr tapır. Papağın sahibini varlı, haramxor, əxlaqsız adam kimi təsəvvür edir. Bir az sonra isə sahibinin kasıb ola biləcəyini düşünür.

Bu, papağın yox, təsəvvürün qiymətləndirilməsidir. Qəhrəman əşyanın sahibini tanımır, amma onu öz ehtiyaclarına uyğun olaraq dəfələrlə dəyişdirir. Bir dəfə varlı edir ki, papağı götürmək savab olsun, başqa dəfə kasıb edir ki, vicdanı narahat olsun.

Bir dəfə mənim də başıma buna bənzər hadisə gəlmişdi. Dostlarla bir kafedə oturmuşdum, qonşu masadan kimsə tələsik qalxıb gedəndə telefonunu stulun üstündə unutmuşdu. Əlimi uzadıb telefonu götürdüm, təbii ki, oğurlamaq məqsədilə yox. Telefonun ortada yiyəsiz qalmamağı üçün. Ötəri telefona göz gəzdirdim. Bahalı telefona oxşayırdı. Dostlardan biri dedi ki, təxminən dörd min manatdır qiyməti. Öz-özümə fikirləşdim ki, yəqin, imkanı yaxşı adamdır, belə telefonun yoxluğunu heç hiss etməz. Ardınca fikirləşdim ki, bəlkə də bu telefonu almaq üçün neçə ay pul yığıb, indi də hər ay güc-bəlaynan kreditini ödəyir. Bir neçə dəqiqənin içində telefonun sahibini öz beynimdə fərqli-fərqli təsnifatlandırdım. Axırda ofisiantı çağırıb telefonu ona verdik. Təxminən yarım saat sonra təlaşlı bir cavan oğlan kafeyə girdi. Telefonu soraqladı. Üz-gözündən dəhşət çarəsizlik yağırdı. Telefonunu burda unutduğunu öyrənəndə özünə gəldi.

İndi Rüstəm Dastanoğlunun hekayəsini oxuyanda, həmin günü xatırladım və başa düşdüm ki, insan başqasının taleyini nə qədər asanlıqla öz beynində yaza bilirmiş.

Müəllif burada qəribə bir yazıçı üsulundan istifadə edir. Qəhrəmanın beynindəki mübahisəni hadisənin özündən daha uzun saxlayır. Papaq yerindədir, heç yerə getmir. Amma onun ətrafında bütöv bir dünya fırlanır: Saşa, alver, Lvov, Vadim, ailənin yoxsulluğu, ananın zəhməti, naməlum sahibin ehtimal olunan var-dövləti...

Bir papaq bu qədər düşüncə doğura bilərmi? Əlbəttə. Çünki insanın beynində əşyaların öz qiymətindən daha böyük bir qiyməti var. Bəzən bir qəpik insanın bütün həyatını müzakirəyə çıxarır.

Burada mənə bir başqa məsələ də maraqlı görünür: qəhrəman rejissor olmaq istəyir, amma həyatında ən vacib səhnənin rejissoru ola bilmir. O, beynində film çəkir, amma öz hərəkətinə nəzarət edə bilmir. Kadrları istədiyi kimi qurur, həyatı isə onun istədiyi kimi qurulmur.

Müəllifin qəhrəmanla bağlı ən böyük ironiyası da budur ki, o, başqalarının həyatına kino vasitəsilə baxmaq istəyir, amma öz həyatına baxmaqdan qaçır.

Hekayənin ən gözlənilməz montajı kəndə keçiddə baş verir.

Birdən auditoriya yox olur. Zabit, tələbələr, papaq, Saşa, Lvov haqqında düşüncələr arxada qalır. Qarşımızda gün batımına yaxın kənd mənzərəsi açılır. Bir ana və oğlu tütün suvarmaqdan qayıdırlar.

Müəllif burada yeni bir "filmə" keçir. Ancaq bu filmin baş qəhrəmanı artıq böyümüş tələbə deyil, onun uşaqlığıdır.

Mən bu keçidi sadəcə xatirəyə qayıdış kimi oxumaq istəmirəm. Çünki müəllif keçmişi qəhrəmanın yadına salmaq üçün gətirmir. Keçmiş indiki zamanı mühakimə etmək üçün gəlir.

Ana susur. Oğlan anasının gözlərinə baxır və onun nə düşündüyünü təxmin etməyə çalışır. Bu hissədə hekayənin dili də dəyişir. Papaq haqqında düşünən, qiymət hesablayan, özünə bəraət qazandıran adamın yerində hər şeyi hiss etməyə çalışan bir uşaq var.

Oğlan anasının susmağını oxuyur. Onun gözlərində keçmişini axtarır. Anasının uşaqlığını, yaşamadığı həyatını, bəlkə də itirdiyi insanları təsəvvür edir. Sonra məlum olur ki, ananın fikri Xeyransa xalasındadır. Anası bacısının ölümündən sonra ona Quran oxutdurmağı tapşırır. Çünki Xeyransa sonsuzdur və dünyadan izsiz gedəcək.

Burada bir detalın üzərində dayanmaq lazımdır: Xeyransa hələ ölməyib. Amma onun yoxluğu indidən düşünülür. Hələ yaşayan insanın gələcəkdə unudulacağından qorxulur.

Bu, hekayənin ən ağır paradokslarından biridir. Xeyransa haqqında deyilənlər isə ananın öz daxilində daşıdığı böyük bir kədərin üzə çıxmasıdır.

Oğlan bu kədəri eşidir və içində nəsə qırılır. Başını göyə qaldırıb it kimi ulamaq istəyir. Ulaya bilmir. Ağlayır.

İndi diqqət edək... Papağı götürmək istəyən adamın uşaqlığında belə bir səhnə var. Başqasının dərdini öz dərdi kimi yaşayan, hələ həyatın mənəvi hesablarını aparmağı öyrənməmiş bir uşaq.

Müəllif bizi onun uşaqlığına aparmaqla bir növ belə bir sual verir: bu iki adamdan hansı həqiqidir? Auditoriyada papağın qiymətini hesablayanmı, yoxsa anasının susqunluğunda başqa bir insanın faciəsini duyan uşaq?

Məncə, hər ikisi. Və hekayənin faciəsi də onların eyni adam olmasındadır.

Ədəbiyyatın ən böyük qəhrəmanları heç nəyi dəyişməyən adamlardır. Onlar nə müharibənin qarşısını alırlar, nə bir ölkəni xilas edirlər, nə də dünyanı başqa istiqamətə aparırlar. Bu qəhrəmanlar öz həyatlarının içində ilişib qalırlar.

Bu hekayədəki adam da belədir. O, nə böyük cinayət törədir, nə də böyük qəhrəmanlıq göstərir. Bir papağı götürmək istəyir. Ancaq bu kiçik hadisənin arxasında onun bütün mənəvi tarixçəsi dayanır.

Müəllif qəhrəmanın kasıb ailəsini də təsadüfən xatırlatmır. Tütün becərən ana, əziyyət çəkən bacılar, kolxozun ədalətsiz hesabları, zəhmətin qarşılığında alınmayan pul... Bunlar sadəcə sosial fon deyil. Hekayədəki mənəvi ziddiyyətin iqtisadi tərəfidir.

Qəhrəmanın ailəsi halal zəhmətlə yaşayır, amma bu zəhmət onları firavan etmir. Onların bir illik əziyyətini bir neçə dəqiqənin içində dəyərdən salan adamlar var. Belə bir dünyada qəhrəmanın başqasının papağını götürməyi düşünməsi müəyyən mənada həmin ədalətsizliyin içində formalaşmış düşüncədir.

Bu, əlbəttə, onun hərəkətinə bəraət qazandırmır, amma onu anlamağa imkan verir.

Ən maraqlısı budur ki, qəhrəman özü də başqalarının haqqını yeyən bir sistemin içində böyüyüb. O, ailəsinin zəhmətinin necə qiymətdən salındığını görüb. İndi isə özü naməlum bir adamın haqqını mənimsəməyə hazırlaşır. Bir vaxtlar onun ailəsinə qarış işləyən mexanizmin kiçik bir iştirakçısına çevrilir.

Yəni ədalətsizlik təkcə yuxarıdan aşağıya ötürülmür, çox vaxt insan özü də ona qarşı mübarizə aparmaq əvəzinə, fürsət düşəndə onun kiçik bir surətini yaradır.

Hekayənin sonuncu yuxxu səhnəsi isə mənə görə, bütün mətnin istiqamətini dəyişir.

Qəhrəman bu dəfə babası ilə qoyun otarmağa gedən uşaqlığını görür. O uşaq özünü xoşbəxt hiss edir. Çünki nəhayət, böyüklərin dünyasına qəbul olunub. Babası onu özü ilə aparıb. O da artıq nəyəsə yarayır. Özünü lazım bilir.

Bu səhnədəki xoşbəxtlik çox sadədir. Uşaq üçün xoşbəxtlik böyük ev, pul, səyahət, bahalı papaq deyil. Babasının yanında olmaq, əlində şallaq tutmaq, qoyunların arxasınca qaçmaqdır.

Böyüyəndə isə həmin adam xoşbəxtliyi Lvovda axtarır. Bahalı papağın pulunu hesablayır, dostu ilə istirahətə getmək istəyir. Əlbəttə, insanın böyüdükcə arzularının dəyişməsi təbiidir, amma burada dəyişən təkcə arzular deyil. Onun üçün xoşbəxtliyin meyarı da dəyişir.

Uşaq olmaq üçün başqasının nəyəsə ehtiyacı yoxdur. O, özünün varlığı ilə xoşbəxtdir. Böyümüş adam isə xoşbəxtliyə çatmaq üçün başqasının əşyasına ehtiyac duyur. Bu fərq hekayənin bütün mənəvi mənzərəsini açır.

Və qəhrəman yuxudan oyananda Vadimin yanında qalmaq istəmir. Qatarı tərk etmək, gecənin içində tək qalmaq istəyir. Çünki artıq anlayır ki, Lvovda keçirdiyi günlər, kefləri, əyləncələri, qazandığı xoşbəxtlik hissi onun üçün yalandır.

Ancaq mən burada bir məqamı xüsusilə vurğulamaq istərdim. Qəhrəman əslində Lvovda xoşbəxt olmayıb demək doğru olmaz. O, orada həqiqətən əylənib, gülüb, rəqs edib. Sadəcə, sonradan həmin xoşbəxtliyin arxasında duran mənəvi boşluğu görüb. İnsan bir anın içində xoşbəxt ola bilər, amma həmin anın bütöv həyatına yaraşmadığını sonradan anlayar.

Buna görə də hekayənin sonunu peşmanlıqdan çox, özünə yadlaşmanın son həddi kimi oxuyuram.

Qəhrəman uşaqlığını itirməyib. O, uşaqlığının qarşısında dayanıb və özünü tanıya bilməyib.

Bu hekayədə papaqdan başqa bir əşya da var: kostyum.

Qəhrəmanın yeganə kostyumu var. Onu illərlə qoruyub saxlayıb, hər yerə geyinməyib, çiyinliyə keçirib. Amma illər keçdikcə kostyumun rəngi solub, şalvarı süzülüb, parçanın o biri üzü görünməyə başlayıb. Müəllif kostyumun dilə gəlib öz ömrünün bitdiyini deməsini təsəvvür edir.

Məncə, bu detalı da ayrıca oxumağa dəyər. Papaq insanın əldə etmək istədiyi şeydir, kostyum isə artıq sahib olduğu, amma ömrünü başa vurmuş şey. Biri gələcək arzunun, digəri keçmiş həyatın əşyasıdır. Qəhrəman yenisini əldə etmək üçün başqasının malına göz dikir, amma özünün köhnəlmiş həyatını dəyişdirmək imkanına malik deyil.

Bəlkə də o, papağı deyil, başqa bir həyatı götürmək istəyir. Başqasının imkanlarını, rahatlığını, dünyasını.

Amma insan başqasının papağını başına keçirə bilər, həyatını yox.

Hekayənin adı haqqında düşünəndə isə mənə elə gəlir ki, burada ən vacib məsələ yuxunun özüdür. Yuxu qəhrəmanın gündüz qaçdığı, gecə isə üzləşməyə məcbur olduğu bir məkandır. Gündüz o, özünü məşğul saxlayır: kino, papaq, pul, Vadim, Lvov... Gecə isə bütün bu məşğuliyyətlər yox olur və qarşısında özünün ən qədim, ən təmiz obrazı dayanır.

Elə məqamlar olur ki, insan öz keçmişini xatırlamır, onunla qarşılaşır. Və bu cür qarşılaşmalar həmişə xoş olmur.

Bu hekayəni oxuyandan sonra mənə o aydın oldu ki, insanın həyatında ən ağır itki özünü itirmək deyil. Özünün bir vaxtlar necə biri olduğunu xatırlamaq və həmin adama qayıda bilməyəcəyini anlamaqdır.

Bəlkə də insanın böyüməsi elə budur: bir gün babası ilə qoyun otarmağa gedən uşağın arxasınca baxıb ağlamaq.

O uşaq artıq heç yerə getmir. O, həmişə oradadır. Sadəcə, böyümüş adamın ona çatmağa yolu yoxdur.

# 53 dəfə oxunub

Oxşar xəbərlər

Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi

13:31 20 noyabr 2026
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

13:28 20 noyabr 2026
AMEA-nın strukturunda dəyişiklik edildi

AMEA-nın strukturunda dəyişiklik edildi

13:28 20 noyabr 2026
Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

13:21 20 noyabr 2026
Tarix və mədəniyyət abidələrinin  əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

Tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

13:17 20 noyabr 2026
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

12:51 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər