Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca
20 noyabr 2026
# 16:00

Musiqi dilləri, mədəniyyətləri və nəsilləri birləşdirən universal sənət növüdür. Bəzən tanış bir melodiyanın fərqli dildə səslənməsi, bəzən isə sevilən mahnının yeni musiqi alətində ifası ona tamamilə başqa rəng qatır.

Son dövrlərdə TikTok-da klassik Azərbaycan mahnılarının xarici dillərdə, dünya hitlərinin isə Azərbaycan dilində səsləndirilməsi geniş maraq doğurur. Gənc istedadlar sevilən əsərlərə fərqli aranjimanlar, vokal texnikaları və milli musiqi alətləri ilə yeni nəfəs verərək musiqi irsimizi daha geniş auditoriyalara tanıdırlar. Bəs TikTok-da musiqiyə fərqli yanaşmaları ilə diqqət çəkən bu istedadlar kimlərdir?
Azərbaycan mahnıları ingilis dilində yeni ahəng qazanır – @Mari

Azərbaycan musiqisinin tanış melodiyalarını ingilis dilində eşitmək necə səslənər? Gənc müğənni və pianoçu Məryəm məhz bu suala öz yaradıcılığı ilə cavab verir. O, məşhur Azərbaycan mahnılarını ingilis dilinə, dünyaca tanınmış xarici hitləri isə Azərbaycan dilinə uyğunlaşdıraraq ifa edir.

Klassik və retro musiqimizə xüsusi maraq göstərən TikTok məzmun yaradıcısı sevilən əsərlərin orijinal ruhunu qorumaqla onları fərqli dillərdə təqdim edir. Məryəmin ifaları həm Azərbaycan musiqisinə yeni baxış qazandırır, həm də milli melodiyalarımızın daha geniş auditoriyaya çatmasına şərait yaradır. Onun yaradıcılığı TikTok izləyicilərinin diqqətini cəlb etməklə yanaşı, televiziya proqramlarına da yol açıb.
Məryəmin maraq doğuran ifalarından birində Azərbaycanın Xalq artisti Flora Kərimovanın məşhur “Bağışla” mahnısı ingilis dilində səslənir. Mahnının duyğusal təsirini və tanış melodiyasını qoruyan bu fərqli təqdimat izləyicilərin rəğbətini qazanıb. Rəylərdə yaradıcı yanaşma yüksək qiymətləndirilib və bu cür ifaların davam etdirilməsi arzulanıb.

Kamançanın sehrli sədalarında yenidən canlanan melodiyalar – @Rzakaman

Bəzən bir musiqi alətinin səsi insanı illər əvvələ aparmağa kifayət edir. TikTok məzmun yaradıcısı Rza isə kamançanın kövrək və təsirli sədaları ilə Azərbaycan musiqisinin unudulmaz nümunələrini yenidən canlandırır.

Gənc musiqiçinin yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biri onun hər ifaya musiqi haqqında maraqlı məlumatla başlamasıdır. O, əvvəlcə seçdiyi əsərin bəstəkarı və ya yaradıcıları barədə məlumat verir, daha sonra melodiyanı kamançada ustalıqla səsləndirir. Beləliklə, hər təqdimat təkcə musiqi zövqü yaşatmır, həm də izləyiciləri Azərbaycan musiqi tarixinin zəngin dünyasına yaxınlaşdırır.
Rzanın repertuarında Sara Qədimova, Şövkət Ələkbərova, Rəşid Behbudov, Nəzakət Teymurova və digər görkəmli sənətkarların ifaları ilə yadda qalan əsərlər xüsusi yer tutur. Onun yaradıcılığı Azərbaycandan kənarda, xüsusilə qonşu ölkələrdə də maraqla qarşılanır.

Gənc ifaçının 1 milyona yaxın izlənmə qazanan təqdimatlarından birində Könül Xasıyevanın ifası ilə tanınan “Dilbərim” əsəri kamançanın sədalarında yeni ahəng qazanır. İzləyicilər rəylərində bu ifanın onlarda yaratdığı emosiyaları bölüşür, musiqiçinin istedadını və milli musiqiyə həssas yanaşmasını yüksək qiymətləndirirlər.

Beş səs, bir harmoniya: TikTok-da diqqət çəkən “Naz Girls” – @NAZ GIRLS

Beş fərqli səs bir araya gəldikdə tanış mahnı necə dəyişə bilər? “Naz Girls” vokal ansamblı bunun ən maraqlı nümunələrindən birini təqdim edir. Beş istedadlı xanımdan ibarət kollektiv yerli və xarici musiqiləri özünəməxsus vokal üslubunda səsləndirərək TikTok auditoriyasının rəğbətini qazanıb. Fərqli səs tembrlərinin harmoniyası, peşəkar vokal texnikası və orijinal aranjimanlar ansamblın yaradıcılığını fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Mürəkkəb musiqi əsərlərini belə ustalıqla təqdim edən “Naz Girls” müxtəlif dövlət tədbirlərində və konsert proqramlarında da çıxış edib. Kollektiv Heydər Əliyev Mərkəzində amerikalı rəssam və heykəltəraş Kerol Feyermanın “Suda yenidən doğulanlar” sərgisindəki çıxışından görüntüləri də TikTok auditoriyası ilə bölüşüb.

Ansamblın xüsusilə diqqət çəkən ifalarından biri Türkiyənin məşhur “Hepsi” qrupunun repertuarından “Yalan” mahnısıdır. Söz və musiqisi Süleyman Yükselə məxsus olan əsər beş xanımın ahəngdar səsləri ilə fərqli interpretasiyada təqdim edilir.

TikTok-da geniş maraq doğuran bu vokal ifası ansamblın daha geniş auditoriya tərəfindən tanınmasına töhfə verib. İzləyicilər rəylərində Azərbaycanda belə bir vokal kollektivinin fəaliyyətini yüksək qiymətləndirərək xanımların yaradıcılığına dəstəklərini ifadə ediblər. “Naz Girls” ilk solo konsertinin elanını da TikTok vasitəsilə izləyicilərlə bölüşüb. Bu isə rəqəmsal mühitdə qazanılan marağın real səhnə uğurlarına çevrilə bilməsinin diqqətəlayiq nümunəsidir.

Azərbaycan mahnılarının xarici dillərdə səslənməsi, klassik melodiyaların milli musiqi alətlərində yenidən canlanması və dünya hitlərinin fərqli vokal üslublarında təqdim edilməsi musiqinin sərhəd tanımadığını göstərir.

TikTok isə gənc musiqiçilərin və məzmun yaradıcılarının istedadlarını nümayiş etdirməsinə, milli musiqi irsimizi yaşatmasına və daha geniş auditoriyalara çatdırmasına imkan yaradan yaradıcı məkana çevrilir.

# 44 dəfə oxunub

Oxşar xəbərlər

"İstedad israf ediləndə daha erotik olur..."- Amerikalı yazıçının sitatları

"İstedad israf ediləndə daha erotik olur..."- Amerikalı yazıçının sitatları

15:36 20 noyabr 2026
Daşnakların qətlə yetirdiyi yazıçının kitabı nəşr edildi

Daşnakların qətlə yetirdiyi yazıçının kitabı nəşr edildi

15:04 20 noyabr 2026
Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi

13:31 20 noyabr 2026
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

13:28 20 noyabr 2026
AMEA-nın strukturunda dəyişiklik edildi

AMEA-nın strukturunda dəyişiklik edildi

13:28 20 noyabr 2026
Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

13:21 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər