Sərçə - Kəramət Böyükçölün hekayəsi

Kəramət Böyükçöl, yazıçı

Kəramət Böyükçöl, yazıçı

24 fevral 2023
# 12:15

Kulis.az Kəramət Böyükçölün "Sərçə" hekayəsini təqdim edir.

Mən əvvəllər elə bilirdim həyasız və sırtıq küləklərinə, dingiş müğənlilərinə az-çox bələd olduğum Bakını heç vaxt sevə bilmərəm. Heç təəsəvvürümə belə gəlməzdi ki, bir gün qədimliyinin arxasında gizlənən bu şəhərin tən ortasında - Zahid Xəlilov küçəsinin üzündəki o müqəddəs inam tam aydınlığı ilə mənə doğma ola bilər. Mən düz 4 il bu küçənin tələbəsi olmuşam. Bu 4 ildə demək olar ki, hər gün Zahid Xəlilov küçəsində özümlə qarşılaşmışam, özümə salam vermişəm və özümü bu küçədə çox yaxşı tanıyıram. Olub ki, daşı ayağıma ilişib, polisi qolumdan yapışıb, xazeykası evindən qovub, ancaq bir dəfə olsun bu küçənin üzünə qayıtmamışam, danışanda sözünü kəsməmişəm, bir dəfə də olsun yanından salamsız ötməmişəm, əlini havada qoymamışam.

Mənim Zahid Xəlilov küçəsi ilə tanışlığım 2007-ci ildən başlayıb və bu tanışlıq o zaman baş verdi ki, o ili Bakı Dövlət Universitetinin tələbəsi oldum. Biz qrupda 30 tələbəydik. Filologiya fakültəsi olduğumuzdan qızlar sayca üstünlük təşkil edirdi. Həmcins mübtədalı cümlələr kimi yan-yana düzülən qızların içində vergülə oxşayan tək-tük oğlanlar isə adətən, hüquqa balı çatmayan kasıb balaları olurdu. Bakı Dövlət Universitetinin 1 saylı korpusunda - filologiyadan üç mərtəbə yuxarı Hüquq fakültəsi yerləşirdi və bizdə qızlar çox olduğuna görə hüququn oğlanları demək olar ki, hər dəfə yolunu bu tərəfdən salırdılar. Bir-iki dəfə bu barədə yüngülvari tədbir görsək də, nədənsə, xeyri olmadı. Hüquqi cəhətdən əsaslandırıldı ki, biz günahkarıq. Sonra başımızı salıb aşağı öz işimizlə məşğul olduq. Mən onda hələ bığ yeri təzə-təzə tərləyən və ayrı-ayrı yerlərdən gələn uşaqların eyni ünvanda birləşməsini çox böyük maraqla qarşılayan yeniyetmə bir oğlandım. Hər şeyə şeir kimi baxırdım və elə bilirdim bu dünyada nə varsa, hamısı mənim gözlərim boydadı.

Mənimlə eyni küçədə bir qız da oxuyurdu. Balaca, kövrək bir qızı idi. Adama elə gəlirdi ki, əl vursan o saat ağlayar. Adına da Sərçə deyirdim. Təbiətin bu balaca balası qrupumuzun son beşiyidi, nə vaxt baxırdın uşaq kimi əlləriylə oynayırdı. Sərçənin qardaşı yoxuydu, əllərini özünə qardaş sayırdı. Onun tullana-tullana yeriməyi hələ də yadımdadır və xüsusən belə vaxtlarda Sərçə altından xətt çəkilmiş cümlələr kimi heç vaxt mənim gözlərimdən yayınmazdı. Ancaq Sərçənin yerişi nə qədər şılqtaq olsa da, bu addımlar mənim gözümə həmişə kimsəsiz görünüb və elə təsəvvür eləmişəm ki, onun bu qorxaq ayaqları Zahid Xəlilov küçəsində kirayə yaşayır.

Filologiya fakültəsində mühazirə dərsləri adətən birinci saatlara salınırdı. Gecələr gec yatıb səhərlər yuxudan tez durmaq və xüsusən soyuq qış aylarında dərsə vaxtında çatmaq çox çətin olurdu. Təəssüf ki, tələbələrin saçlarında bir ovuc qarla siyidə-siyidə otağa girməsi belə müəllimlərin qayıb yazmaq hissinə mane ola bilmirdi. Günü bu gün də olduğu kimi yadımdadır, ayağının altında qaldığımız günlərin birində Zahid Xəlilov küçəsinə şıdırğı bir yağış yağdı, o günü bu küçədə elə bil heç kəs yaşamırdı, hər yan şaxtalı qış gecələrində olduğu kimi kimsəsiz idi. Mən heç vaxt belə tənhalıq görməmişdim. Elə bil Allah Zahid Xəlilov küçəsinin üzünə ölüm hökmü oxuyurdu. Həmin gün Sərçə dərsə gecikmişdi və bu zaman ona qayıb düşməsin deyə mən dərs jurnalını da qoltuğuma vurub yolun üstündə dayandım. Sumqayıtdan Zahid Xəlilov küçəsinə gələn ağ rəngli avtobusu son ana qədər gözlədim. Birdən yağışın arxasında Sərçənin nərmənazik ağ əllərini gördüm və elə küçənin ortasındaca dəli bir həsrətlə onun boynunu qucaqladım, titrəyən əllərimlə saçlarını daradım, qayğılı gözlərinə doyunca baxdım. Sərçə qucağımda dipçək gülünə oxşayırdı. İki-üç dəqiqə üz-üzə dayandıq. Sərçənin vulkan gözləri aşmış qayığa oxşayan qaşlarının altında par-par parıldayırdı və sanki yağış onun kədərli gözlərinə dəyib sönürdü. Sərçə qollarımın arasına sığacaq qədər balacaydı. Elə bil Allah onu qucaq üçün yaratmışdı. Düzü, həmin an yağış da bizə xeyli aradüzəldənlik elədi və beləliklə aramıza çökən dərin bir səssizlik ilk dəfə idi ki, yağış sinfoniyasının sədaları altında hisslərimizi bu qədər aydın ifadə edə bilirdi.

Aylar biri-birinin dabanını basa-basa ötüşür, günlər üstümüzdən toz kimi çırpılırdı. Oxuduğum bütün kitabların içindən Sərçə çıxırdı. Şəkillərini döşəyimin altında saxlayırdım. Hər gecə şəkillərinə yalvarırdım. Dərslərdə də yanaşı otururduq. Həmişə yanımda olurdu. Elə bil qol saatım idi. Bir dəfə professor dünya ədəbiyyatından ona 3 yazdı. Sərçənin kədərli gözlərinə baxanda o qədər darıxdım ki, barmaqlarımı cilovlaya bilməyib onun 3-nü jurnalda 9 elədim. Bilə-bilə ki, buna görə məni universitetdən qova bilərlər. Maraqlı anlar idi, çox maraqlı... Daha o günləri bir də yaşya bilməyəcəm. Belə uşaq kimi sevmək getdi işinə daha.

Öldü gözlərimdə bir dəvə kimi,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi,
Çəkildi başımdan gənclik havası.
Bir də bir kimsəni sevməyəcəm,
Bir də sevda nədi bilməyəcəm.

Dördüncu kursun mayı idi. Biz tələbələr bəzənib-düzənib, geyinib-kecinib ayrılıq gününə hazırlaşırdıq. Sərçənin üzündə isə tamam ayrı bir ifadə vardı, fikirləri də saçları kimi dolaşıq və qarmaqarışıq idi. Mən ona yaxınlaşdım. O isə elə bircə kəlmə dedi:

- Olmaz!

Mən hər şeyi aydınca, ürək ağrısıyla dərk elədim. Bir az təngnəfəs oldum. Ancaq heç bir söz demədim. Əslində, bu novellavari bir sonluq da deyildi. Mən lap əvvəldən, elə ilk gördüyüm gündən əmindim ki, Sərçə mənim bu üstü-başı nimdaş, köynəyi ütüsüz sevgimə layiq deyil, ikincisi, onu da deyim ki, adına Sərçə dediyim həmin o qızın bir gün qollarına quş lələyi taxıb elə bu küçədəncə nazik dişli darağa oxşayan əllərini saat əqrəbləri kimi üzümə yelləyib uçub gedəcəyini də bilirdim. Sevgimiz də tələbəliyimiz kimi 4 il çəkdi.

Sərçə mənim gözümdə Zahid Xəlilov küçəsinin ilk şəkli idi, neyləyim ki, o da qollarına quş lələyi taxıb uçub getdi buralardan və orasını da necə deməyim ki, ondan sonra mənim gözüm bu küçədə daha özgə bir qanadlı görmədi.

Bütün bunlar demək olar ki, 4 il ərzində baş verdi. İndi isə mən Zahid Xəlilov küçəsində - Bakı Dövlət Universitetinin həyətində oturmuşam. Qəribə də olsa, mənə elə gəlir ki, ömrü boyu bu küçədə yaşamışam, hərdən də elə olub ki, bu küçəni öz evim hesab eləmişəm və yalnız elə indi, bu yazını yaza-yaza fikirləşirəm ki, daha mən dostu düşmən, düşməni düşmən, iqtidarı iqtidar, müxalifəti də iqtidar olan bu küçənin nə ikili-üçlü, saçları pırtdaşıq tələbəsi, nə də kasıb, tör-töküntülü sakiniyəm. Elə bil ömrümü başa vurmuşam və mənə elə gəlir ki, daha bu dünya qurtarıb.

# 3837 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşım sevdiyim qızı necə ələ keçirdi? – Oğuz Ayvaz

Qardaşım sevdiyim qızı necə ələ keçirdi? – Oğuz Ayvaz

15:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

15:17 5 dekabr 2024
# # #