"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?
14 may 2026
# 12:00

Kulis.az Nadir Yalçının tərcüməsində Cənab Şəhabəddinin Sofiya şəhərinə səfəri barədə qeydlərini təqdim edir.

Böyük türk ədibi Cənab Şəhabəddinin “Avropa məktubları”nı tərcüməyə başlayanda onun zəngin bioqrafiyası və sənətə münasibəti məni heyrətləndirdi, bu prosesə işıq saldı. Dəyərli alimimiz Azər Turan “Avropa məktubları”nın “Park” nəşriyyatında işıq üzü görəcəyini eşidəndə Əli bəy Hüseynzadənin tələbə yoldaşı, Hüseyn Cavidin müəllimi olan, “Sərvəti-fünun” dövrünün tanınmış şairi və yazıçısı Cənab Şəhabəddinin Azərbaycanda ilk dəfə çap olunacağını dedi.
Kitabın nəşrə hazırlandığı bu günlərdə müəllifin Bolqarıstanın paytaxtı olan Sofiya şəhərinə səfəri barədə qeydlərini — əsərin ilk məktubunu oxuculara təqdim edirəm.

***


Sofiya, 23 avqust

İhtiman şəhərinin yaxınlığında oyandım. İki saat sonra Sofiyada olacağıq. Qatar tarlaların, meşələrin, kəndlərin və kəndlilərin arasından keçərək irəliləyir.
İlahi, iki tarla, iki kənd, iki kəndli bir-birinə nə qədər bənzəyir?! Qocaların dodaqları kimi bənövşəyi rəngə çalan, evlərin damına döşənmiş ağ kirəmitlərin arasında çürük diş kimi qaralmış bacalar, kənarda qalaqlanan gübrənin üstündən qatarın ötüb-keçməsinə baxan bir neçə uşaq, bir az o tərəfdə dörd-beş sərvin kölgəsinə çəkilmiş bir qəbiristanlıq… Hər kənd, aşağı-yuxarı, belədir. Simmetriyaya məhəl qoymayan, çəpgöz və qıyıq pəncərələrdən arabir yanaqları batıq, yağlı və dolaşıq saçlı qadın başları görünürdü, onlar hələ yuxudan tam oyanmamış baxışlarını ötən vaqonlarda gəzdirirdilər.

Mənə elə gəlir, kəndlərin ən canlı yerləri qəbiristanlıqlardır. Sərv ağacları sanki yerin altı ilə səma arasında bir həyat axını təmin edir; ruhlar və məzarlar üstündə ağaclar bir növ inziva fidanı, fikir fidanı, kədər və dua fidanıdır. Sanki sərvlər köklərinə sarılan işığa olan susuzluq və göy üzünün dərinliyinə duyulan aclıqla ruhları səmaya qaldırmaq üçün yüksəlirlər. Xüsusilə Şərqin bir çox kəndlərində kəndlilərin ibadət yerləri elə qəbiristanlıqlardır. Bir kənd üçün məbəd böyük bir var-dövlət nişanəsi sayılır. Onsuz da kənd şəhərlə qəbiristanlıq arasında qərargahdır. Kəndlərdə həyat o qədər sakitdir, oradakı dirilər səssizlikləri və solğunluqları ilə ölülərə olduqca bənzəyirlər. Kənd həyatı bir az davul səsi kimidir, uzaqdan xoş gəlir. Ağzını marçıldadaraq kənd həyatının gözəlliklərindən danışan adama rast gəlmisinizsə, əmin ola bilərsiniz ki, o, istanbulludur! Hər bir kəndlinin cəmi bircə amalı var: kəndindən canını qurtarmaq!

Əgər Həmid (Əbdülhaq Həmid Tərxan – 1852–1937-ci illərdə yaşamış türkiyəli şair) kəndli olsaydı, “Səhra” əsərini yazmazdı. Bax, indicə yanından keçdiyim bu bolqar kəndlilərinin qibtə ilə mayalanmış baxışları qatarı süzərkən, əminəm, ürəklərində belə deyirlər: “Hanı o bizi kənddən qurtaracaq tale arabası?” Hiss edirəm, bütün kəndlilərin sinəsində həm coşqun bir arzu, həm də üsyan zəhəri var. O üsyan zəhəri ki, qarşısını qorxu kəsib. Bütün məhrumiyyət, heç şübhəsiz, kinlə doludur. Kəndlərdə üfüqün genişliyi də, darlığı da ümidsizlik verir. Elə buna görə də kəndlilər nadir hallarda ətraflarına baxırlar. Öyrəşdikləri kimi, gözləri torpaqda və düşüncələri yeməkdədir!

Mənə elə gəlir, kənddə qadın ərinə həmişə: ”Sən çox yeyirsən”, – deyir və ərindən də daim: “Sən az işləyirsən”, – cavabını alır. Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür. Biri daim xərclərin vintini sıxmaq, o biri isə gəlirin axarını sona qədər açmaq istəyir. İkisi də doymaq bilmir. Ona görə də aclıqdan şikayət etməyən kəndliyə çox nadir hallarda rast gəlmək olar. Kəndlilərin bir başqa xüsusiyyəti də budur ki, özləri aclıqdan fəryad edəndə elə bilirlər, ətrafdakılar bərəkət içində boğulur. Bir tarladan o birinə ən çox sirayət edən hiss, heç şübhəsiz, qısqanclıqdır. Puldan başqa heç nədə gözü olmayan kəndlilər bir-birinin gözünün içinə qısqanclıq olmadan baxmazlar. Sahədə müəqəvvalarının bir-birinə üzbəüz qamətlərində belə bu, hiss edilir.

Yayda bir-birini tərin içində qısqananlar qışda ocaq başında didikləyirlər. Buzların arasında dillər iti qılınc kimi olur. Bir az diqqətlə bir kəndli qadının gözlərinə baxın. Baxışınız az-çox qəzəbli cavab alacaq. O qadın sizə sonsuz bir kin bəsləyir, çünki siz kəndli deyilsiniz, qadının düşüncəsinə görə, o işləyir, siz isə yeyirsiniz! O, işləmək üçün torpaqdan başqa bir yer tanımır. Onun nəzərində əkinçilikdən kənarda nə varsa, əyləncədir; iş yalnız tarlada ola bilər. O istəyir ki, hər bir insanın əlindən də, çörəyindən də, pulundan da, hətta sevgisindən belə torpaq qoxusu gəlsin. Elə bilməyin, kəndli torpağın aşiqidir, xeyr, onun aşiqi deyil, məhkumdur, əsiridir. Ehtiyac pələng kimi yırtıcı pəncəsi ilə kəndlinin ənsəsini tarlaya əyir. Kəndli də istəyir ki, bu pəncə hər bir ənsəni eyni cür məğlub etsin.

Kəndlərdən və kəndlilərdən bir qədər uzun-uzadı bəhs etməyimin səbəbi budur ki, Bolqarıstan bir neçə min kənddən, bolqarlar isə bir neçə milyon kəndlidən ibarətdir. Bəli, əslində, bütün bolqar milləti çəyirtkə sürüləri kimi tarlalara səpələnməyib, fabriklərdə, dükanlarda və yazı masaları arxasında çalışanlar da var. Lakin onların hamısı torpağın üstündə işləyən bir kəndli səyi və təvəkkülü ilə çalışır. Elə bil hamısı sinirsiz əzələ yığınıdır! Bir səs ona: “İşlə!”, – deyib. Bolqar hər yerdə, hər işdə bu əmri xatırlayır və yerinə yetirir. Qüssələnmədən, demək olar, düşünmədən çalışır. Onun fikri də, hissi də sanki işin içində gizlənib. Hər bir bolqarda kəndliliyin həm qüsurlarını, həm də fəzilətlərini görürsən; onun doymaq bilməyən bir iştahı var. Əllərinin çatdığı, gözlərinin gördüyü torpaq nə qədər geniş olsa da, ona az görünür, üfüqün sərhəddlərindən kənarda iştahının genişliyi ilə mütənasib başqa genişliklər axtarır.

Bu genişlik ehtirası bolqarın da, Bolqarıstanın da iş həyatının əsas istiqamətidir. Qırx ildir bütün millət bu məqsədə doğru yüyürür. Bu müddət ərzində tərəqqi adına nə baş veribsə, səbəbi “Böyük Bolqarıstan” xülyası olub.

Prussiya (Almaniyanın keçmiş adı) istisna olmaqla, Avropa xəritəsində son yarım əsr ərzində bolqarlar qədər işləyən, Bolqarıstan qədər tərəqqi edən bir millət yoxdur. Balkanlarda qalib bir gücə çevrilmək üçün bütün xalq öz irqinin səbrini tamamilə səfərbər etdi. Yorulmaq bilməyən və dəyişkənliyə yol verməyən bir qətiyyətlə qollar çirmələndi və milli abidənin inşasına başlanıldı.

Bizim isə bir fəzilətimiz var: hakimiyyətimiz altında olan xalqın dininə toxunmuruq, milliyyətinə toxunmuruq, açıq şəkildə hərəkətə keçmədiyi təqdirdə milli istəklərinə, arzularına da toxunmuruq. Qoy bizə bir qədər vergi versinlər, bayrağımız başlarının üstündə dalğalansın. Bu qədər imtiyazlarla bizim hakimiyyət ehtiyacımız təmin olunur, artıq heç nə istəmirik.

Beş əsrə yaxın idarətetməmiz altında yaşayan bolqarlar Osmanlı sancağı tərkibində öz tarixlərini yaşamışdılar. Onların keçmişlə mənəvi bağları heç vaxt qırılmamışdı. Xatırlamaq xəyalın anasıdır. Bolqarlarda da keçmiş xatirələr gələcəyin xəyallarını doğdu. Hər bir bolqar atasının həyatını xatırladıqca nəvələrinin həyatını gözləri önündə canlandırırdı. Əvvəlkilərin macəraları sonrakıların taleyinin açarına çevrildi. Qəbilə adətləri qorundu, qəbilə hadisələri qorundu, qəbilə düşüncəsi qorundu. Bizim bayrağımız bütün bunların üstündə yarımşəffaf bir örtük idi. O örtük qalxan kimi, toxunulmamış və qüsursuz bir bolqar milləti meydana çıxdı.

Nənələrinin oxuduğu laylaların milli ədəbiyyatları olduğu aydın oldu. Bolqar kilsələrinin onların milli duyğularını formalaşdırdıqları məkanlar olduğunu dərk etdik. Bolqar məktəblərinin isə sadəcə təhsil vermədiyi, həm də silahlandırdığı üzə çıxdı. Günəş bir səhər Balkan dağlarının zirvələrindən doğarkən bütün milli ehtiyacları hazırlanmış yeni bir cəmiyyət gördü: Bolqarıstan. Xəyal, istək və qətiyyətlə dolu bir Bolqarıstan...

Bolqarlar çoxumuzun zənn etdiyi kimi slavyan deyil, lakin dilləri, adətləri və inancları etibarilə slavyanlaşmış monqollardır. Ruslar, serblər, polyaklar kimi mənşəcə həqiqi slavyan olanlarla bolqarlar arasında yalnız dil və din baxımından bir yaxınlıq tapmaq mümkündür. İrq baxımından onların uyğurlarla, dolayısı ilə bizimlə yaxınlığı var. “Bolqar” sözünün “vulqar”dan törədiyi və buna səbəb kimi onların Volqa sahillərindən gəldikləri deyilir. Bolqarlarla aramızdakı fərq ondadır ki, onlar Altay bölgəsindən Qərbə doğru hərəkət edərkən Xəzər dənizinin şimalından keçiblər. Kim bilir, əgər bizim atalarımız da köç zamanı həmin yolu seçsəydilər, bəlkə, tamamilə başqa bir ictimai macəramız olacaqdı!

Aramızdakı qan bağına baxmayaraq, bolqarlar bizə bənzəmirlər. Bolqarda xəyalpərəstlik azdır, zəhmətkeşlik çox. Nizam-intizamı və sözə qulaq asmağı sevir, köçəriliklə heç bir bağlılığı hiss olunmur. Harada yaşayırsa, ora səthi bağlanmır, mıxlanır. Ən kasıb və yoxsul bolqar daxmalarında belə səliqə-səhman görünür. Bolqar öz çıxarının yolunu bilir və onu axtarıb tapır. Dəyişikliyi, sərt və mütləq qaydaları qəbul etmir. Hadisələrin zərurəti ilə mənafeyinin tələbi onu hansı tərəfə aparırsa, o tərəfə yönəlir.

Bolqar bəzək-düzəyə, zahiri görkəmə, nümayişə əhəmiyyət verməz. Vals axtarmaz, sirtaki (yunan xalq rəqsi) ilə kifayətlənər. Bircə qarınları tox olsun! Ən vacib və ən lazımlı olanı düşünər, artıq söhbətə qulaq asmaz. Mənfəət güdmədən işləyib qazanmağın aşiqidir. Qazanc yolunda yorular və lazım gəlsə, silaha sarılar. Tərinə, hətta qanına belə rəhmi gəlməz, təki qazansın. Bolqar çox səbirli və dözümlüdür. Stambolova (1887–1894-cü illərdə Bolqarıstanın baş naziri olmuş şair, jurnalist, inqilabçı Stefan Stombolov) belə illərlə dözdü. Hələ ki yaddaşlardadır: bu qana susamış adam Bolqarıstanı böyük bir qırğın meydanına çevirmişdi; öz əlləri kəsilənə qədər vurdu, asdı, doğradı – heç bir bolqarın şikayət səsi eşidilmədən...

Bolqar nadir hallarda peşman olur, çünki heç bir iş barədə tələsik qərar vermir. Deyirlər, bolqarlar əvvəllər bu qədər ehtiyatlı deyildilər, bu diqqətli davranış onlara çarlarından keçib. Həqiqətən də, Ferdinand (I Ferdinand – 1908–1918-ci illərdə bolqar çarı olub) hər hərəkəti ilə təbəələrinə uzaqgörənlik dərsi verir. Napoleon demişdi: “Əvvəl müharibəyə başlayarlar, nəticəsini sonra fikirləşərlər!” Bir bolqar üçün bu prinsipi qəbul etmək son dərəcə çətindir. Bolqarın inancına görə,əvvəl fikirləşmək lazımdır, sonra… bir də fikirləşmək lazımdır! Baxın, bu müharibənin başlanğıcından bəri Dunay ilə Maritsa arasında düşünülür və hələ kim bilir nə qədər düşünüləcək! Lakin bir dəfə qərar verildimi, artıq o nədirsə, mütləq yerinə yetirilir.


***


“Sofiya!” dedilər. Hələ şəhərin kənarındaydıq. Seyrək və divarı nazik evciklər baxışlarımızın altında əzilirdi. Bir az təəccüblə taxtadan, hətta konservə bənzər neft qablarından düzəldilmiş daxmalar da gördüm. İndi isə Sofiya artıq qızıl suyuna çəkilmiş günbəzləri, hündür və möhtəşəm tikililəri, böyük rəsmi binaları ilə gözlərimizin önündə idi. İlahi, nə böyük dəyişiklik! İyirmi beş il əvvəl gördüyüm Sofiyadan bu gün heç bir iz tapa bilmirəm. O köhnə və çürük, bir-birinə söykənən taxta evlər, o dar və dolaşıq küçələr hanı? Vağzala açılan geniş bulvardan, onun ardınca uzanan təmiz, zövqlü, qaynar küçələrdən keçərkən öz-özümə soruşurdum: “Bu yeni küçələrdən, bu möhkəm və təzə binalardan, bu cavan ağaclı parklardan ibarət olan yer doğrudanmı iyirmi əsrlik Sofiyadır?” Keçmişdən, demək olar, heç kimə bir yadigar qalmamışdı.

Sofiya hər mənada bir şəhri… necə deyim, bir xalq şəhəridir. Onun hər guşəsi özündə-sözündə olan bir kəndli cavanı xatırladır: bəzənməyi öyrənib, amma geyinməyi bilmir. Parklarından gizli bir ferma iyi gəlir. Saraylarına baxanda “Yataqlı vaqon” şirkətinin böyük hotelləri yadına düşür...

Sofiya, şübhəsiz, artıq bir Şərq şəhəri deyil, amma hələ də tam Qərb şəhəri sayılmır. İnsanın üzü onun ruhunun aynası olduğu kimi, bir şəhərin mənzərəsi də orada yaşayanların həyatının əksidir. Sofiyanın simasında sofiyalıların hiss və düşüncələrini seyr edirsən.

Burada küçələr daim tənha, gəlib-gedənlər isə həmişə səssizdirlər. Hamı işləyir, ya da işləməyə gedir. Parklara və əyləncəyə üz tutanlar da elə bil hansısa fabrikə işə gedirlər. Hər yer o qədər düşüncəyə bürünüb və hər sifət o qədər ciddilik içindədir ki! Başlar adəti üzrə bir az önə əyilib. Çiyinlər səbir və dözüm yükünə alışıb, şəvə bığların altında ağızlar az-az görünür, sözlər isə daha da nadir hallarda eşidilir! İlk baxışda bu cəmiyyətdə bir həyat təmizliyi hiss edirsiniz. Elə bilirsiniz, bütün dodaqlar sükut içində müqəddəs İncili oxuyur! Amma bu yerin iç üzünü bilənlər iddia edirlər ki, pıçıldadıqları hər şey ola bilər. Gündüz işdən yorulan qollar gecə məmnunluqla içki qədəhinə uzanır. Əxlaq adına işləyir, əxlaq pərdəsinin arxasında isə əylənirlər; qarınlarındakı spirti alınlarındakı tər kimi görə bilməzsiniz.

Günortadan sonra “Bolqari” hotelindən çıxdım. Kral sarayının önündən keçərək yaxınlıqdakı parka doğru gedirdim. Saray geniş bağın içindədir, pəncərələri küçəyə yox, üfüqə açılır. Başa düşürsən ki, çarın gözləri əcnəbilərdədir, amma qulaqları millətdə; Sofiyanı dinləyir, lakin baxışlarını yad diyarlardan çəkmir… Bağçada günəşin şiddətini sanki kölgələr rütubətləndirir. Xəfif bir meh kölgələri dalğalandırır. Deyəsən, burada xeyli zamandır yağış yağmayıb. Hər ağac bir toz kuklası… Meh budaqları tərpətdikcə üstünə incə bir toz yağışı tökülür. Tozlu taxta skamyaların üstündə gombul qadınlar yağlarını dincəldirlər. Cavanı da, yaşlısı da – hamısı bahar və payız çiçəkləri kimi rəngarəng geyiniblər; nəzərləri bir xəyal xiyabanında uzanır... Sükut və baxışlar uzaqlarda – kölgələrin arasında əriyib yox olur.

Bağça işıq günbəzi altında iri bir çiçək kimi rəngbərəngdir; həndəsi salınmış tarlalarda beqoniya, sardinya, mimoza, qızılgül və günəbaxan ətirləri bir-birinə qarışaraq ətrafa bilinməz bir qoxu yayır. Ağaclar kölgələrin üstündə budaqları ilə bir-birinə söykənir; yarpaqlar bir toxunuşla bir-birinə sürtünür; dodaqlarında hava, toz, kölgə və qoxudan ibarət qəribə bir şey hiss edirsən.

Bağçanın ən böyük yaxşılığı isə məni əziz bir həmvətənlə rastlaşdırması oldu. Budanmış dəfnə kollarının yaratdığı yaşıl günbəzin altında irəliləyərkən üzbəüz tərəfdə, uzun bir sərvin sükut minarəsinin altında Selim Sırrı bəyi (Türkiyə Milli Olimpiya Komitəsinin qurulmasına rəhbərlik edərək Türkiyənin Olimpiya Oyunlarında təmsil olunmasını təmin edən bədən tərbiyəsi müəllimi və siyasətçi) gördüm. Oh, nəhayət, kimsəsizlikdən qurtulmuşdum!


***


Selim Sırrı bəy — Məşrutiyyətin (Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması) ilk komissarı — Sofiyanı tanıyır, Sofiyanın məşhur adamlarını tanıyır, cismini və ruhunu tanıyır, hər şeyini tanıyır. Onunla rastlaşmağım mənim üçün gözlənilməz bir nemət oldu. Nəzakətindən sui-istifadə edərək öyrənmək istədiyim məlumatı alana qədər onu yordum, bezdirdim, usandırdım.

(Bu məktub yayımlandığı vaxt Bolqarıstan hələ Hərbi-ümumiyə (Birinci Dünya müharibəsi) daxil olmamışdı)

# 174 dəfə oxunub

Oxşar xəbərlər

Şair Yusif Həsənbəy vəfat etdi

Şair Yusif Həsənbəy vəfat etdi

12:41 14 may 2026
Akif İslamzadə xəstəxanadan evə buraxıldı

Akif İslamzadə xəstəxanadan evə buraxıldı

11:46 14 may 2026
"Xəstəliyimizin müalicəsi həkim reseptindən asılı deyil..." - Niyə labirintdən çıxa bilmirik?

"Xəstəliyimizin müalicəsi həkim reseptindən asılı deyil..." - Niyə labirintdən çıxa bilmirik?

11:30 14 may 2026
Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olacaq

Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olacaq

11:17 14 may 2026
Gülüstan müqaviləsi haqqında film hazırlandı

Gülüstan müqaviləsi haqqında film hazırlandı

11:00 14 may 2026
69-cu "Qremmi"nin tarixi və yayım detalları açıqlandı

69-cu "Qremmi"nin tarixi və yayım detalları açıqlandı

10:40 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər