Elə bir çağda yaşayırıq ki, internet, sosial şəbəkələr, ağıllı telefonlar vaxtımızın çox hissəsini udur. Bu vaxt darlığında bədii əsərləri oxumaq üçün zaman ayırmaq müşkülə çevrilib. Təkcə bizdə yox, bütün başqa ölkələrdə də belədir. Amma başqa ölkələrdə insanlar maraqlı çıxış yolu tapıblar. Söhbət əsərlərin audio versiyalarından gedir. “Hərb və Sülh”, “Səfillər” “Qızılgülün adı”, “Cinayət və cəza” və bu kimi iri həcmli əsərləri oxumağa vaxtları olmayanlar onların audio versiyalarını yükləyib dinləyə bilərlər.
“Bizdə heç bu da yoxdur...”, adətən belə deyirik axı... Amma var imiş. Elə söhbətimiz də dünya və yerli ədəbiyyatdan olan bədii əsərlərin səsli nümunələrinin yer aldığı http://seslikitab.wordpress.com/ bloqunun sahibi Gülər Qasımova ilədir.
Bir müddət əvvəl açılan bu bloqda sevə-sevə oxuduğumuz bədii əsərlərin səs versiyalarını görmək mümkündür. Bu layihə təkcə mütaliəyə vaxt ayırmağa imkan tapa bilməyənlər üçün deyil, gözdən əlil insanlar, elə azyaşlı uşaqlar üçün də uyğundur.
Gənc aktivist Gülər Qasımova deyir ki, bu ideya uzun müddətdir ağlına gəlib. 2010-cu ildə Azadlıq radiosunun “Oxu zalı” üçün Markesin bir hekayəsini səsləndirib, “Mavi itin gözləri”. Bu səsləndirmə maraqla qarşılanıbmış: “Amma sonra ailə məsələsi ilə əlaqədar başım qarışıq oldu və bir müddət bu ideyanı unutdum. Uzun müddət düşünürdüm ki, yenidən belə bir şey edim. Sayt yaratmaq istəyirdim. Amma maliyyə qaynağı tapa bilmədim. Ruslarda belə bir radio var. Orada həmişə qısa hekayələr səsləndirirlər. Çox gözəldir. Onun kimi bir şey etmək istəyirdim, amma sayt formasında”.
Gülər bloqu bacısı ilə birlikdə yaradıb. Əsərlərin səsləndirilməsi studiyada aparılmır. Studiya tapmaq üçün bir neçə yerə müraciət etsə də nəticəsi olmayıb. Çarəsizlikdən əsərləri diktofona səsləndirdikdən sonra montaj edirlər. Səs yazısı tam hazır olduqda isə bloqa yerləşdirirlər.
“Bloq gözlədiyimdən uğurlu alındı. Çoxlu təşəkkür məktubları aldım. Reytinqi böyük oldu. Statistikanı hər gün izləyirəm. İzləmələrin və daxil olmaların sayı hər gün artır.”
Əvvəl-əvvəl bloqun işlərini özləri görsələr də artıq sosial şəbəkələrdən bir sıra dostlar onlara kömək edirlər: “Könüllülər var, çoxdur. Yaxın dostlardan Kamran Musa bloq üçün şəkillər hazırlayır. Fizzə Salmanova, Alyoşa adlı dostlar səs yazısı hazırlayıb göndərmişdilər. Bir sıra yazıçı dostlara əsərlərini səsləndirib göndərmələrini xahiş etmişəm. Çoxundan müsbət cavab alıram. İstəyirik bloqumuzda müasir yazarlarımızın da əsərləri olsun.”
Bu layihə sırf sosial xarakter daşıdığı üçün gələcəkdə yığılmış səs yazılarını satış üçün hazırlamaq niyyətində deyillər: “Bu ideya pul gətirmək üçün işlənməyib. Gözdən əlil və bədii əsərləri oxumaq yox, dinləmək istəyən insanlar üçündür”.
Gələcək üçün bir sıra ideyaları var. Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası ilə birlikdə işləməyi düşünürlər: “Çoxlarından eşidirəm ki, əngəlli dostlarına, ailə üzvlərinə kitabları ucadan oxuyurlar. Bu layihədə isə asanlıqla bloqa daxil olub, rahatlıqla dinləyə bilərlər”.
Əsərləri seçərkən hələ ki, daha məşhur olan müəlliflərə üstünlük verirlər. Bir də maddi-texniki bazanın məhdudluğundan qısa hekayələri səsləndirməyə çalışırlar: “Evdə işləri görüb uşağı yatızdırandan sonra çalışıram uşaq ayılana qədər bir-iki saat ərzində sakitlikdə əsəri səsləndirim, buna görə uzun əsərləri səsləndirməyə imkan olmur. Akustika, başqa səsyazma qaydalarına əməl etmək mümkün olmadığından uzun əsəri fasilələrlə yazanda bir də görürsən ki, səsləndirmədə fərqlər yaranır”.
Bloqda Səməd Behrənginin “Balaca qara balıq” əsəri, İtaliyalı yazıçı Dino Bussatinin, Gi de Mopassanın, Borxesin və s. müəlliflərin əsərləri yer alır.
Bu layihəni tənqid edənlər, bəyənməyənlər də var. Məktub yazırlar, bəzən səsləndirməni bəyənmədiklərini, səsyazmada əlavə küylərin olduğunu bildirirlər: “İzah edə bilmirəm ki, heç kim anadan peşəkar doğulmayıb. İstənilən yeni başlanılan işdə peşəkarlaşmaq üçün uzun zaman və təcrübə lazımdır. “Səsli kitab” Azərbaycanda ilk belə layihədir. Təbii ki, daha keyfiyyətli məhsul ortaya qoymaq zaman alacaq”.
Bəzən onu oğurluqda ittiham edirlər. Yazırlar ki, bunu biz edəcəkdik, sən oğurlamısan. Amma bunlara fikir vermir: “Bilirəm ki, bu ideya çoxlarının ağlına gəlib, amma əməl edən, həyata keçirən mən və bacım oldu. İngilis, rus saytlarını izləyəm. Onların bu sahədə çox böyük təcrübəsi var. Onların təcrübələrini öyrənməyə çalışıram”.