Tarkovski: “Biz ruslar özümüzü qorumaq məcburiyyətindəyik” – Müsahibə

Andrey Tarkovski, rejissor

Andrey Tarkovski, rejissor

4 aprel 2022
# 21:00

Bu gün məşhur rus rejissoru Andrey Tarkovskinin doğum günüdür. Kulis.az bu münasibətlə rejissorun 1986-cı ildə fransız jurnalisti Lorens Cosseyə verdiyi müsahibəsini təqdim edir.

"Qanunlarına bircə dəfə də olsa xəyanət edən insan, həyatla olan saf əlaqəsini itirər. Bir insanın özünə qarşı hiylə etməsi, onun filmindən, həyatından və hər şeyindən imtina etməsi deməkdir”.

Andrey Tarkovski.

“Mən peyğəmbər deyiləm!”

- “İvanın uşaqlığı” filminin ideyası hardan ağlınıza gəldi?

- Bu filmin bir az qəribə hekayəsi var. “Mosfilm” şirkəti filmə başqa bir çəkiliş qrupu ilə başlamış, pulun yarısı da xərclənmişdi. Ancaq nəticə o qədər pis idi ki, şirkət filmin çəkilişlərini dayandırmaq məcburiyyətində qaldı və yeni bir rejissor axtarışına başladı. İlk olaraq imzalarını təsdiq etmiş, tanınan rejissorlara müraciət olundu. Sonra isə az tanınan rejissorlara üz tutdular. Hər kəs yarımçıq qalmış bu filmi davam etdirməkdən imtina etdi. Növbə mənə çatdı. Mən isə o zaman Dövlət Kinematoqrafiya Universitetindən yeni məzun olmuşdum. Diplom işim olan “Slindir və skripka” filmini bitirməyə çalışırdım. “İvanın uşaqlığı” filminin çəkilişinə başlamazdan əvvəl ortaya xeyli şərt qoydum. Bunlardan birincisi də ssenarini yenidən yazmaq idi. Bunun üçün də filmin mövzusu olan Vladimir Boqolomovun hekayəsini yenidən oxumaq istədim. Daha əvvəl çəkilən və uğursuz alınan kadrların hamısının ləğv edilməsini istədim. Hər şeyə sıfırdan başlamaq üçün aktyorları və texniki qrupu dəyişdirdim. Mənimlə razılaşdılar. Ancaq filmə ayrılan pulun yarısını alacağımı bildirdilər. Mən də onlara dedim ki, “Əgər mənə ağ kart versəniz, yarımçıq büdcəylə də çalışaram”. Beləcə, film çəkildi.

- O zaman mövzu seçimini bir kənara qoysaq, “İvanın uşaqlığı” filmi tamamilə Andrey Tarkovkiyə aiddir?

- Elədir.

- Amma filmin mövzusu da sizə çox yaxındır. Gənc İvan müharibə illərində sizinlə bir yaşdadır...

- Mənim uşaqlığım müharibəni yetkin yaşlarında bir döyüşçü kimi yaşayan İvanınkından çox fərqlidir. Buna baxmayaraq, mənim yaşıdlarım da olduqca çətin bir dövr yaşadılar. Andrey Tarkovski ilə İvanı bir-birinə bağlayan yalnızca İvanla bu nəslin gənc rusları arasında yaşanmış eyni acını xatırlamaqdan ibarətdir.

- Film 1962-ci ildə Venesiya film festivalında göstərilən zaman müharibə haqqında əks düşüncə olaraq qəbul edildi...

- Film yaxşı qarşılandı. Amma tənqid səviyyəsi tamamilə anlaşılmaz olaraq qaldı. Hər kəs tarixi, filmin hekayəsini, xarakterləri təhlil etdi. Ancaq, mənim fikrimcə, əsas mövzu gənc bir rejissorun ilk işi haqqında olmalıydı, tarix haqqında yox. Dünya müstəvisində müzakirə aparılmalıydı. Məsələn, Sartr filmi italyanlar tərəfindən gələn tənqidlərə qarşı çox cəsarətlə müdafiə etdi. Ancaq bu müdafiə sırf fəlsəfi tərəfdən olduğundan mənim üçün əsaslı müdafiə olmadı. Mən ideoloji yox, sənət baxımından olan müdafiə axtarışındaydım. Çünki mən filosof yox, sənət adamı idim. Digər tərəfdən də Sartrın müdafiəsi çox lazımsız idi. Çünki o, filmi özünün fəlsəfi dəyərləri ilə təhlil etməyə çalışırdı. Buna görə də Andrey Tarkovski bir kənarda qalmışdı…

- Sartrın film haqqında etdiyi təhlil sizin “müharibə canavarlar istehsal edir” fikrinizlə eyni deyilmi?

- İnkar etdiyim təhlil deyil. Bu fikirlə tam razıyam. Müharibədə qazanan tərəf olmur. Əgər müharibədə qələbə çalırıqsa, bununla yanaşı, həm də məğlub oluruq. Sadəcə olaraq düşüncələr və dəyərlər önə çıxarılmış, sənət və sənətkar isə unudulmuşdu.

- “Andrey Rublev” filmi necə yarandı?

- Bir gün Konçalovski, mən və digər bir dostum Anatoli Solonitsın birlikdə oturub mübahisə edirdik. Birdən Anatoli dedi ki, niyə Andrey Rublev haqqında film çəkmirik? Mən aktyoram, Rublev rolunun öhdəsindən çox məharətlə gələ bilərəm. Üstəlik də, köhnə Rusiya, qədim ikonalar bu film üçün çox gözəl mövzu ola bilər. İlk əvvəl bu film mənim üçün reallaşdırılması mümkün olmayan, hətta çox bərbad bir nəticə əldə edəcəyim, mənim dünyamdan uzaq bir iş təsiri bağışladı. Ancaq bütün bu fikirlərlə yanaşı, ertəsi gün Andrey Rublev filmini çəkməyə qərar vermişdim.

- Vladimirin çantasından, kilsə zənginin hazırlanmasına qədər olan bütün epizodlar sizin tərəfinizdən seçildi?

- Bütün bunlar uyduruldu. Amma “Andrey Rublev”in tamaşıçılara təqdim etdiyimiz yeni obrazının hazırlanmasından əvvəl onun haqqında olan bütün tarixi sənədlər diqqətlə nəzərdən keçirildi. Sanki, Andrey Rublevin həyatı əlimizdəki tarixi sənədlərin işığında yenidən kəşf edildi.

- Beləliklə, son dərəcə fərdi bir film yarandı…

- Fərdi olmayan bir filmin yarana biləcəyinə inanmıram.

- Andrey Rublev pisliyə məruz qalan bir dünyada sənətin qələbə çalması haqqında olan bir filmdir. Pislik hər zaman hərəkətdə ikən gözəllik yaratmaq ehtirası niyə bu qədər güclüdür?

- Pislik nə qədər artsa da, gözəlik yaratmaq səbəbi də bir o qədər artacaq. Şübhəsiz ki, çətin olacaq. Amma bu, mütləq lazımdı. İnsan yaşadıqca yaratmaq istəyi də hər zaman olacaq. İnsan özünü insan olaraq hiss etdiyi müddətdə nələrsə yaratmağa cəhd edəcək. Onu yaradıcısına bağlayan şey də məhz budur. Yaradıcılıq nədir? Sənət nəyə lazımdır? Bu kimi sualların cavabı belədir: sənət özü bir yalvarışdır. İnsan sənət vasitəsi ilə ümidlərini dilə gətirir. Bu ümidi dilə gətirməyən, mənəvi təməli olmayan işin sənətlə heç bir əlaqəsi yoxdur. Belə işlər intellektual analizdən başqa bir şey deyildir. Pikassonun bütün əsərləri həmin intellektual analiz üzərində qurulmuşdur. Adının bütün prestijinə rəğmən etiraf edirəm ki, sənətə heç bir zaman çatmadığımı düşünürəm.

- Sizcə, dünyanın bir mənası olduğunu önə çıxardan sənətdən başqa bir sənət yoxdur?

- Təkrar edirəm, sənət bir yalvarışdır, bir dua növüdür. İnsan isə ancaq duası ilə yaşayır.

- Bir çox insan “Andrey Rublev” filmində bu günün Rusiyasına keçmişindəki mənəvi yaradıcılığı yenidən tapa bilməsi üçün göndərdiyiniz mesajların olduğunu fikirləşir.

- Bu mümkündür. Ancaq mənim problemim deyil. Nə bu günün Rusiyası, nə də rusu üçün veriləcək heç bir mesajım yoxdur. “Xalqıma demək istəyirəm ki… Bütün dünyaya deyirəm ki…” – formasında olan peyğəmbərvari fikirlər məni maraqlandırmır. Mən peyğəmbər deyiləm. Tanrının birlikdə yaşadığım insanlardan fərqli şəkildə yalvarma imkanının verdiyi bir insanam. Bundan başqa nə isə demək fikrim yoxdur. Əgər qərb cəmiyyəti mənim filmlərimdə rus xalqına aid mesajlar tapırlarsa, bu artıq iki xalq arasında həll olunacaq bir problemdir. Mənim bircə qayğım var. İşləmək, yenə də işləmək.

- “Solyaris” planetində Kelvin otuz il əvvəl itirdiyi arvadına qovuşur. Bu reallaşması qeyri-mümkün olan hadisə vasitəsilə Tarkovski tərəfindən izah edilən bir eşq hekayəsimi?

- Məhəbbət hekayəsi filmdə bir istiqamətdir. Bəlkə də, Kelvinin Solyarisdə bircə məqsədi var: başqasına duyulan eşqi yaşamaq üçün imtina edilməz olduğunu göstərmək. Eşqsiz bir insan, insan deyil.

- Amma filmin əvvəli elmi-fantastik hekayəyə bənzəsə də, bu macəra əslində mənəvi bir macəradır.

- Haqlısınız. Daha çox da insanın başına vicdani olaraq gəlmiş bir macəradı. Stanislav Lemin romanından ilhamlanaraq bu filmi çəkdim. Həqiqi kosmosa səfər etmədən... Şübhəsiz ki, kosmosa səfər etmək daha maraqlı olacaqdı, Amma Lem eyni fikirdə deyildi.

- Kainat, daha sonra Stalkerin bölgəsi, bir əziyyət metaforu deyilmi? Tək arzumuz özümüzü dəyişdirməkdirmi?

- İnsan həyatını əziyyətsiz olsa belə, dəyişmək lazımdır. Hər insanın həyatı yalnız bu dəyişikliyi hədəfə alır. Əzab bizə ən çox da sakit olmaq, ağrılarımızı dindirmək üçün lazımdı.

- Fransızlar üçün "Ayna" filmi Prustun yaddaş dünyasını xatırladır.

- Prust üçün zaman zamandan kənar bir şeydir. Bir rus üçünsə bu bir problem deyil. Prusta vacib olan daha çox yayılmaq və təqdim olunmaqdı. Biz ruslar isə özümüzü qorumaq məcburiyyətindəyik. Rusiyada uşaqlıq xatirələri, keçmişlə hesablaşmaq, peşmanlıq üzərinə möhkəmlənmiş çox güclü bir ədəbiyyat ənənəsi vardır.

- "Ayna" da bu ənənəyə aiddir?

- Bəli, onsuz da bu film rus tamaşaçıları arasında xeyli mübahisələrə səbəb oldu. Bir gün filmin nümayişindən sonra, tamaşaçıya açıq olan mübahisə xeyli uzandı. Gecə yarıdan keçmişdi. Salonu təmizləmək üçün gələn xidmətçi qadın bizdən salonu tərk etməyimizi istədi. Həmin qadın filmi daha əvvəl seyr etdiyindən mübahisənin niyə bu qədər çox uzandığını anlamırdı. O, bizə dedi: “Əslində, hər şey çox sadədir. Bir nəfər xəstələnər və ölümdən qorxmağa başlayar. Sonra o, həyatı boyunca başqalarına etdiyi pislikləri xatırlayar. İnsanlardan üzr istəyib, onlardan bağışlanmasını istəyər”. Bu sadə, xidmətçi bir qadın hər şeyi anlamış, filmdəki peşmanlığı qavramışdı.

Ruslar içərisində olduqları zamanı yaşayarlar. Ədəbiyyat da yalnızca bu zamanla yaradılır və sadə insanlar bunu çox gözəl başa düşürlər.

“Ayna” filmi bu mənada bir az da rusların hekayəsidir. Peşmanlıqların hekayəsi… Salondakı film tənqidçiləri filmdən heç nə anlamadıqları halda orta məktəbi belə düz-əməlli bitirməmiş bu qadın bizə öz həqiqətini, rus xalqının peşmanlıq həqiqətini başa salmışdı.

- Gizli xarakteri olan Stalker kimdir?

- Film, mənəvi dəyərləri üçün cəngavər kimi döyüşən bir insan haqqındadır. Filmin qəhrəmanı Stalker, ədəbiyyatın “idealist" tipləri olaraq tanıdığımız Don Kixot, ya da knyaz Mişkin ilə eyni orbitdə əyləşir. Və onlar idealist olduqları üçün həqiqi həyatdakı bütün döyüşləri uduzarlar.

- Onları İsaya bənzər xarakterlər hesab etmək olarmı?

- Mənim üçün zəifin gücünü dilə gətirən xarakterlərdi. Film bu yolla insanın özünün yaratdığı gücə mübtəla olmasını izah edir. Güc sonunda insanı yox edir. Zəiflik isə yeganə güc kimi qalır.

- Stalkerin bölgəsi bir inanc məskənidirmi?

- Mənə ən çox verilən suallardan biri də Stalkerin bölgəsinin hansı məna daşıması və nədən bəhs etməsidir. Belə bir bölgə yoxdur. Həmin bölgənin yaradıcısı Stalkerdi. O, bədbəxt insanlarda ümid yaratmaq və onları ora aparmaq üçün həmin bölgəni yaradır.

- “Nostalgiya” filmi nə haqqındadır?

- Nostalgiya filmi yaşamağın imkansızlığından, azadlığın olmamasından bəhs edir. Əgər məhəbbətə sədd qoyularsa, insan formasız hala düşər. Eynilə də mənəvi yaşantılara qoyulan qadağalar insanların böyük sarsıntılar keçirməsinə səbəb olar. Bəziləri bunu digərlərindən daha güclü hiss edərlər. Dünyanı məhəbbət çatışmazlığından xilas etmək naminə özlərini tamamilə başqa bir insana həsr edərlər. Eynilə bir qurban kimi. Bu məhəbbətə yaşadığımız dünya tərəfindən qadağalar qoyulduğunu görən insan əzab çəkməyə başlayar. "Nostalgiya"nın da qəhrəmanı dost olmağın imkansızlığından, dünya ilə dostluq qura bilməyin mümkünsüzlüyündən əzab çəkər. Və özü kimi əzab çəkən Deli Domeniko adlı insanı tapıb onunla dostlaşar.

- Nostalgiya bir əzabdırmı?

- Nostalgiya bütünlüklə duyğulardan ibarətdir. Başqa cür desək, öz ölkəmizdə, yaxınlarımızın yanında, xoşbəxt bir ailəmiz olmasına baxmayaraq, nostalgiya hissi keçirə bilərik. Çünki ruhumuzun məhdudlaşdırıldığını hiss edər, onu istədiyimiz kimi inkişaf etdirə bilməyəcəyimizi anlarıq. Nostalgiya, dünya qarşısındakı gücsüzlükdür. Mənəviyyatını başqalarına çatdıra bilməməyin ağrısıdır. "Nostalgiya"nın qəhrəmanını xəstələndirən səbəb, dost əldə edə bilməməyin, insanlarla ünsiyyət qura bilməməyin ağrısıdır. Bu xarakter, mənəviyyatın azad yaşana bilməsi üçün "sərhədlərin qaldırılmasının lazım olduğunu" söyləyər. Ümumilikdə isə, müasir həyata uyğunlaşmasını təmin edə bilməmiş xasiyyəti ucbatından əziyyət çəkər. Dünyanın səfaləti qarşısında xoşbəxt ola bilməz. Bu ictimai səfaləti üzərinə götürər, amma eyni zamanda dünya ilə arasında məsafə qoyaraq yaşamaq istər. Onun yaşadığı problem məhz mərhəmətindən yaranır. Bu mərhəmət duyğusunun canlı nümunəsi olmağı bacara bilmir. Digər insanlarla birlikdə ağrı çəkmək istər, amma bunun da öhdəsindən gələ bilməz.

- Qəhrəmanınızın əzablarının öhdəsindən gələ bilməsi üçün ona verə biləcəyiniz reseptiniz varmı?

- Köklərinə, qaynaqlarına inanması lazımdır. Hardan gəlib hara getdiyini, nə üçün yaşadığını bilməli, daimi olaraq yaradıcısına məhkumluğunu hiss etməyi bacarmalıdır. Əgər insan tanrıyla bağlı düşüncələrini yox edərsə, o, heyvana dönər. İnsanı heyvandan ayıran xüsusiyyət, asılılıq duyğusu, özünü asılı hiss etmə azadlığıdır. Bu duyğu mənəviyyat yoludur. İnsanın taleyi, mənəviyyata gedən bu yolu dayanmadan inkişaf etdirməsindədir. Asılılıq insanın tək şansıdır. Çünki yaradanın niyyəti, bu təvazökar şüur, bir üstün varlığın yaradıcısı olmaqdan başqa bir şey deyil. Bu inanc, dünyanı qurtara bilmək gücünə malikdir. Kölə həyatını yerinə yetirmək lazımdır. Bu əlaqə son dərəcə sadədir. Ana-ata-uşaq əlaqəsinə bənzər. Bir başqasının nüfuzunu tanımaq lazımdır. Bu hörmət, bu köləlik, insana özünü tanıma, öz içini görmə gücünü verər. Bu, pravoslav ayinlərinə görə yalvarma deyə adlandırdığımız, amma eyni zamanda mənim kino əsərimin də götürdüyü formadır. Bununla birlikdə, özümü hələ bu yalvarma idealını reallaşdırmaqdan uzaqda sayıram.

- Tanrıya inancınızla sənətə inancınız beləmi birləşir?

- Sənət yaradıcının aynadakı əksidir. Biz sənətçilər bu jesti təkrarlamaqdan, təqlid etməkdən başqa bir şey etmirik. Sənət, yaradana bənzədiyimiz müəyyən bir andır. Buna görə yaradandan ayrı, müstəqil olan bir sənətin varlığına əsla inanmadım. Tanrısız bir sənətə inanmıram. Sənətin mənası yalvarmaqdır. Mənim sənətim, mənim yalvarışımdı. Əgər mənim duam, yalvarışım, filmlərim insanları tanrıya istiqamətləndirə bilsə, o zaman özümü xoşbəxt hiss edərəm. Onda həyatım əsas mənasını tapacaq: xidmət etmək. Amma bunu əsla başqalarına təlqin etməyə cəhd etməyəcəyəm. Xidmət etmək fəth etmək demək deyil.

- Sənətin məqsədi necə yalnız xidmət etmək ola bilər?

- Əsas sirr elə bundadır. Yaradılışın sirri kimi. İkonanın qarşısında çökdüyümüz zaman tanrıya eşqinizi söyləmək üçün sözlər taparsınız, amma bu sözlər gizli, sirli qalar. Eyni şəkildə bir sənət adamı, əhvalatını, xarakterlərini tapdığı zaman dua edər, yaradılış anında tanrıyla həmfikir olar və tam yerində sözləri tapar. Bax, o zaman sənət bir hədiyyə şəklini alar. Sənət yalnız bir hədiyyə olduğu zaman "xidmət edə bilər".

- Filmləriniz də beləcə tanrı üçün olan eşqin izahı olar…

- Buna həqiqətən inanmaq istəyərəm. Bunu etməyə çalışdım. Mənim idealım, bu "hədiyyə"ni mütəmadi vermək olacaq

Tərcümə: Samirə Əşrəf



# 3181 dəfə oxunub

Müəllifin son yazıları

# # #