Kollektiv mürgüləmə seansının pərdəarxası - Elmlər Akademiyasında nələr baş verir?

Kollektiv mürgüləmə seansının pərdəarxası - Elmlər Akademiyasında nələr baş verir?
25 fevral 2026
# 15:33

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Kamera obyektivi yavaş-yavaş zalı dolaşır. Ağır, klassik üslubda dizayn edilmiş, qəhvəyi rəngin çalarlarının hakim olduğu, insanı istər-istəməz ciddiyyətə, rəsmiyyətə çağıran geniş iclas zalı... Kürsüdə kimsə danışır. Bəlkə də, hansısa şöbənin illik hesabatı oxunur, bəlkə də, hansısa elmi-tədqiqat institutunun planları barədə yekun məruzə edilir. Səs monoton, şablon, ruhsuz və ən əsası darıxdırıcıdır. O qədər darıxdırıcıdır ki, havada uçan toz dənəcikləri belə bu səsin təsirindən az qala yerə enib mürgüləmək istəyir. Və obyektiv o tarixi, o unudulmaz, o çox şeyi özündə cəmləşdirən kadrı yaxalayır: Azərbaycan Milli Elmlər Akademiyasının hörmətli akademiki, elmin ağsaqqalı, bəlkə də, vaxtilə onlarla kitabın, yüzlərlə məqalənin müəllifi olmuş o şəxs başını sinəsinə əyərək dərin bir yuxuya gedib. Onun ardınca obyektiv başqa bir kadrı tutur, sonra digərini. Zalda, sözün əsl mənasında, kollektiv bir mürgüləmə seansı baş verir.

Bizim cəmiyyətdə yuxu müqəddəsdir, xüsusən də yaşlı insanların yuxusu. Amma bu görüntülər sadəcə bir neçə insanın fiziki yorğunluğunun, yaşa bağlı zəifliyinin və ya yuxusuzluğunun göstəricisi deyil. Bu kadrlar, əslində, bütöv bir sistemin, bir elmi mühitin, bir institutun mənəvi və intellektual yuxusunun vizual təzahürüdür, onun diaqnozudur. Alim niyə yatar? Xüsusən də, özünün birbaşa aid olduğu, fikirlərini bölüşməli olduğu ali bir məclisdə – Rəyasət Heyətinin iclasında niyə yatar? Alim o vaxt yatar ki, qarşı tərəfdən gələn informasiya, kürsüdən səslənən sözlər onun beynində heç bir rezonans doğurmur, heç bir intellektual qığılcım yaratmır. Obyektivin amansızlığı ondadır ki, o, qapalı qapılar arxasında gedən müzakirələrin nə qədər maraqsız, nə qədər sönük, nə qədər "ölü" keçdiyini bütün çılpaqlığı ilə bizə sübut edir.

Elm, mahiyyəti etibarilə, bir davadır. Fikirlərin davası, nəzəriyyələrin toqquşması, paradiqmaların dağılıb yenidən qurulması prosesidir. Akademiyanın iclas zalında bir alim digərinin tezisini alt-üst etməli, arqumentlər havada uçuşmalı, elmi ehtiraslar coşmalıdır. Dünyanın beyin mərkəzlərində, inkişaf etmiş laboratoriyalarında elm məhz bu cür dinamika, səs-küy və oyanıqlıq içində yaranır. Amma bizdə mənzərə tam fərqlidir. Bizdə kürsüdə dayanan şəxs hansısa sovet dövründən qalma köhnə ənənə ilə yazılmış, bəzəkli, pafoslu, lakin içi bomboş cümlələrdən ibarət hesabatı mexaniki şəkildə, ard-arda vərəqləyərək oxuyur. Dinləyicilər isə bu söz yığınını həzm etmək, ona etiraz etmək və ya təqdir etmək əvəzinə, göz qapaqlarının ağırlığına təslim olaraq mürgüləyirlər. Çünki ortada müzakirə ediləcək heç nə yoxdur. Səslənən mətnlər reallıqla, elmin bugünkü qlobal çağırışları ilə heç bir əlaqəsi olmayan quru rəqəmlərdən və "həyata keçirilmişdir", "nəzərə alınmışdır", "uğurla icra edilmişdir" kimi bürokratik qəliblərdən ibarətdir.

Bəzən bu kadrlara baxanda adamın içində qəribə bir sızıltı, yüngülcə bir mərhəmət hissi yaranır. O yatan alimlərin üzündəki məsumluğa, dünyadan qopmuş o təcrid vəziyyətinə baxanda düşünürsən: onlar pis insanlar deyillər. Onların çoxu öz gəncliklərində, bəlkə də, gecələrini gündüzlərinə qatıb laboratoriyalarda, sovet arxivlərində, tozlu kitabxanalarda çürüyüblər. Onlar da nə vaxtsa dünyanı dəyişdirəcək kəşflər edəcəklərinə inanıblar, gənclik enerjisi ilə elmin zirvələrini fəth etməyi arzulayıblar. Lakin zaman keçdikcə, bu amansız bürokratik maşın – elmi sadəcə kağız üzərindəki qovluqlara, formal tədbirlərə, "quş qoymaq" xatirinə keçirilən mənasız çıxışlar səviyyəsinə endirən sistem – onların içindəki o elmi odu, o axtarış ehtirasını yavaş-yavaş söndürüb. İndi onların qabağında bahalı mikrofon var, üstündə "akademik", "professor", "şöbə müdiri" yazılmış qızılı hərflərlə işlənmiş lövhəcik var, qabaqlarında büllur stəkanda su və rəsmi bloknot var. Amma həmin o stolda oturmaq üçün əsas səbəb olan Elm yoxdur. Elm o zaldan çoxdan çıxıb gedib.

Elmlər Akademiyasının binasında, deyəsən, zaman tamamilə başqa cür axır. Bayırda 21-ci əsrdir. Kosmosa yeni teleskoplar göndərilir, gen mühəndisliyi xəstəliklərin kökünü kəsmək üzərində işləyir. Amma o binanın, o qalın və əzəmətli divarların içərisində zaman elə bil ki, keçən əsrin 80-ci illərində donub qalıb. Rəyasət Heyətinin iclas zalındakı o mürgüləmə əslində, o donmuş zamanın bədən dili ilə verilən ən təbii reaksiyasıdır.

Bu cür iclaslar çox vaxt rituallaşmış bir teatr tamaşasına bənzəyir. Tamaşanın ssenarisi onilliklər əvvəl yazılıb və heç vaxt dəyişdirilməyib. Rollar əvvəlcədən bölünüb. Çıxış edəcək şəxslər bəlli, sual verəcək (daha doğrusu, sual verməyib, sadəcə məruzəçini tərifləyəcək və ona təşəkkür edəcək) şəxslər bəlli, sonda qəbul ediləcək və hər kəsin yekdilliklə əlini qaldıracağı qərar da bəllidir. Hər şey o qədər aydın, o qədər proqnozlaşdırılan və o qədər mexanikidir ki, insan beyni bu cür həddindən artıq monotonluq və mənasızlıq qarşısında özünü müdafiə rejiminə keçirir. Bəli, yuxu burda sadəcə bir bioloji ehtiyac deyil, yuxu burda psixoloji bir qaçışdır, intellektual kapitulyasiyadır. Bu sönük, heç kimə lazım olmayan, elmin inkişafına, ölkənin gələcəyinə zərrə qədər də təsir etməyən səs tonundan uzaqlaşmaq, ən azından bir neçə dəqiqəlik də olsa o saxta atmosferdən xilas olmaq istəyidir. Məruzəçinin səsi bu kontekstdə bir layla effekti verir – mənanı öldürən, şüuru uyuşduran bürokratik bir layla.

Bəlkə də, o yatan alim məhz yuxusunda daha böyük elmi nailiyyətlər görür. Bəlkə də, gözləri yumulu ikən o, yenidən gənc və ehtiraslı aspirantdır. Laboratoriyada əlindəki probirkalarla nəsə inqilabi bir yenilik kəşf edir. Bəlkə də, hansısa beynəlxalq, səs-küylü simpoziumda ayaq üstə ehtirasla öz nəzəriyyəsini müdafiə edir, əks-arqumentləri darmadağın edir və bütün zal onu gurultulu alqışlarla qarşılayır. Lakin qəddar reallıq budur ki, o, yumşaq, dəri kresloda əyləşib, başı sinəsinə doğru əyilib, qalın çərçivəli eynəyi burnunun ucuna sürüşüb və zalda kimsə bu il neçə məqalənin hansısa regional, heç kimin tanımadığı jurnallarda çap olunduğu barədə uydurma statistikaları quru, xırıltılı səslə sadalayır. Və qəfildən, kimsə pıçıldayır, yanındakı həmkarı onu dürtmələyir. Adam diksinərək, səksəkə içində oyanır, ətrafına, kameralara baxır, hər şeyin "qaydasında" olduğunu görüb dərindən nəfəs alır və dərhal üzünə son dərəcə ciddi, mütəfəkkir bir ifadə verərək məruzəçini böyük maraqla dinləyirmiş kimi bir poza alır. Bax, budur əsl tragikomediya.

Biz cəmiyyət olaraq bu görüntülərə baxıb gülürük. O kadrlar dərhal sosial şəbəkələrə sızır, paylaşılır, üzərində istehzalı sözlər yazılır, memlər düzəldilir, cəmiyyətin lağlağı obyektinə çevrilir. Əslində isə bu gülüş, bizim öz çarəsizliyimizin, öz gələcəyimizə olan dərin inamsızlığımızın ağrılı gülüşüdür. Bir ölkənin elmi elitası, cəmiyyətin intellektual avanqardı hesab olunan şəxslər ən rəsmi iclasda, mühüm qərarların verildiyi, elmin inkişaf istiqamətinin müəyyənləşdirildiyi iddia edilən bir məkanda kütləvi şəkildə mürgüləyirsə, deməli, o ölkədə elm artıq çoxdan dərin və bəlkə də geri dönüşü olmayan bir komaya düşüb. O kreslolarda yatanlar sadəcə fərdlər deyil, o yatan bizim gələcəyimizdir, inkişaf perspektivlərimizdir, yenilikçi potensialımızdır. Onların yuxusu gələcək nəsillərin geriliyi hesabına başa gəlir.

Məsələ yalnız alimlərin fiziki yaşı ilə də məhdudlaşmır. Kimsə haqlı olaraq deyə bilər ki, yaşlı insanlardır, ömürlərini bu işə veriblər, yorulublar, xəstəlikləri var, mütəmadi dərman qəbul edirlər və bu yaşda ağır, havasız zallarda oturtmaq onların fiziologiyasına ziddir. Bəli, bu cür arqument tamamilə anlaşılandır və insani mövqedən qəbul edilə bilər. Lakin dərdimiz sadəcə yaş amili deyil. Dərdimiz elmi ictimaiyyətin, o qurumun daxilindəki mühitin o qədər sterilləşməsi, o qədər mütləq bir ətalət içinə batmasıdır ki, ora gənclik, yeni nəfəs, yeni ideyalar sızmaq iqtidarında deyil. Əgər o masanın ətrafında dinamik, dünyanı dərk etmək ehtirası ilə yanan, elmi doqmaları cəsarətlə sorğulayan, köhnə nəzəriyyələrə meydan oxuyan gənc tədqiqatçılar, müstəqil düşüncəli mütəfəkkirlər otursaydı, inanın ki, o müzakirələr elə bir səs-küylə, elə bir hərarət və qığılcımla keçərdi ki, zalda heç kimin gözünə bircə damcı da yuxu getməzdi. Hətta ən yaşlı alim belə o enerjinin qarşısında oyanar, ya etiraz edərək döyüşə atılar, ya da bu yeni dalğanı dəstəkləyərdi.

Amma yoxdur. Sükutdur. Obyektivin çəkdiyi o ağır, qatı sükut, o hərəkətsizlik, o bürkülü yeknəsəqlik... "Elm qurban tələb edir" deyirdilər. Doğrudan da elədir. Görünür, bizim elmimiz də çoxdan qurban verilib, bürokratiyanın bitib-tükənməyən tələblərinə, formallığa, "yolavermə" prinsipinə, hesabat xatirinə yazılan yalançı məqalələrə. Hər il dövlət büdcəsindən böyük vəsaitlər ayrılır, nəhəng, sütunlu binalar saxlanılır, adlar, rütbələr, mükafatlar paylanır, bəzəkli cildlərdə, qalın, lakin kimsənin vərəqləmədiyi kitablar nəşr olunur. Nəticə isə göz qabağındadır. Nəticə həmin o yuxulu, yorğun, bezgin gözlərdir. Çünki ortada bir məhsul, cəmiyyətin həyatını real olaraq dəyişdirəcək, ölkəni qabağa aparacaq canlı bir fəaliyyət yoxdur. Nəyi müzakirə etsinlər? Hansı böyük kəşfin sənayedə tətbiqini dartsınlar? Ortada ancaq "yazdıq, pozduq, toplandıq, qərar qəbul etdik" tipli sapsarı, cansız şablonlar var.

Əslində, bir az daha dərinə getsək, etiraf etməliyik ki, biz hamımız cəmiyyət olaraq bəzən o AMEA-nın iclas zalındayıq. Bir çoxlarımız öz həyatımızın müxtəlif sahələrində formal olaraq iştirak edirik, cismən ordayıq, amma ruhən çoxdan o mühiti tərk etmişik. Bizi ya bezdiriblər, ya da biz özümüz reallıqla mübarizə aparmaqdan yorulub təslim olmuşuq. O mürgüləyən akademik, əslində, bu passivləşmiş, inkişafdan qalmış, reallıqdan qopmuş, öz daxili, komfort illüziyalar dünyasına çəkilmiş adamın ən aydın, ümumiləşdirilmiş obrazıdır. O, sadəcə kameraların işığına düşüb deyə biz onu barmaqla göstərib mühakimə edirik. Bəs obyektivdən kənarda, qapalı dövlət idarələrində, universitet auditoriyalarında, şirkət ofislərində hər gün neçə-neçə potensial, nə qədər yaradıcı enerji, fərqli ideya məhz bu cür səssizcə, itaətkarcasına yuxuya verilir?

Tarixə və bəşəriyyətin təkamülünə baxanda açıq-aydın görürük ki, ən böyük elmi sıçrayışlar, ən inqilabi tapıntılar mütləq rahatlığın və sükutun olduğu yerlərdə baş verməyib. Əksinə, böhranlar, çətinliklər, qovğalar, cavabsız qalan ağrılı suallar, şübhələr içərisində insan beyni daim oyaq qalır, çıxış yolu axtarır. Amma hər şeyin qabaqcadan təyin edildiyi, heç kimin heç kimi tənqid etməyə cürət etmədiyi, hamının bir-birini saxta təbəssümlərlə tərifləyib növbəti fəxri adı, ordeni, medalı və ya vəzifəni gözlədiyi o steril mühitdə beyin öz-özünə arxayınlaşır, daxili qoruma mexanizmi siqnal verir: "Hər şey qaydasındadır, təhlükə yoxdur, mübarizəyə, düşünməyə ehtiyac yoxdur, rahatca yata bilərsən". Və orqanizm dərhal bu bioloji əmrə tabe olur. Rəyasət Heyətindəki mürgüləmə əslində beynin o mühitdə sağ qalmaq üçün tapdığı yeganə rasional həll yoludur.

Bu görüntülər həm də nitqin, sözün dəhşətli dərəcədə devalvasiyasıdır, inflyasiyasıdır. Kürsüdəki adam o qədər çox, o qədər bəlağətli, amma eyni zamanda o qədər boş danışır ki, onun ağzından çıxan kəlmələr havada asılı qalan, heç bir məna kəsb etməyən səs dalğalarından başqa bir şeyə çevrilmir. Həmin o kəlmələrin arxasında inam yoxdur. Məruzəçi özünün yazdığına (ya da köməkçilərinin onun üçün yazdığına) inanmır, dinləyici isə məruzəçinin səmimiyyətinə inanmır. Bu qarşılıqlı inamsızlıq, saxtakarlıq mühitində sükut və yuxu yeganə səmimi reaksiyaya çevrilir. Bəli, bu yuxu bir növ səssiz etirazdır. Bəlkə də qəribə və paradoksal səslənəcək, amma o qocaman akademikin tənəffüsü yavaşıyaraq mürgüləməsi, onun o formallığa qarşı bədən dilinin şüursuz üsyanıdır: "Mən bu yalanın, bu boşluğun bir hissəsi olmaq, onu dinləməklə təsdiqləmək istəmirəm. Mən burda deyiləm, mənim şüurum artıq bu mühiti boykot edir".

Ədəbiyyat tarixində Oblomov adlı klassik bir obraz var. İvan Qonçarovun bu məşhur qəhrəmanı həyatın mənasızlığı, məqsədsizliyi, daxili təşəbbüssüzlük və mütləq ətalət səbəbindən günlərlə xalatına bürünüb divandan qalxmır, ancaq yatır. Bizim elmi mühitin, Akademiyanın bugünkü halı həmin o kollektiv Oblomovşinadır. Orada oturan hər kəsin fərdi bir bəhanəsi, özünü doğrultmaq üçün bir izahı var. Hər kəs daxilən bilir ki, nəsə dəyişməlidir, nəsə etmək lazımdır, elmin qapılarını dünyaya açmaq şərtdir. Amma heç kim praktiki olaraq heç nə etmir. Sadəcə kreslolarda əyləşib, növbəti maaşı, dövlət təqaüdünü, hansısa şairin və ya yazıçının yüz illik yubiley tədbirini gözləyirlər. Tədbirlər formal olaraq təşkil olunur, eyni simalar tərəfindən eyni yeknəsəq çıxışlar edilir, sonra hər kəs şablon təbəssümlərlə öz evinə dağılışır. Elm adlı o böyük, mürəkkəb, cəmiyyəti irəli çəkməli olan nəhəng mexanizm isə paslanmış vəziyyətdə öz əvvəlki yerində, rəflərdə saralır.

Bəs çıxış yolu nədədir? O adamları dürtmələyib, yuxudan qışqıra-qışqıra oyatmaqmı? "Ayılın, kameralar sizi çəkir" deyə xəbərdarlıq etməkmi? Xeyr. Adamları fiziki olaraq oyatmaqla heç nə dəyişməyəcək. Adamlar diksinib oyanacaq və yenə də boş, mənasız gözlərlə o boş divarlara, o cəlbedicilikdən məhrum məruzəçiyə baxacaqlar. Çıxış yolu o zalın mənəvi və intellektual havasını dəyişməkdədir. Çıxış yolu qapalı qalmış o pəncərələri taybatay açıb içəri təmiz, sərt, bəzən adamı üşüdən, amma birmənalı şəkildə ayıldıcı olan havanın, tənqidin, rəqabətin, müstəqil fikrin daxil olmasına imkan yaratmaqdadır. Elm kabinetlərdə bürokratik hesabatlar dinləyərək rahatlıqla yatmaq üçün deyil. Elm axtarışlar içində çırpınmaq, laboratoriyalarda həqiqət naminə yanmaq, səhv etməkdən qorxmamaq üçündür.

Bu gün kameraların qeydə aldığı yatan akademiklər, mürgüləyən professorlar, mənası çoxdan itmiş sözlər kütləsi, sönük müzakirələr sadəcə qabarmış bir simptomdur. Bədənin verdiyi siqnaldır. Xəstəliyin özü isə çox dərində – idrakın, yaradıcılığın, azad və tənqidi düşüncənin korporativ və bürokratik maşın tərəfindən yavaş-yavaş udulub yox edilməsindədir. Nə qədər ki, bizim elmi təşkilatlar inzibati idarəetmə metodları ilə, məmur təfəkkürü ilə, sırf rəsmi sənəd mübadiləsi və yuxarıdan aşağı verilən quru direktivlərlə tənzimlənəcək, o Rəyasət Heyətinin ağır qapıları arxasındakı zallarda heç vaxt işıqlı, həqiqət ehtirası ilə yanan, tam oyanıq, həyat dolu gözlər görməyəcəyik. Biz ancaq və ancaq göz qapaqları ağırlaşan, reallıqdan qaçıb yuxunun isti və sakit qoynuna sığınan siluetlər görəcəyik.

Sonda iclas, yəqin ki, bitəcək. Sədr yüngülcə qələmini masaya vuracaq, gündəlikdəki məsələlərin tükəndiyini, bütün hesabatların "qənaətbəxş" hesab edildiyini elan edəcək. Zalda yüngül, rahatladıcı bir canlanma yaranacaq. Yatanlar bu səs-küydən diksinib tam oyanacaq, qabaqlarındakı qələmi, bloknotu yığışdırıb qovluqlarına qoyacaqlar. Dəhlizlərdə yalandan bir-birlərinin əllərini sıxacaq, "çox maraqlı və əhatəli çıxış idi, müəllim" deyə bir-birlərinə yaltaqlanacaqlar. Sonra kütləvi halda qapıdan çıxıb şəhərin səs-küylü, canlı, heç nəyə məhəl qoymadan dayanmadan inkişaf edən, dəyişən küçələrinə qarışacaqlar. Ağacların arxasında gizlənən o qoca, paslanmış, tozlu və yorğun Akademiya isə öz dərin, sarsılmaz, əbədi yuxusuna təkrar geri dönəcək. Ta ki, növbəti eyni ssenarili, eyni mürgülü iclasa qədər.

# 149 dəfə oxunub

Oxşar xəbərlər

“Onlar bədəni, sinəsi hesabına “sənətkar” olanlardır” – Xalq artisti televiziyalardan danışdı

“Onlar bədəni, sinəsi hesabına “sənətkar” olanlardır” – Xalq artisti televiziyalardan danışdı

16:22 25 fevral 2026
“Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edildi

“Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edildi

15:41 25 fevral 2026
Xocalı soyqırımı ilə bağlı hazırlanmış elektron layihələr istifadəçilərə təqdim olundu

Xocalı soyqırımı ilə bağlı hazırlanmış elektron layihələr istifadəçilərə təqdim olundu

14:00 25 fevral 2026
Xocalı faciəsi qurbanlarının xatirəsi yad olundu

Xocalı faciəsi qurbanlarının xatirəsi yad olundu

14:00 25 fevral 2026
Şuşa məscidi üçün hazırlanan növbəti xalçalarının kəsim mərasimi keçirildi

Şuşa məscidi üçün hazırlanan növbəti xalçalarının kəsim mərasimi keçirildi

13:40 25 fevral 2026
Səhv düşəndə yerimiz - Qabil

Səhv düşəndə yerimiz - Qabil

13:34 25 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər