Dinini dəyişdirən aktyor - Fərman Şəkilinin filmləri niyə efirə buraxılmadı?

Fərman Şəkili

Fərman Şəkili

4 noyabr 2025
# 13:30

4 noyabr aktyor Fərman Şəkilinin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Fərman Şəkili 1954-cü ildə Şəkidə anadan olub.

O, əvvəlcə Şəki Aktyorluq Məktəbində, daha sonra isə Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb. Uzun illər Şəki Dövlət Teatrında fəaliyyət göstərib.

“Şəkili” təxəllüsü ilə daha çox tanınır. Halbuki, sənədlərində soyadı fərqlidir. Bu ləqəbi həmkarları ona gənclik illərində Şəki teatrında qazandığı uğurlara görə veriblər və Fərman həmin adı sənət imzasına çevirib.

***

Tamaşaçılar onu “ABA” televiziyasında yayımlanan uşaq verilişindəki Şurum-Burum obrazı ilə seviblər.

Klounada sənətini Azərbaycana ilk dəfə o gətirib.

Tədbirlərdə, ad günlərində və toylarda qarşılaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib hərbi salam verirmişlər. Həmçinin, Azərbaycanda pantomima sənətində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvəllərində səhnələşdirilən “Dahi” adlı pantomim pyesin müəllifi olub.

Xristianlığı qəbul etdi, xəstəliyini ailəsindən gizlətdi, klounluğu Azərbaycana gətirdi – FOTO

***

Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevib və onunla ailə qurub.

***

Filmoqrafiyasına “Aşkarsızlıq şəraitində...” (1986), “Boş yer” (1989), “Zirzəmi” (1990), “Fransız” (1995), “Həm ziyarət, həm ticarət” (1995), “Yarımştat” (1996) kimi film və tamaşalar daxildir.

***

Onun bir çox layihəsi efirə buraxılmayıb, amma o, heç vaxt dayanmayıb.

Ən böyük arzularından biri Azərbaycan kəndlərinin həyatını əks etdirən bədii televiziya serialı çəkmək olub. Hətta bunun üçün ssenari eskizləri də yazdığı deyilir, lakin layihə maliyyə çatışmazlığı səbəbindən reallaşmayıb.

Xristianlığı qəbul etdi, xəstəliyini ailəsindən gizlətdi, klounluğu Azərbaycana gətirdi – FOTO

***

Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının monotamaşalar festivalında Fərman Şəkilini “Hamlet” tamaşası ilə kəşf edib.

Festivalın Qran-Prisini qazansa da, ona pul mükafatı verilməyib.

***

Fərman Şəkili rejissoru və ssenari müəllifi olduğu “Mışovul” filminə də çəkilib, lakin bu film müxtəlif səbəblərdən ekranlara çıxmayıb. Bununla belə, “Fransız”, “Yalan”, “Həm ziyarət, həm ticarət”, “Sarı gəlin” kimi ekran işlərində onun yaratdığı obrazlar bir-birindən tam fərqli və orijinal olub.

Xristianlığı qəbul etdi, xəstəliyini ailəsindən gizlətdi, klounluğu Azərbaycana gətirdi – FOTO***

Evdə uşaqlarına qarşı ciddi olub. Onlara Sabirin “Hophopnamə” əsərini əzbərlədirmiş, Motsart və Şopenin musiqilərinə qulaq asdırırmış.

Xristianlığı qəbul etdi, xəstəliyini ailəsindən gizlətdi, klounluğu Azərbaycana gətirdi – FOTO

***

Dostlarından biri rəssam Natiq Əyyubov olub.

Xəstəliyini uzun müddət ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açıb. Onlar tez-tez emalatxanada görüşər, söhbət edər və bir neçə qutu siqaret çəkərmişlər. Bir gün Fərman kefsiz halda gəlib dostuna siqareti tərgitməyi məsləhət görüb. Dostu zarafatla cavab verib: “Neçə illik stajım var, bataram axı”. Onda Fərman ciddi şəkildə deyib ki, bu mövzuda zarafat etməsin, çünki siqaret üzündən onun ciyərlərində ciddi problem yaranıb.

***

Rəvayətə görə, bir neçə dəfə tamaşa zamanı səhnənin işıqları sönüb. Buna baxmayaraq, səhnəni tərk etməyib və görünmədiyi qaranlıq səhnədə belə səsi ilə tamaşaçıları güldürməyi, tamaşanı davam etdirməyi bacarıb.

O, bulvarda yay teatrı, kölgə teatrı və uşaq teatrı yaratmaq istəyirdi.

Həyat yoldaşı İradə xanım bu barədə təəssüf və həyəcanla danışır:

“Layihəsini ideyadan nizamnaməyədək hazırlayıb təqdim edirdi, deyirdilər, gözlə. Amma insan ömrü gözləmir axı... Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Yenə də Fərmanın inamını sındıra bilmirdilər. O, hər dəfə sanki ilk dəfəymiş kimi insanlara inanırdı.”

***

Fərman dini inancını xristianlıqda tapıb. Buna görə də yaxınları və tanışları tərəfindən qınanılıb, lakin o, öz inancından dönməyib.

***

Oğlu Elvin Abdulla kinorejissordur. Rejissor, prodüser və ssenari müəllifi kimi bir çox kommersiya layihələrində iştirak edib. “Xoxan” və “Xənnas” kimi filmlərin müəlliflərindəndir.

***

İllər sonra bəzi rejissorlar etiraf ediblər ki, Fərman Şəkilinin yaratdığı obrazların çoxu ssenaridə nəzərdə tutulandan daha dərin və təsirli olub. O, obrazlara sadəcə həyat verməyib, onları dəyişdirib.

***

Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Hövsan qəbiristanlığında dəfn olunub.

Oğlu Elvin Abdullayev atasına qarşı göstərilən laqeydlikdən gileylənərək deyib:

“Yalnız dostları, səhnə yoldaşları onunla maraqlandılar. Nazirlikdən heç kim əlaqə saxlamadı. Bu laqeydlik bizi çox sarsıtdı.”

***

Həyat yoldaşı İradə xanım aktyorun son anlarını belə xatırlayır:

“...Əllərini sinəsində çarpazladı, göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə, ‘bitdi’ demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb.”

***

Fərman Şəkilinin ölümündən sonra İradə xanım nəvələrinə onun hara getdiyini belə izah edib:

“Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, ona görə özünüzü ağıllı aparın.”

# 462 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər