Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim
25 fevral 2026
# 11:46

Kulis.az Əli Kərimin "Fraqmentlər" şeirini təqdim edir.

Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında.
Xəstə olarkən
Həkimin çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında.
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getməyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa
yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib.
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında.
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Kövrək bir insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm. al səhərimdir.
Şeirlərimə baxıram:
Demə ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.

2 aprel, 1964

# 872 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər