Sovet rejimi onun hər şeyini almışdı... - "Nejdanovun işi"; rejimin üz qarası

Sovet rejimi onun hər şeyini almışdı... - "Nejdanovun işi"; rejimin üz qarası
3 fevral 2024
# 12:00

Bu gün yazıçı Ceyhun Hacıbəylinin doğum günüdür.

Kulis.az bu münasibətlə Abid Tahirlinin "Nejdanovun işi - insanlığın faciəsi" adlı yazısını təqdim edir.

Rus dissident ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Soljenitsinin bir kəlamı dilimizdə təxminən belə səslənir: «İnsanların əllərindən hər şeyi almadığınız müddətdə onlara təsir etmək imkanlarınız qalır. Elə ki, onların əlindən hər şeyi aldınız, o zaman o sizin təsir dairənizdən çıxır. O, artıq azad olmuşdur».

Kimsə təhkimçiliyin ləğv olunduğu 1861-ci ilədək öz sahiblərinin əşyası olan rus mujikinin əlindən hər şeyin alındığını, lakin onun azad olmadığı iddiası ilə bu fikrə etiraz edə bilər. Şübhəsiz ki, A.Soljenitsin də bu fikri ifadə edərkən iki əsr bundan əvvəlki rus mujiklərini yox, öz dövrandaşlarını, silahdaşlarını, məsləkdaşlarını nəzərdə tuturdu…

Onlardan biri də Azərbaycan istiqlalı uğrunda ideoloji mücadilə aparan Ceyhun Hacıbəyli idi. Bəli, Sovet rejimi onun əlindən hər şeyi almışdı. Qurucularından biri olduğu Azərbaycan Xalq Cümhuriyyətini, doğma «Azərbaycan» qəzetini, Vətənini, əzizlərini, həmvətənlərini… Ceyhun bəy qürbətdə – Parisdə mühacir həyatı yaşayırdı, Sovet hökumətinin ondan alası heç nəyi qalmamışdı , canından başqa (Hərçənd ki, sovet kəşfiyyat orqanları səsini çıxaran mühacirlərinin canını da alır, qətlə yetirirdi). O, azad idi, ən azından azad ölkədə yaşayırdı.

İstiqlal mücahidi mühacirətdə bütün qəlbi və qələmi ilə Sovet-Şər imperiyasına qarşı döyüşürdü: qəzet, jurnal nəşr edir, Fransa mətbuatı ilə sıx əlaqə saxlayır, «Azadlıq» radiostansiyanın yaradılmasında və fəaliyyətində yardımçı olur, Münhendə SSRİ-ni öyrənən institutla, eləcə də Sovet İttifaqına qarşı soyuq müharibənin mühacirlər arasında təşkilatçısı olan Amerika Komitəsi ilə əməkdaşlıq edirdi.

Ceyhun Hacıbəyli eyni zamanda bədii əsərləri ilə də imperiyaya, onun ideologiyasına, Stalin rejiminə qarşı amansız mücadilə aparırdı. Yazıçının fransız dilində qələmə aldığı və sahənin tanınmış mütəxəssisi Mirzəbala Əmrahovun tərcümə etdiyi «Nejdanovun işi» adlı hekayəsi bu qəbildəndir.

Bəri başdan deyək ki, əsər həm ideya, həm mövzu, həm də kompozisiya baxımından rus dissident ədəbiyyatı nümunələrindən heç də az təsir bağışlamır. Digər tərəfdən isə bu hekayənin təxminən ötən əsrin 50-ci illərinin ortalarında yazıldığını nəzərə alsaq, o zaman V.Aksyonov, A.Belinkov, L.Borodin, İ.Brodskiy, V.Voynoviç, A.Qalıç, A.Sinyavski… kimi məşhur rus dissident yazıçılarının yaratdığı ədəbi nümunələrin pioneri, qaranquşu da hesab etmək olar….

Mirzəbala Əmrahovun «Ön söz»də yazdığı kimi, «Nejdanovun işi» hekayəsi ötən əsrin otuzuncu illərində, eləcə də İkinci Dünya Müharibəsindən sonra Stalinin repressiya rejimindən heç kimin sığorta olunmamasından, «casusların və xalq düşmənlərinin» ən ucqar əyalət məktəbləri, kolxoz və sovxozlarda göstərdiyi «təxribat işlərindən», «vətənpərvər və sayıq» sovet vətəndaşlarının onları «ifşa etməsindən»» bəhs olunur.

Hekayənin süjeti, kompozisiyası sadədir. Müəllim Nejdanov kənd məktəbində şagirdlərinə kolxoz haqqında inşa yazdırır. «Yemişbaş və dəcəl» Ublyudkovdan başqa hamı tapşırığı icra edir, o isə bu mövzuda inşa yazmayacağını qətiyyətlə və həyasızcasına bəyan edir, onu tənbeh edən müəllimin üzünə çımxırmaqdan da çəkinmir: «Biz niyə kolxozumuzun bütün sirlərini casuslara, təxribatçılara, faşistlərə, kapitalistlərə, trotskiçilərə, qolçomaqlara verməliyik?! Məgər Stalin yoldaş deməyibmi ki, bolşevik sayıqlığını qorumaq lazımdır?!” Bu sözlərdən qəzəblənən Nejdanov Ublyudkova bir qapaz vurur. Məsələyə nəzarətçi müəllim, daha sonra ilk partiya təşkilatçısı, raykom qarışır, hər kəs «vətənpərvərlik» borcunu yerinə yetirir, şagird Ublyudovu haqlı çıxarır. İş Ali Məhkəmənin səyyar tribunalına verilir. Məhkəmə cinayət məcəlləsinin bir neçə- terror aktı, dövlətin təhlükəsizliyinə qəsd, casusluq, təxribat maddəsi üzrə Nejdanovu ittiham edir və müəllimə…ölüm hökmü kəsir. Yuxuda qorxudan, həyəcandan tribunalın qərarından çarpayıdan yerə yıxılan Nejdanov var-gücü ilə bağırır: «Yaşasın Stalin!”. O, dəhşətli yuxusunu arvadına danışmaq istərkən mənzilə iki nəfər milis daxil olur və bildirirlər ki, «vətəndaş müəllim» onlarla şöbəyə getməlidir. Bədbəxt Nejdanovun yuxusu çin olur. Amma bu da son deyil, bu barədə bir qədər sonra bəhs edəcəyik.

Hekayə sənətkarlıq baxımından mükəmməl işlənməsidir. Süjet, kompozisiya elə qurulmuşdur ki, oxucu nəfəsini dərmədən, gözlərini sətirlərdən çəkmədən olayların gedişatını izləyir, hadisələr sürətlə bir-birin əvəz edir, dialoqlar canlı, dinamikdir. Yuxu, belə demək mümkünsə, C. Hacıbəyli yaradıcılığının mühüm elementlərindən biridir və yazıçı bütün yaradığıcılığı boyu - XX əsrin əvvəllərinə təsadüf edən ilk qələm sınaqlarından- kiçik felyetonlarından tutmuş, ta həyatının sonlarına doğru yazdığı “ Bir il xəyallarda və bütöv bir ömür “ memuarınadək bu ədəbi priyomdan məharətlə istifadə etmişdir. Hekayə qəhrəmanlarının adları xarakterlərinə, xasiyyətlərinə uyğun seçilmişdir. Müəllim Nejdanovun başına gözlənilməz işlər gəlir, şagird Ublyudkov bicin-gicin birisidir, ilk partiya təşkilat katibi Rotozeyev, ağzıyarıq, lalay və boşboğazdır, vəkil Robkik qorxaq, qətiyyətsiz və iradəsizdir.

Nejdanovun məhkəməsi səhnəsi nə qədər dəhşətli, tükürpədicidirsə, o qədər də məzhəkədir, gülüncdür. Nəzarətçi müəllimin, ilk partiya təşkilatçısının iradlarındanmı, müstəntiqlərin, ittihamlarındanmı, sorğu-sualındanmı, ya da əzab-işgəncələrindənmi bezmiş, yorulmuş Nejdanov bütün «cinayətləri» etiraf edir. Heç demə, o, «sakit pozuculuq fəaliyyəti ilə məşğul olurmuş», xarici dövlətlərin agentlərinin missiyasını daşıyırmış, şagirdlərin yazdığı inşa yazılarındakı məlumatları xarici kəşfiyyat orqanlarına ötürürmüş, şübhə doğurmadan əhalinin mal-qarasının, toyuq-cücəsinin, dovşanlarının sayını öyrənir və bu zamandan da tapşırıqları Trotskidən alırmış. Nejdanovun partiya sıralarına soxulmağının məqsədi də məlumdur. «Prokurorun nə vaxt və harada kəşfiyyat xidmətinin agenti ilə rastlaşmısınız?» - sualına cavab verməkdə Nejdanov çətinlik çəkir, susur. Prokuror «Deyəsən, yaddaşınız sizə xəyanət edir» - deyə ona öz xətti ilə yazdığı izahatı xatırladır, sonra isə oxuyur: «….Mən ərz edirəm ki, 1949-cu ilin mart ayında Moskva şəhərində xarici dövlətin agenti ilə görüşmüşəm». Prokuror sonra təhdid edir: «Təsadüfən, yazdıqlarınızı inkar etmək fikriniz yoxdur?» Nejdanovun yadına düşür ki, “yalan ifadəyə görə” cəza daha da sərtləşdirilə bilər, odur ki, agentlə görüşdüyünü də boynuna alır, hətta agentin tapşırığına əsasən subotaya rəhbərlik etdiyini, «mal-qara arasında dabbaq, bruselyoz, qarayara, taun, ev quşları arasında ishal, psittaloz kimi epidemik xəstəlikləri yaydığını, kolxozçuları narazı salmaq məqsədilə silosa taxıl biti, gənə, lolorada böcəyi qatdığını da etiraf edir. Məqsəd isə aydındır, Sovet hakimiyyətini devirmək… Nejdanov obrazını məziyyətlərinə görə, «ziddiyyətli surət» kimi xarakterizə etmək olar: o, bir tərəfdən təmiz, vicdanlı kənd müəllimidir, digər tərəfdən iradəsiz, qorxaqdır, mübariz və prinsipial deyil, qarşısına çıxan maneələr onu müti qula çevirir. Əslində, obrazı bu cür yaratmaqda müəllifin məqsədi insanları bu hala salan rejimin, onun nökərlərinin ifşasıdır. Stalin rejimi aşağıdan-yuxarıya hamını – şagirdi, müəllimi, partiya təşkilatçısını, prokuroru, vəkili…simasızlaşdırmış köləyə, robota çevirmişdir. Tribunalda Nejdanovun müdafiəçisi kimi çıxış etməli olan vəkil Pobkik bir neçə cümləlik nitqi və çıxışına uyğun hərəkətləri ilə sovet məhkəmə sisteminin bütün eybəcərliklərini üzə çıxarır. Ahəstə ayağa qalxan, hakimlərə və zaldakılara yoxlayıcı nəzər salan vəkil bir qədər tərəddüdən sonra nitqinə başlayır. Çıxışının əvvəlində sovet prokurorunun böyük ustalıqla Nejdanovun əməllərini ifşa etdiyini söyləyir, sonra belə davam edir: «Ölkəsinin vətənpərvər, şanlı partiyamızın sadiq üzvü olan vəkilin (o, özünü nəzərdə tutur – T.A) düşdüyü müstəsna ağır vəziyyəti gizlətməyəcəyəm… yoldaş prokurorun ittiham nitqində qüdrətlə ifadə etdiyi hiss eyni dərəcədə vəkilə də yad deyil».

Vəkil cinayət faktlarını təkzib etmək fikrindən çox uzaq olduğunu, prokurorun ölüm hökmü tələbinə qarşı çıxmadığını, bununla belə «şərəfli sovet gülləsinə belə layiq olmayan bir adamı» müdafiə etməyə məcbur olduğunu ehtiyatla, hiyləgərcəsinə dilə gətirir. «…Sovet qanunlarına əsasən, bizim hamımızı ona itaət etməyə borclu edən Stalin Konstitusiyasına - bu unikal tarixi sənədə, yaradıcılıq şedevrinə əsasən mən məcburam ki, bu rəzil fərdin müdafiəsini öz üzərimə götürmək kimi xoşagəlməz bir vəzifəni yerinə yetirim. Sizə bu işi sevinclə yerinə yetirmədiyimi demək əbəsdir, müttəhimə qarşı nifrətiminsə dərinliyinin və həcminin ucu-bucağı yoxdur». Ceyhun Hacıbəyli bu hekayədə kiçik epizodik bir obrazın timsalında ucu-bucağı görünməyən Sovet imperiyasındakı rejimin karikaturaya çevirdiyi vəkil sürətini ustalıqla yaratmışdır. Bu vəkil mərkəzdə də, əyalətlərdə də eyni funksiyanı yerinə yetirirdi: partiyanın göstərişlərini qeyd-şərtsiz icra etmək.

Oxucunu intizarda qoymamaq üçün qeyd edək ki, vəkil özündə güc, təpər tapıb Nejdanova kəsilən ölüm hökmünün yüngülləşdirilməsini – cinayətkarı əmək haqqı verməməklə Sibir və ya Solovkidəki tikintilərin birinə sürgün etməyi dilinə gətirir.

Biz yuxarıda Nejdanovun milis şöbəsinə aparılması ilə hekayənin bitmədiyini qeyd etmişdik. Doğrudan da, novella içərisində novella da adlandıra biləcəyimiz bu əsərin sonuna doğru oxucu nəql edilənlərin Nejdanovun yuxusu olduğu bilir, lakin həmin anda da məlum olur ki, müəllimin yuxusu çin olmuşdur, onu milis şöbəsinə aparırlar. Lakin qeyd etdiyimiz kimi, bu da son deyil. Müəllif oxucunun «P.S»-lə sarsıntıdan, sıxıntılardan, pessimizmdən xilas etməyə çalışır, onu ümidləndirir: “ P.S. Hiss edirəm ki, mən də hekayənin sonluğunu sabotaj edirəm. Nə istəyirsiniz, pis nümunə yoluxucudur. Digər tərəfdən, oxucularımın həssaslığını hifz etmək qayğısına qalıram. Həm də bu yazıq Nejdanova bu yolla kömək əli uzadıram, kim bilir, bəlkə canını qurtara biləcək”. Hekayədə peşəsinə vurğun, ailəsini, uşaqlarını, öz şagirdlərini sevən, eyni zamanda iradəsiz, cəsarətsiz və sadəlövh bir müəllimin, hiyləgər, tənbəl, dəcəl, yaxud yaltaq, qorxaq bir vəkilin yox, bütün cəmiyyətin faciəsi əksini tapmışdır. Əlbəttə, eyni zamanda Ceyhun Hacıbəyli Neydanovun və digər qəhrəmanlarının timsalında bütün cəmiyyətin xilas olacağını, rejimdən canlarını qurtaracaqlarını nəzərdə tutur, digər mücahidlər kimi bolşeviklərin hakimiyyəti qəsb etdikləri ilk gündən o rejimin çökəcəyinə dərindən inanır və bu inamı da hər fürsətdə də - istər bədii, istərsə publisistik yazılarında dilə gətirir və bu sevda ilə də mücadilə aparırdılar. . Bu yerdə türk dünyasının böyük ideoloqu Əli bəy Hüseynzadənin bənzərsiz, möhtəşəm misraları yada düşür:

Zülmətü şər bulsa da bir dəm zəfər,

Pərtövə hökm etsə də zülmət əgər,

Sönsə də ənvari-kəmalü hünər,

Qəm yemə, səbr et, bu da yahu keçər!

Həqqü ədalətdən əsər yoxsa da,

Harisi-qanun bir ər yoxsa da,

Zülm edənə qarşı sipər yoxsa da,

Qəm yemə, səbr et, bu da yahu keçər!

Millətə, milliyyətə, hürriyyətə,

Aşiq olan uğrasa da möhnətə,

Yari-vətən düşsə də gər qürbətə,

Qəm yemə, səbr et, bu da yahu keçər.

# 2161 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #