Kulis.az Anar Şamilin “Dua” adlı hekayəsini təqdim edir.
Yuxular, dejavular və hisslərimiz bəzən bizə digər bədəndə olarkən yaşadıqlarımızı xatırladır.
A
Asfalta çəkilmiş zolaqda dayanaraq qarşıdan gələn maşına gözlərini zilləyib vurulmasını gözləyən cavan oğlan mənəm. Üzərimə doğru, sürətlə gələn sürücüyə piyada keçidində saxlamalı olduğunu izah etməyə çalışıram. Hadisələr düşündüyüm kimi baş verməzsə, demək ki, Amin maarifləndirmə yolunda özünü fəda etdi.
Yolu keçib dayanacaqda avtobusu gözlədim. Bir müddət sonra qarşıdan gələn avtobus qapılarını açaraq dayandı. Öndə duran, yəqin ki, əvvəlki dayanacaqda minərkən: “Arxaya sıxlaşın, mən də minim” deyən qadın, indi: “Yer yoxdur, qapını niyə açırsan?” deyə bağırırdı. Qadının nə yaşını, nə də bədən formasını bəyənmədim. Ani olaraq görünüşünə görə bədəninin verə biləcəyi ətri təsəvvür edib bir saatlıq yolu ona söykənərək getmək həvəsindən imtina etdim. Avtobus qapılarını bağlayaraq uzaqlaşdı. Daha sonra eyni istiqamətdə gedən taksilərdən biri dayandı. Sürücünün yanında sərnişin olduğundan arxa qapını açıb əyləşmək istərkən oturacaqda tək əyləşən gözəl bir xanım gözlərini bərəldərək mənə baxdı. Səbəbini bilmədən özümü günahkar hiss etdim. Ümumiyyətlə, bizim cəmiyyətdə ənənə belədir ki, qadın əsəbi baxırsa, deməli, günhakarsan. Qapını örtüb maşınların hərəktə etdiyi və qadağan olunmuş səmtdən əyləşdim. Maşın tərpəndiyi anda istədim xanıma izah edəm ki, siz avtomabilə əyləşəndən sonra sol tərəfə keçməlisiniz ki, növbəti sərnişin sağ tərəfdən rahat əyləşə bilsin. Lakin telefonda “Tik-tok” videolarına uca səslə baxdığını görüb düşündüm ki, tanrının buna sadəcə gözəllik verməyə vaxtı çatıb . Digər xüsusiyyətlər verilənə qədər gözəl xanım anasının bətnini tərk edib.
Həvəslə həftənin son istirahət gününü konsertə gedərək müsbət notlarla yekunlaşıdırmaq istəyirəm, lakin tez-tez qarşılaşdığım belə hallar mənfi enerji verir. Ətrafımdakı insanlarla bu mövzuda müzakirə apararkən düşünürəm ki, lazımından artıq reaksiya verdiyimə görə problem məndədir. Nöqsanımı dərk etsəm də, özümə xəyanət etməyi bacarmıram. Xarakterimin özəl tipini dəyişə, mənliyimi sənlik və ya onluq edə bilmərəm. Bu səbəbdən əziyyətini çəkməyə hazıram.
Şərqdə yerləşən bu şəhər həm xarakterimi, həm də iradəmi sınağa çəkir, insanı haqqlı olduğunu düşünən qatilə çevirmək istəyir. Hərdən düşünürəm ki, mədəni, əxlaqi və şəxsi azadlıq çərçivələrini pozan şəxlərə ağır cəzalar verilməlidir. Sən necə düşünürsən?
Şəhərin altı ilə gizlicə hərəkət edən, metro vaqonlarındakı insanlar telefon qarşısında baş əyərək öz icadları tərəfindən idarə olunmuş ev heyvanlarına dönmüşdülər. Çantadan kitabı çıxarmağa utandım. Kütlənin içində fərqli insan olmaq çətindir. Əksər insanların səndən zəhləsi getdiyinə görə tək qalmaq kimi darıxırıdıcı vəziyyətlə üz-üzə qala bilərsən. Bunə rəğmən özümü təkliklə dostlaşmış hesab edirəm, əksər şərqlilər kimi. Amma şərqdə dünyaya gəlməyin öz gəzəlliyi də var. Bizim qanunlar və mədəniyyətimizlə yanaşı ənənəmiz var. Bəzilərinə zamanla düzəlişlər etməyə ehtiyac yaransa belə, əksəriyyəti gözəldir. Şərq insanı xarakter olaraq daha isti olur. Sevməyi xoşlayır. Qərbdən fərqli olaraq sevərək xoşbəxt olmağı yox daha çox sevgidən iztirab çəkməyi.
Balaca hostelin həyətində quraşdırılmış konsert sahəsində üst cərgələrdə əyləşib səsi və performansını bəyəndiyim müğənini dinlyərək yox olmağa çalışıram. Konsertə yanımda əyləşən, gözəl xanım olan narsist dostumla birlikdə gəlmişəm. Dünya görüşü fərqli və öz sahəsində savadlı biri olan dostum müsiqi dinləməkdən daha çox konsertə gəldiyini insanlara göstərməkdən zövq alır. Lakin daxilən onun fərqli olduğunu, zəif və köməksiz birini gizlətdiyini düşünürəm. Sadəcə güclü görünməyə çalışır. Onun daxili aləmini gördüyümü gizlədirəm. İnsanlar istədiyi kimi olmaqda sərbəstdirlər. Növbəti mahnı səsləndikdə telefonu kənara qoyaraq dinləməyə başladı. Musiqi gizlətdiyi hislərə toxunmuşdu. Mahnı kor birinin sevgisindən bəhs edirdi. Görmədən birini sevmək kimi insana həzz və həyacan verən ikinci hal yoxdur. Düşünürəm ki, insan dəlicəsinə sevdiyi birinə qovuşmalı deyil. O daim uzaqda olmalıdır, ilahi eşq kimi.
Mahnı yekunlaşandan sonra ifaçı oğlan istedadlı, xanım mügənnini dəvət etmək istədiyini bildirdi. Arxa oturacaqlardan bir nəfər ayağa qalxaraq səhnəyə doğru gəldi. Hər kəsin diqqəti onda idi. Dostuma xanımın gözəl olduğunu dedikdə üz cizgiləri ilə elə olmadığını bildirdi.
D
Nəticəni anasına deməmişdən xeyli əvvəl seçimi ilə bağlı son qərarını vermişdi. Atasının reaksiyasından daha çox çəkindiyinə görə anasının qarğışlarına məhəl qoymadı. Psixoloji olaraq özünü bir müddət sonra baş verəcəklərə hazır edirdi. Otağına çəkilərək dodağının altında təkrarlayırdı: “Həyatımla bağlı qərar vermək mənim haqqımdır.“ Digər otaqdan səslər gəldiyini eşidib səssizləşdi.
- Hara düşdüyünü telefonda niyə demədin?
- Qızın müğənni olacaq. Bu xəbəri evdə eşitsən daha yaxşıdır.
Səssizlik çökdü. Həm ruhuna, həm bədəninə vurulacaq zərbələrə tab gətirmək üçün çarpayısına yaxınlaşıb dizlərini qollarına büküb əyləşdi. Qapı açıldıqda Dua içəri daxil olan kölgəni qorxu dolu baxışlarla izlədi.
- Gəl atan çağırır.
Qapı örtüldü. “Elə bu qədər ?”- Dua düşündü. Ayağa qalxaraq dərindən nəfəs aldı və digər otağa keçdi.
- Gəl əyləş
Dua atasının yanında əyləşərək vuracağı zərbələrdən necə yayınacağını düşünürdü.
- Sənin gözəl səsin var. Balaca vaxtlarında mən işdən evə gələndə mahnı oxuyardın. Çox vaxt anamın zümzümə etdiyi mahnını səsləndirib kövrəldirdin məni.
Bir anlıq səssizlik oldu. Atası gözlərini tavana zilləyərək susdu. Sonra isə üzünü Duaya çevirdi.
- Seçimin barədə bizə niyə məlumat verməmisən? Qabiliyyət imtahanına getmisən, bundan belə xəbərimiz olmayıb. Düşünürdün, səni dəstəkləməyəcəyəm? Səni dəstəkləmək atalıq borcumdur. Amma seçimində iştrak etmək də bizim haqqımızdır. İnsan arzusu qarşısında kor olur, biz daha ayıq beyinlə məsləhət verə bilərdik.
Anası hirsli halda Duaya baxırdı. Ərinin fikri ilə razı deyildi. O, umumiyyətlə, qızının təhsil almasını istəmirdi. Dua hazılrıqlara atasının sayəsində getmişdi.
Cümləsini bitirdikdən sonra atası pencəyini soyunub Duaya uzatdı
- As, zəhmət olmasa.
Dua əlində pencəklə digər otağa keçdi. Pencəyi asarkən gözü onun yeyilmiş qoluna sataşdı. Atasının son dəfə özünə paltar aldığını xatırlamırdı. Pencəyi asdıqdan sonra geri qayıtdı. Atası əlindəki qutunu ona uzatdı.
- Mən sənə söz vermişdim. Əgər universitete daxil olsan, rəfiqələrinin telefonundan alacağam.
Duanın gözlərində sanki bu anı gözləyirmiş kimi gizlənmiş yaş damcıları göründü. Ağlayaraq atasını qucaqladı:
- Ata, məni bağışla, səhv etmişəm.
- Öz fikrinin və müstəqil seçim etmək üçün cəsarətinin olmasına sevinirəm. Həmçinin bütün bunların müqabilində xoşbəxt olmağını istəyirəm. Sənin gözəl səsin var, bəlkə də, düzgün seçim etmisən. Amma problemini məndən daha yaxşı bilirsən. Düşün, sən o problemlə müğənni kimi nə qədər uğur qazana bilərsən?
Dua gözlərini aşağı dikib ayaqlarına baxdı.
A
- Ayaqlarına bax. Biri digərindən balacadır. Əlil müğənni olar?
Sözlərində həqiqət var idi, yerişi bütün gözəlliyinə xələl gətirirdi. Gözlərimi ayaqlarından çəkib cöhrəsinə yönəltdim. Uzun kirpikləri gözlərinin önündə dayanaraq özgə baxışlardan gizlədirdi sanki. Dostumun əlindəki istifadə etmədiyi binoklu alaraq səddi aşmağa qərar verdim. Yaxınlaşdıqca gözlərinin rəngi daha aydın seçilirdi. Suyun altında gizlənən yosun rəngi ətrafadkı insanları qorxaqcasına izləyirdi. Qarşımıdakı rəsmi yaradan tanrıya heyran qaldım. Məşhur teleskopla çəkilən kainatın rəsminə bənzəyirdi. Hər pikselində bir həyat var idi. Üz cizgilərində hər şey öz ölçüsündə olduğuna görə ideal tərazlıq və təbiilik məni heyran edən məqamlardan oldu. Üzündə gözəlliyinə güc qatacaq süni heç bir şey yox idi. Bu isə onun düşüncəsinin gözəlliyindən məlumat verirdi. Həm beynim, həm ürəyim bu qızı sevdi. İki qara göz ona baxmayan yaşıl gözlərə tabe olmuşdu. Buddistlər demişkən: “İnsan kamilliyinin ən yüksək mərəhələsində kimliyini itirir.” Eynən elə, bütün varlığımı ona verməyə hazır idim. Sən aşiq olarkən özünü hiss edirsən?
İfa etdiyi mahnını gözümü yumaraq dinlədim.Gözümün arxasındakı xəyal dünyamda onun əlini tutaraq dənizin sahilindəki oturacaqların birində şeir deyirdim.
- Bitdi artıq özünə gəl.
Gözlərimi açqıqda o artıq yox idi. Dinəyicilər arasında axtarmağa çalışdım, lakin tapa bilmədim. Ondan xatirə gözləri və adı qalmışdı. Dua sözünü bir neçə dəfə təkrarladım. Söz təkrar edildikcə öz adımı onun yanında təsəvvür etdim. Adımızın birlikdə verdiyi məna məni qorxutdu . Heç vaxt təsadüflərə inanmamışam, lakin amin sözü həmişə duanın sonunda gəlir.
Beynimin künclərində döyülərək halsız vəziyyətə salınan hislərim son nəfəsində sən yatmalısan deyir. Amma mən istəmirəm. Dənizdən ayrılmağa çalışan dalğanın rəngi, və uşaqcasına təbəssüm xəyallarımı işğal edib. Heç vaxt belə təcrübə yaşamamışam nə edəcəyimi bilmirdim. Sən belə hallarda necə edirsən?
Balkona çıxıb siqaret çəkdiyimi təsəvvür etdim. Dostlarımdan eşitmişdim ki, belə hallarda mütləq siqaret çəkməlisən. Sonuncu siqareti günəşin gəlişi ilə birgə yekunlaşdırıb hamama getdim.
Şəhərin tanınmış yazıçılarından birinin heykəlinin yanındakı oturacaqda əyləşərək qarşıda etiraz edən kütləni izləyirdim. Heykəl də görüntülərdən mənim kimi donub qalmışdı. Gözəl sinələri olan bir neçə qadın öz üstünlüklərini nümayiş etdirirdilər. Yazıçı üçün əsl ilham mənbəyi idi. Əfsuslar olsun ki, o artıq yaza bilmirdi.
Feministlər, qadına ən çox hörmət edilən bir cəmiyyətdə özlərinə bərabərlik tələb edirdilər. Gözəlliyi düşüncələrindən, tələbləri beyinlərindən daha yuxarı olan bir kütlə etiraz edirdi. 18 nəfərin göstərdiyi performans məni bu fikrə gəlməyə vadar edir. İstənilən birindən azadlığın nə olduğunu, tapdalanan qadın hüquqları üçün hansı addım atdıqlarını soruşsan, koftalarını qaldırıb sinələrini göstərəcəklər. Dünyanın sinələri boyda olduğunu təsəvvür edənlər plakatdakı “Kimə istəsəm, verərəm! ” şüarı ilə məcburi ərə verilən azyaşlının, əri tərəfindən döyülərək təhqirlərə məruz qalan qadının hüquqlarını qorumağa, ucqar kəndlərdə maarifləndirmə tədbirləri keçirməyə, ali təhsili olmayan qadınlar üçün iş yerləri açmağa necə nail ola bilərlər?. Səhnəyə baxıb daşa dönən yazıçı Varşavada yerləşən Mariya Kürinin heykəlinə təşəkkür mesajı göndərirdi. Gözümü bu iyrənc səhnədən (eyni anda gözəl) çəkib bu günkü planım haqqında düşünməyə başladım. Səhər tezdən yaxın bir həftə ərzində olan görüşlərimi ləğv etdim . Bu bir həftə ərzində sadəcə adını bildiyim qızı tapacağıma söz verdim.
Hostelin qapısını açaraq içəri daxil oldum. Dünəki konsertdən qalan səhnəni yığışdırırdılar.
- Sabahınız xeyir. Bu gün yenə konsert olacaq? (səhnənin yığışdırılmasını nəzərə alsaq, çox ağılsız sual idi)
- Yəqin ki, yox. Səhnəni yığışdırmağı tapşırıblar bizə. Sən yaxşısı müəllimdən soruş, o bilir.
İkinci mərtəbədə əyləşən müəllim dedikləri saqqallı, boyu balaca adam yaxın günlərdə konsertin olmayacağını bildirdi. Qızla bağlı məlumat almağa çalışdım, lakin tanımadığnı dedi.
- Müğənni tərəfindən dəvət edilmişdi. Ondan soruşa bilərsən.
Hosteldən çıxarkən qulaqlarımda dünənki musiqi canlandı. Ürəyim beynimə yavaşca: ”Sən onu tapmasan, məndən rahatlıq gözləmə”
Billdiyim bütün sosial şəbəkələrdə Dua yazaraq axtarış verdim. Nəticə yox idi. Ürəyimin üzüldüyünü görən beynim daha çox dəstək verməyə başladı. Axtarışda konserti olan müğəninin adını yazıb tapdıqdan sonra mesaj göndərib telelefonu cibimə qoydum. Yerdəki buğdanı dənləyən göyərçinlərə baxaraq tanrının mənə şans verəcəyini düşündüm. Mesaj səsinin gəlməsi ilə ani olaraq telefonu cibimdən çıxartdım. Mesajı oxumadan başımı səmaya qaldırıb təşəkkürümü etdim. “Oxu” düyməsini basdım.
D
Ağ mələfənin qırmızı ləkəsinə baxaraq gəlinlik donunu üzərinə çəkdi. Dizlərini qatlayaraq gözlərini qapıya zillədi. Onun namuslu olduğunu sübut edəcək qadınları gözləyirdi. Yaxşı ailənin övladıdır deyə ərə verdikləri kəs etdiyindən qurur duyaraq gülümsədi, sonra isə otağı tərk etdi. Elə həmin gündən onunla bir daha yatağa girmədi.Təhsilini başa vurduqdan sonra ailə quran Dua bir müddət sonra atasını, ardınca isə “Nə vaxt uşağınınz olacaq? Niyə kişini özünə çəkə bilmirsən?” sualları ilə deyinən anasını itirdi. Onu arvad kimi qəbul edən, lakin qadın kimi sevməyən bir ilə tək qalmışdı. Əri tərəfindən sevilmədiyini anlamayan Dua onun axşamlar evə gec gəlməsini, digər otaqda yatmağını etirazsız qəbul etmək məcburiyyətində idi. Bu evlilikdə yaxşı olan tək şey təminat idi. Yoldaşı tərəfindən aylıq xərclik belə verilirdi.
Ərini yola saldıqdan sonra getdiyi gözəllik salonundan geri qayıtdı. Bütün günü axşam üçün hazırlıq görmüşdü. Aldığı çaxırdan daha cəsarətli olması üçün iki bardaq içdi. Yeni alt paltarını geyinib ətrini vurdu. Qırmızı gecə donunda ərinin gəlməsini gözlədi. Əri gəldikdən sonra bakal və çaxır şüşəsini götürərək otağa daxil oldu. Bakalı çarpayının yanındakı masanın üzərinə qoydu. Qırmızı donu soyunub yoldaşının üzərinə atdı. Yoldaşı yarı yuxulu dondan gələn qoxunu hiss edərək digər bir qadının, Duanın tanımadığı birinin adını səslədi. Lakin gözlərini açdıqda qarşısında yarı çılpaq vəziyyətdə əyləşən Duanı gördü. Dua səslənən adı eşitməzliyə vurdu. Bakala çaxır süzərək ərinə verdi. Ayağa qalxaraq stolun üzərinə əvvəllcədən qoyduğu şamı yandırdı. Oynaq bir mahnını mükəmməl şəkildə oxuyaraq rəqs etməyə başladı. Əri səssizcə ona baxırdı. Duanın gözləri ərinin üstünə örtülən mələfədə idi. Bu gün üçün internetdən baxaraq öyrənədiyi rəqsə rəğmən mələfə tərpənmirdi. Zaman keçdickcə Dua həyacanlanırdı. Yoldaşının problemi olmadığını bilirdi. İlk gecədə bunu hiss etmişdi. Bəzi səhərlər onu hamam otağına gedərkən izləmişdi. Hər şey qaydasında idi. Əynindəki sonuncu paltarı çıxarıb mahnını və rəqsi yekunlaşdırdı. Çarpayıya yaxınlaşaraq əlini mələfənin altına saldı. Əri Duanın əlini tutub ucadan gülməyə başladı.
- Sənin ayaqların anadan gəlmə belədir, yoxsa sonra nəsə olub? Əslində cavabın lazım deyil. Səninlə bağlı mənə heçnə maraqlı deyil. Sən sadəcə ağır xəstəliyə yoluxan, anama verdiyim sözə görə aldığım arvaddan başqa heç nə deyilsən. Anam namuslu və ailə tərbiyəsi görmüş biri olduğunu demişdi. Səni arvad edəcəyiimə dair məndən söz almışdı. İndi artıq o da yoxdur. Sənin arvadım kimi ömürünün axırınadək maddi təlabatlarını ödəyəcəyəm, amma sən mənim qadınım ola bilməyəcəksən. Heç vaxt səndən uşağım olmayacaq. Mənim sevdiyim və qadın kimi yaşatdığım biri var. Səni boşamağa sadəcə yazığım gəlir.
Bu səhnə qarşısında özünü necə aparacağını bilmirdi. Gözlərindən gələn yaş onun zəifliyinin nişanəsi idi. Valideynərinə, özünə, yardıma ehtiyacı olduğu vaxtlarda dua etdiyi tanrııya qarşı içində bir üsyan qalxmışdı. Lakin onun qarşısında olan kəsə qarşı heç nə hiss etmirdi. Bu anda belə onun haqlı olduğunu düşünürdü. Ona əzab verən hər şey həqiqət idi.
Həmin gündən sonra Dua atasından miras qalan evinə qayıtdı. Rəsmi nikah bağlamadan ailə qurduğu birindən boşanmışdı. İndi nə edəcəyini bilmirdi. Təminatsız halda uşaqlıq xatirələrinin içində qalmışdı.
Səhər tezdən şirniyyat sexinin dükanında şirniyyatları piştaxtaya düzmək üçün saf-çürük edirdi. Uzun axtarışdan sonra tapdığı işi və kollektivi çox sevirdi. Son vaxtlar bəyənərək dinlədiyi mahnını zümzümə edir, bu saatlarda kiminsə dükana gələcəyini zənn etmirdi. Əlindəki şirniyyatları piştaxtaya qoymaq üçün çevrildikdə təəccüb dolu baxışları ilə donub qaldı. Qarşısında, oxuduğu musiqinin müəllifi, sevdiyi müğənnilərdən biri dayanmışdı. Sevinc və utanc bir-birinə qarışmışdı. Ona heyranla baxan adam gülümsəyərək əl çaldı. Onun yanında olan digər iki nəfər də ona qoşuldu.
A
“Bizim konsertə gəlməyinizə çox sevinirik, lakin o qız haqqında hər hansı məlumatımız yoxdur.” Cavab mətnindəki hər bir hərfdə yalan hiss olunurdu. Həqiqət o idi ki, mənə məlumat vermək istəmirdilər. Duanı tapa biləcəyim son ip ucunu itirdiyimi düşünüb evə qayıtmağa qərar verdim. Yol gedərkən mügəninin növbəti həftə Türkiyədə olacaq konsertinə bilet almağı düşündüm.
Evə daxil olarkən telefonumdan gələn mesaj səsi məni sevindirdi. Düşündüm, bəlkə, müğənnidən gəlib, lakin mesajın Votsap üzərindən gəldiyini görüb yenidən məyus oldum. Konsertlə bağlı son paylaşımıma gələn reaksiyanı həvəssiz açdım.
“Nə vaxt getmisən? Keçən ay konsertində mən də olmuşam. O oğlan bizim yerlimizdir. Qohumdu, hətta bizə hədiyyə bilet vermişdi” Yaxın bir dostumdan gələn mesaj məni sevindirdi. Onun mənə suşi alacağını xatıradıb sabaha görüş təyin etdim.
Görüş təkcə sonradan ürəkbulanmasına səbəb olan suşi və verilmiş hədiyyə ilə yadda qalmadı (İllər əvvəl verilmiş sözünü tutaraq mənə yaşıl rəngli kofta almışdı).İndi o görüşün sayəsində çarpayıda uzanaraq cümlələr qurmağa çalışıram. Duanın nömrəsi məndə idi. Nömrəni yaddaşa yazan kimi dərhal Votsapda fon şəklinə baxdım. Gözlərində ən məşhur yazıçıların təsvir edə bilmədiyi bir hekayə vardı. Mən özümə söz verdim ki, bu qadının ən xoşbəxt hekayəsi olacağam.
“Sən musiqi səsləndirərkən mən sənin gözlərində yaşadığın, lakin kiminləsə paylaşa bilmədiyin bir hekayəni gördüm. Bir yazıçı kimi sənin hekayəni dinləmək və yazmaq istəyirəm.” “Göndər” düyməsini tərəddüdlə sıxdım. Duanın qulaqlarından uzaq, mən yazıçı filan deyiləm. Kitab həvəskarı və romantik olsam belə, qızla necə danışmaq lazım olduğunu bilməyən biriyəm.
Telefonu stolun üzərinə qoyub gözlərimi tavana zillədim. Bu mesaja cavab gəlməyəcəyinə, nədənsə, əmin idim. O üzdən, növbəti cümlələləri düşünürdüm. Bu an mesaj səsi gəldi.
“Yalan deyirsən mahnı səslənərkən mənə baxmırdın, gözlərin yumulu idi. Həm də uzaqda idin. İstəsən belə, sən hekayəmi görə bilməzdin”
Əlimdə telefon sevdiyi komandasının son dəqiqələrdə qələbə qolunu vurduğunu görən azarkeş kimi otağın içində qaçırdım. Mesaja cavab gəlmişdi. Ən gözəli bilirsən nə idi? Cavabın üslubu mənim xarakterimə uyğun idi. Demək, onunla biz ruh adaşıyıq. Həmin an “MinDua” sözü beynimdə fırlanmağa başladı. Artıq bu sözü tatu edəcəyimə qərar verdim. Çarpayıda əyləşib cavab yazmaq istədim, lakin yeni mesaj gəldi: “Yanıdakı xanımdan icazə al.. iki gün sonra saat 14:00-da abidənin arxasındakı “Book kafedə” olacağam ”
Yaşıl rəngli koftanı geyininb güzgü qarşısnda dayandım. Onun gözlərinin rəngini sevidyimi göstərməli idim. Güzgüyə baxarkən mesajı xatırlayıb gülümsədim. Abidənin arxasındakı “Book kafedə.” Yəni görüşmək istədiyim insan mənim kimi düşünürsə, məkanın yerini soruşmadan rahatlıqla tapa biləcək.
Görüş vaxtından 20 dəqiqə əvvəl əlimdə bağlamanın içində hədiyyə ilə pəncərənin önündə boş olan yerlərdən birində əyləşdim. Səncə, hansı hədiyyəni almışam?
Pəncərənin önündə, yolun digər tərəfində bir nəfər əlindəki kisəni doldurmaq üçün zibil yeşiklərindən uyğun nələrisə seçirdi. Digər insanların artıq bilib tulladıqları həmin şəxsin ehtiyacı idi. Bəzən internetdə insanlar çıxaraq, necə olursa olsun, insan xoşbəxt olmağı bacarmalıdır deyirlər. Amma elə deyil xoşbəxt olmağın müəyyən bir strukturu və normaları var. İnsan özünü əlində olanların ən yaxşısına köklənərək sadəcə xoşbəxt hiss edə bilər. Amma bəzi hallarda nəfəs almağa köklənib xoşbəxt olmaq mümkün deyil.
- Salam, deyilmiş vaxdan tez gəlmisən.
Gözlərimin qarşısında Dua əyləşmişdi zibil yeşiyinin qarşısında olan insan mənim üçün heç bir önəm kəsb etmirdi.Onun xoşbəxtliyi mənə maraqlı deyildi.
- 20 dəqiqədir sən o insanı izləyirsən.
Mən sual dolu baxışlarla ona baxdım.
- Kameraları görürsən? Onlara qoşula bilirəm.
Bir anlıq sükütdan sonra
- Zarafat edirəm, Mən künc tərəfdə kitab oxuyurdum.
Əlimdəki bağlamanı uzadaraq:
- Kitab demişkən, bunu sənə aldım.
Kitabla dolu məkanda qıza kitab hədiyyə etdiyim üçün çox utandım. Amma gözlərindəki sevinci görüb özümə gəldim. Biz fərqli insanlardan dünyaya gələn eyni ruhlarıq. Bu dünyada Duadan başqa ancaq özümə belə halda kitab hədiyyə versəydilər, sevinərdim.
-“Bir gün”- kitabın maraqlı adı var. 80 il yaşayırsan, təbii ardıcıl düzülən hadisələrdən başqa heç nə baş vermir. Bəzən bir günün içində baş verən hadiəsələr bütün ömrünə təsir edir. İnsanlar həmişə niyə dünyaya gəldiyini, missiyasını tapmağa çalışır. Amma bir gününün məqsədini, missiyasını axtaran birinə rast gəlmək çətindir.
D
Uzun müddət sonra ilk dəfə kütlə qarşısında çıxış edəcəkdi. Zalda əyləşən gözəl bir xanımın yanındakı gənc oğlan bütün diqqətini ona yönəltmişdi. Sanki yerə enərək insanlara görünən tanrını izləyirdi. Evləndikdən sonra yoldaşı Duaya oxumağı qadağan etmişdi. Bu gün həm də ilk dəfə idi ki, onun qadağasını pozurdu. “Gəlin, Dua xanımı dinləyək, mən dinləmişəm və çox bəyənmişəm” sözləri qulağında əks-səda verirdi. Çox həyacanlı idi. Əli ilə digər əlini sıxaraq səhnəyə qalxdı. İlk notdan sonra həyacan yox oldu. Dua notların ağuşunda idi. O mahnını oxuyarkən olduğu məkandan uzaqlaşdı. Bədəni tamaşaçı qarşısnda olan Duanın ruhu hisslər aləmində idi. Hislərini qucaqlayaraq rəqs edən notları zaldakılara çatdırmağa çalışırdı. Mahnının son notlarında ruhunu əhatə edən aləm anidən dəyişdi. Qara buludlar günəşin önünü kəsdi, yağış yağmağa başladı .Rəqs edən iki varlığa külək də mane olurdu. Yellənərək qopmaqda olan yaşıl ağacın qarşısnıda Duanın ruhu yenidən həmin səhnəni gördü. Hər dəfə xobəxt anlarında həmişə yuxu kimi Duanın xatirələrində canlanırdı. Xatirə boyu 16.11.1983 rəqəmləri gözlərinin önündə olurdu:
Pəncərədən baxaraq ağacdan qopub yerə enmək üçün küləklə mübarizə aparan yarpağı izləyirdi. Yanındakı qadın telefona baxıb yaxınlıqda yemək üçün dayanmağın vacibliyini dedi. Sükan arxasında əyləşən kişi saxlayacağını dedi.
- Bilirəm, qabaqdakı döngədən sonra restoran var. Mütləq dayanarıq. Yadında keçən bayramda da bu tərəflərə gələndə həmin restoranda olmuşduq? Restoranın arxasındakı boş sahədə icarəyə verilən atlara da minmişdik. Yadımdadır, kənddəki evimizdə tövləmiz var idi. Atamın sevdiyi kürən rəngli, qaşqası ağ olan atı həmişə minib çapırdım. Restoran yadında qalıb, qızım?
- Onun beş yaşı var. Xatırlamaz, yadından çıxıb, məncə
- Yadımdadır - gözləri ilə yerə düşən yarpağı izləyən balaca qız gülərək cavab verdi.
Atası arxaya çevrilərək - mənim qızım hər şeyi yaxşı xatırlayır. Nənəsindən təkcə gözlərinin rəngi yox, həm də yaddaş...
- Saxlaaaaa!
Anidən qaranlıq çökür sonra yenidən işıqlanır. Balaca qız üzərində mələfə çarpayıda uzanıb. Əli ilə mələfəni çəkib, ətrafına baxdı. Otaqda ondan əlavə, digər çarpayılarda, ağ mələfə ilə örtülmüş iki nəfər var idi. Ana deyərək ağlamağa başladı. Lakin səsinə heç kimin gəlmədiyini görüb çarpayıdan yerə düşməyə çalışdı. Yerə düşərkən sol ayağında ağrı hiss etdi. Buna rəğmən, addımlayıb yaxında olan çarpıyadakı mələfəni çəkmək istədi. Addımları qəribə idi, sanki bir ayağı digərindən balaca idi. Çarpayıya yaxınlaşdı. Mələfəni açdıqda Ana deyərək qışqırdı... sonra hər şey yox oldu. Duanın yaddaşı bundan sonra heç nə göstərmirdi. Gözünün önünə gələn hadisənin özü ilə bağlılığını anlaya bilmirdi. Son vaxtlar hadisənin onunla əlaqəsi barədə düşünmək istəmirdi. Çünki xəstəxanada uşaqlıqda keçirdiyi avto qəzadan sonra cəmi bir dəfə yatdığını xatırlayırdı. Valideynləri isə onun gözləri qarşısında vəfat etmişdi.
Mahnı ifa edərkən onun gözləri qarşısında yenidən canlanan həmin səhnədən sonra özünü yorğun və narahat hiss etdi. Bütün gücünü yığaraq mahnını yekunlaşdırdı. Lakin alqışları dinləyəcək qədər güc tapmadı. Onun unutduğu bir həqiqət var idi sanki.
- Kifayətdir.. Amin, eşidirsən məni?! Kifayətdir!
Bədənimin silkələndiyini hiss etdim. Sanki dərin yuxudan ayılmışam kimi gözlərimi açdım, lakin harda olduğumu bir müddət sonra anladım. Yaşlı qadın ağlayaraq məni silkələyir, dayanmağımı xahiş edirdi. Bu vəziyyətdən ani oyandığıma görə özümü ayaq üstə saxlaya bilmədim. Məni qəbirin yanındakı ağacın altında əyləşdidirdilər.
- Sən yaxşısan? Üzrlü say, bundan artığını dinləməyə gücüm çatmadı.
Xanımın sözlərini dinləyərəkən gözümlə qəbirin üstündəki rəqəmlərə baxdım. 08.08.1977-16.11.1983. Rəqəmlər mənə nəsə deməyə çalışırdı sanki. Amma mən anlamırdım.
- Sizin onun nəyisiniz?
- Sən birinci görüşümüzdə də mənə bu sualı vermişdin. Lakin yalan danışacağından çəkinib qohumluq əlaqəmi deməmişdim sənə. Duanın nənəsiyəm. Onun atasını uşaq ikən xəstə ərimlə qoyub digər biri ilə ölkədən getmişəm. Xeyli müddət qərb ölkələrindən birində yaşamışam. Sevgi, rahatlıq və azadlığımın xətrinə ailəmi qurban vermişdim. Xarici ölkədə sevdiyim insanla ailə qurdum. Övladımız oldu. İşləməyə başladım, başım öz həyatıma qarışdı. Həmin qəza xəbərini alana qədər, şərqli olduğumu, arxada buraxdıqlarımı, demək olar ki, unutdum. Bizim mətbuatı daim izləyirdim. “Dəhşətli qəza hadisəsi iki ailənin həyatına son qoydu” başlıqlı yazı diqqətimi cəlb etdi. Xəbər mətninin içindəki adlar məni keçmişimə qaytardı. Övladımın və ailəsiinin avtoqəzada vəfat etdiyini öyrəndim. Həmin vaxt geri qayıtmaq istərdim, lakin yoldaşım ağır xəstəlikdən yatağa düşdü. Ona baxmaq məcburiyyətində qaldım. Ərim rəhmətə gedəndən sonra ölkəyə qayıdaraq ilk əvvəl qəbrlərini ziayarət etdim. Cəmi 5 il yaşayan nəvəmlə qəbir başında tanışmaq xoş deyildi. Bəlkə də, məni qınayırsan. Pis ana olduğumu düşünürsən. Ola bilər, haqlısan, amma hadislərə bir də mənim tərəfdən baxmalısan. Bilirsən, kişi qısqanc, içki düşkünü olanda onunla yaşamaq çətin olur . Daim təhqirlərə, zərbələrə dözməli olursan. Hələ bu kişi işləmir, daim evdədir, ailə onun pensiyası ilə dolanır. İçimdə o qədər nifrət var idi ki, onun genini daşıyan birini dünyaya gətirdiyimə görə həm ona, həm özümə, həm də uşağıma nifrət edirdim.
- Məni çağırıb, dinləmək sizə nə verdi?
- Üstündən xeyili müddət keçən hadisənin necə baş verdiyini bilmək, o anı yaşamaq istəyridim. Digər iki qəbir qarşısında ruhlarla bağlantı qura bilmədiyini dedin. Amma Duanın qəbri qarşısında sən özündə deyildin. Ağlasığmaz bir iş gördün. Esktrasenslər adətən baş vermiş hadisələri görürlər. Xronolagiya baxımından adıcıl olmasa belə, Duanın yaşaya biləcəyi, lakin yaşamadığı, qəzadan sonrakı həyatını danışdın. Bunu necə bacardın? Nəyi yalan nəyi düz dediyini mən anlamadım. Universitet illərindən başlayıb ən sonda qəzaya gəldin. Amma nəvəmin maşında danışdığı hadisəni düz tapmışdın. Elə o atdan yıxılaraq mənim yoldaşım əlil olmuşdur.
Yaşlı qadın gözlərinin yaşını silərək mənim ağzımdan çıxacaq sözləri diqqətlə dinləməyə hazır idi. Gözləri Duanın gözlərini xatırladırdı. Yaşıl rəngin hardan keçdiyi mənə indi aydın oldu. Amma mən özüm belə, anlamadığım bir şeyi diğərinə necə izah edə bilərdim? Sanki bir anlıq bu dünyadan qopub Duanın dünyasında yaşayırdım. Duanın həyatının mənimlə əlaqəli olan hissəsini qadına danışmamışdım. Qəbir qarşısında birinci görüşümüz deyildi. Hər dəfə seansdan sonra mən gödüklərimi, həmin dünyada olarkən yaşadığım hisslərimi olduğu kimi qeyd dəftərimə köçümüşəm. Çünki bu həyatımda baş verən ən qəribə hadisə idi.
Qadının cavabını şablon, peşəmə xas cümlələrlə verib oradan uzaqlaşdım. Ev gəlib yatmağa çalışdım. Çarpayıda uzanarkən gözüm evdəki kitab rəfinə sataşdı. Rəfim kitablarla zəngin idi. Əvvəllər, tələbəlik illərində çoxlu kitab oxuyub, onların təsirindən yazıçı olmaq fikrinə düşmüşdüm. Xeyli sayda yarımçıq qalan hekyalərim var idi. Nədənsə hekayəni başlamaq yaxşı alınırdı, lakin yekunladşıra bilmirdim. Sanki hekayələr mənə yad idi. Görünür, öz hekayəmi tapmamışdım. Sonluğu olmayan hekayələr, tələbəlikdən sonra yüksələn və valideynlər tərəfindən qarşılanmayan maddi vəziyyət psixologiyanı oxuyub bitirən bir tələbəni pullu işlərlə məşğul olmağa vadar etdi. İlk növbədə oxuduğum ixtisasla bağlı iş tapmağa çalışdım, lakin həmin illərdə şərq adamı psixoloqla bağlı istənilən məsələyə bir dəlinin müalicəsi prosesi kimi baxırdı. Həm də insanlar bir-birinə sıx bağlı və bir-birinin dərdini dinləməyə hazır idilər. Ehtiyac olan məsləhətləri isə hələ də cəmiyyət arasında çəkisi olan ağsaqqallardan alırdılar. Bu səbəbdən uğursuz oldum .Lakin sonra psixologiya ilə bağlı təhsilimi, biliyimi və xüsusi istedadımı bu ölkədə harda istifadə edəcəyimin yolunu tapdım . Məhəllə falçısından ekstrasensə qədər yüksəldim . Təbii ki, hər hansı ilahi vəhy filan gəlməmişdi. Sadəcə qarşımdakı insanları yaxşı tanımaq, informasiya əldə etmək bacarığı, təhlil, araşdırma aparmaq xüsusiyyəti ilə və məlum psixoloji yarlıklardan istifadə etməklə insaları inandırmağı bacarırıdım. (Duanın qəbri qarşısındakı həmin hadisə istisna idi. Həmin anda həqiqi esktrasens olacağımdan qoxmuşdum) Bu qabiliyyətim gənc yaşlarımda məni şəhərin məşhur mütəxəssisi etmişdi. Xeyli müddətdir kitab oxumağa nə vaxt, nə də səbəb tapa bilirdim. Lakin indi hansısa qüvvə məni kitab rəfinə yaxınlaşmağa vadar etdi. Əlimi uzadıb, kitablardan birini götürdüm. Üz qabığında “Bir gün” yazılan kitabı alıb şok içində yerə atdım.
Hadisənin üstündən xeyli keçmişdi. Mən, demək olar ki, unutmuşdum, ya da hadisəni düşünməməyə çalışırdım. Yeni tanış olduğum xanımlardan biri mənə bazar günü konsertlə bağlı iki bilet aldığını dedi. Konsertdən zövq ala bilmirdim. Nə müğənini nə musiqini bəyənirdim. Lakin bir anlıq hər şey alt-üst oldu. Müğənni istedadlı Səba adlı bir xanımı dəvət etdiyini elan etdi. Və budur, düşünməməyə, unutmağa çalışdığım hadisənin qəhrəmanı səhnəyə yaxınlaşırdı. Ayağının biri digərindən balaca olduğuna görə addımlayanda ona mane olurdu. Gözləri həmin seansdakı kimi yosun yaşıllığında idi. Eyni həyacanla səhnəyə doğru addımlayırdı. 25-30 yaşlarında bir xanım kor ərəbin mahnısını ifa etdi. Gözlərim yumulu, səssizcə onu dinlədim. Sonra baş verəcək hadisələri bilsəm belə, gözlərimi vaxtından tez açmaq istəmirdim, hər şeyin qəbir başında ikən göz önümə gələn səhnədəki kimi olmasını istəyiridim. Gözlərimi açdıqda o artıq konsert zalında tərk etmişdi. Mənə ancaq konsertdən bir hissəni statusumda paylaşmaq qalırdı.
Bir müddət sonra Səba ilə yaxın dost və bir ailə olduq. Onunla ailə qurandan sonra həyatımda çoxlu dəyişikliklər oldu. Səba həyatıma müsbət notlar qatdı. Biləndə ki, nə işlə məşğul oluram məni ixtisasıma qayıtmağa və kurslara getməyə motivasiya etdi. Onun sayəsində artıq ekstrasenslik etmirdim. Mən isə öz növbəmdə yenidən ifaçılıqla məşğul olmasına və vokal dərslərinə yazılmasına dəstək oldum. Əvvəlki ailə həyatında yaşıdığı acılı günlərini unutdurdum. Hərdən birlikdə oturub tələbəlik illərindən və ümumən keçmişimizdən danışırdıq. Səba mənə həmin vaxt səhnədə və ümumən tez-tez gördüyü qarabasmasından danışdı. Bir psixoloq kimi səbəbini soruşur xəstəlik əlaməti olmadığını dəqiqləşdirmək istəyirdi. 16.11.1983 tarixinin nə məna daşıdğını soruşurdu. Mən şablon mətnlərlə ona cavab verməyə çalışırdım. Bir gün Səba mənim yazıçılıq qabiliyyətimin olduğunu öyrəndi və o gündən sonra hekayə yazmağıma israr etdi. Uzun müddət hekayə üçün mövzu tapmaqda çətinlik çəkdim. Lakin hər dəfə mənə israrla baxan və inanan gözləri gördükcə motivasiyam artırdı. Bir gün qəti şəkidə qərar verdim ki, nəsə yazmalıyam. Səba dərsə getmişdi, evdə tək idim, uyğun musiqini qoşub kitab rəfindəki köhnə qeyd dəftərini əlimə aldım. Elə ilk səhifəsində qəbir üzərindən görüntülərdən bəhs edən, Dua ilə bağlı qeydlər qarşıma çıxdı. Və daxilimdə bir hiss dedi ki, Amin bu sənin hekayəndi. Bloknotda olan qeydləri oxuyub, yaddaşımı yeniləməyə başladım. Hadislər tam təfsilatı ilə gözümün qarşısında canlanandan sonra onu hekayə halına salıb yeni qeyd dəftərinə yazdım. Amma hekayəni Səbaya təqdim etməmişdən qabaq ona qəbir ziyərətinə getməyi təklif etdim.
Payız günlərindən biri idi. Əlimdə bloknot Səba ilə birlikdə Duanın qəbrinin önündə dayanmışdım. Səba təəccüblə mənə və qəbr üstündə yazılan rəqəmlərə baxırdı.
- Dua kimdir? Mənim gördüyüm rəqəm, onun ölüm tarixi ilə eynidir.
- Gəl birlikdə, dua edək . Sonra sənə hər şeyi izah edəcəyəm.
Əlimizi göyə doğru açaraq qəbrdəki insanın ruhu üçün dua oxuduq. Salavat çəkib, amin dedik. Həmin ağacın altında, yeni qoyulmuş otucaqda əyləşib Səbanı yanıma dəvət etdim. Mənə hekayə yazmağını xahiş etdiyini xatırladıb, əlimdəki qeyd dəftərini açdım.
- Bu mənim hekayəmdir, lakin hekayə sənin haqqındadır. Gözünə görünən rəqəm isə yəqin ki, ruhunun doğum tarixidir.
Birinci səhifədən oxumağa başladım . “ Asfalta çəkilmiş zolaqda dayanaraq qarşıdan gələn maşına gözlərini zilləyib vurulmasını gözləyən cavan oğlan mənəm. Bu formada mənə doğru sürətlə gələn sürücüyə piyada keçidində saxlamalı olduğunu izah...