O qız çılpaq təsvir edilsinmi?

O qız çılpaq təsvir edilsinmi?
26 avqust 2013
# 07:00

Bu yaxınlarda Nyu-Yorkda çap olunan “Lolita - cilddəki qızın tarixçəsi: Nabokovun romanı incəsənət və dizaynda” (Lolita — The Story of a Cover Girl: Vladimir Nabokov’s Novel in Art and Design) kitabı bədii albom və elmi monoqrafiya xüsusiyyətlərini özündə cəmləşdirib. Kitabda 80 dizayner və illüstrator “Lolita”nın ideal cildinin necə olmasına dair öz fikirlərini təqdim edib, qrafik dizayn sahəsindəki tənqidçilər isə yazıçının yaradıcılıq və romanın yarım əsrlik tarixini təhlil ediblər.

Lenta.ru bu münasibətlə “Lolita”nın nəşrlərini diqqətlə araşdıran, albomun yaradıcılarından biri, nabokovşünas Yuri Levinqdən müsahibə alıb. Kulis.Az həmin müsahibəni təqdim edir.

- “Lolita”ya həsr olunmuş incəsənət albomu yaratmaq ideyası necə yarandı?

- 1990-cı ilin əvvəllərində “Lolita”nın bütün rus nəşrlərini almağa başladım. Yavaş-yavaş 30-a yaxın nüsxə yığıldı, demək olar bir rəf kitab. Sonralar o kitablara baxanda bir dinamika hiss etdim. Daha sonralar kaliforniyalı memar və rus baletinin pərəstişkarı Con Bertramla tanış oldum. Nəticədə o, bu kitabın həmmüəllifi oldu. Con ”Lolita”nın mövcud olmayan nəşrinin cildi üçün rəssam dəvət etməyi təklif etdi. Hətta o, internetdə müsabiqə hazırladı.

- Nabokov şübhəsiz, vizuallığa qarşı çox tələbkar idi. O, bu haqda nə deyirdi? Onun üçün əsas nə idi?

- Nabokov dahi Dobujinskinin şagirdi olub. Abstrakt incəsənəti qəbul etmirdi. Hətta Salvador Dalini bir dəfə Norman Rokvellin əkiz qardaşı adlandırmışdı. Komiksləri sevirdi, kinoda isə komediya janrına üstünlük verirdi. Stenli Kubrikin “Lolita”nı ekranlaşdırması haqda isə yaxşı heç nə demirdi. Nabokovun kino haqqında dediyi sevdiyim sitatı amerikalı jurnalistə verdiyi cavabdır: “Kino təcili yardım maşınında uzanmış sərnişinin gözü ilə çəkilib”.

Nəzərə almaq lazımdır ki, Nabokov “Lolita”nın üzündə yeniyetmə qızların ədəbsiz təsvirlərinə qaçılmaz şər kimi baxırdı, lakin bu şər satışlara çox kömək olurdu. Nabokovun müxtəlif redaktor və naşirlərlə hələ dərc olunmamış yazışmalarını oxuduqca dərk edirsən ki, müharibədən sonrakı ədəbiyyatda onu tay yox idi.

- Nabokov onun mətninin vizuallaşdırılmasına necə münasibət göstərirdi?

- Nabokov qızların təsvirinə qarşı çıxırdı. Nabokov naşirlərdən romantik üz qabığı tələb edirdi, eyni zamanda o, bilirdi ki, bu romantizm sonralar onun yazışmalarında daha aydın hiss olunacaq. Sonralar o, kitabın üzərində nimfoman qız təsvirinə daha yumşaq yanaşırdı.

- İllüstratorlar söhbətin məhz uşaq seksuallığından getdiyini göstərmək üçün nə edirdilər?

- Yalnız Amerika qitəsində “Lolita” ildə təxmini 50 min nüsxə satılır və romanın üzündəki təsvirdən asılı olmayaraq oxucunu cəlb edir. Buna görə də uşaq təsvirləri məncə şərtidir. Düşünürəm ki, mətnin içində illüstrasiyalar daha məqsədəuyğun olardı.

- “Lolita”nın tərtibində daha çox hansı rənglərdən istifadə edilir? Və Nabokov özü hansı rəngə üstünlük verirdi?

- Bizim kitabımız tünd yaşıl rəngdə çıxıb. Amma əvvəl fikrimiz qara-ağ çalar idi, lakin son anda hər şey dəyişdi.

- Kitabın üzündə bəzən Qumberti görmək olur. O necə təqdim olunur?

- Daha çox günahsız cənab obrazında təqdim olunur. Amma bu stereotipi qırmaq cəhdi də var. Müəllif yağla realistik portret çəkib. İlk baxışdan hər şey adi görünür, ağ köynək, 40 yaşlı kişi, yumşaq çalarlar. Bu şəklin yeganə əmması bağlı gözlərdir. Bu gözlərə baxdıqca narahatlıq hissi artır.

- Rus və sovet nəşrləri haqda nə düşünürsüz? Oradakı Lolita necədi?

- Bu daha çox təkrar təsvirlərdir, mövcud olanların təkrarı. Bəzilərində Hollivud filmlərindən fraqmentlər istifadə olunur. Ümumilikdə isə Lolitanın obrazı Sergey Dovlatovun fikrinə uyğun gəlir: ”Tipik rus xanım qızı”.

- Sizin sevimli cildiniz hansıdır? Hansı daha dəqiqdir və hansında daha çox anlaşılmazlıq var?

- Mənim üçün daha uyğun variant Rembrant üslubunda partnyorların olmadığı əzik mələfədir. Bu daha çox gərginlik yaradır. Ən pisi isə “Eksmo-Klassika” nəşriyyatının 2000-ci il nəşridi; azyaşlı qızın qasıq zonasına kimi kəsik şəkli təsvir olunmuşdu. Bir də Nabokovun 100 illiyinə həsr olunmuş “TF Proqress” Moskva nəşriyyatının nəşri. Orda da kitabın arxa tərəfində çılpaq qız şəkli təsvir olunmuşdu. Özünə hörmət edən nəşriyyat kitabında belə təsvir verməz.

- Belə demək olarmı ki, bəzilərinin məqsədi romanı oxucuya təqdim etmək, bəzilərinin məqsədi qalmaqallı şöhrətdir. Bəziləri isə öz fərasətini göstərir?

- Təbii ki, hər bir cild yaradıcılıqdı. Buna görə də individual və parlaq olmalıdır. Lakin roman nə qədər çətindirsə, rəssamın işi bir o qədər qəlizləşir. ”Lolita” da bu əsərlərdən biridir, çünki oxucunu düşündürür.

- Müasir cəmiyyət “Lolita”nı və Lolitanı necə adaptə etdi? Müasir Lolita Nabokovun Lolitasından nə ilə fərqlənir?

- Bruk Şilds, Britni Spirs, Lana Del Rey... Lolitadan əvvəl Lilit vardı. Məsələ konkret imicdə deyil, Nabokovun arxitipaj yaratmasındadır. Və bu bugünkü media mədəniyyətinə tam uyğundur.

- İlk ağla gələn odur ki, bu gün Lolita daha böyükdür. Necə alındı? Bu pedofiliyaya qadağa ilə, ya qızların nifaman obrazından istifadə edərək daha cavan görünmək istəyi ilə bağlıdır?

- Sonuncu psixoloji xarakterli izahınızdan xoşum gəldi. Sosial aspektlər də təbii ki, böyük rol oynayır. Cəmiyyətin mənəvi durumu zəif olduğu halda belə heç bir tabu bu mövzuda müzakirələrin qarşısını ala bilməyəcək. Bir faktı qeyd etmək lazımdır ki, Nabokov bu prosesin başlanmasında böyük rol oynayıb.

- Həqiqətən Lolita qlamur jurnalların üz qabığında verdiyi qızlardandı? Ya illüstratorlar daha incə işləməyə çalışırlar?

- Mən belə deyərdim - Lolita ölmüş yazıçının “nabokovşünaslıq” adlanan mexanizminin digər detallarını tonusda saxlayan mühərrikdir. Nabokov haqqında monoqrafik xarakterli kitablardan ayda biri çıxır. Son illərdə Yaponiya, Yeni Zellandiya, Rusiya və Fransada Nabokova həsr olunmuş konfranslar keçirilib. Bu o demək deyilmi ki, qarşımızda qeyri – adi bir şey var? Nabokovun qəhrəmanı üz qabıqlarından qızları Lolita olmağa məcbur etdi. Zaman dəyişir, lakin adətlər isə eyni qalır. Bu səbəbdən “lolita fenomeni” gənc qalmağa məhkumdur.

- Nabokovun vətəni Sankt – Peterburqda pedofiliyanın təbliğini qadağan edən qanun qəbul edilib. Bu hansısa cildlərdə təbliğ olunurmu? Ümumiyyətlə, bu vəziyyətdə “Lolita”nın perspektivləri nədir?

- Perspektivlərdən danışsaq onlar dumanlıdır. Birinci, müasir tədqiqatçılar deputatların qanunvericiliyə aid təşəbbüslərinin ardınca çatdırmırlar, sonuncular daha məhsuldardır. İkinci, mən düşünürəm ki, Rusiyada və ümumilikdə bütün dünyada “Lolita”nın nəşrinə moratorium heç də pis olmazdı. Bir kitabdan, hətta dahi kitabdan çox olanda intellektual məhsulun müəyyən devalvasiyası müşahidə olunur. Amma beş il gözləyib, ”Lolita”nı qara cilddə və çoxlu şərhlərlə nəşr edərdim.

# 5585 dəfə oxunub

Müəllifin son yazıları

# # #