Anarın Əkrəm Əylisliyə təbrik məktubu

Anarın Əkrəm Əylisliyə təbrik məktubu
7 dekabr 2012
# 15:50

Sənin 50 illiyini ürəkdən təbrik edirəm. Bilirəm, əlli yox, 60 yaşın tamam olur. Ulu Tanrıdan diləyirəm ki, 70, 80, 90 yaşına çatasan və qismətim olsa, ömür möhlət versə, o yubileylərini də görüm. Amma bu gün 50 yaşından söz açarkən on il əvvəlki günlərə qayıtmaq istəyirəm, sənin yarıməsrlik yubileyini birlikdə, dostluq, səmimiyyət və fərəh içində keçirdiyimizi, səni televiziya ekranından təbrik etdiyimi xatırlayıram. Xəyalən o ilə və daha öncəki illərə dönürəm. Bir də ona görə ki, sovet rejiminin bəxtimizə və vaxtımıza düşən çətin dövrləri – ömrümüzün bəlkə də ən gözəl çağı idi, əlbəttə, şəraitə, mühitə, yaşadığımız cəmiyyətin xüsusiyyətlərinə görə yox, ona görə ki, cavan idik, gəncik, ümidlərimiz bol, xəyal qırıqlığımız az idi, inandıqlarımız da hələ kasadlaşmamışdı. Təbii ki, o rejimlə, o quruluşla barışa bilməzdik və barışmırdıq. Təbii ki, məhdud imkanlarımız daxilində barışmadıqlarımızla mübarizə aparırdıq. Əsl ədəbiyyat uğrunda, ədəbi dəyərlər uğrunda, yəni həqiqət uğrunda, mənəviyyat uğrunda mübarizə aparırdıq – deməli, doğrudan da rəsmi ideologiyaya, sosializm realizmi deyilən əcaib-qəraib bir anlayışa qarşı müxalifətdə idik, son nəticədə bizi «antisovet» damğasıyla çuğullayanlar əsla yanılmırdılar. İndi o çuğulların mənəvi varisləri başqa adla yenə həmin ədəbi mübarizəsini və bu mübarizənin ədəbi mətnlərdə həkk olunmuş bəlirlərini, izlərini yaddaşlardan büsbütün silib atmağa cəhd edirlər. «Dünən heç nə olmayıb. Hər şey bizdən başlayıb» fikrini beyinlərə pərçim etmək istəyirlər. «Heç kəs yoxdur, heç kəs olmayıb. Biz varıq «yalanını şüurlara yeritmək istəyirlər. Necə deyərlər, «At öləndə itin bayramıdır».

Bu günün senzorsuz qəzet pəhləvanlarının o dövrdə hər dürüst sözə, hər cəsarətli fikrə qarşı necə həmlələr, hücumlar, danoslar olduğundan xəbərləri varmı?

Sənin «Azərbaycan»da, Yusifin «Ulduz»da, mənim «Qobustan»da nələr çəkdiyimizi, hansı müqavimətlərlə qarşılaşdığımızı təsəvvür etməyə qabildilərmi? «Azərbaycan» - ədəbiyyatımızın əsas ağırlığını daşıyan jurnal idi, onun səhifələrində çap olunmaq istəyən nüfuzlu və nüfuzsuz qrafomanların sayı da çox, mövqeləri də daha mötəbər idi, yazıları qaytarılmış cızma-qaraçıların «qaraçılığı» da daha hay-küylüdü. Odur ki, sənin mübarizən, Əkrəm, daha ağır, daha üzücü idi. Bunu etiraf etmək vicdan və tarix borcumuzdur. Bu mübarizələrdə sənin «Azərbaycan»ını da, nəsrini, dramaturgiyanı da həm yazılı, həm şifahi şəkildə, həm Moskva, həm Bakı mətbuatında həmişə təbliğ və lazım gələndə müdafiə etmişəm. Güman edirəm ki, indiki yaddaşsızlıq dövründə hər halda bunları xatırlayan tək-tüklər tapılır. Tapılmasa da, nə qəm. Deyir «Balığı at dəryaya, balıq bilməsə də xalıq bilər». Xalıqa, Allaha, Tanrıya sözdə yox, ürəkdə inananların isə insafı olmalıdır. Axı bu da çoxdan məlumdur ki, «insaf dinin yarısıdır».

Yuxusuz gecələrimdə, gündüzlərimin macalsızlığında tez-tez o illəri, günləri anıram: Vaqif küçəsində (məhz küçədə) ilk tanışlığımızı, sonra elə həmin küçədəki mənzillərimizi – sənin və mənim mənzillərimizi. İkimizin də mənzillərimizin qapıları gündüzün və gecənin hər saatında bir-birimizin üzünə açıq idi. Yadındadır, bir gecə – saat ikiydimi, üçiydimi – qapımızı döydün. Şəhərin hansı parkından, bağındansa bir ağacın iri budağını qoparıb gətirmişdin. «Bu şəhərdə mənim yeganə dostum bir sənsən, bir də bu ağacdır», - dedin. Bu sözləri unutmamışam. Mən də: - Bəs dostunun budağını niyə qoparmısan? – dedim.

Bu yaxınlarda həmin epizodu sən də xatırladın. «Anarın evinə yaşıllıq, həyat gətirmək istəyirdim» - deyə yozdun və yazdın. Mənim evimin nə əlavə həyata ehtiyacı var, nə də hərfi, ya məcazi mənada yaşıllığa. Bu şikəst olmuş ağacın budağı mənə yalnız sənin o vaxtkı səmimi (hər halda mənə elə gəlirdi) münasibətinin rəmzi kimi qiymətlidir.

İndi, maşallah, təzə dostların, yan-yörəndə hərlənənlər çoxdur, necə deyərlər, Allah artıq eləsin. Amma inanmıram ki, özlərini sənə yaxın bilənlərin hər hansı birinin evinə gecə saat üçdə qoparılmış budaq gətirəsən və o vaxt mənə dediyin o sözləri də kiməsə söyləyəsən. Bu – bizimdir, sənin və mənim, yaşanılmış və o vaxt həqiqiliyinə inandığımız dostluğumuzun rəmzi, başqalarına qəribə, əcaib görünə biləcək təzahürüdür.

Bakıda, Zuğulbada, Moskvada, Leninqrada, Batabatda, Nehrəmdə, Əylisdə, Göyçayda, İsmayıllıda, Mövludgilin kəndində keçirdiyimiz xoş günlər, məzəli məqamlarla, mübahisələrlə dopdolu saatlar – bizimdir. Hər halda – mənimdir, mənimçün əzizdir, unudulmazdır, əlimdən, yaddaşımdan, ömrümdən alınmazdır. Və məhz bu – ötən illərdəki ünsiyyətimiz, çox az adama ürək açmaq mümkün olduğu qorxulu dövranlarda məhrəm söhbətlərimiz, hər təzə yazını ilk dəfə mənə oxumağın, hər yeni yazımı ilk dəfə sənə oxumağım, kəsdiyimiz duz-çörək, bəli, məhz bütün bunlar – sonrakı illərdə mənə qarşı hücumlarına, atmacalarına bir dəfə, bircə dəfə belə cavab verməməyimin yeganə səbəbidir.

Özümə söz vermişdim ki, bu «yubiley yazısında» heç bir umu-küsüyə yer verməyim, amma qələmimdən qeyri-ixtiyari süzülən bu «gileyi» də pozmayacam – çünki bu da həqiqətdir, acıdan-acı gerçəklikdir.

Əlbəttə, yubiley günlərində yazıçının əsərlərindən, ədəbi xidmətlərindən danışarlar. Mən həmin bu işi yubileysiz günlərdə çox eşitmişəm – Moskva və Bakıda çap etdirdiyim məqalələrdə, esselərdə, təqdimatlarda. Özümü təkrar etmək istəmirəm. O yazılarda sənin povest və hekayələrinə verdiyim yüksək qiyməti bir daha təsdiq edə bilərəm. İndiyə qədər yazdıqlarımın bir sətrindən belə imtina etmədiyim kimi, bu mətnlərin də bircə cümləsindən, sözündən, fikrindən imtina etmirəm və heç bir vaxt – nə olur-olsun, etməyəcəm. Heç nəyin peşmançılığını çəkmirəm – nə inandıqlarımın, nə yanıldıqlarımın.

Əsas da budur, Əkrəm. Bütün qalan şeylər ötəri, köçəri məsələlərdir. Bizdən bir şey qalacaqsa, atmacalarımız, sancmalarımız, giley-güzarımız, qarşılıqlı anlaşılmazlıqlarımız, çeşidli aravuranların ara sözləri yox, bədii mətnlər qalacaq.

İndiyə qədər yazdıqların və həqiqi ədəbiyyatımızın dəyərli tərkib hissəsi olan əsərlərin üçün sənə yenə də minnətdarlığımı bildirirəm. Əbədi ötüb keçmiş gəncliyimiz üçün qəribsəyirəm. Gələcəkdə də qiymətli əsərlər yaradacağına inanıram. Sənə yeni uğurlar, cansağlığı, uzun ömür diləyirəm. Ailənə, sənə sözdə və üzdə yox, qəlbən, ruhən yaxın olanların hamısına səadət arzulayıram. Ad gününü bir daha təbrik edirəm.

ANAR

P.S. Bu mətn on beş il bundan qabaq Əkrəm Əylislinin 60 illiyi münasibətilə yazılıb. Onu olduğu kimi təkrar çap etməyimin səbəbi var. Əvvəla, hansısa yazdığım heç bir yazımdan imtina etməmişəm, etmirəm.

İkincisi, bu keçən on beş il ərzində Əkrəm mətbuatda mənim əleyhimə ancaq və ancaq mənfi fikirlər söyləyib. Odur ki, yeni yazı yazsaydım, gərək onlara bir-bir cavab verəydim. Bu isə artıq yubiley təbriki olmazdı.

Əkrəmi 75 yaşı münasibətilə təbrik edirəm, ona möhkəm can sağlığı, uzun ömür arzulayıram.
Bütün naqis hisslərdən təmizlənmiş bir ürəklə yaşanılacaq uzun ömür!..

A.
5 dekabr 2012-ci il

# 1918 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #