Bilmədiyi mövzulara girişir! - Gənc yazarların təkəbbürü onları çətin vəziyyətə salır

Bilmədiyi mövzulara girişir! - Gənc yazarların təkəbbürü onları çətin vəziyyətə salır
28 yanvar 2025
# 14:28

Kulis.az Vüqar Vanın “Hardasa, olardı 13-14 yaşım” adlı yeni romanı haqqında Oğuz Ayvazın yazısını təqdim edir.

Vüqar Vanın “Hardasa, olardı 13-14 yaşım” adlı yeni romanını oxudum. Əvvəlcə romanın adından başlayaq. Müasir Azərbaycan ədəbiyyatında mətnə, hekayəyə, romana ad qoymaq müşkül məsələyə çevrilib. O qədər bayağı, mürəkkəb, fəlsəfi adlı kitablar yazılır ki... Bu cür yersiz roman adlarının uğursuzluğu elə mətnə də sirayət edir. Vüqarın romanına gəldikdə isə, ad seçimi sadə, səmimi, pafos və ənənədən uzaqdır.

Roman avtofiksiya janrında yazılıb. Bəs bu janr haqda nə bilirik? Avtofiksiya (avtobioqrafik fiksiya) müəllifin şəxsi həyat təcrübələrini ədəbi bir çərçivədə bədii dillə birləşdirən bir yazı üslubudur. Bu janrda əsər həm həqiqi, həm də uydurma elementləri bir araya gətirir, müəllif öz həyat hekayəsini bədii süjetə daxil edir. Avtofiksiyada müəllif "mən" obrazında çıxış edir, lakin bu "mən" tamamilə müəllifin özü olmayıb, həmçinin yaradılmış bir personaj da ola bilər. Həqiqi hadisələr bədii üslubla yenidən işlənir, yazıçı şəxsi yaşantılarından çıxış edərək oxucuya daha geniş mənəvi və emosional pəncərə yaradır. Bu janr oxucunu həm reallığa yaxınlaşdırır, həm də yazıçının daxili dünyasına işıq tutur.

Romanda baş qəhrəman öz həyat hekayəsini danışır. Yeniyetməliyin ən incə və ən mənəvi məqamlarını vurğulamaqla, eyni zamanda onun çılpaq və həssas tərəfi də təfərrüatla qələmə alınır. Yazıçı avtofiksiya janrına özünəməxsus bir yanaşma gətirərək, şəxsi təcrübələrini bədii üslubla birləşdirir və bu sayədə həm oxucunun emosional dünyasına toxunur, həm də əsərə xüsusi bir dərinlik qatır. Əsərdə yeniyetməlik dövrünün qaynar böhranları, bu illərin gətirdiyi daxili çəkişmələr, yeniyetməliyin formalaşmasının mürəkkəb yolları təsvir edilir. Yumorun və əyləncəli anların bol olduğu əsərin səthində sadəlik hökm sürsə də, daha dərinə baxıldıqda, orada insanın mənəvi axtarışları, daxili dünyası və həyatın ən fundamental suallarına cavab axtarma səyləri gizlənir.

Romanın qəhrəmanı Vüqar bir çox situasiyalar yaşayır. Onun ən çox qorxuduğu şəxs anasıdır. Anası onun Tanrısıdır. Onun yaratdığı nizam-intizam, qaydalar, çərçivələr Vüqarın həyatına təsir göstərir. O, azad olmaq, dostları ilə futbol oynamaq, istədiyi yeməkləri yemək, öz qərarlarını vermək arzusundadır. Bu mübarizə həm də yeniyetməliyin daxili çəkişmələrini, özünü ifadə etmək istəyini əks etdirir. Romanda Z nəslinin təsvirlərini oxuyanda, mənə elə gəldi ki, 90-ların uşaqlarıdır, çünki, təxminən, eyni həyatı 90-ların uşaqları da yaşayıblar.

Romanın təsvir etdiyi dövr xüsusi bir tarixi, mədəni və sosial fonu ilə seçilir. Bu dövrün uşaqlarının yaşadıqları mənə uzaq 90-lardakı keçid dövrünün çətinliklərini, məhdud imkanlarını xatırlatdı. Elektrik kəsintilərinin adət halına çevrildiyi, məktəb ləvazimatlarının çatışmadığı, oynamaq üçün bahalı oyuncaqların yox, daha çox öz əlləri ilə düzəltdikləri topların, maşınların üstünlük təşkil etdiyi bir zamandan danışıram. Buna baxmayaraq, bu uşaqların ruhunda birgəlik, sadəlik və məhdudiyyətlərə rəğmən, öz kiçik dünyalarını qurmaq bacarığı vardı. Onlar həyət oyunlarında komanda ruhunu öyrənir, kiçik uğurlarla böyük sevinc yaşayırdılar. Romanı oxuduqca öz yeniyetməlik dövrüm gözümün qabağında canlanırdı.

Romandakı bir yer, xüsusilə, mənə təsir etdi. Vüqar papağını məktəbdə itirir. Evə gələndə anası onu təzədən məktəbə göndərir ki, gedib papağını tapsın. Vüqar məktəbi didik-didik eləsə də, papağı tapa bilmir. Evə qorxa-qorxa və çarəsizcə qayıdır. Romanın bu yerini sizinlə də paylaşım:

“Ayaqqabılarımı çıxarıb içəri keçdim. Məni görcək soruşdu:

– Nooldu, tapmadın?

– Yox, tapa bilmədim.

– Bəs sənə demədim tapmasan evə gəlmə?

– Hər yeri axtard...

– Kül sənin başına, get əynini dəyiş. Bayaq Rüstəmin anası zəng vurub dedi ki, “Rüstəmin çantasında iki dənə papaq tapmışam. Rüstəm deyir, biri Vüqarındı, səhvən götürmüşəm. Mən də zəng vurdum, dedim, görüm, düz deyir, ya yox?”. Qoyun kimi papağını harda gəldi çıxarırsan, camaatın uşağı götürüb gedir. Sənə yüz dəfə demişəm, sinifə girən kimi papağını çıxarıb çantana qoy. Elə bilirsən, hər papaq itirəndə sənə təzəsini alacam? Qədrini bilmirsən. Boynuyoğun kişilər öz uşaqlarına əyin-baş ala bilmir. Sən mal kimi papağını itirirsən. Biraz diribaş ol, huşsuz olma. Məktəbə çatan kimi papağını çıxart, qoy çantaya. Eşitdin? Bundan sonra bir də papağını itirsən, gəlib səni məktəbdə öldürərəm. Get əynini dəyiş, gəl otur yeməyini ye”.

Anası ilə Vüqarın arasındakı münasibətlərin mürəkkəbliyi səmimi və təsirli bir dillə yazılıb. Burada ana obrazı qayğıkeş, amma daha sərt tərbiyə metodu ilə seçilir. O, uşağını həm nizam-intizama, həm də çətin həyat şəraitində onun məsuliyyətli və diribaş bir insan kimi formalaşmasını təmin etmək istəyir. Ana oğlunun davranışlarını sərt tənqid etməklə ona mesaj verməyə çalışır ki, adi görünən bir əşyanın – papağın belə, nə qədər böyük əhəmiyyət daşıdığını başa düşsün. Bu həm maddi dəyərlərin qədrini bilmək, həm də şəxsi məsuliyyət hissini inkişaf etdirmək üçün göstərilən bir cəhddir. Eyni zamanda, bu epizod Vüqarın daxili vəziyyətini – qorxu, utanc və, bəlkə də, günahkarlıq hisslərini oxucunun gözündə canlandırır. O, anasının gözləntilərinə cavab verə bilmədiyi üçün özünü çarəsiz hiss edir. Bu, bir uşaq üçün olduqca həssas və unudulmaz bir andır. Ana isə sərt görünsə də, əslində, alt qatda dərin bir sevgi və Vüqarın atasına, ərinə duyduğu kin gizlənir. O, çətinliklərə rəğmən, övladının həyatda daha məsuliyyətli, diqqətli və yetkin biri olmasını istəyir. Hərdənbir ötəri olaraq xatırlanan ata obrazının da ananın qəddarlığında az rolu yoxdur. Ata onları tərk edib gedib. Ana təkbaşına rayonda, mühafizəkar bir yerdə iki uşağa baxmaq məcburiyyətindədir. Özü də Vüqarın anası oxumuş, savadlı bir qadındır. Muzey direktorudur. Onun xarakterindəki ziddiyyət tərk edilmənin gətirdiyi əzabdan doğur və əslində, final səhnəsində də bu məqam uğurla çatdırılıb (Romanı tamam danışmıram ki, spoyler vermiş olaram).

Romanda istifadə olunan dil və üslub da diqqətəlayiqdir. Ananın səsi və danışıq tərzi canlıdır, onun sözlərində həyatın sərt reallıqları, narahatlıqları və qayğıkeşliyi bir arada görünür. Müəllifin məhz 13-14 yaşındakı uşağın danışıq dilini tapması diqqətçəkən məqamdır. Biz romanı danışan Vüqarın, həqiqətən də, bu yaşlarda, yeniyetmə olduğunu başa düşürük. Onun danışdığı əhvalatlar da elə bu səbəbdən bizə çox təsirli gəlir. Mən Vüqarın romanını oxuyanda həm də dünya ədəbiyyatındakı nümunələri də xatırlayırdım: Mark Tven “Tom Soyyerin macəraları”, “Hekkelberi Finnin macəraları”, Roy Yakobsen “Möcüzə uşaq”, Per Petterson “Atları oğurlamaq vaxtıdır”, Con Qrin “Alyaskanın axtarışında”.

“Hardasa, olardı 13-14 yaşım” romanında darıxdığım heç bir səhifə də olmadı. Hər səhifəni Vüqar tələsmədən, yazıçılığın gətirdiyi səbir və təmkinlə qələmə alıb. Xüsusilə, gənclərin və eləcə də yaşlı nəsil yazıçılarının köhnə Sovet idilliyasını xatırladan əsərlər yazdığı indiki dövrdə Vüqarın romanı öz sadəlövhlüyü və əslində, əsl ədəbiyyat nümunəsi olmağı ilə seçilir. Mənə elə gəlir ki, bir müəllifin özünün harada olduğunu bilməsi və bunu ədəbiyyata gətirməsi çox vacib məsələdir. Bəzən elə Vüqarla yaşıd bir müəllif elə ağır mətləblərin altına girməyə cəhd edir ki, onun bu əzab-əziyyətinə kənardan baxanda sadəcə başını yelləyib təəssüflənmək istəyirsən. Üstəlik, bu ağır mətləbləri yazdığını iddia edən gənc yazarların təkəbbürü də onları çətin vəziyyətə salır və işlərini dolaşığa salır. Onlar ədəbiyyatı orada-burada, göyün yeddinci qatında axtarırlar. Bilmədikləri mövzulara girişir, bələd olmadıqları sahələrə cumurlar. Uzundərə, beşmərtəbəli cümlələrlə ürək sıxırlar. Elə bu cür qarışıq bir zamanda Vüqarın cəsarətlə çıxıb heç yana getmədən, elə öz yeniyetməlik dövründən yazması həmin müəlliflər üçün də nümunə olmalıdır. Vüqarın romanı ibtidailiyin, sadəliyin, adiliyin insan həyatında necə əhəmiyyətli bir məqam tutduğunu bizə öyrədir. Bizi bu hər gün dəyişən, robotlaşan dünyanın 13-14 yaşlı dövrünə aparır. O dövrdə isə, heç nə olmasa da, səma, futbol topu, oyuncaqlar var. Ən əsası insan var. Bəzəksiz-düzəksiz insan. Əslində, ədəbiyyat da bunu axtarmırmı?

# 885 dəfə oxunub

Oxşar xəbərlər

Ruhun qürbətini yaşayan şair - Orhan Aras haqqında

Ruhun qürbətini yaşayan şair - Orhan Aras haqqında

17:00 29 yanvar 2025
Həqiqət, yoxsa reklamın gücü? - Əgər bu müəllifi oxumusunuzsa, əlinizi qaldırın!

Həqiqət, yoxsa reklamın gücü? - Əgər bu müəllifi oxumusunuzsa, əlinizi qaldırın!

09:00 29 yanvar 2025
Milçəklər Tanrısı - İlahə Ümidli

Milçəklər Tanrısı - İlahə Ümidli

12:15 28 yanvar 2025
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Fəxri Uğurlu

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Fəxri Uğurlu

09:00 28 yanvar 2025
Selincer:  "Özünə hörmət edən yazıçı kitab imzalamaz!" - Müsahibə

Selincer: "Özünə hörmət edən yazıçı kitab imzalamaz!" - Müsahibə

17:30 27 yanvar 2025
Kino çəkməyə həvəslənən aktyorlar

Kino çəkməyə həvəslənən aktyorlar

15:00 27 yanvar 2025
# # #