Jurnalist dirijoru necə dəli etdi?

Jurnalist dirijoru necə dəli etdi?
6 avqust 2012
# 12:42
HEKAYƏ

Müsahibə


- Müsahibə? – dirijor Pilat çiyinlərini çəkib söylədi. – Əzizim, sizə təəccüb edirəm, onlara necə inana bilirsiniz? Mənim bu məsələylə bağlı az-çox təcrübəm var və sizə açığını söyləyim ki, əgər müsahibədən heç cür boyun qaçıra bilmirəmsə, sonradan hər vəchlə onu oxumaqdan qaçıram. Əhvalımı niyə korlayım ki?! Hərçənd bəzən haqqında yazılanları oxuyanda gülməkdən ölməmək üçün qarnını tutursan, bəzənsə qarşındakı fəsad dolu uydurmalar səni acığından divara dırmaşdırır. Hərdən jurnalistin bu ağlasığmaz dolaşıqlığı ortaya çıxarmaq, olanları tərsinə yazmaq üçün dəridən-qabıqdan çıxdığına belə heyrətlənirsən. Heç olmasa siyasətçi-filan olsaydım, dərd yarı: söhbət siyasətdən gedəndə, sözsüz, kimlərinsə ağzınızdan çıxanı bəzəyib-düzəmək, tanınmaz hala gətirmək və ya söhbəti başdan-ayağa uydurmaq lazım gəlir. Amma mən... mən, necə deyərlər, balaca adamam, sadəcə musiqiçiyəm... mənim olsa-olsa evdəkilərlə sözüm düz gəlməyə bilər; amma hələ ömrümdə ağzımdan çıxanların heç olmasa yarısını olduğu kimi işıqlandıran müsahibəmlə rastlaşmamışam.

Nəzərinizə çatdırım ki, bütün bunlar belə baş verir. Tutalım ki, mən simfonik orkestrlə Londonda, ya Parisdə konsert verəsi oluram, - maestro Pilatın özü dirijorluq edəndə konsert agentlikləri əməlli hay-küy qaldırırlar. Oteldə əllərini yumağa macal tapmırsan ki, portye nömrəyə zəng edir və məni hollda kiminsə gözlədiyini xəbər verir. Özü də təcili bir işlə bağlı. Aydındır, özlüyümdə söyləyirəm, - mətbuat! Onu da unutmayın ki, qəzetlər sizinlə ilk gün maraqlanırlar, ikinci gün artıq yenilik deyilsiniz və bir də gündəmə gəlmənizi istəyirsinizsə, ən azından, özünüzü avtomobilin təkərləri altına atmalısınız. Olsun, həmin cənabı bir-iki dəqiqə gözləməyə məcbur edirəm – bu cür hallarda nədənsə belə qəbul olunub və... “Buyurun, necə kömək edə bilərəm?” Cavan adam boğazını arıtlayıb işə başlayır: əziz maestro, filan qəzet öz səhifəsində haqqınızda bir neçə kəlmə yerləşdirmək arzusundadır...

- Müsahibə? Prinsipial olaraq heç bir müsahibə-filan vermirəm.

- Yox, yox, - cavan oğlan müdafiə olunur. – Yalnız bir neçə adidən də adi kəlmə...

Beləcə, özümü ona təslim etmiş oluram.

- Nə isə, cənab, başlayın...

Cavan adam cib dəftərçəsini çıxarıb əlindəki qələmi dişlərinə döyəcləyir. Haqqımda heç nə bilmədiyi, musiqidən uzaq adam olduğu və mənimlə nə haqda danışacağının belə fərqində olmadığı gendən bəllidir. Bir neçə saniyə narahat şəkildə üzümə baxır və nəhayət başlayır:

- Maestro, özünüz haqda bir neçə kəlmə söyləyə bilərsinizmi?..

Bu sual həmişə məni qıcıqlandırır.

- Özüm haqda söyləyəsi sözüm yoxdur, - cavab verirəm. – Amma istəyirsiniz, musiqi haqda söhbət edək.

Cavan oğlan razılıqla başını tərpədir və dəftərçəsinə cidd-cəhdlə nəsə qeyd edir.

- Maestro, musiqilə nə vaxt məşğul olmağa başlamısınız? – daha sonra soruşur.

- Uşaqlıqdan, - söyləyirəm. – İlk əvvəl fortepianoda çalmağı öyrənmişəm.

Cavan oğlan yenə nəsə qeyd edir.

- Vətəniniz?

- Marşov.

- Ora haradır?

- Çexiya. Krkonoş.

- Hara-hara?

- Krkonoş, - ona izah edirəm. – Krkonoş, Rizenqe-Birge, Monts Geants, Giant Mountains.

- Aha, - cavan oğlan söyləyir və tələsik nəsə qeyd edir. – Uşaqlıq illərindən danışa bilərsiniz? Məsələn... atanız kim olub?

- Müəllim. Kosteldə (polyak katolik kilsəsi – red.) orqanda çalıb. Həmin ifalar mənim musiqilə bağlı ilk təəssüratlarım olub, - musiqi mövzusuna qayıtmağa çalışıram. – Bilirsiniz, o, qocaman çex müəllimi olub, musiqiyə həvəsi sərhəd tanımayıb, bu sahədə təhsil almasa da, çox istedadlı olub, bu, bizdə bir ailə ənənəsidir... – Beləcə, mövzunu musiqinin üstünə gətirməyə cəhd edirəm. Cavan adamsa bu arada qeydlərini aparır və razılıqla başını tərpədir. Söylənilənlərin hamısı məhz onun qəzetinə uyğundur. Bravo, maestro!

Nəhayət, yaxamı ondan qurtarıb rahat nəfəs alıram. Sanki çiynimdən dağ götürülüb. Bilirsiniz, mən özgə şəhərlərdə heç kəsin səni tanımadığı küçələri dolaşmağı xoşlayıram... Səmimi etiraf edim ki, bəzən konsert zamanı əlimdəki çubuğu iki yerə bölüb lap uzaqlara tolazlamağım gəlir – adamların gözünü zilləməsi məndə ifrat nifrət hissi oyadır. Kimin ki xislətində aktyorluq bacarığı yoxdur, o, gərək kütlə qarşısına çıxmasın. Amma bu, ayrı söhbətin mövzusudur... Səhər qəzeti alıram. Nəzəri cəlb edən başlıq: “Maestro Pilatla söhbət”. Olsun. “Maestro Pilat müxbirimizi X. otelinin dəbdəbəli otağında qəbul edib”. Dayan, axı mən bu cavan oğlanla hollda söhbət etmişəm! “Onun pəhləvan cüssəli bədəni, gur saçları otağı bəzəyən zərif mebellə maraqlı təzad təşkil edirdi”. Boyum güclə bir metr yetmiş santimetrə çatır, o ki qaldı saçlarıma... əşşi, onlardan sonra danışaram... “O, bizi qeyi-adi, aşıb-daşan səmimiliklə qarşıladı...” Ha-ha, fikirləşdim.

Pilat çal saçlarını qarışdırıb qaşlarını çatdı. “Mənim əslim, - maestro söylədi, - sirlərlə doludur. Özüm haqda, demək olar ki, heç nə söyləyə bilmərəm. Bircə onu bilirəm ki, Macarıstanda, Varşava yaxınlığında, əzəmətli dağların döşündə anadan olmuşam. Ətrafdakı meşələr, şəlalələr orqan kimi səs salardı. Sizə bir sirr açım: mənim atam qoca qaraçıdır. O, əcdadları sayağı təbiət övladı olub. Brakonyerlik, azadlıq və skripkayla simbalda (simli musiqi aləti – red.) ehtiraslı ifa – bütün bunlar onların damarlarında axan qan kimiydi. Mən indi də gözdən yayınıb qaraçı köçünə qarışmağı və gecələr tonqal başında skripkada uşaqlığımdan mənə tanış olan mahnıları ifa etməyi xoşlayıram”.

Qısası, dabanlarıma tüpürüb qəzet redaksiyasına qaçdım, şefi axtarıb tapdım. Hövlnak kabinetinə daxil olub yumruğumu masanın üzərinə çırpdım, daha nəyisə yerə tulladım... Hər bir halda o cənab eynəyini çıxarıb təəccüblə dilləndi: “Bir qulaq asın, axı biz qəzet üçün yazırıq! Necə olursa-olsun faktları maraqlı şəkildə təqdim etməliyik! Nəyə hirsləndiyinizi anlamıram...”

İndi o cür hirslənməzdim, əvvəl-axır hər şeyə öyrəşirsən... Yəqin ki bu, qaçılmazdır: sənin öz şəxsi həyatın var, digərlərinin gözündə isə o, tamam başqa cür görünür; az-çox məşhursansa, ümumiyyətlə, özünə məxsus olmur! İndi mən hətta bu müsahibəni Liverpulda, Rotterdamda, ya da başqa bir yerdə verdiyimi belə xatırlamıram, əvəzində bircə şeyə dəqiq əminəm – orda, konsert salonunda əlimdə çubuq dayanarkən tamaşaçı, həqiqətən də, məndə pəhləvan, qaraçı tonqalının ətrafında əlindəki skripkanı o yan-bu yana hərləyən, saçları dağınıq azğın vəhşi görürdü. Orda təsəvvürünüzə belə gətirə bilməyəcəyiniz möhtəşəm bir uğur qazandım. Heç özüm də bilmirəm... Bəlkə də, həmin qəzetin cavan müxbiri həqiqətdən o qədər uzaq deyildi... Ya da sadəcə həqiqəti tamaşaçının istəyinə qurban vermişdi.

Çevirdi: Kifayət Haqverdiyeva
# 1339 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #