“Mənə mane olanlar yalnız nifrət qazanır”
9 avqust 2011
13:16
“Kişilərin paxıllıq etdiyini görməmişdim”
Bu günlərdə tanınmış yazıçı, tərcüməçi-publisist Ələviyyə Babayevanın 90 yaşı tamam olacaq. Düzü, Ələviyyə xanımın evinə qonaq getməyimizin səbəbi təkcə yubiley təəssüratlarını qələmə almaq deyildi. 90 yaş bu böyük yazıçı, heç kimdən və heç nədən çəkinməyərək sözünü hər kəsə açıq deməyi bacaran xanımla söhbət etmək, onun bənzərsiz yaradıcılığına, yazıb-yaratdığı dövrün qaranlıqlarına işıq salmaq üçün sadəcə bir fürsət idi...
Köhnə çarpayı və Tolstoy...
Ələviyyə xanım uzun illərdir Bakının mərkəzi küçələrinin birində - Xurşudbanu Natəvanın heykəli ilə üzbəüz binada yaşayır. Hündür tavanı, geniş otaqları olan evdən ötən əsrin ab-havası hələ də ötüb keçməyib. Minlərlə kitabdan ibarət kitabxana, qızının çaldığı köhnə piano, bir-birindən qiymətli əsərlərin qələmə alındığı yazı stolu, köhnə çarpayı və Lev Tolstoyun divardan boylanan portreti... Ələviyyə xanımın evində bunlardan başqa gözə dəyən demək olar ki, heç nə yox idi. Amma mənən dünyanın ən zəngini, yazdığı əsərləri qızıldan qiymətli olan Ələviyyə xanım bütün bunlardan zərrə qədər narahat görünmürdü. Onu narahat edən məqamlar tamam başqa idi...
Ələviyyə xanımla görüşümüzün səbəbkarı yazıçının yaxın dostu, ürək sirdaşı - publisist Çingiz Fərəcov idi. Dostluqların ucuzlaşdığı, unudulduğu bir dövrdə Çingiz müəllim kimi dosta sahib olmaq sözün əsl mənasında xoşbəxtlikdir. O, Ələviyyə xanımı tək qalmağa, darıxmağa qoymayan, imkanı oldu-olmadı onun ziyarətini əskiltməyən, dost adını daşımağa layiq olan adamdır. Bu dostluğun tarixçəsi çox uzaqlara gedib çıxır.
Ə.Babayeva özünün “Yanar su” əsərində Çingiz müəllimin həyatını qələmə alıb. Yazıçılar Birliyinin o vaxtkı sədri İsmayıl Şıxlı Mərkəzi Komitəyə məktub yazaraq bir katib haqqında əsər yazılmalı olduğunu və qəhrəman axtardıqlarını deyib. Lakin onu da deyib ki, həmin katib elə biri olmalıdır ki, sonra özünü biabır etməsin. Həmin vaxt da Ç.Fərəcov Astaranın birinci katibi olubmuş. Altı aylıq müzakirədən sonra komitədən Ç.Fərəcovun adı verilib. Ə.Babayevanın Azərbaycanın birinci katiblərindən biri haqqında kitab yazdığını eşidən vəzifə sahibləri sonradan “məndən niyə yazmamısan?” deyərək yazıçını təngə gətiriblərmiş.
“Mən onu bu yaşında, bu vəziyyətdə tək qoysam, nadürüstlük edərəm” - deyir Ç.Fərəcov. Imkan düşdükcə ziyarətilə kifayətlənməyib həyat yoldaşının bişirdiyi yeməklərdən də gətirir Ələviyyə xanıma.
Yoldaşı Qriqori Qrexin vəfat edəndən, yeganə qız övladı ailə quraraq Moskvaya köçəndən sonra Ə.Babayeva bu evdə təkbaşına yaşayır. Səhhətindəki problemlərə görə sərbəst hərəkət edə bilməyən Ələviyyə xanıma baxıcı qulluq edir. Ələviyyə xanımın əsərləri ilə böyüdüyünü, onun yarıdıcılığına aşiq olduğunu bildirən bu xanım yazıçını öz doğması kimi sevir.
Ensiklopedik bilik və yaddaş sahibi...
Söhbətimiz üç saata yaxın çəkdi. Ələviyyə xanım çox danışa bilmir, ara-sıra Çingiz müəllimin söhbətlərinə müdaxilə edirdi. Daha çox isə susaraq qocalmış, amma hələ də nurunu itirməyən gözlərilə söhbəti izləyir, ara-sıra Çingiz müəllimə üz tutub - gör, necə yadında qalıb” deyərək sanki ona xəyanət etməyə başlayan hafizəsinə üsyan edirdi. Eyni zamanda, bəzi şeyləri də nöqtə-vergülünə qədər elə xatırlayırdı ki, 90 yaşın sahibinin bu sərrast yaddaşına təəccüblənməmək olmurdu.
Çingiz müəllim Ələviyyə xanımın son illərə qədər ensiklopedik biliyə və yaddaşa sahib olduğunu, ana dilindən başqa rus, alman dillərində səlist danışdığını, rəvan nitqi ilə hər kəsi heyran qoyduğunu, eyni zamanda güzəşt bilməyən tənqidləri ilə çox adamı diz çökdürdüyünü deyərək bu qəhrəman, kişi qeyrətli qadından ağızdolusu bəhs edirdi. O, Ələviyyə xanımın yaradıcılığından elə danışırdı ki, sanki bir əsrə yaxın yaradıcılıq yolunu bir neçə saata sığdıracaqdı: “İndi bunun nəyi qalıb ki? Heç üç faizi də qalmayıb. Əvvəlki vaxtları olsaydı, elə danışardı məftun olardınız. Ələviyyə xanım dünyagörüşü geniş, intellektual səviyyəsi yüksək olan, mədəni, daim öz üzərində çalışan, mərd bir qadın olub. Gecə-gündüz Qərb ədəbiyyatını oxuyub. Əsərlərində daim yenilik, Qərbə inteqrasiya olub. Ona görə də ən çox oxunan yazıçılardan idi. 36-cı ildə Tiflisdə ”Zarya Vostoka” qəzeti çıxırdı. Orada yazıçılarla görüş olur və Ələviyyə xanım çıxış edir. Sonra qəzet yazır ki, bir məktəbli tribunaya çıxıb o qədər gözəl danışdı ki, bizi valeh elədi. Soruşduq, bu kimdir? Dedilər, bu yazıçıdır, gözəl hekayələr yazır.
“Bu Ələviyyə olmasaydı, biz biabır olardıq”
Rusiyada Azərbaycan ədəbiyyatı günləri keçiriləndə Ələviyyə xanım rus dilində çox gözəl çıxışlar edirmiş. O vaxt katib işləyən Nəbi Xəzri deyirmiş ki, bu Ələviyyə olmasaydı, biz biabır olacaqdıq. Bu, hər yerdə çıxış edir, rusları hipnoz edir”.
13 yaşından yaradıcılığa başlayan Ələviyyə Babayeva ömrünün 77 ilini yazıb-yaratmağa, ədəbiyyata, bədii tərcüməyə həsr edib. Onun 60-a qədər kitabı işıq üzü görüb ki, bunun da 7-i romandır. “Adamlar və talelər”, “Haradasan dost, harada”, “Bəlkə, sabah olmadı”, “Səni axtarıram”, “Sönmüş ulduzların işığı”, “Son döngə”, “Dəli Sona”, “Küləyin tərkində”, “Yanar su”, “Rəngbərəng adamlar” kimi əsərləri ilə o, yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində özünə çoxsaylı oxucu toplayıb.
Ə.Babayeva əsərləri dünya dillərinə ən çox tərcümə olunan azərbaycanlı qadın yazıçıdır. Dediyinə görə, bəzən hətta özünün belə xəbəri olmadan kitablarını tərcümə edərək yayıblar. Bu kitablar alman, fransız, Çin, fars, yəhudi, rus dillərinə tərcümə olunaraq dünyanın dörd-bir nöqtəsinə yayılıb: “Şəmsi Əsədullayevin qızı Ünbülbanu Fransadan yazmışdı ki, Bakını çoxdan unutmuşdum. Sizin ”Küləyin tərkində” əsərinizi oxuyandan sonra Bakının küləkləri yadıma düşdü, elə bil Bakının küçələrini gəzirdim. O küləklər mənə Bakıda keçən gəncliyimi xatırlatdı. İraqdan bir oxucu yazmışdı ki, mənim babam hər gün sizə dua oxuyur ki, yaşayasınız. İraqdan başqa bir oxucu mənə məktub yazıb ki, sizin kimi bir insan ancaq Hüseyn Cavidin nəslindən ola bilər. Bunların hamısını “Nizami” muzeyinə vermişik. Anar deyibmiş ki, mən o məktubların hamısını aradan çıxaracam”.
“Sənin kitablarını bax, o uşaqlar çap edəcək”
Ə.Babayeva uzun illər öncə Yaltaya səfəri zamanı əsərlərinin öz ölkəsində çap olunmamasından şikayətlənib. Həmin vaxt rus yazıçılarıdan biri Ə.Babayevaya çox maraqlı bir cavab verib: “Yazıçılar Evində məşhur rus yazıçısı və tənqidçisi Medinski ilə görüşdüm. Söhbət zamanı dedim çox narahatam ki, son vaxtlar yazdıqlarım çap olunmur. Bu əsərlərdən biri də ”Rəngbərəng adamlar” povestidir. Medinski mənim kitabımı oxuyandan sonra yaxınlıqda oynayan uşaqları göstərərək dedi - sən, heç narahat olma. Sənin kitablarını bax, o uşaqlar çap edəcək”.
Bu məqamda Ç.Fərəcov “sənin ayaqların yaxşı tutmur, gəzə bilmirsən. Amma sənin kitablarının ayaqları ilə bütün dünyanı gəzir” deyərək Ə.Babayevaya təsəlli verməyə çalışdı: “Axundov kitabxanasından Ələviyyə xanıma deyiblərmiş ki, sən niyə narahatsan, ən çox sənin kitabların oxunur. Yaşlı adamlar bu gün də gəlib sənin kitablarını alıb aparırlar”.
Ç.Fərəcovun sözlərinə görə, Ə.Babayevanın qızıldan dəyərli kitablarının latın əlifbası ilə çap olunmaması ancaq təəssüf doğurur: “Cəmi iki kitabı latın əlifbası ilə yenidən nəşr edilib. Onun da birini mən öz vəsaitimlə çap etdirmişəm. Bu cür qiymətli əsərlərə belə ögey münasibət insana çox pis təsir edir”.
“Yəhudiyə ərə gedib, gör, onun başına nə oyun açacağıq”
Söhbət zamanı onu da öyrəndik ki, Ələviyyə xanımın ömür-gün yoldaşı milliyyətcə yəhudi olub. Yazıçının kəskin tənqidlərindən, həqiqətləri çəkinmədən hər kəsin üzünə deməsindən qorxan insanlar bu amili şişirdərək onun başını çox ağrıdıblar: “Deyirdilər ki, yəhudiyə ərə gedib, gör, onun başına nə oyun açacağıq. Mən ”Azərbaycan qadını” jurnalında idim, Qrişa da “Vışka” qəzetində redaktor müavini işləyirdi. Çox gözəl insan idi. Deyirdi, Allah sənə istedad verib, onun qarşısını almaq olmaz. Mənim yazıçı olmağım hamını narahat edirdi, ondan başqa. Əsərlərim çox idi. Birini plandan çıxara, birinə zərbə vura bilərdilər. Birdən-birə bu qədər əsərə zərbə vurmaq mümkün deyildi axı. Azərbaycan yazıçıları içində ən çox yazıları olanlardan biriyəm. Süleyman Rüstəm deyərdi ki, bir dənəsən e! Görəsən, Allah səni haradan tapıb göndərib. Bəxtiyar Vahabzadə mənim ən yaxın dostum idi. O başqa millətə ərə getmiş adamı özünə yaxın buraxmazdı. Amma mənimlə, üstəlik, Qrişayla yaxın dost idi. Mənə deyirdi ki, səndə qorxu olmasın. Çünki sənə heç kimin gücü çatmır. Süleyman Rəhimov deyirdi ki, Ələviyyə bir dənədir e. Deyirdi, Allah səhv eləyib, kişi yaradacaqdı, arvad yaradıb. Cəsarət həmişə mənə zərbə, başıma bəla olub”.
“Bəxtiyara deyib ki, Ələviyyə ilə bacara bilmirəm”
Ə.Babayeva söhbət boyu Yazıçılar Birliyinin hazırkı sədri Anar Rzayevdən narazılıq edirdi. Çingiz müəllim bunların qəzet səhifəsində yer almasının əleyhinə olduğunu, tərəflər arasında onsuz da soyuq olan münasibətləri bir az da korlayacağını desə də, biz Ələviyyə xanımın həmin fikirlərinin bir qisminə toxunmamağa qərar verdik: “Bəxtiyar gəldi bura, dedi, Anar qəribə adamdır e, mənə deyir ki, Ələviyyə ilə bacara bilmirəm. Sən gərək mənə kömək eləyəsən. Bəxtiyar da deyib, mən Ələviyyəni çox istəyirəm, ona toxuna bilmərəm. Deyib, əl çəksin də məndən. Köçsün Azərbaycandan, gedib otursun Moskvada. Bəxtiyar deyib, Ələviyyədə olan cəsarət bizim heç birimizdə yoxdur. Mən də dedim ki, nə olursa-olsun həmişə düzünü deyəcəyəm. Mən bu cür doğulmuşam, başqa cür ola bilmərəm. Mənim bir bəlam var, o da düzlük. Amma kişilər var, düzünü deyə bilmirlər. Mir Cəlala deyirmişlər ki, niyə Ələviyyə ilə bu qədər yaxınsan? O da deyib ki, yaxın olmuşam, olacam da. O, sizin hamınızdan qeyrətlidir.
Hansı əsərin tərcümə edilib xaricdə çap olunacağının qərarını Moskva verirdi. Ora çoxlu əsərlər göndərilirdi. Bircə mənim əsərimi seçmişdilər. Bizimkilər buna da paxıllıq etmişdilər ki, adam tapmırsız? Kişilərin paxıllıq etdiyini görməmişdim, bizdə o da var. Paxıllıq etməkdənsə, soruşun ki, nə üçün mənim əsərimi seçirlər? Paxıllıq bizim insanların canına mikrob kimi girib, çıxmır. Mənim “Allah düşünür” hekayəmi bir gündə Almaniyada üç qəzet tərcümə edib çap edib. Deyirdilər ki, Ələviyyə özü pul verib. Hardan idi mənim pulum?".
Heydər Əliyevlə telefon söhbəti...
Ə.Babayevə mərhum prezident Heydər Əliyevlə bağlı xatirələrini də danışdı: “İlk dəfə onu 72-ci ildə Şüvəlan Yaradıcılıq Evinin iclasında görmüşəm. Heydər Əliyev deyəndə ki, kim danışmaq istəyir, mən əlimi qaldırdım. Əzizə Cəfərzadə əlimi aşağı saldı ki, ”otur, hələ onu tanımırıq, niyə çıxış edirsən, bilirəm sən kimlərə qarşısan”. Bir azdan Əliyev özü məni çağırdı ki, Ələviyyə Babayeva gəlsin. Çıxış elədim və bir çox cavan yazıçıları tənqid elədim. Fasilədə mənim tənqid etdiyim yazıçılardan biri Heydər Əliyevə deyib ki, siz onu çox təriflədiniz, amma o, mənə qarşı çıxdı. Mən də naxçıvanlıyam. O da deyib gözüm aydın, naxçıvanlısan. Bu cavab mənə çox xoş gəldi. İki gün sonra Fatma Abdullazadə mənə zəng elədi ki, prezident səninlə danışmaq istəyir. Heydər Əliyev özü də bu söhbəti təsdiq elədi. Dedi, bunlar nəyə görə sənə qarşıdılar? Dedim, həmişə onlara qarşı çıxış etmişəm, nöqsanlarını demişəm, ona görə. Dedi, bizdə belədir də, düz danışana əks çıxan çox olur. Onu da dedi ki, bilirsən də, mən o adamın cavabını vermişəm. Dedim, bilirəm, çatdırıblar. Prezident təqaüdü almaq üçün siyahı veriblər, mənim adım olmayıb. Əliyev dedi ki, mən siyahıdan iki nəfərin adını çıxardım, bax, özüm sənin adını yazıram.
O təqaüd də olmasaydı, mən ölərdim. Bugünə qədər onunla dolanıram. Bu binada səfirlər yaşayır. Tez-tez gəlib mənə baş çəkirlər. Amma bizimkilərdən bir nəfər də maraqlanmır ki, belə bir adam var”.
Ələviyyə xanımın yaradıcılığı ilə tanış olandan sonra qocaman və dəyərli yazıçının bu günə qədər xalq yazıçısı adı almadığına həm təəccüblənir, həm də təəssüf edirsən.
“Kimisə tənqid etmişəmsə, düzünü demişəm. Mən belə fikirləşirəm. Yalanla, ikiüzlülüklə heç vaxt aram olmayıb. Dünya dəyişir, ancaq mən dəyişmirəm...”
Gültəkin/Azadliq.info

1703 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024