"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?
17 fevral 2026
# 12:00

Kulis.az Bəhruz Tağızadənin "Ədəbiyyatımızın “Çəhrayı çobanyastığı” yazısını təqdim edir.

XXI əsr Azərbaycan nəsrində uzun müddət davam edən bir problem vardı: ədəbiyyatın “kruq masası”, siqaret tüstüsü və araq qoxusu içində dolaşan dar çevrə söhbətlərindən kənara çıxa bilməməsi. Mətnlər çox zaman həyatın özündən deyil, ədəbiyyat haqqında danışan ədəbiyyatdan doğurdu.

Sara İbrahimin “Çəhrayı çobanyastığı” romanı isə bu qapalı mühitin divarlarını dağıdan nadir nümunələrdəndir. Müəllif mətnə intellektual poza yox, insan taleyi gətirir — ağrını bəzəmir, onu yaşadır.

“Çəhrayı çobanyastığı”nın gücü süjetində yox, müşahidə dəqiqliyindədir. Bu baxımdan roman Teodor Drayzerin “Kerri bacı” əsəri ilə müqayisə oluna biləcək sosial-psixoloji təsirə malikdir: hər iki əsərdə insan taleyi böyük hadisələrin deyil, mühitin görünməz təzyiqinin altında formalaşır.

Sara İbrahimin mətni də eyni cəsarətlə ailə, qadın taleyi və sosial mühit münasibətlərini açır və lokal mövzudan çıxaraq ümumbəşəri oxu qazanır.

Bu səbəbdən “Çəhrayı çobanyastığı” təkcə regional oxu üçün yazılmış roman deyil, doğru təqdim olunduğu halda dünya ədəbiyyatı arenasında müzakirə oluna biləcək ciddi bədii nümunədir.

Romanın mərkəzində "Zayka" adlı azyaşlı qızın dünyanı bir evdən tanımağa başlamasıdır. Onun və digər ailə üzvlərinin həyatını zəhərə döndərən qaynana, nənə obrazı Aybikə digər tərəfdə qütbləşir. Deyə bilərəm ki, "qadın azadlığı" konteksini biraz da üstələyib "uşaq azadlığı", "uşaq mübarizəsi" ön plana çıxır.

Belə ki azyaşlı uşaq nənəsindən anasının və özünün qisasını almağı düşünür. O, Aybikə nənəsini qonaqlıqda hər kəsin önündə pərt etmək üçün rəfiqəsinə bağışlayacağı xəz papağın tüklərini yolub qoturlaşdırır. Nənə papağı hədiyyə qutusundan çıxaranda pərtliyindən nitqi tutulur. Bu hissədə oxucunun dodaqları qaçır.

Əgər müəllif əsəri komediya janrında yazsaydı, inanıram ki, dünya bestselleri olardı və Hollivud romandan film çəkərdi. Hollivud yaxşı bilir ki zəhləsi getdiyi adamlar pərt olanda insanlar ürəkdən gülürlər. Mən müəllifdə istənilən janrda ortalığa yaxşı əsər qoyma potensialını gördüm. Görünür, Sara xanım bu cür yazmağa üstünlük verib.

Hadisələrin sonrakı mərhələsində balaca qızın terrorçuların əlinə düşməsi, yaşadığı qorxu və sarsıntılar nəticəsində nənəsindən aldığı travmanın yenidən üzə çıxaraq kəkələməyə başlaması müəllif tərəfindən psixoloji dərinliklə və dolğun şəkildə təsvir olunur.

Sara xanım boşboğazlıq edərək mənasız aforizmlər uyduran yazarlardan fərqli olaraq artıq sözlərdən qaçır, cümlələri romana ilmə kimi elə hörür ki, hansısa cümləni romandan çıxarsaq, ciddi bir boşluq yaranar. Hadisələrin fonunda Şimali Qafqazın təsviri, qumuq xalqının spesfik adət-ənənəsinin göstərilməsi yazarın ustalığından xəbər verir.
İndi isə romandan hissələrə baxaq sonra söhbətimizə davam edərik.

“Yeni ilin gəlişi hər yerdə hiss edilirdi, amma bizim evimizə bu bayramın aidiyyatı yox idi. Nə küknar bəzədilmiş, nə də təmtəraqlı süfrə açılmışdı”.

“Ana, Şaxta baba bacımla mənə hədiyyə gətirəcək, düzdür? - anamdan hər gün soruşurdum”.

“Qızım, bu il ola bilər, Şaxta baba bizə gəlməsin, o da cavabında belə deyirdi”.

“Bayram günü bacımla hədiyyəsiz qaldıq; Şaxta baba da atam kimi bizi unutmuşdu”.

“Ana, Şaxta babanı daha görmək istəmirəm,- dedim, — qoy bir də heç vaxt bizə gəlməsin, mənə onun hədiyyəsi lazım deyil”.

“Niyə elə deyirsən, qızım? Şaxta babanın bu il işi çox olub. İnşallah, bizə gələn il gələr, — anam mülayim səslə dedi”.

“ Yox! İstəmirəm. O yalnız varlı adamların evinə gedirmiş, kasıb uşaqları isə həmişə unudur, — deyə üsyan etdim”.

“Üsyanımın səbəbi təkcə Şaxta baba deyildi; mən atamı gözləyirdim”.

Bu səhifə uşaq yaddaşının ən həssas qatına —-bayram gözləntisinin sındığı ana toxunur. Mətn zahirdə Yeni il və Şaxta baba haqqında sadə dialoq kimi görünür, lakin alt qatında ata yoxluğu, sosial ədalətsizlik duyğusu və erkən yetkinləşmə travması dayanır.

“Əslində doğulduğum məkan vətənim sayılırdı, oranı sevməliydim. Məni sıxan, qaçmağa vadar edən səbəb doğulduğum şəhər deyil, o əzəmətli evdə yaşayan, məni, anamı öz şanlı nəslinə yad, yamaq sayan qadının əməlləri idi. Mən bu şəhərdən getmək istəyirəm, burda məni sevmirlər”.

155-156 səhifələrdə qızcığazın turisti atasına bənzətməsi təsirli məqamlardan biridir. O, çimərlikdən qayıdır, amma əslində geri qayıtmır. Uşağın təsəvvüründə dərhal başqa bir həyat qurulur: ata gəlir, Bakını gəzir, ailə tamamlanır. Bu xəyalların detallı verilməsi təsadüfi deyil, müəllif göstərir ki, uşaq reallığı yox, boşluğu yaşayır. Ata yoxdur, amma onun yeri o qədər dəqiqdir ki, sanki evdə stul kimi qoyulub.

"Timurçin” bölümündə müharibənin dəhşəti yalnız ölümdə deyil, həm insan oğurluğunda, həm də xəbərsiz qalmaq qorxusunda açılır. Hərbi jurnalistliyin çətinliyi ilə paralel olaraq müharibənin fəsadları daha aydın görünür. Bir uşağın taleyi bütöv müharibədən daha böyük təsir bağışlayır. Bu bölmədə jurnalistika artıq sadəcə peşə olmaqdan çıxaraq, mənəvi yük və vicdan məsuliyyətinə çevrilir.

Nadim obrazı burada tipik “pis dost”dan daha mürəkkəbdir. O, qəhrəman üçün həm təhlükə, həm də istiqamətdir. Çünki yeniyetmə yaşında insan davranışı əxlaqla yox, nümunə ilə seçir. Siqaret çəkmək vərdiş deyil, özünü sübut etmə mərasimidir; söhbətlərə qoşulmaq ünsiyyət yox, qəbul olunmaq cəhdidir.

Beləliklə, sosiallaşma prosesi təhsilin yox, təsadüfi avtoritetlərin əlində formalaşır. Adam bir də ayılır ki, mafiyanın içindədir və qətl hadisəsinin iştrakçısıdır.

Mətnin gücü ondadır ki, müəllif tərbiyəvi mühakimə aparmır, səbəbləri göstərir. Qəhrəman cinayətə yox, obrazlara heyran olur; riskə yox, diqqətə can atır. Filmlərdə və hekayələrdə gördüyü həyat, öz sakit reallığından daha mənalı görünür və o, yaşamaq əvəzinə rol seçir. Bu mərhələdə səhv addım şüurlu qərar deyil, şəxsiyyətin formalaşma üsuludur.

Bütün bunlarla yanaşı, romandakı kiçik qüsurları da qeyd etmək vacibdir. Məkan təsvirləri canlı və inandırıcı görünsə də, zaman qatında müəyyən naşılıq hiss olunur. Əsər boyu hadisələrin konkret hansı ildə baş verdiyi aydınlaşmır.

Doğrudur, Çeçenistanda gedən müharibə dövrünə işarə edilir, lakin bu müharibə isti və soyuq fazaları ilə illərlə davam etdiyindən oxucu üçün zaman çərçivəsi yenə də dumanlı qalır.

Yazıçı romanı yalnız bugünkü oxucu üçün yazmamalıdır. Üç yüz il sonra əsəri oxuyan adam da həmin dövrün havasını udmalı, ictimai proseslərin nəfəsini hiss etməlidir. Necə ki, bəzi klassiklər bunu elə ustalıqla bacarıb ki, mən heç vaxt görmədiyim Notr-Dam kilsəsinin yanmasını oxuyanda sanki öz doğma evimin, öz xatirələrimin alova büründüyünü hiss etmişdim.

Əgər bu gün haqqında roman yazılırsa, dövrün izi mətndə mütləq qalmalıdır — bəzən cəmi bir cümlə ilə. Məsələn: “Otağa girəndə televizorda Ermənistanla iqtisadi əlaqələrin başlanması barədə müzakirə gedirdi.”

Bu cür xırda detal belə üç yüz il sonrakı oxucuya hadisələrin post-işğal dövrünə, konkret bir zamana — bizim yaşadığımız illərə aid olduğunu anlatmağa kifayətdir.

Digər qüsur isə kolorit məsələsi ilə bağlıdır. Bakı yalnız Qız qalası və Xəzər dənizindən ibarət deyil.

Bütün bunlara baxmayaraq, “Çəhrayı çobanyastığı” ədəbiyyatımızın seçilən nümunələrindən biridir və oxunmağa dəyər əsərlər sırasına daxildir. Hər bir insan yaşadığı dövrün yazıçı və şairlərini tanımalı, heç olmasa bir əsərini oxumalıdır.

Çayxanalara sərf etdiyimiz vaxtın yüzdə birini, oraya xərclədiyimiz pulun isə mində birini kitablarımıza ayıra bilsək, həm müəllifə, həm də ədəbiyyatımıza daha canlı münasibət göstərmiş olarıq; belə addımlar mədəni mühitin formalaşmasına real təsir edir.

# 478 dəfə oxunub

Oxşar xəbərlər

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər