Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu
16 fevral 2026
# 17:00

Kulis.az Azərbaycan Dövlət Uşaq Filarmoniyasının (ADUF) 2025-ci il üçün hesabat məqaləsini təqdim edir.


2025-ci il Azərbaycan Dövlət Uşaq Filarmoniyası üçün sadəcə bir təqvim ili deyil, yaradıcılıqla, səs və rənglərlə dolu böyük bir mədəniyyət yolçuluğu oldu.

İl ərzində Bakıda və regionlarda həyata keçirilən konsertlər, festivallar, yubiley tədbirləri, eləcə də təhsil və multidissiplinar proqramlar, layihələr və yaradıcılıq görüşləri Filarmoniyanın əsas missiyasını – uşaq və gənclərin musiqi-estetik tərbiyəsini, milli-mənəvi dəyərlərin qorunmasını, o cümlədən yeni istedadların üzə çıxarılmasını parlaq şəkildə reallaşdırdı. Bu da müəssisənin yalnız musiqi məkanı deyil, uşaqlar üçün yaradıcılıq, inkişaf və özünüifadə platforması olduğunu bir daha sübut etdi.

İlin ilk aylarından etibarən Filarmoniya səhnəsi uşaqlar üçün nağıl dünyasına çevrildi. Fevral ayında Şarl Perronun məşhur “Qırmızı papaq” nağılı əsasında hazırlanan tamaşa balaca tamaşaçıları sehrli bir aləmə apardı. Elə həmin ay Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Rüfət Xəlilzadə ilə keçirilən görüş Uşaq Filarmoniyasının gənc rəqqasları üçün əsl ustad dərsi oldu.

Mart ayında Novruz bayramının gəlişi “Gəl, Novruzum” adlı qala konsert ilə qarşılandı. Baharın ruhunu, milli musiqinin ahəngini və uşaqların saf enerjisini bir araya gətirən bu proqram mövsümün ən yadda qalan hadisələrindən biri kimi xatırlandı.

Aprel və may aylarında Filarmoniyanın fəaliyyəti ölkənin mədəni həyatı ilə yaxından səsləşməyə davam edirdi. Belə ki, bəstəkar Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert, televiziya proqramlarında çıxışlar, Müstəqillik Gününə həsr edilən “Üç rəngli bayrağın kölgəsində” adlı qala-konsert və Gəncə şəhərində keçirilən “Biz dünyayıq” proqramı ADUF kollektivlərinin peşəkarlığını və səhnə mədəniyyətini bir daha nümayiş etdirdi.

İyun ayı hər zaman olduğu kimi uşaqların bayramı ilə başladı. Bakı və bilavasitə İçərişəhərdə keçirilən açıq hava konsertləri və sərgilər, tədbirlər, Alman–Azərbaycan Cəmiyyətinin yubiley konserti və solistlər üçün təşkil olunan kastinqlər Filarmoniyanın həm bayram, həm də gələcək planlar baxımından nə qədər sistemli çalışdığının göstəricisidir.

Payız aylarında isə Azərbaycan Dövlət Uşaq Filarmoniyası ilk dəfə olaraq ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında fərqli bir proqramla çıxış etdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən tədbirlər silsiləsinə Uşaq Filarmoniyası 26 sentyabr tarixində öz imzasını atdı. Dahi bəstəkarın 140 illiyinə həsr olunan festival çərçivəsində təqdim edilən “Musiqi və sənət uşaq qəlblərindən” adlı interaktiv musiqili tamaşa öz dinamik və rəngarəng göstərisi ilə yadda qaldı.

Kollektivlər öz ifalarını Uşaq Filarmoniyası binasının qarşısından başlayaraq interaktiv kompozisiya şəklində nümayiş etdiriblər. Nəfəsli alətlər ansamblı, Uşaq-gənclər xalq çalğı alətləri orkestri, uşaq folklor rəqs ansamblı, iki müxtəlif xor kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblı, gimnastlar qrupu və müasir rəqs kollektivinin ifasında Üzeyir bəyin əsərləri əsasında qurulan musiqili xoreoqrafik tamaşa və filarmoniyanın solistlərinin ifalarından ibarət konserti özündə ehtiva edən proqram qonaqların marağına səbəb oldu.

Bundan başqa tematik konsertlər - caz və klassik musiqi axşamları, beynəlxalq xor əməkdaşlıqları və festivallar Filarmoniyanın artıq beynəlxalq mədəni dialoqun fəal iştirakçısına çevrildiyini təsdiqlədi. Onu da qeyd edək ki, VI. Turizmdə Memarlıq və Mədəni İrs Konqresi çərçivəsində 17 oktyabr tarixində Çanakkale Barış Korosu və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xor kollektivlərinin birgə iştirakı ilə iki qardaş ölkənin mədəni və dostluq münasibətlərinin yaxınlığını əks etdirən “Səsimiz bir, ruhumuz bir” adlı beynəlxalq tədbir Türkiye Polifonik Sanat ve Korolar Derneği arasında əməkdaşlıq memorandumunun imzalanması ilə də yadda qaldı.

Xüsusilə noyabr ayı zəngin proqramı ilə seçildi. Zəfərin 5-ci ildönümünə həsr olunmuş konsertlər, beynəlxalq “Astana Stars” festivalında “Qran-pri” qazanan “Bacarıqlı əllər” dərnəyi, o cümlədən İstiqlal muzeyində keçirilən uşaq hüquqları və sosial mövzulara həsr olunan tədbirlərdə ADUF solistləri fəal iştirakları ilə yadda qaldılar.

İlin sonu – dekabr isə əsl bayram ovqatı ilə yadda qaldı. Ustad dərsləri, xor konsertləri, ədəbi layihələr, yeni il tamaşaları və qala konsertlər uşaqların səhnədə qazandıqları təcrübəni daha da pöhrələndirdi. Yekun olaraq ADUF dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş möhtəşəm konsert proqramı ilə 2025-ci ili sonlandırıb.

Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və sədri Leyla Əliyeva Dövlət Uşaq Filarmoniyasının “Yeni il səyahəti” adlı konsert proqramında iştirak edib. Bu sehrli gecədə bir-birindən maraqlı rəqslər, yeni il səhnəcikləri, bayram abu-havalı musiqi nömrələri bir-birini əvəz etdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi , Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkialtçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalında əldə olunan mükafatlar isə görülən işlərin yüksək qiymətləndirildiyini göstərdi. Belə ki, bu mötəbər festivalda Uşaq Filarmoniyasının xor kollektivi (II yer) və iki rəqs kollektivi 2-ci və 3-cü yerləri paylaşdılar.

Beləliklə, 2025-ci il Azərbaycan Dövlət Uşaq Filarmoniyası ev sahibliyi etdiyi konsertlərlə birlikdə 40-dan artıq tədbirdə iştirak edərək 80-dən çox yeni solist, 150-dən artıq yeni kollektiv üzvü ilə öz yaradıcılıq ailəsini böyütdü. Qeyd edə bilərik ki, hesabat dövründə Filarmoniyanın fəaliyyəti yalnız kəmiyyət artımına deyil, eyni zamanda uşaq və yeniyetmələr üçün yaradılan imkanların keyfiyyətcə genişləndirilməsinə, onların musiqi-estetik tərbiyəsinə və yaradıcı özünüifadəsinə yönəlmişdir. Gələcəkdə də bu inkişaf xəttini qorumağı və gücləndirməyi planlaşdıran ADUF müasir və dinamik konsert məkanı kimi möhkəmlənmək, fəaliyyət formatlarını genişləndirərək istedadlı uşaqlar üçün yeni imkanlar yaratmağı əsas prioritet olaraq müəyyən etmişdir. Burada səslənən hər bir uşaq səsi sabahın böyük səhnələrinə doğru atılan inamlı bir addımdır.

Qeyd edək ki, 2012-ci ilin sentyabr ayından 2025-ci ilin aprel ayınadək Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru əməkdar incəsənət xadimi Dilarə Əliyeva olmuşdur. 2025-ci ilin may ayından bu günədək isə Filarmoniyaya tanınmış pianoçu Səidə Tağızadə rəhbərlik edir.

Məkkə Rəsulzadə,

ADUF mətbuat xidməti

# 136 dəfə oxunub

Oxşar xəbərlər

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

18:02 16 fevral 2026
"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

17:00 16 fevral 2026
Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

16:30 16 fevral 2026
Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

16:23 16 fevral 2026
"Üç uşaq doğmuşam, aliment alıb kef eləyəcəm"- Müğənnilər niyə ailə və boşanma məsələlərini şərh edir?

"Üç uşaq doğmuşam, aliment alıb kef eləyəcəm"- Müğənnilər niyə ailə və boşanma məsələlərini şərh edir?

15:25 16 fevral 2026
“Meyxana adında ədəbiyyat yoxdur, bu, jarqondur " - Şair Zakir Fəxri ilə müsahibə

“Meyxana adında ədəbiyyat yoxdur, bu, jarqondur " - Şair Zakir Fəxri ilə müsahibə

14:27 16 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər