O, ABŞ istintaqına istehzayla ifadə verirdi – Brextin böyük sənətkarlığı...

O, ABŞ istintaqına istehzayla ifadə verirdi – <span style="color:red;">Brextin böyük sənətkarlığı...
5 aprel 2018
# 15:20

Kulis.az Dalğa Xatınoğlunun “Brexti böyük sənətkar edən nədir?” essesini təqdim edir.

Adətən Bertolt Brextin adı gələndə dərhal onun sosialist düşüncələri, müharibəyə qarşı əsərləri yada düşür. Ədəbiyyatla daha dərindən tanış olanlar isə, yəqin ki, onun teatrda yaratdığı yeni üslubunu (Öykücü dram) xatırlayırlar.

Birinci Dünya müharibəsində döyüşə getmiş, döyüşün qan donduran hadisələrindən bezmiş, sonra İkinci Dünya müharibəsi ərəfəsində faşizmə qarşı çıxaraq 18 il didərgin həyatı yaşamış şair və dram ustasının əsərlərinin məzmununu daha çox döyüş və yoxsulluqla bağlı motivlər təşkil edir.

O, dram janrında "məsafə yaratmaq" texnikasını qullanırdı. Yəni bacardığı qədər oxucunun (teatr izləyicisinin) əsərdə qərq olub hisslərə qapanmasının qarşısını almağa çalışırdı. Həm də hisslərə qapılmaqdan daha çox düşünməyin tərəfində olduğundan daima əsərlərini düşüncə labirintləri üzərində qururdu.

Bu üsluba epik üslub da deyirlər. O, dialektika yerinə öyküləmə (rəvayət etmə, narration) yolu ilə əsərləri yaratmağa, oxucunu düşündürərək qərar verməyə, nəticə çıxarmağa sövq edirdi. Yəni əsas məqsəd hisslərin və emosiyaların düşüncəyə müdaxiləsini cilovlamaq idi.

Bunun bir səbəbi də onun hədsiz zəngin, eyhamlı və mürəkkəb dil və ifadələrdən istifadə etməsi idi. Hətta buna görə ABŞ-da olarkən, sinema sahəsində çalışanlarla çox az uğurlu əməkdaşlığı oldu. Eləcə, əsərlərinin ingilis dilinə çevrilməsində çox problemlər yaşadı.

Əsərlərinin teatr məşqlərində özü də iştirak edərək səhnənin çevrəsini sanki hasarlayaraq onu ətraf mühitdən ayırmağa çalışırdı. Yəni heç bir halda izləyici gerçəklər ilə yaradılmış uydurmanı qarışdırmamalı idi. Bir şeyi anlamalıydı ki, teatrın öz gerçəkliyi var və izləyici dəqiq düşünərək, sərrast qərarlar verərək baxdığı tamaşanı həzm etməlidir. Bertolt hətta Frankfurt məktəbinin öncülləri olan Teodor Adorno və Maks Horkhaymerlə mübahisələrə girir və onların yaratdığı üsluba qarşı çıxırdı.

Image result for bertold brext

Xatırladım ki, marksizm məktəbi incəsənətdə estetika, dil və fərdə önəm vermədiyi üçün, onun bətnindən çıxan Frankfurt məktəbi bacardıqca bu üç ünsürə diqqət ayırdı. Maraqlıdır ki, klassik marksizmə bağlı olan Brext digər həmkarlarından fərqli olaraq tamamən fərqli bir üslubun yolunu tutmuşdu. Sual yarana bilər ki, niyə başqa marksist yazarlardan fərqli olaraq o, bu gün də dünyanın ən önəmli sənət adamları içində parlayır? Başqa tərəfdən bəs bu parlayışa rəğmən onun bəlkə də fərqinə varmadığı əsas səhvi hardadır?

Frankfurt məktəbinin əsas ideoloqlarından olan filosof Herbert Markuze düşünürdü ki, bu məktəbin üzvləri arasında ziyalılara qarşı sərt bir baxış və istehza mövcud idi, ona görə ki, onları yalnız söz pəhləvanı sanırdılar.

Frankfurt məktəbində yeni solçuların bir çoxu fəhlə təbəqəsinə də acıqlı idi. Ona görə ki, bu tənbəl təbəqə marksistlərin istədiyi inqilabı etməyə belə artıq ərinirlər. Hər halda Frankfurt məktəbinin nüvəsində Brextin öz yerliləri dayanırdı və hamısı ABŞ-a sığınmışdı.

Britan filosofu İsaiah Berlin düşünürdü ki, marksizm kökündən səhv təqdim olunub və bu, bir fəlsəfi məktəb deyil, elmi-tarixi ideyaları gerçəkləşdirən qondarma bir mexanizmdir. Çünki ideyaya, ideologiyaya fəlsəfə donu geyindirməyin sonunu gördük. Gəlişmiş ölkələrdə faşizm, geri qalmış ölkələrdə diktatura yarandığının şahidi olduq. Dünyada baş verənlərin mənzərəsinə şahidlik edən Frankfurt məktəbi özünü bu məsələnin nədənini aramağa və marksizmə düzəliş etməyə kökləmişdi. Hər halda, Brext sonuna qədər klassik bir marksist kimi öz inancında qalmaqda davam etdi. Əslində isə bu inadcıllığı ilə həm də səhvə yol verirdi.

Brextin yaşadığı çağda digər ədəbi proses yarandı ki, onun ən parlaq nümayəndələri Herman Brox, Robert Musil və Stefan Sveyq idi. Hansı ki, Milan Kunderanın dili ilə desək, onlar "düşüncə romanı"nın üslubunu yaratdılar. Brext bu sahədə də qeyd olunan üç yazara uduzurdu. Onun əsərləri özü tərəfindən düşüncə əsəri adlandırılsa da, düşünmə tərzini deyil, sırf siyasi problematikanı daşıyaraq elə siyasətin özünə çevrilirdi.

Brextin yaşadığı çağda Bertran Rassel və onun şagirdi Lüdviq Vitgenşteyn öndə olmaqla "analitik fəlsəfə" yarandı. Bu fəlsəfənin şineli altından da böyük yazarlar çıxdı, amma Brext bu axından da kənarda qaldı.

Bəs Brexti böyük bir sənətkar kimi tanıdan nə idi?

Birinci, onun əsərləri sadə və hamının dərk etdiyi mövzulardan bəhs edirdi, baxmayarq ki, dil və ifalar mürəkkəb idi. Mənzərə sırf mətnin alt laylarına yönəlmişdi. Mətnaltı mənalar olduqca zəngin informasiya ötürücüsü idi. Buna görə də Brext xırdaçılıq və hədsiz həssaslığı ilə düzgün tərcümə etməyən tərcüməçilərin xətrinə dəyərək istədiyini alana qədər onları incidirdi. Çox vaxt heç bir tərcüməni bəyənmir, ingilis dilinə olan tərcümələrini adətən özü düzəldirdi. Elə bu vasvasılığına və həssaslığına görə dünya dillərinə çevrilən əsərləri öz doğma dilində yaratdığı əsərlər ilə eyni energetik üstünlüyə malik olurdu. Əsərlərin tərcüməsi çox ləngisə də dünya onun istedadı ilə daha yaxından tanış oldu.

İkinci məsələ onun barmaq qoyduğu mövzular idi. Başda müharibə dayanmaqla yoxsullara olan laqeydlik və kapitalizmin qəddarlığı demək olar ki, onun bütün əsərlərində işıqlandırılıb. Miguel De Unamunonun diqqət çəkən fikri məhz bu anda yadımıza düşür. O, deyirdi: "İnsanları bir-birinə bağlayan ortaq dərdləridir". Elə bu səbəblərin onun əsərlərində qabardılması eynidərdliləri bir araya toplayırdı.

Dünyada baş verənlərə nəzər salsaq başının üzərini qara bulud almamış bir ölkə görə bilmərik. Xaotik mənzərə sanki dünya müharibələrinin zamanında yaranmış mənzərəni bizlərə çatdırır. Bəlkə də xəbərimiz olmadan Üçüncü Dünya müharibəsini bir tür yaşamaqdayıq. O səbəbdən də, yazıçının toxunduğu mövzular bəşəriyyətin həmişəlik dərdi olaraq gündəmdə qalmağı bacarır. Və daima aktuallığını qoruyur.

Başqa bir məsələ Brextin barışmaz şəxsiyyəti məsələsidir. O, heç zaman inancını məsləhətə qurban vermirdi. Hətta soyuq müharibə zamanı, ABŞ-da istintaqa cəlb olunanda belə açıq-aşkar, bir az da istehza ilə, marksizmə olan inancından, ümidindən və onun üstünlüklərindən danışırdı. İstehza demişkən, onun əsərləri ironiya ilə doludur. O, ən faciəvi və ağrılı mövzulara belə rişxənd ilə yanaşmağı bacarırdı. Bu isə tamaşaçıda, oxucuda, ümumiyyətlə insanlarda ümid yaradaraq qorxunu üsyana çevirirdi.

# 1735 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #