news-inner
clock21:00 calendar-gray 14 Avqust 2017 view-gray68 dəfə oxunub
view-gray68 dəfə oxunub

Diri insanlar məzarlığı - Tural Şahtaxtinskinin yeni hekayəsi

Kulis.az Tural Şahtaxtinskinin “Diri insanlar məzarlığı” adlı yeni hekayəsini təqdim edir.

Onunla yenidən danışmaq qərarına gəldi. Əvvəl iki dəfə söhbət eləməyə cəhd eləsə də alınmamışdı. Birincidə Nuridənin başı bərk ağrımışdı, ikincidə o qədər sərxoş idi ki, bir-iki kəlmə kəkələdikdən sonra yuxuya getmişdi. Bu dəfə hər şeyi danışıb, bitirmək istəyirdi. Bir ay idi nə danışacağını, necə danışacağını beynində götür-qoy edirdi. Elə həmin gecə də sabaha hazırlaşırdı. Cümlələri bir-bir yenidən təkrarlayırdı. Sabah Türkanı məktəbə qoyub qayıdandan sonra hər şeyin sonu gələcəkdi.

Türkan onların yeddi il həkimə, pirə, falçıya tökdükləri pullardan sonra dünyaya göz açan yeganə övladları idi. Onu evdə, məktəbdə, bəzən də qohumlar arasında Tutu çağırırdılar. Elxan qızına anasının adını qoymuşdu. Türkan sakitliyi, mehribanlığı ilə öz anasına, balaca, uzaqdan üzündə nöqtə kimi görünən burnu, uzun barmaqları, düm-düz qaməti və həmyaşıdlarına nisbətən bir az hündürboy olması ilə atasına bənzəyirdi. O, məktəblərindəki şagirdlər arasında kasıb və miskin görünüşü ilə seçilirdi. Bir dəfə məktəbdə zəhmi və qəddarlığı ilə ad çıxaran bir müəllim ona belə demişdi: “İndi hansı zəmanədir ki, sən məktəbə arxası süzülüb, cır-cındıra dönmüş don ilə gəlirsən? Sənin valideynlərin hara baxırlar?” Türkan bunu elə də dərd etməmişdi. Bu söhbətdən nə Elxanın, nə də Nuridənin xəbəri olmuşdu. Lap belə xəbər tutsaydılar da olacağa çarə yox idi. Onlar nə yeni don ala bilərdilər, nə də gedib müəllimə bir kəlmə söz deyəsi deyildilər.

Elxan bütün gecəni səhər nələr deyəcəyini beynində çək-çevir etməklə keçirdi. Səhəri diri gözlü açıb, Türkanı məktəbə ötürüb geri qayıtdı. Evə girəndə Nuridə hələ də yataqdan uzanıb mürgüləyirdi. Elxanın gəldiyini görüb tez yataqdan qalxdı, paltarlarını geyinib əl-üzünü yumaq üçün həyətə çıxdı.

Bu ailənin yaşadığı ev dam örtüyü yararsız vəziyyətdə olan bir otaqdan ibarət idi. Yağış yağanda günləri qara olurdu. Bütün günü evin içində daman yerlərə vedrələr düzür, suyu daşıyıb bayıra tökürdülər. Bu ev ailə qurduqları ildən düz on il sonra hasilə gəlmişdi. Elxanın anası vəfat edəndə illərlə yığdığı pulu oğlunun torpaq alması üçün vəsiyyət eləmişdi ki, kirayələrdə sürünməkdən canları qurtulsun. Hərçənd ki, onlar torpaq alandan beş il sonra ev tikməklə məşğul oldular. Birotaqlı evin hamamı yox idi. Onlar növbə ilə vedrələrə dolmuş qaynar suyu evin ortasına qoyub çimməklə keçinirdilər. Tualeti də Elxan həyətdə qalmış bir balaca yerin küncündə fəhlə dostları ilə birlikdə qazmışdı. Ev hazır olanda Türkanın artıq üç yaşı var idi.

- İndi səhər yeməyi üçün stolu düzəldirəm, bir az səbr elə. Neçə gündür yaman yatıram. Elə bilirəm səhərlər Tutuya yemək verəndən sonra yerimə girməsəm ayaq üstə canım çıxar.

-Yemək zad istəmirəm. Bura gəl, səninlə işim var.

-Yenə noldu? Gözlə iki dəqiqəyə çay da hazır olar.

-İki dəqiqəyə çay hazır olmur. Gəl bura, dedim.

Nuridə yavaş addımlarla stolun kənarına yaxınlaşdı. Gözaltı Elxanı süzüb qarşısında oturdu. Elxan həyəcanlı görünürdü. Elə bil bu dəqiqə nəsə pis bir şey baş verəcəkdi. Elxanın qara, gur saçları var idi. Qıvrım saçları uzandıqca onun görünüşü tamam dəyişirdi. Dodaqları həmişə çat-çat olurdu. Bir az əsəbiləşən kimi, qara üzü lap qaralırdı. Kobud, uzunsov sifətindəki burnu uzaqdan baxanda balaca fındığa bənzəyirdi. Boyu uzun olsa da, zaman keçdikcə əyilən beli onun görünüşünü eybəcərləşdirmişdi. Bu Elxanın iki-üç il əvvəlki düz qaməti, həmişə önə baxan dik başı ilə ziddiyyət təşkil edirdi. Qələm kimi barmaqları olan qabarmış, kobud əlləri adətən doğram-doğram olurdu.

-Nuridə, bax mən səninlə çox mədəni, sakit, adam kimi danışmaq istəyirəm. Baxmayaraq ki, çox əsəbiyəm. Sözümü kəsmə. Deyirəm ki, o dondurmanı mən yox dostum almışdı. Mağazadan özünə dondurma alırdı, birini də mənə aldı. Tutu yalan deyir. O, məni dondurma yeyən yerdə görəndə mən gizlənməmişdim. Axı özün də bilirsən ki, mən dondurma alsaydım, sizə də alardım. Neçə vaxt idi məndən dondurma istəyirdin, ala bilmirdim. Sən bir yana, o balaca qız məndən neçə dəfə dondurma almağımı istəmişdi, amma bu andıra qalmışın pulu elə bil qəhətə çıxmışdı. Bilirsən ki, səhərdən axşama qədər beş qəpik dalınca qaçıram. Əlimə də pul düşəndə elə evə bazarlıq edirəm.

-Axır vaxtlar səni heç tanımaq olmur. Deyəsən kasıblıq lap başını xarab edib. Özün də gördün ki, Tutu onu deyəndə mən güldüm. Sonra da dedim ki, atan gizlənməyib, bizə də çoxlu dondurma alacaq.

Türkan həmin gün gecə süfrə arxasında anasına atasından şikayət etmişdi: “Ana, bu gün gördüm ki, ata ağaclar parkında (Türkan evlərinin yaxınlığında iri gövdəli ağacların sıra ilə düzüldüyü yerə “ağaclar parkı” deyirdi. Yayda günün odundan qorunmaq üçün gözəl yer idi. Türkan həmişə məhəllə uşaqları ilə birlikdə ağacların ayağından keçən arxda qurbağa axtarardı. Tapanda da eləcə baxıb gülüşərdilər.) dondurma yeyir. Məni görüb gizləndi. Axı o bizə də dondurma almağa söz vermişdi”.

Əslində Nuridə də balaca uşaqtək neçə vaxt idi ki, öz-özünə dondurma deyirdi. Nəsə ürəyinə düşmüşdü. Bir-iki dəfə də Elxana demişdi ki, əgər cibində qəpik-quruş qalsa, birini Tutuya, birini də mənə alarsan. Elxan isə heç cür dondurma almağa imkan edə bilmirdi. Amma həmin gün ilk dəfə özünə dondurma alıb yemişdi. Bu onun arada mağazadan alıb içdiyi araqdan əlavə, evlə bölüşmədiyi yeganə şey olmuşdu. Etdiyi hərəkətdən çox utanırdı. Ancaq onu incidən bu deyildi.

-Bu söhbəti bir də açma. Tutu bunu deyəndən sonra uşaqla öcəşirsən. Onu heç küçədə qonşu uşaqlarla oynamağa da qoymursan. Bütün günü evdə qalır. Məktəbə də sinif yoldaşları ilə gedə bilmir. Elə bil düşmənindi. Hər səhər qabağına salıb deyinə-deyinə məktəbə aparırsan, sonra da gedib özün gətirirsən. Uşaq sənin yanında gülməyə də qorxur. Yeməyi də qorxa-qorxa yeyir. Bir parça uşağın gününü-güzəranını zəhərə döndərmisən. Belə şeylər elemə. Uşaqdı da... Uşaq hər şey deyə bilər, hər şey edə bilər. Nə olasıdır?

-Görürsən? Bezmişəm. Səndən də, o uşaqdan da. Bez-mi-şəm! Mənim ölməyimi istəyirsiniz. Bir balaca dondurma yemişəm deyə elə bil ki, dünya dağılıb. Mən onu məktəbə özüm aparıram, evdən buraxmıram, çünki həmin gündən sonra...

Elxan sözü uzadıb, bir qədər fikirləşdikdən sonra demək istədiklərini yarımçıq qoyub başqa söhbətə keçdi:

-Keçən il yadındadır? Vağzalın yanında qalan ailə. Uşağı maşın necə parça-parça eləmişdi? Anası uşağının yerə dağılmış beynini qucaqlayıb dil deyirdi. Bir ildir, yazıq arvadın dili söz tutmur, ərinin də içməkdən beyni pozulub. Allah uzaq eləsin, adamın dili də gəlmir deməyə... Gərək bizim də başımıza gəlsin? Yeddi ildən sonra bir uşaq tapmışıq, nə zülmlə böyütmüşük, gərək nəsə olsun?

-Dünənə qədər heç nə olmurdu, indi olacaqdı? Ora vağzalın yanıdır, burada heç maşın yolu da yoxdur. Maşın yolu olan yerlərə də Tutu gedib çıxası deyil.

-Sən məni başa düşmürsən!

-Hə... Başa düşmürəm! Sən özünü lap uşaq kimi aparırsan! Səni heç tanımaq olmur!

Elxan özgə bir söz deməyib, baxışlarını stolda olan qəndqabına zillədi. Yenə gözü qarşısına Türkanı iri bir Kamazın əzib keçməsi gəldi. O hər dəfə bunu düşünəndə Türkanı doğum evinin qarşısındakı yolu keçərkən görür, qəfildən böyük bir Kamaz ortaya çıxır, Türkanı əzib keçir. Asfalt döşənmiş yolda Türkanın qan gölməçəsi içində çabalayıb öldüyünü görür.

Bu fikirləri başından dağıtmaq üçün evdən çıxıb getdi.

Gözünə görünən belə ölüm hadisələri az deyildi. Bu, onu incidən, narahat edən, ya da xoşu gəlməyən insanların ölüm hekayələri ilə dolu olan beynində bəlkə də mininci hadisə idi. Çoxu özünün yadından çıxsa da, onun beynində olan məzarlığa nəzər salsaq, xeyli belə faciəvi ölüm hekayələri ilə qarşılaşa bilərik. Bu adəti lap uşaqlığına qədər gedib çıxır. Məhəllədə həmişə onu döyən, özündən güclü qonşusunu hər gecə yorğanı başına çəkib düşünərdi. Guya həmin qonşu nə vaxtsa başqa bir şəhərə gedəcəkdi, orada onu valideynləri itirəcəkdi. O isə gedib dənizdə boğulub, öləcəkdi.

Yaddaşının küncündə pas atmış xatirələrindən bir neçəsi var idi ki, heç yadına da salmaq istəmirdi. Bunlar onun sirri idi. Belə sirrlərin səbəbindən də amansız ölüm hekayələri yaranıb. O bu adətindən qurtula bilmirdi. Əslində Elxandan soruşan olsa, o heç kimin ölümünü arzulamırdı. Amma bu adətini də tərgidə bilmirdi. Açığı bir dəfə bu adəti onu bərk incitmişdi. Həmin zaman ondan xilas olmağa cəhd etmişdi. Ancaq ona qədər bundan həzz alırdı. Bu onun həyatda başını qatdığı yeganə əyləncəsi idi.

Evliliklərindən üç il sonra Nuridə Elxanı güclə paytaxta, həkimə getməyə vadar eləmişdi. Onların uzaq bir qohumu Nuridəni birtəhər inandırmışdı ki, dərdlərinə əlac edə biləcək tanış bir həkim var. Həkimə gedəndə məlum olmuşdu ki, əslində uşaq ola bilər, amma Elxan gərək ciddi müalicə alsın.

Bundan sonra Elxan həkimin yanında xeyli utanmışdı. Həkimin bunu deməsi ona əzab verirdi. Özünə sığışdırmırdı belə bir problemin onda olmasını. Çarəsizlikdənmi, qəddarlıqdanmı, bilmirəm, o gündən sonra həkimin ölümü ilə bağlı xeyli hekayələr quraşdırmışdı. Onların arasında ən dəhşətlisi həkimin ailəsi ilə birgə evlərinin içində yanıb kül olması idi. Yox, bu o qədər də qəddarca deyil, siz bir baxın, o necə düşünürdü:

Deməli, qəfildən ev alışıb yanır. Bu zaman evdəkilər vəlvələyə düşüb özlərini itirirlər. Ev bir neçə dəqiqənin içində daha da alışır. Həkim körpə uşağının çarpayıda alovlandığını görür. Uşaq ayaqlarından yanmağa başlayır. Onun çığırtısı həkimi bayıldır. Həyat yoldaşı iki seçim arasında qalır. Bu zaman o birinci uşağı xilas eləməyi düşünür. Elə ayağa qalxmaq istəyəndə evin taxta qapısının bir hissəsi yana-yana onun boynuna düşür. O özünü xilas eləməyə çalışanda isə uşaq artıq çoxdan yanıb külə dönür. Beləcə bütün ev, evdə olan hər üç nəfər yanıb qaralırlar.

Elxan həkimin körpə uşağının olub-olmadığı, ümumiyyətlə, həkimin ailəsi haqqında məlumatlı deyildi. Nədənsə növbəti ölüm hekayəsi belə qurulmuşdu gözü önündə. Sonra öz qəddarlığından xeyli xəcalət çəkib, unutmağa çalışmışdı bunları.

Məktəb illərində Elxanın ən böyük arzusu aktyor olmaq idi. O zamanlar onun həyatının qayğısız dövrləri idi. Məktəbi bitirdiyi il qonşudakı suvaqçıya qoşulub ev-ev gəzməyə başlamışdı. Elə həmin il gələcəkdə acından ölməmək üçün köməyinə yetəcək bir sənətə yiyələnmişdi. Əsgərlikdə olanda evlərinin əllərindən çıxdığını öyrənmişdi. Evdəkilər bunu bacardıqca ondan gizlətməyə çalışmışdılar. Ata - anası borc içində üzülüb gedirmiş, üstəlik atasının ağır xəstəliyi...

O, hər cür işdə çalışmışdı. Bir ara ucuz qiymətə ala bildiyi maşınla taksi işləmişdi. Maşın əldən düşəndə onu tez satmış, həmin pulun üstündən də özünə evlərdə usta kimi işləmək üçün lazım olacaq avadanlıqlar almışdı. Yerdə qalan pul isə yenə evə xərclənmişdi.

Elxan həkimdən sonra rayona qayıtdığı gün iş yoldaşlarının yanına gedəndə birdən ağlına gəlir ki, indi Nuridə qonşulara uşağın olmamasında günahın Elxanda olduğunu danışır. O bunu düşünən kimi Nuridənin ölüm hekayəsini quraşdırır. Elə bu adətinə görə ən böyük əzabı onda çəkir. Axı Nuridəni çox sevirdi. Nuridə ilə keçən beş il ərzində nə yaşanmamışdı ki?

Evlilikdən iki il əvvəl o Nuridəgilə elçi göndərmişdi. Doğmaca dayısı qızı olan Nuridəni valideynləri Elxana etibar etmişdilər. Atasının illər əvvəl vaxtsız ölümü, kasıblıq, anasının işsiz qalması, Elxanın da heç bir işdə bəxtinin gətirməməsi onların toyunu iki il ləngitmişdi. Toydan sonra da uşağın olmaması, yenə kasıblıq, ucuz, şəraitsiz kirayə evlərin əziyyəti onları bir-birinə daha da bağlamışdı. O özü də bilirdi ki, Nuridə saf, təmizürəkli, mehriban bir insandır. Nə gedib qonşulara onun qeybətini edəsi, nə də onu bu olanlara görə qınayası deyil. Elə həkimdən çıxan kimi Nuridə demişdi: “Eybi yoxdur, müalicə alarsan bitər. Üç il gözləmişik, mən lap on il də gözləyərəm. Uşaq olmayacaq deyə özümüzü öldürəsi deyilik ki?! Sənin nə günahın var ki?! Kasıblığın üzü qara olsun!”

Nuridə Elxanı sevmirdi. Hələ elçi düşdükləri gün Elxanın bu hərəkətini heç qəbul edə bilmirdi. Sonradan məcburiyyət qarşısında düzgün qəbul etmədiyi bu evliliyə razı olmuşdu. Ona qohumların evlənməsinin səhv addım olması ilə bağlı xeyli misallar çəkilmişdi. Nuridə lap uşaqlıqdan dilsiz-ağızsız biri olub. Məktəb illərində yaxşı oxumağı ilə seçilsə də, məktəbdən sonra təhsilini davam etdirə bilməmişdi.

Elxan Nuridənin evdəki köhnəlib, pas atmış elektrik pilətəsini cərəyana qoşarkən öldüyünü gözü önündə canlandırırdı. Cərəyan onu vurur, heç kim köməyinə gələ bilmir, Nuridənin qorxudan ürəyi partlayıb ölür. Nədənsə belə görürdü bu ölüm hekayəsini. Bu onu çox incitmişdi, uzun zaman özünü bağışlaya bilmədi. Hər dəfə Nuridəni görəndə bu hadisə təfərrüatı ilə təsəvvüründə canlanırdı. Sonra bayıra çıxıb bir siqaret çəkib evə qayıdırdı. Zamanla bunu da, Nuridənin dirilər məzarlığındakı yerinin olmasını da unutdu. Belə unudulmuş məzarlar çox idi. Orada kimlər yox idi ki?

Onu aylarla işlədib pulunu ödəməyən, ya da az pul verən ev sahibləri, taksi sürdüyü zamanlar borc yazdırıb verməyənlər, yolda kobud rəftarları ilə xətrinə dəyənlər, həmişə getdiyi mağazada onun kasıblığına rişxəndlə yanaşan evdən gizlin araq aldığı satıcı, qonşuda birdən-birə əli gətirən, varlanan, sonra da məhəllədən köçən köhnə tanışı, küçədə görəndə xoşu gələn, yatmaq istədiyi qadınlar... Belə insanlar çox idi onun məzarlığında.

Nuridədən sonra bu adətinin bir də onu incidəcəyi heç ağlına da gəlməzdi. Özü də kimin ölümünü düşünürdü?! Nə qədər vaxtdan sonra çətinliklə tapdıqları, canının bir parçasına çevrilmiş uşağının ölümünü düşünmək ona dinclik vermirdi.

Həmin gün Elxan Nuridənin dediklərini xeyli götür-qoy etdikdən sonra özünü həqiqətən uşaq kimi hiss elədi. Sonra Türkandan əl çəkmək qərarına gəldi. Düşündü ki, Türkana heç nə olmaz. Amma elə həmin gün gecə evə qayıdıb Türkanı görəndə yenidən eyni hissləri keçirdi. O Kamaz, Türkanın doğum evinin qarşısında qan içində yerdə çabalaması...

Ani bir qərarla o evi də, Türkanı da, Nuridəni də qoyub qaçmaq istədi. Uzağa, heç kimin onu tapa bilməyəcəyi yerə... Bayıra çıxanda yadına düşdü ki, onlar Elxansız iki-üç günün içində acından ölərlər. Yenidən evə qayıtdı.

Türkan xəfif təbəssümlə fısıldayıb yatırdı. Ay işığı tül pərdələrin arasından süzülüb düz qapının ağzına, Elxanın sifətinə düşürdü. Nuridə onu izləyirdi. Amma qorxusundan bir kəlmə də demirdi. Həm də Türkan yuxudan oyansa, sonra gəl onun nazını çək!

Nuridə nə qədər fikirləşsə də, Elxanın nə etmək istədiyini heç cür başa düşə bilmirdi. Elxan qəfil Türkanın üstünə atıldı. Ağırlığının onu incidəyəciyini, yuxudan ayılacağını, qorxudan dili topuq vuracağını düşünmədən, üstünə atılıb bərk-bərk qucaqlayıb ağladı. Elxanın ağlamağı o qədər ürəkparçalayan idi ki, Nuridə qorxusundan yerindən dik atılıb Elxana sarı qaçdı. Onu Türkanın üstündən qaldırmağa çalışsa da, gücü yetmədi. Eləcə qorxudan yerə sərildi. Elxan dayanmadan ağlayırdı. Türkan onun ağırlığına dözməyib çırpınır, bərkdən çığırırdı.

O gecə olanlardan sonra Nuridə ilə Türkan üçün Elxan tamam başqa adama çevrildi. O gündən sonra təxminən iki ay Türkan anası ilə, Elxan isə Türkanın yerində yatdı və o ölənə qədər də hər ikisi ondan qorxdu. Onun öldüyü günə qədər bunu içlərində gizlətsələr də, Türkanla Nuridə özlərini ondan qorumağa çalışdılar. Nuridə heç vaxt Türkanı evdə Elxanla tək qalmağa qoymadı.

Elxanın da ömrü uzun olmadı...

news-inner-user

12888 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti