news-inner
clock09:00 calendar-gray 11 May 2017 view-gray166 dəfə oxunub
view-gray166 dəfə oxunub

Bircə: “Gələcəkdə adımı açıqlayacam” - MÜSAHİBƏ

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” romanının müəllifi Bircə ilə yazılı müsahibəni təqdim edir.

- Sizinlə bağlı bizə ən çox bu sualı verirlər: Bircə kimdi? Deyəndə ki, özümüz də tanımırıq, inanmırlar. Gəlin elə bu sualdan başlayaq: kimdi Bircə?

- Öncə mənim oxucularla ünsiyyətimə imkan yaratdığınız üçün saytınızın bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. Oxuyub bəyənib axtarışda olan, kitabın növbəti fəsillərini intizarla gözləyən hər kəsə sayğı-sevgimi çatdırıram.

Əslində Bircə elə qarşınızdadı. Yazdıqlarımın hər cümləsindən Bircə boylanır. Bu roman mənim kimliyimin tozlu-torpaqlı arxivlərdən tapılıb çıxarılmış “xəstəlik tarixçəsi”di. Sadəcə sizin sıranızda, cameənizdə yeni ola bilərəm (əlbəttə, əgər qəbul eləsəniz). Axtarsanız mənim kimiləri yüzlərlə, minlərlədi. Məni də kəşf eləyən olmasaydı, başqaları kimi mentalitet qılafına bürünüb ömrümü səssiz-səmirsiz başa vuracaqdım. Mənim kimliyim yazdıqlarımda, düşünürəm ki, yetərincə açıq sərgilənir.

Yeri gəlmişkən, mənə yaşatdığınız bir ilahi zövq üçün də sizə təşəkkürümü bildirmək istəyirəm. Bu yaxınlarda yazıma görə qonorar aldım (yəni siz verdiniz). Redaktorum onu mənə çatdıranda çox əlacsız duruma düşdüm. O pul mənə o qədər müqəddəs, o qədər şirin gəldi ki, bilmədim onunla necə davranım. Mən pulun çoxunu da, azını da görmüşəm, həyatımın bir-iki dönəmini nəzərə almasam, pul sarıdan elə də aclığım olmayıb. Bəzən iki aylıq maaşımı parfüm dükanlarında qoyub çıxmışam (hərçənd indi özümə belə ərköyünlük seansları qıymaq gücündə deyiləm). Ancaq bu pul o pullara bənzəməzmiş, anladım ki, qələm haqqı dünyanın ən ləziz, ən halal, ən təmiz puluymuş. Onun hər qəpiyini öpüb gözümün üstünə qoya-qoya xərclədim. Milyonlarla qonorar alan dünya şöhrətli yazıçıların daddığı zövqün bir zərrəsini mən də daddım. Mənim əlimi bu xoşbəxtliyə çatdırdığınız üçün də minnətdaram sizə.

- Niyə özünüzü gizlədirsiz? Eşitdiyimə görə, ona görə belə eləyirsiz ki, həyatınıza təhlükə olacağından qorxursuz. Doğrudu?

- Ömür vəfa eləsə, bəlli bir zaman kəsiyindən sonra mənə də oxucularımla üzbəsurət görüşmək qismət olacaq. Hələlik belə davranmağa, belə təmas qurmağa məcburam. İstərdim yazımı izləyənlər məni düzgün anlasınlar: bu, bir oyun deyil, həyatın, mühitin bizdən xəbərsiz, bizdən icazəsiz yaratdığı bir gerçəklikdi. Buna görə həyatın da, mühitin də, elə özümün də əvəzindən oxucularımdan üzr istəyirəm.

- “Cəhənnəmdən keçmiş mələk”i yazmaq ideyası necə yarandı?

- Bəlkə də bu, ilk yazıdı ki, hələ yazılmamışdan redaktəsinə başlanıb. Mənim bəxtim onda gətirib ki, çox gözəl müəllimlərim, məni duyan, içimi görən ziyalılar olub. Bunca baş verənlərdən sonra həyatda qalmağımı bir onlara, bir də oxuduğum kitablara borcluyam. Bəzən gün ərzində ruhum yüz təbə düşüb, saatlarla səbəbsiz ağlamışam. Belə çətin anlarda sevdiyim yazıçılar, sevdiyim kitablar olmasaydı, düşdüyüm quyudan çıxa bilməzdim.

Kitabın yaranmasına gəlincə: On beş-iyirmi il qabaq bütün ölkənin tanıdığı məşhur bir həkimin (indi haqq dünyasındadı) yanına gedib-gəlirdim. Rəhmətlik çox həlim insanıydı, həm həkimim idi, həm də dostum. Görüşlərimizin birində mənə dedi: “Sən yaşadıqlarını yazsan, bizim də Virciniya Vulfumuz olar...” O məni inandırmağa çalışırdı ki, başıma gələnləri yazsam, həyatım dəyişəcək: “Sən otur yaz, - deyirdi, - lap adam arasına çıxarmasan belə yaz, - deyirdi, - yazdıqca xoşbəxt olacaqsan”. O söhbətə qədər mən Virciniya Vulfun yalnız adını eşitmişdim. Ancaq həkimim məni nə qədər həvəsləndirsə də, o illərdə mən yazmaq həddinə gəlib çıxmadım, bilmirəm, bəlkə də cəsarətim çatmadı.

Zaman keçdi, mən yenə də yaşadıqlarımı bir nəfərə danışası oldum. Uzun-uzun danışdım, bəzən xahiş, bəzən təkid elədim ki, bunları yazsın. Bəli, bu səfər həmsöhbətim həkim deyildi, yazıçıydı. Həm də onu yazılarını oxuyandan sonra mən özüm axtarıb tapmışdım, nədənsə belə bir inamım vardı ki, mənim həyat hekayətimi, yazsa-yazsa, o yaza bilər.

Həftələr, aylar uzunu o məni səbirlə, təmkinlə dinlədi. Dərdimi danışdıqca rahatlaşırdım, yüngülləşirdim, özümü xoşbəxt hiss eləyirdim. Bir gün qəfildən qayıtdı: “Bütün bu yaşadıqlarını sən özün yazacaqsan!” Bunu eşidəndə elə bildim göy başıma uçdu. Dərin depressiyaya düşdüm, danışdıqlarıma peşman oldum. Elə bildim sirrimi verdiyim adam məni ələ salır, dərdimə gülür. Öz-özümə dedim ki, bir iş görməyəcəkdisə, bu adam məni aylarla niyə, nədən ötrü danışdırırdı?..

Bundan sonra mən əl çəkdim, o, əl çəkmədi; qaçıb gizlənmək istədim, yaxamı əldən buraxmadı. Handan-hana məni inandırdı, mənə cəsarət verdi, istiqamət verdi, oturub yazmağa başladım. Əlbəttə, arxamda duran olmasaydı, bu işə girişməzdim.

- Əsərdə təsvir olunan hadisələrin nə qədəri real, nə qədəri təxəyyül məhsuludu?

- Yazılanlar hamısı olmuş hadisələrdi. Yazmadıqlarım yazdıqlarımdan çoxdu, görünür, onları yazmaq üçün yetərincə “böyüməmişəm”. Ola bilər bir neçə ildən sonra onları da qələmə alım. Hərdən mənə elə gəlir çox tez başladım, bir az da səbir eləsəydim, yaşadıqlarımı daha mükəmməl çatdıra bilərdim. Müəyyən sədləri, cizgiləri indinin özündə də adlamaq gücündə deyiləm.

- Əsər tamamlanıb, yoxsa saytda yayımlandıqca yazırsız?

- Böyük bir hissə yazılıb. Yazılmayan bölümlər də var. Ürəyimdəkiləri içimə səsləndirməsəm, başımda bişirməsəm, yaza bilmirəm.

Düzünü desəm, şəhər həyatı mənlik deyil, burda beynimdəkiləri sapa düzə bilmirəm. Neçə ki şəhərdə yaşamırdım, içimdə bir ayrı qadın da vardı. Bir iş görəndə, tutalım, dolma bükəndə içimdəki qadın mənə elə şeylər danışırdı, gördüyüm işdən usanmırdım. Gündüzlər o məni yedəyində hərləyirdi, gecələrsə bir kürsüyə oturdub, gün ərzində ifçinləyib içimə yığdıqlarını yazmağa məcbur eləyirdi. Şəhərdə yaşayandan o qadın məni tərk elədi. İndi limhalim dolu içimi boşaltmaq üçün, nənəm demiş, Rumu-Şamı dolaşıb qayıdıram.

O qadın yenidən içimdə bardaş qursun deyə gəldiyim o yerlərə nə qədər get-gəl elədim, onun diktəsiylə yazdıqlarımı dönə-dönə oxudum, müqəddəs evlərə, ocaqlara baş çəkdim, hətta kilsəyə gedib İsa peyğəmbərin hüzurunda şam yandırdım... Yenə onu gördüm deyən olmadı. İçimdən mənə layla çalan, bir Allah bəndəsindən eşitmədiyim kəlamları qulağıma pıçıldayan, məni hər bəladan, hər günahdan-çirkabdan qoruyan o qadın qəlbimdəki yuvasına qayıtmadı. Bəlkə şəhərin ab-havası düşmədi ona? Bilmirəm. Bu gün də onun yolunu gözləyirəm. Əslində, indi yazdıqlarım da indi yazdıqlarım deyil, bir zamanlar o pak qadının qulağıma pıçıldadıqlarıdı.

- Bu romandan əvvəl də nəsə yazmısız?

- Uşaq vaxtı şeirlər yazırdım, arabir “Göyərçin” jurnalında, “Azərbaycan pioneri” qəzetində dərc olunurdu. Yazıları redaksiyalara müəllimlərim göndərirdi.

Sonrakı illərdə Ümmülbanunun (Banin) “Qafqaz günləri” avtobioqrafik romanını oxuyanda çox təsirləndim, qadının cəsarəti, istedadı, azad ruhu məni heyran qoydu, onun yazıçı sərbəstliyinə içimdə bir ağ həsəd yarandı. Həmin əsərin təsiri altında mən kodlu, şifrəli gündəliklər yazmağa başladım – evdə hamı nəsə yazdığımı görürdü, axtarıb tapıb oxumağa can atırdılar, ona görə də kodla yazırdım, min adam oxusaydı, orda nə yazıldığını anlamazdı. O gündəlikdə özüm üçün çox dəyərli olan qeydlərim vardı, əfsus ki, həmin dəftəri çantamdan oğurladılar. Bir xeyli xəstə yatdım gündəliyim oğurlanandan sonra, uzun zaman heç nə yaza bilmədim.

Sonralar “Oğluma məktublar” adı altında silsilə yazılar yazdım. Tez-tez naxoşladığım zamanlar idi, hər xəstələnəndə elə bilirdim öləcəm. Ona görə də yaşadıqlarımı məktub üslubunda yazırdım ki, oğlum böyüyəndə oxusun. Sonra gördüm, yox, ölmədim, öləsi olmadım – o məktubları da özüm məhv elədim.

Bir sirrimi də sizə açmaq istəyirəm. Yaşım 30-u keçəndən sonra başladım özümə məktublar yazmağa. Hər qadının xəyalında sevdiyi, sevmək istədiyi bir kişi olur – onun boyunu-buxununu, əllərini, səsini, hətta necə düşündüyünü də qadın özü yaradır xəyallarında. Gerçəkdə hər şey istədiyin kimi alınmır axı; bir insanı dəli kimi sevərsən, amma onun xarakteri, fizionomiyası sənin xəyalındakı kişiyə heç oxşamaz, ayılıb görərsən ki, yanılmısan, ən gözəl illərini yelə vermisən. Xəyalındakı kişi isə həmişə sənin düşündüyündü.

Qısa bir haşiyə çıxım: bir neçə ayın gəlini idim, aş dəmləmişdim. Həyətdən dərdiyim bənövşələri bir boşqab buğlanan düyünün üstünə düzüb ərimin qabağına qoydum. O, boşqaba təəccüblə baxıb gül ağzını açdı: “Bu nədi düzmüsən bura, səyin biri səy, rədd elə, mənə başqa yemək çək”. Sonra da evdəkilərə dedi ki, bəs Müsyö Jordan bizim arvadın qohumuymuş. O yaşda o söz məni yerdən-yerə vurdu. Unutmayın, qadın qulağıyla böyüyür, qulağıyla yaşlanır, qulağıyla da ölür. Ruhunun qulağı acdısa, qadın heç vaxt xoşbəxt olmaz...

Bax, mən də xəyalımda yaratdığım o kişinin adından özümə məktublar yazırdım. Hətta yazanda xəttimi də dəyişirdim. Bir qadın bir kişidən hansı sözləri eşitmək istəyər, sevdiyi kişinin gözündə necə görünməyi arzulayar – elə şeylər yazırdım özümə. O yazılar məni xoşbəxt eləyirdi, çünki onları yazanı özüm seçirdim. Xəyalının kişisi heç vaxt sənə xəyanət eləməz, onun yeməyini necə bəzəsən, səni ələ salmaz... O qədər yazırdım ki, sonda özüm də bu məktubları kiminsə yazdığına inanırdım. Məktubu zərfə qoyub poçt qutusuna atırdım, işlərimi bitirəndən sonra açıb qənimət kimi, tutya kimi oxuyurdum, ac ruhumu belə-belə doyuzdururdum. O məktublardan biri bacımın əlinə düşmüşdü, oxuyub həm sevinmişdi, həm də qorxmuşdu; elə başa düşmüşdü bunu mənə hansısa kişi yazıb. Mən də ona həqiqəti deməyə qorxmuşdum, düşünmüşdüm yazıqdı, elə bilər havalanmışam. Bacım da ondan qorxmuşdu ki, bu məktublar qardaşlarımın əlinə düşər, məndən bədgüman olarlar.

- “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanını kitab şəklində görə biləcəyikmi?

- İnşallah, yaxın zamanda romanın birinci bölümü kitab halında nəşr olunacaq. Redaktorum bununla bağlı lazım olan işləri tamamlayıb. Üz qabığının görünüşü məsələsində hələlik razılığa gələ bilməmişik. O, kitabın üzündə Rembrandtın məşhur bir rəsmini görmək istəyir. Amma mən bundan narahatam, qorxuram bəzi oxucular o şəklə görə kitabı ürəklə alıb evlərinə apara bilməyələr.

- “Cəhənnəmdən keçmiş mələk” qısa zamanda xeyli populyarlaşdı. Əsərin belə geniş oxucu kütləsinə yayılacağına inanırdız?

- Bu yazının nə nəşrinə, nə də seviləcəyinə inanırdım, çünki mən onu hikkədən-hovurdan, acıqdan-kindən yazmışdım. Aylarla məni dinləyən adam “özün yazmalısan” deyib bir anda sanki arxamdan çəkildi. Bilirsiz bu nəyə bənzəyirdi? Elə bil hələ bişirib-düşürməyi bacarmayan bir cavan gəlin lazım olan ərzağı götürüb gedir təcrübəli qonşunun üstünə ki, kömək elə mənə aş dəmləyək. Qonşu da aş dəmləməyin yollarını səbirlə ona başa salandan sonra bəzənib-düzənib gedir toya. Gəlin də qonşunun qarasınca deyinə-deyinə, ərzağının üstündə əsə-əsə aşını dəmləyir, Novruzəli poçt qutusundan aralanmayan kimi qazanın marığına yatır. Bu arada qonşuya da göstərmək istəyir ki, sən düşündüyün qədər də aciz deyiləm. Bax, həyat dastanımın arzuladığım müəllifi əlimdən çıxandan sonra mən bu yazını o acıqla, o hikkəylə yazdım...

Bir səhər redaktor zəng vurdu ki, yazı sayta qoyulub. Kompüteri açdım, yer-göy başıma fırlandı, qulaqlarım uğuldadı, yenə ağzıma qan dadı, burnuma qan qoxusu doldu. Bəlkə on dəfə telefona əl atıb bacımın nömrəsini yığmaq istədim (bacım bu gün də yazı barədə heç nə bilmir), az qalmışdı özümü ələ verim. Evin içində dəli kimi vurnuxurdum, özümü divarlara, qapılara vururdum ki, bəlkə bu yuxudan ayılam. Nizamini, Üzeyir bəyi tanımayan bir bacılığım var, onu çağırdım ki, gəl məni bir sakit yerə apar. Dənizin ləpədöyəninə yeriyib kimsəsiz sahildə qışqıra-qışqıra ağladım, duzlu suyu şappaşap üzümə vurdum. Su bəhanəydi, əslində ayılım deyə üzümü şillələyirdim. İllərlə boynuburuq gözlədiyim sahilə xəyal gəmim yan almışdı, günəşin soldurduğu xəyal yelkənimin qanadları görsənirdi. Dənizə aramsız çilənən o çiskin indi mənim içimə yağırdı. Həmişə intizarla baxdığım o göylərə üzümü tutub ulayandan sonra maşına oturub geri qayıtdım. Yol boyu gözümü göydən çəkmədim, elə bildim ordan bir baş mənə doğru uzanıb bütün olanlar üçün halallıq istəyəcək. Evə çatanda bacılığım dedi: “Anandı da, yad deyil ki, belə eləmə, ürəyin yarılar...” Yazıq bu gün də bilmir ki, onda mənə nə olmuşdu. Beləcə, özümü sakitləşdirəndən sonra oturub saytdan ilk fəsli oxudum. Düz iki gün bədənim əsim-əsim əsdi, iki gün gözümün yaşı dayanmadı.

İndi daha qəribə bir situasiyanın içindəyəm: tanış-bilişin, yan-yörəmdəki adamların bir qismi bu yazını saytlarda izləyir, paylaşır, bir qismi kağıza çıxarıb özü oxuyandan sonra başqalarına da ötürür, oturub müzakirə eləyirlər. Hərdən mən də onlara qoşulmaq, fikir bildirmək, yanlış ehtimallara aydınlıq gətirmək istəyirəm. Ancaq dillənə bilmirəm. Onların yuxusuna da girməz ki, bu yazını yazan mənəm. Özümü bic doğmuş qadın kimi hiss eləyirəm, bilmirəm qucağımdakı qundağı götürüb kimin üstünə gedim. Sizcə, bu da bir növ işgəncə deyilmi?..

- Deyəsən, qadın oxucularınız daha çoxdu...

- Buna sevinirəm. Sosial şəbəkədə xanımlar bəzən məni feminist, bəzən də kişi kultunun təsiri altında olan biri kimi gördüklərini yazırlar. Burdan onlara səslənmək istəyirəm ki, mən kişilərə qarşı cəbhə açmamışam, onlarla heç bir düşmənçiliyim yoxdu. Qadın dediyimiz fədakar olmalı, qurban verməyi bacarmalıdı. Gəlin görək dünyada ancaq qadınlar yaşasaydı, həyat necə olardı? Bir qadın nə zaman gözəlləşir, həyatı, güzəranı daha işıqlı olur – əlbəttə, anaya çevriləndə, arxasında onu sevib yolunda hər cəfaya dözən bir kişi olanda. Mənə verdiyiniz bu fürsətdən yararlanıb bütün qadın oxucularıma sayğı-sevgimi göndərirəm. Öyüd verməyə ixtiyarım çatmasa da, onlara demək istəyirəm ki, bacılarım, məncə, qadın bir az rəhmli, bir az səbirli olsa yaxşıdı. Unutmayaq ki, kişi qadına təkcə problem yaratmır; bizi analıq zirvəsinə ucaldan, etalona çevirən də kişilərdi. Qadına təkbaşına ana olmaq qüdrəti verilməyib. Kişi sıfırın önündəki rəqəmdi...

- Bundan sonra da əsər yazmağı düşünürsüzmü?

- Qadın taleləri ilə bağlı çoxlu qeydim var. İnşallah, onların da üzərində işləyəcəm. Bir maraqlı iri yazı da beynimdə çoxdan hazırdı. Həyat aman versə, onu da yazmaq istəyərəm.

Qeyd: Bircəyə oxucular da sual ünvanlayıb. Həmin sualların bəzisini cavabları ilə birlikdə təqdim edirik.

- “Dostum” deyə müraciət etdiyiniz adam kimdi?

- Dost dediyim xəyalımda yaradıb adından özümə məktublar yazdığım mücərrəd kişi obrazı da ola bilər. Yüz illərdi inanclı kimsələrin zühuruna ümid bağladığı Sahib-əz-zaman da ola bilər. Müsəlman dünyasının ilk sufilərindən biri xanım Rəbiyyənin sevdasıyla tutuşduğu Allah da ola bilər. Bir rahibənin monastırda səbirlə yolunu gözlədiyi Tanrı oğlu da ola bilər. Nəhayət, günümüzün içindən bizimlə çiyin-çiyinə keçən, hər gün yanından ötdüyümüz, basabasda ayağını tapdadığımız, bəzən çox asanlıqla qayçılayıb özümüzdən qopardığımız sadə bir Allah bəndəsi də ola bilər...

Onu da deyim ki, dərgahına üz tutduğum, başımı dizinə qoyub ömür dastanımı danışdığım Dost olmasa, mən bu yazını yaza bilmərəm. İllər öncə gecələr adından özümə məktublar yazdığım, səhərlər məktublarını əllərim əsə-əsə açıb yanğıyla oxuduğum Dostum...

Sonralar özümə məktub yazmağı tərgitdim, amma poçt qutumuzu hər gün yoxlayırdım. Bilirdim o qutu boşdu, yerdə-göydə mənə məktub yazası bir kimsə də yoxdu, ancaq yenə, yenə axtarırdım. Allah bələdiyyənin dadına çatsın, sökdü yeşikləri, mənim də canım qurtardı.

- Əsər avtobioqrafik olduğundan daha çox maraq doğurur. Hazırda neçə yaşınız var? Bütün bunları gündəlikləriniz, yaddaşınız əsasında sonradan qələmə almısız, yoxsa baş verdikcə yazırdız?

- Artıq çoxdan gənc deyiləm. Amma hər qadın kimi mənim də içimdə bir məsum qız yaşayır. Hələ də uşaqlara qoşulub evcik-evcik oynaya bilirəm, uşaqlıq hobbilərimdən hələ də əl çəkməmişəm. Tısbağalara sevgim də o uzaq illərdə necəydisə, eləcə qalıb.

Bayaq dediyim kimi, kimsə anlamasın deyə kodlarla, şifrələrlə yazdığım gündəliklər oğurlandı. İndi yazdıqlarımı yaddaşıma güvənib yazıram. İllər öncə qələmə alıb orda-burda gizlətdiyim esselər də bəzən köməyimə gəlir. Romanın birinci bölümündə uşaqlığımla yeniyetməliyimin arasındakı çox maraqlı bir dövrün üstündən çaparaq keçmişəm, inşallah qarşıdakı hissələrdə o günlərə tez-tez baş vurub qayıdacam. Mənim uşaqlığımın işıqla, sevinclə dolu günləri də az olmayıb, sadəcə, o zaman bunu aydın dərk eləməmişəm. Ata evinə qayıdandan sonra o bəxtəvər günlərin qədir-qiymətini daha yaxşı bildim.

Mən kitab-dəftər, qəzet-jurnal içində böyümüşəm. Qardaşlarımın çox zəngin kitabxanası vardı. Böyük qardaşımla böyükdən kiçik qardaşım kitablarını bir-birindən qoruyur, ayrı-ayrı otaqlarda saxlayırdılar. Bütün günü bu onu, o bunu güdürdü ki, birdən onun kitabı bununkuna qarışar. Çox sonra, yaşlı vaxtlarında kitabxanaları birləşdirdilər. Hələ məktəbə getmədiyim vaxtlarda Nəsiminin, Füzulinin qəzəllərini, Vurğunun, Müşfiqin şeirlərini qardaşlarımın dilindən eşidib əzbərləmişdim. Səhərlər onlar ikitaylı əlüzyuyanın o tay-bu tayında qarşı-qarşıya dayanıb yuyuna-yuyuna, üzlərini qırxa-qırxa bir-birinə şeir deyərdilər. Dedikləri bircə-bircə mənim yaddaşıma həkk olunardı. Kozettanı, Jan Valjanı, Qorio atanı onların müzakirələrindən, mübahisələrindən tanımışdım, ondan sonra məndə Balzakın, Hüqonun əsərlərini oxumağa həvəs yaranmışdı. Soyuq qış axşamlarında qardaşlarımın evdə keçirdiyi disputların, musiqili gecələrin dadı damağımdan hələ də getməyib.

- Niyə məhz Bircə? Bildiyimə görə, ailədə yeganə övlad, yaxud tək bacı olanları Bircə deyə çağırırlar. Bircə adınızdı, ya təxəllüsünüz?

- Çoxuşaqlı ailədə doğulmuşam. Atamgil dörd qardaş olublar, məndən qabaq o qardaşlardan heç birinin qızı olmayıb. Adımı qoymaqdan ötrü bir ordu kişi məşvərətə yığılıb. Atam, əmilərim, qardaşlarım, əmim oğlanları... hərəsi bir ad deyib. Nənəm hamını sakitləşdirmək, heç kimin xətrinə dəyməmək üçün püşk atıb. Hər kəs təklif elədiyi adı yazıb nənəmin torbasına salıb, ordan da mənim adım çıxıb. Bircə həm adımdı, həm təxəllüsüm.

Sosial şəbəkədə mənimlə ünsiyyət quran bəzi oxucular problemlərimin kökünü sevgisiz böyüməyimdə axtarırlar. Bəzi canıyananlar bir az da irəli gedib ailəmizi, mənim doğmalarımı aşağılayan sözlər yazırlar. Başa düşürəm, onlar bununla mənim ağrılarımı bölüşməyə çalışırlar. Ancaq sizi inandırım ki, mənim problemlərim istənməməkdən yox, həddindən çox istənməkdən yaranıb həmişə. Doğmalarım məni çox istədiklərinə görə hamıdan qoruyurdular, bir an gözdən qoymurdular. Ancaq anlamırdılar ki, bunca istək məni bədbəxt eləyir, məni öldürür. Şekspirin Otellosu Dezdemonanı istədiyindən boğmadımı? Şillerin qaçaq Mooru Amaliyanın köksünə bıçağı istədiyindən saplamadımı? Dostoyevskinin Roqojini Nastasya Filippovnanı istədiyindən öldürmədimi?..

Çox arzulayırdım bir qadın dostum olsun. Anamınsa pozulmaz, bütün zamanlar, bütün məkanlar üçün dəyişməz bir devizi vardı: “Ərli qadınla dostluq eləyə bilməzsən – əri sənə tamah salar; ərsiz qadınla da dostluq eləyə bilməzsən – səni yoldan çıxarar”. Yuxarıda haqqında danışdığım, Nizamini, Üzeyir bəyi tanımayan o qadınla bir təsadüf nəticəsində dost münasibətim yarandı. Daha doğrusu, qadın özü məndən əl çəkmədi, mənə sığındı (işə bax, məndən də sığınacaq olarmış). Mən onunla münasibətimi uzun zaman doğmalarımdan gizlədim. İndi siz taleyin mənlə necə məzələndiyinə baxın: xeyli sonra məlum oldu ki, bu qadın əvvəllər qardaşlarımdan biriylə yaxın ünsiyyətdə olub. Bu işin üstünün açılmağı mənim başımı çox ağrıtdı, məni əzizlərimin gözündən saldı. Halbuki mən tanıyandan o qadın halal zəhmətiylə dolanır, kimsənin köməyi olmadan övlad böyüdür. Biz yenə tez-tez görüşürük; son dəblə geyinən, bahalı maşın sürən bu yaraşıqlı qadının ağlına belə gəlməz ki, mən kitab yazıram. Hətta sirrimi açıb desəm belə mən onu başa sala bilmərəm ki, bu işi niyə, nə məqsədlə görürəm.

- Bircənin həyatının bir qadın tərəfindən qələmə alındığına inana bilmirəm. Çünki bəzi hadisələr heç də qadın gözüylə görülmüş kimi təsvir olunmur. Sanki qadın ümumi olaraq danışıb, detalları isə öz təxəyyülünə əsasən kişi tamamlayıb.

- Eyhamınızı anladım. Sosial şəbəkədə mənə bu sualı çox verirlər. Mən bu ilk müsahibəmdə öz imzamın vəkili qismində çıxış eləmək istəməzdim, heç özümü müttəhim yerinə də qoymaq istəməzdim. Kimsə bu yazının bir qadının qələmindən çıxdığına inanmırsa, demək, o heç vaxt qadın olmayıb. Əlbəttə, bunu deməklə mən öz redaktorumun zəhmətini yerə vurmuram. Ancaq onun mənim ömür dastanımın müəllifliyindən imtina eləyib redaktorluğunu boynuna götürdüyü vaxt dediyi sözlər indi də qulağımda cingildəyir: “Axı mən qadın olmamışam, doğmamışam, uşaq əmizdirməmişəm. Bilmirəm o dönəmlərdə qadın hansı hissləri keçirir. Bunları özün yazsan, daha maraqlı olar...”

Fəxri bəyin (Fəxri Uğurlunu nəzərdə tutur-red.) bir ədəbi proqnozunu da sizinlə bölüşmək istəyirəm (ancaq bilmirəm buna səlahiyyətim çatırmı). Söhbətlərin birində o dedi ki, Floberin “Madam Bovari”sindən sonra Avropa ədəbiyyatında qadın taleyindən bəhs eləyən çoxlu bədii əsər yarandığı kimi, bu yazının dərcindən sonra bizim də cəmiyyətimizdə qadınların özlərini ifadə eləmək həvəsi artacaq. Düz deyirmiş. Artıq bir xeyli qadın öz taleyinin epizodlarını, başına gələnləri yazıb ünvanıma göndərib. Bəziləri təkidlə istəyir ki, yazdıqlarını çap elətdirim. Onların bu qadın ərki mənə çox böyük zövq versə də, istəyirəm bilsinlər ki, mən elə bir səlahiyyət yiyəsi, ixtiyar sahibi deyiləm. O xanımlara yalnız bir vəd verə bilərəm: qadın talelərindən bəhs eləyən gələcək yazılarımda, inşallah, onların yazıb göndərdiklərini də nəzərdən qaçırmayacam.

- Çox gözəl əsərdi. Başqa əsərləri də varmı?

- Bu suala yuxarıda ətraflı cavab vermişəm. Mənim təqribən yarım əsrini yaxşı xatırladığım bütün həyatım canlı-canlı yaşadığım komik, tragik, fantastik bir əsərdi. Görünür, həyatın yaratdığı bu əsərin ədəbiyyata köçürülmək zamanı yetişib. Ancaq həyatım nə qədər fantastik olsa da, onun ədəbi versiyasında reallıqdan kənar bir cizgi belə yoxdu.

- Romana niyə “Cəhənnəmdən keçmiş mələk” adı vermisiz?

- Hər qadının içində bir mələk oturub. Bizim bədənimiz o mələyin can evidi. Qadın inciyəndə, ağrıyanda, zülm çəkəndə içindəki mələyin evi xarabazara çevrilir, cəhənnəmə dönür. Romanı səbirlə izləyin, sonra da hesablayın görün mən o cəhənnəmin neçə qatından keçmişəm...

news-inner-user

12846 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Mənim sevmədiyim futbol - Şərif Ağayarın yazısı
20:44 16 Oktyabr 2019
“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
18:21 16 Oktyabr 2019
Şabanın oğlunun ata uğursuzluğu – “Hərəkət səkkiz” filminin pərdəarxası
17:44 16 Oktyabr 2019
Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
17:11 16 Oktyabr 2019
Sən günahkar deyilsən, Zeynəb – Yeni İmza
16:30 16 Oktyabr 2019
“Bir şeir” yarışmasının qaliblərinə mükafatlar təqdim olunacaq
15:53 16 Oktyabr 2019
Yarışmanın 10-luğu açıqlandı – Siyahı
14:38 16 Oktyabr 2019
Bakı Beynəlxalq Animasiya Festivalının proqramı bəlli oldu
14:01 16 Oktyabr 2019
Kukla Teatrında ustad dərsləri davam edir
13:21 16 Oktyabr 2019
Koko Şanel haqqında yeni film çəkildi
12:40 16 Oktyabr 2019
Akif İslamzadənin atasının intiharı
12:10 16 Oktyabr 2019
Yoldaşım bu yazını oxuyub dava salacaq
11:34 16 Oktyabr 2019
Azərbaycanlı yazarın Türkiyədə kitabı nəşr olundu
11:08 16 Oktyabr 2019
Özünü pəncərədən aşağı atacaqdı – Buker qalmaqalı
10:35 16 Oktyabr 2019
Salvador Dalinin əsəri oğurlanıb
10:02 16 Oktyabr 2019
Qadınlarla bir yerdə işləmək olmur – Günel Natiq yazır...
09:01 16 Oktyabr 2019
Filmlərimiz Seulda nümayiş olunacaq
18:44 15 Oktyabr 2019
Yarışmanın layk qalibi Sonuncu Orxan oldu
18:01 15 Oktyabr 2019
Cetonia Aurata Mənəm! – Şamxal Həsənovdan hekayə
17:30 15 Oktyabr 2019
Xalq Mahnıları Festivalı başa çatıb
16:39 15 Oktyabr 2019