Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə
12 may 2026
# 15:54

Dünyanın ən məşhur və nüfuzlu "Vogue" jurnalı onu dəb dünyasında "parlamağa başlayan ulduz" adlandırıb. Moda üfüqündə bərq vuran həmin ulduz gürcüstanlı soydaşımız Qalib Həsənovdur. O, bu yaxınlarda gənc modelyerlər üçün dünyanın ən əsas müsabiqəsi olan "LVMH Prize" mükafatının finalçısı olub. Qalib Həsənov Gürcüstandan bu uğura nail olan ikinci dizaynerdir. İlk dizayner 2015-ci ildə hazırda İtaliyanın “Gucci” moda evinin kreativ direktoru Demna Qvasaliya olub.

Soydaşımız ötən il Azərbaycan Mədəniyyət Nazirliyi və İtaliyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Milan Moda Həftəsində "Institution" brendi altında kolleksiyası ilə uğurlu debüt edib.

İstedadlı gənc dizayner 7-10 may tarixlərində Tbilisidə keçirilmiş Mercedes-Benz Moda Həftəsində fərdi sərgisi ilə çıxış edib. Sərgidə onun "Borçalı" adlı kolleksiyasından nümunələr təqdim olunub. Soydaşımızın əl işləri, xüsusən də xalçalardan hazırlanan libasları moda həftəsinin ziyarətçilərinin xüsusi diqqətini cəlb edib.

APA-nın Gürcüstan üzrə müxbiri Qalib Həsənovla sərgi məkanında həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik.

İnternetə çıxışım olandan sonra sanki özümü tapdım

- Qalib bəy, ilk olaraq dizayner peşəsinə marağınızın haradan qaynaqlandığını maraqlanmaq istəyirəm.

- Uşaqlıq dövrümdə əslində dəbin və dizaynın nə olduğunu dərk etmirdim. Kənd yerində böyüdüyümdən ailəmdə və ətrafımda bunlarla bağlı məlumat yox idi. Dizaynerliyin hansısa bir peşə olduğunu, geyimlə özünü ifadə etməyin mümkünlüyü barədə təsəvvürə malik deyildim. Sadəcə olaraq marağım o yöndə idi və buna ad qoya bilmirdim. Buna görə də teatra və yaxud kinoya yönəlirdim, incəsənətin fərqli növləri məni maraqlandırırdı. Boya-başa çatdıqca, haradasa 13-14 yaşımda və bir də internetə çıxışım olandan sonra araşdıra-araşdıra sanki özümü tapdım. Anladım ki, belə bir iş mümkündür və bu istiqamətdə öz üzərimdə çalışmağa başladım. Artıq 14-15 yaşımda özümə sakitcə söyləyə bilirdim ki, bu hansısa istiqamətdir və bunu davam edə bilərəm.

Kənddən çıxmağım üçün gürcü dilini bilməliydim

- Əslən Qardabani rayonunun Qaracalar kəndindənsiniz. Qaracalardan Milana aparan yol necə başlayıb?

- Qaracalarda Azərbaycandilli məktəbi bitirmişəm. Gürcü dilini əlavə dərs olaraq almışam. Çünki ailəmdə həmişə düşünürdülər ki, dövlət dilini mütləq bilməliyəm. Məncə, çox yaxşı seçim oldu. Amma digər tərəfdən dilləri öyrənməyə xüsusi sevgim var. Bir də ki, düşünürdüm ki, Qaracalardan çıxmaq, hansısa addım atmaq üçün gürcü dilini bilməliyəm. Bu da yolumun bir hissəsi idi.

Milana aparan yol 2013-cü ildə başlayıb. 18 yaşım vardı. Gənc dizaynerlər üçün BENEXT beynəlxalq incəsənət və dəb müsabiqəsi keçirilirdi. Həmin müsabiqəyə qatıldım və birillik təqaüd aldım.

Qrant sayəsində Milana getdim. Təhsilimi başa vurandan sonra akademiya ikinci il üçün də mənə qrant təqdim etdi. Qalıb davam etdim. Təhsildən sonra bir neçə təcrübə proqramlarında iştirak etdim və çalışmağa başladım. 13 ildən sonra BENEXT müsabiqəsinə münsif üzvü kimi dəvət edildim və bu, mənim üçün çox qürurverici hal idi.

- 13 ildir Milanda yaşayırsınız. Maraqlıdır, dünyanın dəb və dizayn paytaxtında yaşayınızı necə təmin edirsiniz?

- Əslində sadəcə olaraq kolleksiyanın nümayişi heç bir gəlir gətirməyən sahədir. Gəlir əsasən sifariş və yaxud əlavə layihələrdə olur. Başqa brendlərin kolleksiyalarının yaradılması üçün dizaynerə ehtiyac yaranır. Kolleksiyanı mənim hazırladığım açıqlanmır, sadəcə olaraq fərqli şirkətlər üçün kiçik komandamla layihələrə cəlb olunuram. Komandam ikisi italyalı, biri gürcü olmaqla üç nəfərdən ibarətdir.

Ledi Qaqa libasımı çəkiliş üçün istifadə edib

- Əl işlərinizi Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə ediblər. Sizcə, onları hazırladığınız libaslara cəlb edən nədir?

- Bu cür məşhurların geyimlərini qarderob stilistləri idarə edirlər. Belə ki, onların özlərinin şəxsən bununla məşğul olmağa vaxtları olmur. Qarderobu idarə edən şəxslər hansısa şou və yaxud nümayişdən fotolar vasitəsilə bizimlə əlaqə saxlayırlar. Ya sifariş edirlər və ya nümayişdə göstərdiyimiz hansısa bir nümunəni istəyirlər və biz də göndəririk. Hansısa bir layihə üçün müvəqqəti istifadə edildikdən sonra geri qaytarılır. Məsələn, Ledi Qaqa bir geyimimi "The Hollywood Reporter" jurnalı üçün çəkilişdə istifadə edib.

- Bu cür iş birliyi sizə bir dizayner kimi hər hansı bir gəlir gətirirmi?

- Məşhurlar heç bir ödəniş etmirlər. Biz tərəfdən də ödəniş olmur. Əsas məsələ logistikanı təmin etməkdir. Çatdırılma xərclərini adətən biz, geri qaytarma xərclərini isə qarşı tərəf qarşılayır. Bu cür iş birliyi tanıtım gətirə bilər. Hər hansı bir məşhurun dizayneri olduğum əlbisədən istifadə etməsi onun satışlarına xüsusi bir təsiri yoxdur. Bu, sadəcə müəyyən inam yaradır ki, filan məşhur libasımı geyinib. Açığını söyləsəm, bunun karyerada xüsusi yeri olmur. Media bu barədə davamlı yazır, amma müəyyən vaxtdan sonra normal hala çevrilir.

- Əl işlərinizdə Borçalı xalçalarının elementləri üstünlük təşkil edir. Bu cür libaslara dəb aləmində maraq necədir?

- Maraq böyükdür. "Borçalı" kolleksiyama aid xalçadan olan üç geyim ötən ilin fevralında hazırlanıb. Onları hansısa məşhurun geyimi olaraq görmürəm. Amma çəkilişlər üçün artıq müraciətlər alıram. İtaliyada bir neçə layihədə çəkilişlər üçün artıq istifadə olunub və növbəti aylarda işıq üzü görəcək.

Borçalı xalçaçılıq ənənələri itməkdədir

- Xalçaların geyimə çevrilməsi prosesi necə baş verir?

- Hazırladığım geyimlər xalçanın özüdür. Onları Qaraçöp bölgəsində və Kosalar kəndindəki toxucular toxuyur. Şəxsən onlarla görüşürəm, axtarışlar edirəm. Bu bir növ iş birliyidir. Ölçüləri verirəm, onlar isə toxuyurlar. Orijinal ornamentlər saxlanılır və heç bir dəyişiklik etmirəm. Necə var elə də nümayiş etdiririk. Naxışlarla bağlı o qədər də bilgim yoxdur. Bu barədə toxuculardan maraqlanıram, onlar da analarından, nənələrindən öyrəndiklərini mənimlə bölüşürlər. Mən əsasən toxuma texnikası ilə maraqlanıram. Borçalı xalçaları qəliz toxunuşa malikdir. Mən xalça toxuya bilmirəm. Bir az bacarıram. Amma toxumağı yaxşı öyrənməyi çox istəyirəm, lakin təəssüf ki, vaxt hələ imkan vermir.

- Niyə seçiminiz məhz Borçalı xalçaları olub? Bu xalçalarda sizə özünə cəlb edən əsas məqamlar hansılardır?

- Əsas məqam ondan ibarətdir ki, gözümü açandan yerdə, divarlarda xalçalar görmüşəm. Xalça üstündə böyümüşəm. Xalçalar çox doğma idi. Bir də ki, Gürcüstanda Borçalı xalçaçılıq ənənələri təəssüflər olsun ki, itməkdədir. Sadəcə bir neçə toxucu qadın qalıb. İşlərimlə bu reallığı da çatdırmaq istəmişəm. Bəlkə gənc nəsildə hansısa maraq oyandı, nəsildən-nəslə ötürülməsinin mümkün olması üçün xalçanın toxunma texnikasını öyrənməyə maraqları yarandı. Azərbaycanda "Azərxalça" və digər qurumlar xalçaçılıq sənətinin yaşadılması və təbliği istiqamətində fəaliyyət göstərirlər. Lakin Gürcüstanda isə bu sahə ilə heç bir qurum məşğul olmur.

Azərbaycandakı toxucularla iş birliyi

- Mercedes-Benz Moda Həftəsində iştirakınız necə baş tutub?

- Həftədə iştirakla bağlı təklifi karyeramı başladığım BENEXT tərəfdən oldu. Bu müsabiqənin təşkilatçıları ilə sıx əlaqə saxlayıram. Onlara çox minnətdaram. Gürcüstana həm ailəmi ziyarət, həm də Borçalı ilə bağlı araşdırmalar etmək üçün arada səfər edirəm. Onlar gəldiyimi bildilər və moda həftəsində iştirak etməyimi təklif etdilər. Borçalı kolleksiyamı yeni təqdim etmişəm. Borçalı Tbilisiyə yaxın olsa da, paytaxtda hiss olunmur. Həftədə iştirakım bu kolleksiyanı göstərmək üçün yaxşı fürsət oldu. Tbilisidə bir neçə işim təqdim olunub, lakin bu, Tbilisidə ilk fərdi sərgimdir.

Mən Milan Moda Palatasının üzvüyəm. Əl işlərimi Milanda istehsal edirəm və orada da nümayiş etdirirəm. Avqustun 5-də Kopenhagendə yeni kolleksiyamı nümayiş etdirəcəyəm. Hər zamankı kimi adət-ənənələrimizi xüsusi vurğulayacağam. Mən yalnız azərbaycanlı deyiləm, Gürcüstan azərbaycanlısıyam. Bu, mənim üçün xüsusi nöqtədir. Avropalılar bunu o qədər anlamır. Bu nüansı, kontrastı göstərmək çox maraqlıdır. Bütün gələcək işlərim də buna həsr olunacaq.

Azərbaycandakı toxucularla müəyyən iş birliyim olub. Masallı və Lənkərandan olan həsir toxucuları ilə layihələr həyata keçirmişəm. Ötən ilin sentyabrında Milanda təqdim olunub. Hazırda onlarla yeni layihə üzərində işləyirəm. Bu barədə hələ açıqlama vermək istəmirəm.

Gördüyüm iş yalnız mənim deyil

- Qalib bəy, adətən dizaynerlər brendlərini öz ad və yaxud soyadları ilə adlandırırlar. Sizdə isə belə deyil. Niyə məhz "Institution"?

- Brend üçün öz adımın istifadəsini istəmədim. Çünki gördüyüm iş yalnız mənim deyil. Geyimlər üçün istifadə etdiyim materialları toxucu qadınlar toxuyurlar. Onları öz adım altında təqdim etməyim hansı bir etikaya sığar? İdeya o idi ki, hansısa qurum altında fərqli texnikaları, tarixi və itməkdə olan naxışları birləşdirib müasir formaya salaq. "İnstitution" qurum anlamındadır. Fəaliyyətimə komanda işi kimi baxıram. Çünki həmişə danışanda mən hazırladım deyil, biz elədik söyləyirəm.

- Həmvətənlərinizin və ümumiyyətlə azərbaycanlıların sizə rəğbətini hiss edirsiniz?

- Bəli. Çox adam yazır, əlaqə saxlayır. Pozitiv şərhlər alıram, qürur hisslərini ifadə edirlər. Hər zaman onlara təşəkkür edirəm. Doğma hiss oyatmaq mənim üçün xoşdur. Amma əslində gördüyüm iş bunun üçün deyil. İşim Gürcüstanı Avropada tanıtmaq və özümü, haradan və kim olduğumu, kimliyimizi tanıtmaqdır. Bu da əgər müsbət nəticə verirsə, məni xoşbəxt edir.

- Bu yaxınlarda nüfuzlu "LVMH Prize" mükafatının finalçısı olmusunuz. Qalib 400 min avro məbləğində mükafat əldə edəcək. Bu mükafatı qazanacağınız halda necə sərf edəcəksiniz?

- Müsabiqənin finalı sentyabrın 4-də olacaq. Doqquz finalçı var. Münsiflər heyəti qarşısında təqdimatlar olacaq və qalib elan ediləcək. Qalib gəlsəm, məbləği necə sərf edəcəyim barədə sualı mənə çoxları verir (gülür). Pul mükafatını Fransanın böyük şirkəti təsis edib. Mükafat brendin inkişafı üçün nəzərdə tutulub. Əsas suallardan biri məbləğin biznesin inkişafı üçün necə istifadə ediləcəyi ilə bağlı olacaq. Strateji biznes plan təqdim edəcəyəm və əgər onları qane etsə, kreativ tərəfləri və potensial görsələr, mükafatı qazana bilərəm. Ancaq maliyyə direktorları mentor olaraq mükafatı qazanacaq dizaynerlə bir növ bərabər addımlayacaq. Yəni məbləğin xərclənməsi üçün onların təsdiqləri tələb olunacaq və onların nəzarəti altında həyata keçiriləcək.

Hələ qət ediləcək yol var

- 31 yaşınız var. Hazırda özünüzü karyeranızın hansı mərhələsində hiss edirsiniz və gələcək hədəfiniz nədir? 10-15 ildən sonra özünüzü harada və necə görürsünüz?

- Hazırda özümü karyeramın başlanğıc mərhələsində hiss edirəm. Hesab edirəm ki, hələ qət ediləcək yol var. Bir də hələ çox şey öyrənmək istəyirəm. 10-15 ildən sonra özümü gördüyüm işlə məşğul olaraq xoşbəxt hiss etmək istəyirəm. Mənim üçün əsas budur. Çünki işimi yük olaraq görmək istəmirəm. Əksinə işimlə zövq ala-ala məşğul olmağı arzulayıram.

Fəaliyyətimlə bağlı gələcək istəklərim ayrı-ayrı ölkələrdə, müxtəlif etnik qruplara aid fərqli toxuma texnikalarını öyrənməklə bağlıdır. Sadəcə buna hələ nə maliyyə, nə də vaxt imkan verir. Ümid edirəm ki, zamanla bu istəklərimi həyata keçirə biləcəyəm. Çünki öyrənmək heç zaman bitmir. Əsas odur ki, öyrənməyə istəyin olsun.

# 82 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər