"Xəstəliyimizin müalicəsi həkim reseptindən asılı deyil..." - Niyə labirintdən çıxa bilmirik?

"Xəstəliyimizin müalicəsi həkim reseptindən asılı deyil..." - Niyə labirintdən çıxa bilmirik?
14 may 2026
# 11:30

Kulis.az Əbülfət Mədətoğlunun "Çıxa bilmədiyim labirint: Psixozdakı həyat və ölüm mücadiləsinin cizgiləri" yazısını təqdim edir.

(Yazıçı, millət vəkili İmamverdi İsmayılovun əsəri haqqında düşüncələrim)

Etiraf etməliyəm ki, son illərdə bu ağırlıqda, bu tutumda yazı oxumamışdım. Və son illərdə sözün altında, fikrin burulğanında batıb qalmamışdım. Amma indi elə batmışdım ki, nəfəs almağım da çətinləşmişdi. Öz-özümə hətta niyə oxudum bu əsəri, niyə birinci abzasından qatlayıb qoymadım bir kənara bu qəzeti deyə suallar da keçirtdim ürəyimdən. Sizə bu halım, bu düşüncəm qəribə gələ bilər, amma bir olan Allah şahiddir ki, mən təkrar-təkrar həm də günün müxtəlif saatlarında, özümün müxtəlif ovqatlarında oxudum bu povesti. Hər dəfə də yenidən o burulğana düşdüm, yenidən o boğulmaq təhlükəsi ilə üz-üzə qaldım.

Açığını deyim ki, mən yazının adını oxuyanda özümdə müəyyən təsəvvür yaratmışdım. Çünki mənası dolaşıqlıq, qarmaqarışıqlıq olan bu başlığın arxasında bir nəfəs genişliyini düşünmək doğru olmazdı. Amma bu qədər də yox da. Elə bil ki, müəllif həqiqətən də labirinti, hətta nəfəs almaq üçün də çıxılmaz bir qala edib. O qalanın içərisində ancaq yük daşımalısan, özü də fikir yükü. Bir nöqtədən o biri nöqtəyə çatdırmalısan ki, sözün əvvəlindəki fikir sondakı fikirdə yozumunu tapsın. Və sondakı fikir də özündən sonra gələcək fikrin özülü olduğunu hiss etdirsin.

Deməli, sözün əvvəlindən sonuna qədər fikir yükü adamı beynindən deyil, həm də ürəyindən elə sıxır ki, az qala gicəllənməkdən özünü güclə tutub saxlayırsan. Bu fikir sərxoşluğu səni o labirintdən çıxmağa yönəldə bilmir. Ona görə ki, labirintin içi ancaq yüklü fikirdi. Qalaq-qalaq fikirlər...

Mən qələminə yaxşı bələd olduğum və yaradıcılığını, həqiqətən də, izlədiyim yazıçı İmamverdi İsmayılovun son illərdə sözü bu qədər fikrə çevirmək və həmin fikirləri də təkcə özünün yox, həm də oxucunun fikirləri ilə bir sıraya çəkib gətirmək məharətinə heyran qalmışam.

Sanki istedadlı söz adamı yazı masası arxasında deyil, cəmiyyətin elə bir nöqtəsində dayanıb ki, hamını görür, hamının içini, beynini oxuyur. Ürəklə beyin arasındakı gəlişmələri çözür, incələyir. Və sonra onun hamısını qələminin ucuyla hərflərə çevirir, o hərflərdən söz yaradır, o sözdən də cümlələr qurur. Və sonda da bu cümlələr fikir hökmünə, fikir ittihamına, fikir gerçəkliyinə, hətta az qala fikir bəyanatına çevrilir. Oxuduqca o fikirlər səninlə həmsöhbət olur. Sanki sənin içindən keçənin cavabı kimi durur gözünün qarşısında...

Bunlar mənim fərziyyələrim, təxəyyülümün bəhrəsi deyil. Bunlar bir oxucu olaraq, oxuduğum əsərin mənə keçdiyi dərsin, verdiyi bilginin cavabıdır. Biraz da açıq şəkildə ifadə etmiş olsam, öyrəndiyimin öyrədənə cavabıdır. Deməli, söhbət o labirintin içindəki dərsdən gedir, həyat dərsindən, fikri çözməyi öyrənmək dərsindən. Çünki o labirintin içindəki adam fərd deyil. Bütün cəmiyyət onun içərisindədir. Mən də, sən də, o da. Yəni hamımız. Ona görə də o labirintin içindəki fərdin konkret adı yoxdur. O, bütöv bir cəmiyyətin obrazıdır - varlısıyla, kasıbıyla, ağıllısıyla, dəlisiylə, uşağıyla, böyüyü ilə, hətta təbiət ilə də. Çünki bu labirintin içində ölən dəniz də var, gül satan uşaq da var, özəl klinikanın həkimi də. Üstəlik, bu labirintin içində xaotik bir həyat da var. Hər kəs istədiyi kimi yaşayır, amma həm də hər kəs bacardığı kimi yaşayır. Deməli, orda pul var, mənsəb var, orda ehtiyacını, güzəranını, hətta dərman almaq dərdini zülümlə yaşayanlar da var.

Bax, elə cəmiyyətin ən yüksək nöqtəsində dayanıb bütün bunları görən və gördüklərinin də fikir ifadəsinə təkcə rəssamlıq yox, həm də folklordan, xalq deyimindən gələn inancları qatan ədib mənə görə ahıl bir müdrik kimi bütün bunları danışır, xırdalayır. Özü də zərgər dəqiqliyi ilə.

Yazıçı İmamverdi İsmayılovun "Labirint" adlandırdığı, həm də "Bir ölüm haqqında povest" kimi qiymətləndirdiyi bu yazıda mən ilin dörd fəslinin necə bir nöqtədə üst-üstə düşdüyünün də şahidi oldum. Təsəvvür edin ki, müəllif oxucu olaraq mənim əlimdən elə birinci abzasda tutur. Şəxsən mən həmin abzasda öz yaşantımı görürəm. Hətta bu barədə yazdığım şeirimi də xatırlayıram. Söhbət darıxmaqdan gedir. Birmənalı olaraq mən artıq darıxmaqdan utanıram. Evimdə, ailəmdə, iş yerimdə nə edəcəyimi, necə edəcəyimi, bəzən bir fikri on dəfə təkrar etməkdən, düşünməkdən artıq özümü də, ətrafdakıları da bezdirirəm. Onlar məndən uzaqlaşır, mən onlardan küsürəm.

Və mənə elə gəlir ki, artıq mən doymuş məhlulam. Adamlar məndə təzə, maraqlı heç nə görmürlər. Ona görə də məni yola verirlər. Bu gerçəklik mənim içimə hakim olduğundan "Bir ölüm haqqında povest"in elə ilk abzasında düşündüm ki, bu, bəlkə də fikrə qoşulmadı. Müəllif də ruhən mənim və mənim kimilərin fikirlərinə qoşulub. Ona görə də bu povestdə bir çıxış yolu tapacağıma, bir xilas kəndirindən tutacağıma ümidləndim. Və...

Yazıda günümüzün bir reallığı ilə qarşılaşdım. Ekranlarımızı gen-bol zəbt edən həkim məsləhətləri ilə. Heç kim dana bilməz ki, hətta şou proqramlarda belə həkimlərin iştirakı, dərmanların reklam edilməsi adi bir hala çevrilib. Çoxumuz məhz həmin həkimlərin "xidmətləri”ndən yararlanırıq. Günün nəbzini çox ustalıqla tutan yazıçı da həmin detaldan istifadə edərək, məni və mənim kimi oxucuları çəkib aparır labirintin içərisinə. Həkim də təmkinini pozmadan adi bir işgüzarlıqla dinləyir, sonra da xəstəliyimizin adını deyir:

- Obsessiv!!!
Təsəvvür edin ki, yazının adı labirintdi, oxucunu cəlb edir və düşündürür. Xəstəliyin adı obsessivdir. Həm qulaq üçün, həm də dil üçün cəlbedicidir, maraqlıdır. Deməli, bu da düşündürür. Hər iki halda düşünən oxucudur, yəni o labirintin içərisində bir araya gəlmiş cəmiyyətdir. Özü də hər kəs öz ağlına, öz savadına, öz dərketmə qabiliyyətinə görə düşünür.
Heç kim "yatıb vaxtını satmır".
Heç kim "könül süfrə deyil ki, açıb töksün..." deyimini unutmur və heç kim də hara getdiyinin fərqində deyil. Sadəcə hamı düşünür, hamı içində danışır, hamı da gedir. Olumdan ölümə doğru.

Bu yol uzunu baş verənlər isə müxtəlif çalarlardan bəhrələnir. O çalarların işıqlı tərəfləri də var, qaranlıq tərəfləri də. Şeytan xisləti adamın içində yurd salanda çapmaq, talamaq, acgözlük, əxlaqsızlıq, daha nələr... adamı adamlıqdan çıxarır. Əl tutmaq, dayaq durmaq, haya çatmaq, Allahı başının üstündə görmək, sevgini, diqqəti, sayğını yaşatmaq adamı irəliyə çəkir, sabaha istiqamətləndirir. Deməli, bütün bu hallar bir fərdin timsalında ifadə olunsa da, o fərdin özünün tənhalığı, təkliyi bu işıqlı və qaranlıq tərəflərin vuruşunda gücsüz edir.

O, yalnız özü-özünü qınamaqla təsəlli tapır. Çünki cəmiyyət böyük güc, o isə xəstəliyi ilə vuruşan tənha fərddir.
Bütün bunların fonunda, acı həqiqətlər hətta insanların bir-birinə qarşı nə qədər etinasız olduqlarını pərdələmir. Çünki həmin acı həqiqətlər, çayı, gölü qurudan, dənizi çirkaba batırıb balıqları dənizdən uzaq salan nəfsin diktəsidir, nəfsin bəhrəsidir.

Nəfs güc gəldikcə həqiqətlər daha acı olur. Onda var-gəl etməkdən, "səhər naxır, axşam axur" yolunu ölçməkdən başqa əldə tutacaq başqa bir şey qalmır.
Digər tərəfdən, yalanın həqiqət kimi at oynatması da cəmiyyətin psixozunu bir az da artırır. Gözün gördüyü ilə qulağın eşitdiyi bir-birini inkar edir. Bu da məhz labirintdəki reallığın nə qədər çözülməz olduğunu göstərən bir detaldır.

Bu bir həqiqətdir: təsir əks-təsirə bərabərdir. Və göz də nəyi görürsə, ilk öncə o görünüşə, o mənzərəyə diqqət ayırır. Həmin diqqət də müəyyən fikir formalaşdırır. Bundan sonra ağıllı adamlar gördüklərinin məzmununa daxil olurlar, onun mahiyyətini çözürlər. Gərəklilik düsturunu tapırlar. Deməli, cəmiyyət də bu mənada axtarışdadır. Amma bu axtarış həm də xaotikdi. Ona görə ki, hərənin öz görmə bucağı var. Biri görmək üçün baxır, biri baxmaq üçün. Məntiqi olaraq ünvan birdir, istiqamət bəllidir. Amma ora kim niyə gedir, necə gedir və orda gedənləri nə gözləyir, bütün bunlar hamısı sualdır. O sualların öncədən yozumu yoxdursa, deməli, bu bir axındır, seldir. Yuyub dağıdacaq, silib-süpürəcək...

Bax, cəmiyyətin də o labirintin içində çabalamasının, vurnuxmasının, öz-özünə danışıb özü-özünü qiymətləndirməsinin, haqlı və haqsızlıq prizmasının səbəblərini axtarmaq da elə burdan başlayır. Ona görə də fikir yükü adamın çiyinlərindən basır, beynini kütləşdirir. Təkrar olsa da, vurğulamaq istəyirəm ki, burda nəfs cəld, daha pərgardır. İnsan nəfsin quluna çevrildiyindən gördüyünün üzərinə özünü daha tez atır. Daha çox qoparmaq, daha çox qazanmaq üçün.

Bu yerdəcə, düşünürsən ki, bizim xəstəliyimizin müalicəsi həkim reseptindən asılı deyil. Onun vərəqə nə yazmasından asılı olmayaraq, bu cəmiyyət psixozundan çıxmaq üçün Allah tərəfindən yaradılan insan hara getdiyini bir an da olsun unutmamalıdır. Bilməlidir ki, kimliyindən, mövqeyindən, maddi gücündən asılı olmayaraq, SON - birdir, bir!..

O bir olan da elə Allahın vahidliyinin, tək olmasının iradəsinin diktəsidir. Məncə, o SON olmasa insan idarəolunmaz bir duruma yuvarlanar. Onda bir labirint yox, yüz, bəlkə min də olsa belə faciələrin, dağıntıların, hətta qətliamların belə ardı-arası kəsilməz. Axı insan nəfsi qılıncdan itidir!..

Povestin son sətirlərini oxuyanda, bir daha artıq məni öz labirintində çabaladan fikirlərin burulğanına qayıdıram. Özü də elə belə yox, çıxartdığım, özüm üçün müəyyənləşdirdiyim reallığın hara gedib çıxacağını fəhm etmək üçün. Bu yerdə yenə tam səmimiyyətlə etiraf edim ki, mən müəllifin bizi hara aparacağını təxmin etməyə çalışırdım. İstəyirdim mən də onun fikirlərinə qoşulum. Buna azacıq da olsa nail ola bildim. Çünki əsərin qəhrəmanı tutulduğu xəstəlikdən çıxış yolunu ən yüksək mərtəbədən cəmiyyəti, olduğu mühiti, yaşadığı ərazini seyr edə-edə üzü aşağıya göz atmaqda görür. Yəni o, ən yüksək qatdan yerə baxdıqca, sanki, yolu ölçür və məsafəni yaxınlaşdırır. Hətta bu intihar anında da o, cəmiyyətdəki psixozdan ayrıla bilmir, çünki Labirintdədir, çünki xəstəliyinin adı Obsessivdir!

Azərbaycan oxucusunun imzasını yaxşı tanıdığı İmamverdi İsmayılovun sonuncu povestini təkrar-təkrar oxuyub, onu öz içimdə ələdikcə, yadıma ötən il oxuduğum və hələ də unuda bilmədiyim bir əsərini də saldı. O əsərdə də bağ qarovulçusu ilə bayquşun mənə yaşatdığı real mənzərə sanki daha böyük bir güclə, daha böyük bir aura ilə "LABİRİNT"də almışdı məni öz caynağına. Bu əsərləri mən bir-birinin davamı kimi gördüm. Üstəlik, "Labirint"də mən həm də müəllifin insan psixologiyasına elmi baxımdan da nə qədər munis olduğunu, tibbi nəzərdən dəqiq bələdçiliyini də müşahidə etdim.

Təbii ki, İmamverdi müəllim bir yazıçı olaraq sözü oxucuya həzm etdirmək və o sözün gücünə inandırmaq keyfiyyətlərini çoxdan bizə sübut edib. Lakin mən son iki əsərdə tamamilə fərqli, yeni bir üslubun, yeni bir bəşəri yanaşmanın və istedadlı bir söz adamının nəfəsinin oxucusu oldum...
Bu, mənim üçün, yazıçı İmamverdi İsmayılovu yenidən kəşf etmək idi...

Düşünürəm nə qədər ki, bu "Labirint"dən tam çıxa bilməmişəm, deməli, hələ çox qayıdacam o "Labirint"ə və təzədən oxuyub yeni düşüncələrə dalacam...
...Amma, sizdən də bir ricam var, əziz oxucular, oxuyun bu əsəri!..
Oxumağa və düşünməyə dəyər!..

# 118 dəfə oxunub

Oxşar xəbərlər

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

12:00 14 may 2026
Akif İslamzadə xəstəxanadan evə buraxıldı

Akif İslamzadə xəstəxanadan evə buraxıldı

11:46 14 may 2026
Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olacaq

Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olacaq

11:17 14 may 2026
Gülüstan müqaviləsi haqqında film hazırlandı

Gülüstan müqaviləsi haqqında film hazırlandı

11:00 14 may 2026
69-cu "Qremmi"nin tarixi və yayım detalları açıqlandı

69-cu "Qremmi"nin tarixi və yayım detalları açıqlandı

10:40 14 may 2026
Fazil Osmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Fazil Osmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

10:22 14 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər