Seyfəddin Hüseynli: “İstedadsızların kütləvi axını baş verdi” - VİDEO

Seyfəddin Hüseynli: “İstedadsızların kütləvi axını baş verdi” - VİDEO
28 noyabr 2016
# 16:16

Kulis.az tənqidçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin A24.Az saytına müsahibəsini təqdim edir.

- Salam, Seyfəddin müəllim. Cəmiyyət hazırkı ədəbiyyat adamına necə baxır?

- Azərbaycan ədəbiyyatı 70 il ərzində bir neçə proses keçib. 30-cu illərə qədər müəyyən təmərküzləşmə cəhdləri, 30-cu illərin sonuna yaxın repressiya, ardınca II Dünya Müharibəsi, 50-ci illərin istiləşmə dövrü, 60-cı illərin “60-cılar dalğası”…

Bütün bu proseslərdə ədəbiyyatda, ədəbi mühitdə hansı çalxalanmaların baş verməsindən asıllı olmayaraq, “ədəbiyyat adamı” obrazı üstün mövqedə olub. Yazıçıya insanlar kumir kimi, ideal kimi baxıblar. Biz indi bunun yaxşımı, pismi olmasının mübahisəsinə başlasaq, söhbət uzanar. Amma elə o dönəmlərdə də ədəbiyyat adamına verilən bu qiymət ədəbi mühitdəki bəzi insanlarla yanaşı, kənarda olan insanlarda da görünür, qıcıq yaradırmış. O strukturu quranlar sözdən, ədəbiyyatdan ehtiyat edirdi. Ədəbiyyatın həddindən artıq ciddiyə alınası mövzu olduğunu yaxşı bilirdilər. Əslində sosializm inqilabı da sözün hesabına olmuşdu.

Ədəbiyyat adamları da ədəbiyyatın və özlərinin nəzarətdə saxlanmasında maraqlı idilər. Çünki bu nəzarətdə saxlamaq onlara həm də müəyyən imtiyazlar verirdi. Bu onlara ona görə sərf edirdi ki, cumhuriyyət dönəmində, ondan əvvəl də çox acınacaqlı tale yaşamış şairlər var idi. Sabir kimi, Hadi kimi acı nümunələr var idi. Abbas Səhhət kimi bir ədəbiyyat işığı yandırmış insan ortada qalmışdı. Bütün bunlar o zamanın ədəbiyyat adamlarının gözünü qorxutmuşdu. Ona görə də bu imtiyazlar, qiymət ədəbiyyatçıların da işinə yarayırdı. Demək olar ki, 10-15 il ərzində ədəbiyyata ciddi basqılar, müdaxilələr də olmurdu. Amma 30-cu illərin ortalarından etibarən mənzərə dəyişdi.

Amma bütün bu təlatümlər fonunda ədəbiyyat dövlətin, cəmiyyətin gözündə çox mötəbər yerdə idi.

- Bəs o mötəbərliyi kim məhv etdi?

- 80-ci illərin sonlarında cəmiyyətdə yaşanan kataklizmlərdən sonra demək olar ki, əksər dəyərlər alt-üst oldu. Bir çox düşüncələr iflasa uğradı. Bu zaman sanki təbiət də yazıçıdan intiqam aldı. Hansı ki, sovet dönəmində yazıçı ictimai maraqlara görə olduğundan çox yüksəklərə qaldırılmışdı – təbiət onu qaldırıldığı yerdən amasızcasına yerə çırpdı. Yazıçılar gözlərini açıb özlərini həyatın dibində gördülər. Mühit onlara imkan tanımaq istəmirdi. Burada bir qisim insan artıq özünün ədəbiyyatda qazana bilmədiklərinin intiqamını həmkarlarından aldı. Nəticədə təkcə zamanında ədəbi imtiyazlardan istifadə edənlər yox, ümumilikdə yazıçı obrazı zədələndi.

Sonra müstəqillik dönəmində ədəbi döyüşlər başladı. Sonradan məlum oldu ki, bu döyüşlərin arxasında sənətin estetik dartışmaları yox, artıq olmayan nüfuzun, imtiyazın bölüşdürülməsi durubmuş. Bu proses paralel olaraq mətbuatda da getdi, mətbuat da gözdən düşdü. Həm mətbuat, həm ədəbiyyat.

- Təbii ki, bu mübarizələr təkcə ədəbiyyata, ədəbiyyatçılara ziyan vurmadı…

- Bu mübarizədə hər kəsə ziyan dəydi. Xüsusən də, yazıçını taxtından endirən cəmiyyət ziyan çəkdi. Çünki, üz tutacağı, pənah aparacağı mötəbər ünvanlardan biri azaldı. Amma yenə də nüfuzunu itirmiş yazıçıdan tələblər davam etdi; mübarizə tələb olundu, sosial problemlərinin ictimailəşdirilməsi, yazmaq tələb olundu. Amma obrazının kəsəri itdiyini görən bəzi yazıçılar kənara çəkilməyə məcbur oldu. Başının hayına qaldı.

Sonrakı dalğada fərqli çalarlar ortaya çıxdı. Dövlət yenidən ədəbiyyatla, ədəbiyyat adamları ilə sıx təmasa keçdi. Bu sahənin boş buraxılmamalı olduğunu anladı. Amma yenə də bu dirçəlmənin içində dırnaqarası siniflənmə müşahidə olundu. Bu statusa dəyən zərbələr bizi çaşqın hala gətirdi, bir qismimiz ədəbiyyatın ümumiyyətlə nəyisə həll etmək iqtidarında olmadığını deyir – hansı ki, özü də yazır, özünə diqqət qayğı tələb edir. İndi təhlil edəndə görürük ki, elə baltanı öz ayağımıza vurmuşuq.

- SSRİ dönəmində ədəbiyyatın sosial, məişət sferasına xidmət etməsi, nəticədə kənardan bu sahənin əlçatan görünməsi, istedadı zəif olanların bu sahəyə axışması bu günkü şair-yazıçı obrazının nüfuzdan düşməsinə səbəb olan amillərdən sayılırmı?

- Əlbəttə. Az öncə qeyd etdiyim yazıçıya verilən o nüfuz ədəbiyyatı dəbə çevirdi. O zamanı analiz edəndə hər kəsin əlinə qələm alıb ədəbiyyata gəlmək istədiyindən yazırıq, Amma bu gün nədən narahatıq – hər kəs əlinə mikrofon alıb səhnəyə çıxmaq istəyir. Bugünkü dəbimiz nədir? İstənilən halda görünür ki, ədəbiyyatın dəb olması daha yaxşı imiş. Əvvəl pis yaxşı, on istedadsızın qarşısı alınırdı, onun içində bir istedadlının da ola bilsin qarşısı kəsilirdi. İndi isə istedadsızların kütləvi axını baş verdi. İstedadlı təkləndi. Belə göründü ki, hər kəs yaza bilər. Belə olduqda başqa yöndən yazıçı obrazı ucuzlaşdı.

- Bəlkə də indi verəcəyim sual az öncə sadaladığınız məqamlarla müqayisədə elə də ciddi görünməyə bilər; filmlər, televiziyaların yaratdığı şair obrazların təsirini soruşmaq istəyirəm. “Yığılacaqlar indi, başları dolu, cibləri boş…” ifadələri, “Şair Moşu” obrazı və s. bu yanaşmaların hazırkı yazıçı, şair obrazının formalaşmasına təsiri oldumu?

- Sözsüz ki! Bu da çox ağrılı məqamdır. Bu da bizim mental hisslərimizdəndir ki, çalışdığımız sahə gəlir gətirməyəndə, kütləvi bir məyusuq yaranır. Yazıçılıq, ədəbiyyatla məşğul olmaq fanatizm kimi görünməyə başladı. Çox perspektivsiz, qeyri-rentabelli bir iş kimi göründü. Maraqlıdır ki, yenə də ədəbiyyata axın səngimədi. Bu da mentallığın digər tərəfi ilə bağlıdır. Yenə söz, söz sənətində olan müəyyən cəlbedicilik onu istisna etməyə qoymur. Faciəvi bir təzad da onda yarandı ki, ədəbiyyatdan, yazmaqdan heç nə ummamaq, təmənnasız yazmağı bayraq edəndən sonra, bir də ayıldıq ki, axı bu ədəbiyyat adamı həm də yaşamalıdır. O istehsal etdiyi mənəvi, söz məhsulu ilə dolanmalıdır. Onda gördük ki, biz səhv eləmişik. Burda biz özümüzü kənara çəkə bilmərik. Çünki, bu bizim hamımızın günahı və bugünkü vəziyyətidir. Başa düşürəm, kimsə ayrı sahədə çalışaraq da ədəbiyyatla məşğul ola bilər. Amma, xeyli sayda adam var ki, onların yeganə tuta biləcəyi, yapışa biləcəyi yeganə sahə ədəbiyyatdır. Biri bunu esse ilə reallaşdırır, biri şeirlə, biri romanla, digəri redaktə ilə.

Bizdə belə bir fikir formalaşmışdı ki, rəssamlar yoxsul olurlar, ac olurlar. Bu da ötən dövrlərdə rəssamların rastlaşdığı məhrumiyyətlərlə bağlı idi. Amma indi yox, onillər bundan əvvəl rəssamlıq gəlirli sahəyə çevrilib. Çünki, rəssamlıq haqqında üstün bir rəy formalaşdırılıb və rəssamlar da bayaq dediyim o sinfi mübarizələrlə bir-birini aşağılamayıblar, gözdən salmayıblar. Bizdə yazıçı adı yox, yazıçılıq məsləki gözdən salınıb. Bu məqamın təəssübü çəkilməlidir. Yoxsa, sən yazıçını küncə sıxışdır, gözdən sal, yazıçılığın minillər boyu fitnə-fəsad yaratdığı ilə bağlı onu ittiham elə, sonra da problemlə rastlaşanda de ki, yazıçı mövqe qoymalıdır, məni müdafiə eləməlidir. Ona görə də, yazıçılığa müstəsna münasibət yoxdursa, müstəsna umacaq da olmamalıdır.

- Düzdür, bu elə bir problemdir ki, onu aradan qaldırmaq üçün praqmatik müstəvidə, konkret heç nə demək olmayacaq. Amma bir tənqidçi kimi, boşluqları görə bilən bir məslək sahibi kimi ictimaiyyətin ədəbiyyat adamına olan münasibətindəki neqativi necə aradan qaldırmaq olar?

- Ədəbi tənqid ədəbi mətnlər üzərində hansısa meyarlar, çərçivələr üzrə çalışan və ya bu çərçivələri sındıran bir sənətdir. Bu problem isə ictimai problemdir.

Rəssamlığı dedik, məsələn 3-5 memara görə memarlıq sənətini, memarlıq institutunu gözdən salmağa çalışan memar görməmişik. Bir biri ilə rəqabətdə olan, bir-birini söyən taksi sürücülərinin sürücülük peşəsinə asi çıxdığını görmürük. Həkimlər də onun kimi. Məslək gözdən salınmır. Fərdlərin problemi fərdlər arasında həll olunur. Amma bizim sahədə sanki bir yoluxucu, virus halında yayılan bir meyl var; deyirlər ümumiyyətlə bu sahə nəyə lazımdır, bunun daşını atmaq lazımdır, ümumiyyətlə bu yanlış qurulub, dağıdılmalıdır, sistemi olmamalıdır. Dediyim bu yöndən tənqid sahəsi də öz dırnaqarası payını alıb. Ümumi söz sənəti gözdən düşəndə, ədəbi tənqid də gözdən düşür.

Bu sistemsizlik cəhdləri ucbatından orijinal yaradıcılıqla məşğul olan, olmaq istəyən sanki bir üsyan bayrağı açdı ki, ədəbi tənqid olmasın. Sanki, vaxt qoymuşdular ki, bu gecə saat 2-dən sonra ədəbi tənqid olmasın. “Heç bir kriteriyaya sığmayan, istədiyimiz şeyləri yazaq, bizə gözün üstə qaşın var deyən olmasın”. Sonra göründü ki, ümumi bir prinsip olmayanda hərə özünə görə haqlı sayılır. Sonra da başladılar ki, tənqidçilər niyə pisi yaxşıdan seçmirlər?

- Bəzən ədəbiyyat adamları hansısa imkanlı şəxsin ədəbiyyata öz imkanlarından istifadə edərək ədəbiyyata gəlmək istəməsindən, nəsə bir mətn yazmasından narahat olur. Siz bu məsələni necə qiymətləndirirsiz?

- İş belə gətirib ki, mən bu məsələyə əvvəldən ayıq baxa bilmişəm, bu mövzuda mövqeyimi ayıq hesab edirəm. Yazıçı öz yerində dayanır, ola bilsin ki, xəyalında kiminsə rəsmi mövqeyinə qibtəsi, meyli var. Amma özündə düşünür ki, ola bilsin mənim işim bu gün gəlirsizdir, amma mənəvi təskinliyi var.

İmkanı, müəyyən rıçaqları olan, ədəbiyyatda özlərini tapmaq istəyən, ədəbiyyat adamlarına həsədlə baxan adamları “kiş-kiş” edib uzaqlaşdırmaq nəyə yarayır? Ola bilsin o adam istedadlıdır.

Özümüz də bu gün israrla deyirik ki, ədəbiyyat adamının bu gün dolanması üçün başqa bir peşəsi olmalıdır. Belə olduğu halda imkanlı şəxslərin ədəbiyyata gəlməsindən nə itiririk ki? Ən azından məsləkdaşlarımız qazanır – nəşriyyatlar qazanır, redaktorlar qazanır – bu işin bütün iştirakçıları bir az nəfəs ala bilir. Üstəlik cəmiyyətin də ədəbiyyata perspektivsiz, qazanc gətirməyən, lazımsız peşə kimi baxmasının qarşısı alınır. Cəmiyyət də görür ki, “filankəs müəllim o cür adamdır, işi, gücü var, amma o da əsər yazır, demək mən bu sahəyə münasibətimi dəyişməliyəm”. İnanın ki, bu səbəblə münasibətini dəyişən xeyli adam var. Digər bir məsələ; biz kitab oxumağı, mütaliəni reklam edərkən, onunla paralel göstərəndə ki, bu yol insanı səfilliyə aparır, əlbəttə, kitab oxuyan tapan deyilik. Adam düşünəcək ki, mən niyə oxuyum, sən oxuyub nə bacarmısan? “Görünən dağa nə bələdçi?”

Mahiyyət elə təhrif olunub ki, ortada ələ gələn 5-3 oxucu, məhdud tiraj, aşağı düşən nüfuz, bütün gün gileyə, depressiyaya yol açan imkansızlıqdır.

Mənə qalsa, sadalananların tərsini yapsaq, çıxış yolu tapacağıq.

Söhbətləşdi: Sərdar Amin

# 763 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #