"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri

"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri
22 iyun 2026
# 15:15

Kulis.az şair Xatirə Rəhimbəylinin şeirlərini təqdim edir.

***

Olarmı olmasın gözü nəm? Olmaz!
Bircə gün udmasın qəhər -qəm...Olmaz!
Çörəyi kəm olar, dərdi kəm olmaz,
Dərd tapar şairi dağ başında da...

Hər an öz yaxası, özcə əlidi,
Olanı-qalanı şirin dilidi.
Şairin ürəyi küsdümgülüdü,
Toxunsan, küsəcək yüz yaşında da...

Gözəl bir çələngdi arzu-diləyi,
Nə fəndi-feli var, nə də kələyi...
Kədər toxumudu şair ürəyi,
Basdırsan, göyərər baş daşında da.

KÖHNƏ MƏKTUB

Başladım ALLAHın əziz adıyla,
Əziz və hörmətli flankəs, salam.
Daha əziz idi ALLAHın adı,
Onda ki, az idi bu məscid-flan.

Ürəkdən yanırdı dostuna dostu,
Ürəkdən soruram kef-əhvalını.
Bir az qarışıqdı, zəhmətlər çəkib
Sən də sual etsən mənim halımı.

Niyə baxışların soyuyub belə,
Söylə, soyuqdumu orda havalar?
Kimdəsə təzə bir şəklini gördüm,
Hansı qışdan qalıb saçındakı qar?

Hansı yay daha çox təntidib belə,
Yenidən göyərdib hansı yaz səni?
Sağ olsun, ürəyin hey gedib-gəlir,
Bilirəm, heç bir eşq ovutmaz səni....

Mənim əhvalım da açıq-aşikar,
Əyridə qeybətdi, doğruda heyrət.
Haqqın dərgahından haliyəm, haqqı,
Yaradan nahaqqa verməz ki, əlbət.

Üzü qocalığa gedirik, indi
Yumşalan vaxtıdır ta iradənin.
Mən səni heç zaman unutmadım ki,
Saxlancında nə var, söylə bəs sənin?

Kimdi o duyğunun gülüstanında
Belə incə-incə çiçək toplayan?
Səni şirin-şirin yeyən dərd nədir,
Kimdi bu acına əlac tapmayan?

Bu duyğu ömrümü su kimi içdi,
Neynək, ömrün olsun su qədər, sağ ol.
Sözüm çox olsa da, deyəcəklərim,
Hələ bu qədərdir...Bu qədər, sağ ol.

***

Ürəyim sızlayır səsindən ötrü,
Sözünün acısı eynimə gəlməz.
Səsin də dünyanın keyfinə gedir,
Bircə yol hərlənib bu qəmə gəlməz.

Hər sabah çarmıxa çəkilər ahım,
"Ən-əl-sən " demişəm, bumu günahım?!
Adına bir ölkə qurmuşam, şahım,
Bəs nədən insafın ölkəmə gəlməz?!.

Yıxıb inancları, danıb dinləri,
Sevginin canına saldın cinləri
Ruhumun o xilas göyərçinləri,
Nə çağrışa baxmaz, nə dənə gəlməz.

Adına doğulub, sevgim, hər nəsə,
Ürək sına-sına, qəlb əsə-əsə...
Bu dəfə sevdiyi rəhmə gəlməsə,
Bu can bu cahana... eh, yenə gəlməz.

Nə tez-tez deyirsən: "Ölürəm daha "
Ağzından yel alsın, nə sözdü, ölmə!
Sənin ölünü də qıymazlar mənə,
Ölü diridən də əzizdi, ölmə!

Mənim başım çıxmaz küydən-kələkdən,
Ətrini alıram əsən küləkdən...
Adın xatirimdə güldən-çiçəkdən
Göylərdə mələkdən təmizdi, ölmə!

Dilim dönməz deyəm, zalımsan, pissən,
Noolsun ki, indi əğyarla dostsan.
İlahi ülfəti min yol da pozsan,
İlahi sevgilər ölməzdi, ölmə!!

***


Sən mənə taleyin zülm payısan,
Göynəyən könlümü bir üfləsən sən.
Ruhumun qısılıb düstaq qaldığı
İkicə kəlmədən özgə nəsən sən?

Gördünmü quruyan qaxac ömrümü,
Cismimi qovuran bu sac ömrümü?
Bu kədər yarpaqlı ağac ömrümü
Noolar, bircə kərə silkələsən sən?

Namərd quyulardı, xəbərçi qamış,
Könlümdə bir zərrə inam qalmamış...
Etibarı perik, ümidi sınmış,
Ürək nələr çəkir, nə biləsən sən?

* * *


Salam, satıcı qız, gözəl gözlü qız,
Mənim səndən kiçik bir diləyim var.
Yumağa ömrümün toz-torpağını,
Yuyucu toz adda gətir nəyin var.

Daha daşımağa yoxdu taqətim,
Kədər ürəyimdə bağlayıbdı ərp.
Yıxdı xatirəmin daş heykəllərin,
O acımasız zalım, o sevgisi qəlp.

Canım satıcı qız, gül-çiçək sevən
Ürək xarabada yaşaya bilməz.
Gözün bu bulanıq yaşın yumağa,
Yaxşı nəsə varmı? Nolar, yaxşı gəz!

Niyə baxışların dikildi yerə,
Niyə dodağının çiçəyi soldu?
Niyə gözlərində gilələndi nəm,
Axı mən nə dedim?.. Qızım, nə oldu?

***


Baxma gözümün suyu boldu, amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan.

Bütün həqiqətləri səninçün silib atdım,
Bilirsən niyə susdum? İstəmədim küsəsən...
Əl mənim, ətək sənin, qorxma, baltana qurban,
Əlimi kəs, qıymaram ətəyini kəsəsən.

Sönüb sonuncu ümid, fikrim qırış-qırışdır,
Sizdə işıq yanırmi? Ya borca ütün olmaz?
Yenə köhnə dost kimi sənə tutdum üzümü,
Yaman kasıblamışam, bir az ümidin olmaz?

Yox, darıxmaq deyil bu... heç sevgi də deyil, yox,
Sənin də çox "yox"un var, görürəm gözlərindən.
Köhnə arxdı, nə deyim, bəlkə yenə su gələr,
Onda dayaz qazmışıq, indi qazaq dərindən?

Baxma gözümün suyu boldu, amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan.

***

# 142 dəfə oxunub

Oxşar xəbərlər

"Ümidin boşa çıxması..." - Abbasqulu ağa Bakıxanovun mənzum hekayəti

"Ümidin boşa çıxması..." - Abbasqulu ağa Bakıxanovun mənzum hekayəti

14:00 21 iyun 2026
"Gül dəstələri sevgidən ölürlər..." - Federiko Qarsiya Lorkanın şeirləri

"Gül dəstələri sevgidən ölürlər..." - Federiko Qarsiya Lorkanın şeirləri

12:30 20 iyun 2026
Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

13:35 17 iyun 2026
Bu dünya nərdivandı - Nəriman Həsənzadə

Bu dünya nərdivandı - Nəriman Həsənzadə

10:50 17 iyun 2026
Göz yaşıyla gül bitirən şair mənəm - Hüseyn Kürdoğlu

Göz yaşıyla gül bitirən şair mənəm - Hüseyn Kürdoğlu

10:43 15 iyun 2026
"Hamıdan çox ürəyimə ərk etmişəm..." - Hidayət Orucovun şeirləri

"Hamıdan çox ürəyimə ərk etmişəm..." - Hidayət Orucovun şeirləri

15:30 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər