83-cü Venesiya Film Festivalının münsiflər heyəti açıqlandı

83-cü Venesiya Film Festivalının münsiflər heyəti açıqlandı
23 iyun 2026
# 13:20

Builki münsiflər heyətinin siyahısında Venesiya Film Festivalından tanıdığımız bir çox sima yer alıb. Bəlkə də ən ulduzlu heyət deyil, ancaq rəngarəng və peşəkar komandadır.

Kulis.az xəbər verir ki, aprel ayında amerikalı rejissor, aktrisa, ssenarist və prodüser Meqqi Cillenholun 83-cü Venesiya Beynəlxalq Film Festivalında beynəlxalq münsiflər heyətinin sədri olacağının açıqlanmasından sonra, heyətin əsas tərkibi də məlum olub.

Yeni münsiflər heyətinə dünya kinosunun müxtəlif qütblərini təmsil edən fərqli sənətçilər daxildir:

Honkonqlu rejissor Conni To;

Tunisli rejissor Kauter Ben Hania;

Əfqan kinematoqrafçı Şəhrəbanu Sədat;

Fransız rejissor və ssenarist Ksavye Cannoli;

Yaxın vaxtlarda "Oskar" mükafatlı "The Brutalist" filminin musiqisini bəstələyən britaniyalı bəstəkar Daniel Blumberq;

Yel Universitetinin Humanitar elmlər və Kino Tədqiqatları üzrə Sterling professoru Françesko Kazetti.

Lido adasına bələd olan simalar

Heyətdə Venesiya atmosferinə yaxından bələd olan şəxslər də var. Conni Tonun dörd filminin premyerası məhz Lidoda baş tutub: "Throw Down" (2004), "Exiled" (2006), "Mad Detective" (2007) və "Life Without Principle" (2011). Ksavye Cannoli isə son on ildə üç dəfə Venesiyanın "Qızıl Şir" mükafatı uğrunda yarışib: "Superstar" (2012), "Marguerite" (2015) və "Lost Illusions" (2021) filmləri ilə.

Tunisli Kauter Ben Haniaya gəldikdə isə, o, ötən il "The Voice of Hind Rajab" filmi ilə Venesiyada idi. Ekran işi 20 dəqiqədən çox davam edən coşqulu alqışlarla qarşılanmış və ardınca "Gümüş Şir" mükafatına layiq görülmüşdü.

Münsiflərin missiyası və mükafatlar

Meqqi Cillenhol və onun rəhbərlik etdiyi münsiflər heyəti kinofestivalın ən ali mükafatlarını – "Ən yaxşı film" üzrə "Qızıl Şir", "Böyük Münsiflər Mükafatı" (Gümüş Şir), "Ən yaxşı rejissor" üzrə "Gümüş Şir", "Ən yaxşı qadın və kişi aktyor" üçün "Volpi Kuboku", "Münsiflərin Xüsusi Mükafatı", "Ən yaxşı ssenari" və gənc aktyorlar üçün "Marçello Mastroyanni Mükafatı"nı sahiblərinə təqdim etməkdən məsul olacaqlar.

Maraqlı faktdır ki, Cillenhol son beş ildə Lido münsiflərinə rəhbərlik edən üçüncü qadındır. Ondan əvvəl bu məsuliyyətli postu İzabel Yüpper (2024), Culianna Mur (2022) və Keyt Blanşett (2020) kimi ulduzlar tutmuşdu.

Qlobal miqyaslı tədbirə sədrliyi açıqlandıqdan sonra amerikalı sənətçi bu sözləri deyib:

"Venesiya həmişə həqiqətə sadiq qalan, bənzərsiz səsləri dəstəkləyib və bu cəsur, həm də zəruri ənənəni davam etdirməyə töhfə vermək mənim üçün böyük şərəfdir. Mən sadəcə hakim kürsüsündə oturmayacağam; hər şeyə maraq, heyranlıq və böyük həyəcanla baxacaq, öyrənəcəyəm."

Qeyd edək ki, dünyanın ən qədim kino festivalı olan və hər il Venesiya Biennalesinin bir hissəsi kimi təşkil edilən Venesiya Kinofestivalının 83-cü buraxılışı bu il 2–12 sentyabr tarixlərində baş tutacaq. Festivalın rəsmi proqramı isə 23 iyulda ictimaiyyətə açıqlanacaq.

# 535 dəfə oxunub

Oxşar xəbərlər

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

18:00 17 iyul 2026
“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

15:30 17 iyul 2026
"Ulduz müharibələri"ndə dünya rekordu

"Ulduz müharibələri"ndə dünya rekordu

11:00 17 iyul 2026
"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

15:30 16 iyul 2026
Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər