news-inner
clock12:12 calendar-gray 31 Oktyabr 2016 view-gray188 dəfə oxunub
view-gray188 dəfə oxunub

Gənclərə biganə yanaşmaq... - Sabir Rüstəmxanlı yazır

Kulis.Az Xalqa şairi Sabir Rüstəmxanlının "Ədəbiyyat qəzeti"ndəki müzakirəyə həsr olunmuş “Gəncliyə biganə yanaşmaq olmaz” məqaləsini təqdim edir.

Ədəbiyyatımızın çeşidli sorunlarının canlı müzakirəyə çıxarılması mənəvi həyatımızda gedən prosesləri daha dərindən görmək, incələmək və dəyərləndirmək istəyindən irəli gəlir. "Ədəbiyyat qəzeti"nin müzakirə saatı" bu baxımdan uğurlu layihədir və maraqla oxunur.

Sonuncu müzakirə çağdaş Azərbaycan ədəbiyyatşünaslığında nəzəri-metodologiya probleminə həsr edilmişdir və söhbətin mətninə qəzetin 15 və 22 oktyabr saylarında 9 səhifə yer ayrılmışdır. Az deyil və redaksiyanın bu məsələyə nə qədər diqqətli yanaşdığını göstərir.

Müzakirə saatının qonaqları ədəbiyyatşünaslıqda kifayət qədər nüfuzu, xidməti olan, tanınmış alimlər, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun professorları Şirindil Alışanlı və Zaman Əsgərli, filologiya üzrə fəlsəfə doktorları, qəzetin baş redaktoru Azər Turan, Elnarə Akimova, İradə Musayeva və Xəzər Universitetinin dosenti Dilbər Zeynalova olmuşlar.

Redaksiyadan verilmiş giriş sözündə də müzakirənin "Milli müstəqillik qazandığımız iyirmi beş illik" dövrü əhatə edəcəyi vurğulanır.

Bunu nəzərə alaraq, söhbətin aparıcısı, tənqidçi-alim Elnarə Akimova müzakirəyə konkret sualla başlayır: Şirindil Alışanlının "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" kitabından çıxış edərək, müəllifdən soruşur ki, 90-cı illədən başlayaraq ədəbiyyatşünaslıq elmi milli-bədii, ictimai düşüncənin daşıyıcısı kimi hansı fərdilik kəsb etdi.

Dəyərli dostum Şirindil Alışanlı 20-ci əsr dünya ədəbiyyatşünaslığına informatiklik baxımından çox dolğun bir ekskursiya edir. Yəqin tarixlə burda vidalaşmaq və əsas mövzuya - ədəbiyyatşünaslığımızın çağdaş durumunun müzakirəsinə başlamaq olardı. Lakin belə olmur.

Söhbətdə ədəbiyyatşünaslığa aid olan və olmayan bir sıra sahələrin çoxlu ağrılı problemlərinə toxunulur: rus ədəbiyyatşünaslığından və Moskva kitabxanalarından qopan kimi "zəifləməyimiz", ədəbiyyatşünaslıq məktəbləri, metod və metodologiya məsələləri, ədəbi- estetik fikrimizin əsas istiqamətləri, ədəbiyyatımızın dövrləşmə sorunları, sovet dövrü ədəbiyyatımızın yetişdirdiyi böyük şair nasir və ədəbiyyatşünaslar, onların yaradıcılığının təməlində dayanan ideoloji prinsiplər, yazıçı tənqidi, Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin vəziyyəti, ədəbiyyatımızda modernizmin olub-olmaması, hermenevtika və paradiqmaya münasibət, ortaq türk ədəbiyyatı və bizim dərsliklərimizdə onun yeri və s. Bunlar hamısı çox maraqlıdır. Amma çox şeydən danışmaq diqqəti əsas mövzudan yayındırır, çağdaş ədəbiyyat və ədəbiyyatşünaslıq müzakirədən kənarda qalır.

Belə çıxır ki, sovet dövrünün bitməsi ilə bizdə bədii yaradıcılıq da bitmişdir; ədəbiyyat yoxdur; varsa da onu elə köhnə nəsil yaradır.

Söhbətin axırına yaxın Elnarə Akimova diqqəti yenidən əsas mövzuya yönəltməyə çalışır. Müzakirə iştirakçıları bu və ya digər şəkildə müstəqillik dövründə də ədəbiyyat yarandığını etiraf edirlər. Amma məsələ bununla da bitir. Bu dövrün nə ədəbiyyatı, nə ədəbiyyatşünaslığı yada düşür... Halbuki, ədəbi tənqidlə, çağdaş ədəbiyyatşünaslıq məsələləri ilə bağlı son 25 ildə, pərakənda halda olsa da, çoxlu məqalə, icmal, kitab yazılmışdır; müzakirədə iştirak edənlərin özlərinin də yeni dövr ədəbiyyatının ayrı-ayrı nümunələri haqqında xeyli yazısı vardır. Bundan əlavə, akademik İsa Həbibbəylidən başlayaraq, tanınmış ədəbiyyatşünas alimlərimizdən Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Qəzənfər Paşayev, Rəhim Əliyev, Nizaməddin Şəmsizadə, Kamil Vəli Nərimanoğlu, Vaqif Yusifli, Cahangir Məmmədli, Rüstəm Kamal, Azər Turan, Elnarə Akimova, İradə Musayeva, Nərgiz Cabbarlı, Sərvaz Hüseynoğlu, Əsəd Cahangir, Tehran Əlişanoğlu, Bəsti Əlibəyli, Cavanşir Yusifli, Salidə Şərifova və onların adını çəkə bilmədiyim digər həmkarlarının kitab və məqalələrini xatırlatmaq olar. Hər halda bu illərdə ədəbiyyatın özü ilə müqayisədə ədəbi tənqid və ədəbiyyatşünaslıq nə qədər geridə qalsa da yenə müəəyyən işlər görülmüşdür.

Müzakirə zamanı görülən işləri ümumi şəkildə gözdən keçirməklə, müasir ədəbiyyatşünaslığın vəziyyətini, əhatə dairəsini, peşəkarlıq səviyyəsini, elmi-nəzəri, metodoloji arsenalını, ənənəyə və dünya təcrübəsinə yiyələnmə yollarını, dil, üslub və terminologiya xüsusiyyətlərini, müstəqil Azərbaycanın humanitar düşüncə sistemindəki yerini, ədəbi proseslə ədəbi tənqidin qarşılıqlı əlaqələrini, xalqımızın çağdaş milli-mənəvi idealları və ideya-estetik tələbləri ilə uyuşma qabiliyyətini, yeni əsərlərə yanaşmada izlədiyi əsas prinsipləri təhlil edib qiymətləndirmək olardı.

Görəsən nəyə görə çağdaş ədəbiyyatşünaslıqdan söhbət gedəndə alimlərimiz Yaşar Qarayevdən və Akif Hüseynovdan bəri keçə bilməmişlər? Ədəbiyyatşünaslıq varsa varlığından, yoxsa yoxluğundan danışmaq lazımdır.

Çağdaş ədəbiyyatşünaslığa həsr edilmiş söhbətdə çağdaş ədəbiyyatın qapı arxasında qalmasının səbəbi üzə çıxır. Həmkarlarının diqqətini yeni ədəbiyyata yönəltməyə çalışan İradə Musayeva Zaman Əsgərlidən 90-cı illər nasirlərindən kimi oxuduğunu soruşur. Bundan sonra dialoq belə davam edir:

“Zaman Əsgərli: - Mən Elçin Hüseynbəylini oxumuşam, bir romanın da heç başa düşməmişəm, aclıqdan danışır, nədən danışır. Əliabbasın əsərlərini oxumuşam. O birilərdən də Anarı, Elçini.

İradə Musayeva: - Mən 90- cı iilərin gəncliyini deyirəm.

Zaman Əsgərli: - Gəncləri çox oxumamışam. Bir də mən axı tənqidçi deyiləm, ədəbiyyatşünasam. Tənqidçi və ədəiyyatşünas ayrı-ayrı anlayışlardır. Mən başqa işlə məşqulam, siz başqa".

Maraqlıdır, nə vaxtdan tənqid ədəbiyyatşünaslıqdan ayrılmışdır? Düzdür, dünya təcrübəsində onları ayırmaq meylləri var. Ancaq əksəriyyətin fikrincə, yenə də tənqid ədəbiyyatşünaslığın bir bölümüdür (Ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixindən sonra üçüncü bölüm). Mətnşünas və ya klassik ədəbiyyat mütəxəssisi olmaq da heç bir filoloqu bugünün ədəbi - bədii-estetik düşüncə və meyarlarından ayırmır.

Yazıçıların tənqidi yazılarından söhbət gedəndə də siyahı sovet dövründən bəri gəlmir: C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, R.Rza, M.Hüseyn, İ.Əfəndiyev...

Mən müstəqillik dövründə yaşayan onlarla gənc müəllifin adını çəkə bilərəm ki, onların ədəbi tənqidi, estetik, nəzəri yazıları həm peşəkarlıq, həm dünya təcrübəsindən faydalanmaq, həm cəlb olunan bədii materialın keyfiyyəti və coğrafiyası, həm köhnəlmiş ideologiya qəliblərindən uzaqlıq, həm vətəndaşlıq mövqeyinin, milli maraqların aydınlığı baxımından adları çəkilən böyüklərimizin tənqidi yazılarından əsla geri qalmır. Onları niyə görmürük və ya nəyə görə müstəqillik dövründə də sovet təfəkkür tərzindən qopa bilmirik?

Sona yaxın müzakirə iştirakçıları əsas mövzunun unudulduğunu hiss edirlər. İradə Musayeva "Ədəbi proses gedir, söhbət canlı, hal-hazırda olan ədəbi prosesdən gedir". Dilbər Zeynalova: "Bəli yeni ədəbi-bədii nümunələr yaranır" - deyir. İradə xanım həssas bir nöqtəyə də toxunur: "Bəlkə biz onlara daha səmimi və inamla yanaşsaq, ədəbiyyat da , ədəbiyyatşünaslıq da nəsə qazanar".

Buna baxmayaraq yeni nəsil "uşaq" hesab edilir. Alimlər yeni nəslin hansı ideal uğrunda yazdığını, hansı amalla yaşadıqlarını şübhə altına alırlar, onları "paradiqmasız" hesab edirlər, onların itirilmiş və əzilmiş nəsil sayılmsına etiraz etmirlər. Lakin İradə xanımın sözüylə desək: "Əzilmiş insanların da ədəbiyyatı var".

Bəli, əsas məsələ budur! Yeni nəsil nə qədər itirilmiş, əzilmiş, paradiqmasız, idealsız sayılsa da yaşayır, yaradır və yaşlı nəsil onların taleyinə cavabdehdir. Ədəbi proses dayana bilməz və dayanmamışdır. Xalqımızın iç dünyasını, mənəvi-psixoloji durumunu və problemlərini göstərmək baxımından bəlkə də ötən əsrin 30-cu 70-ci illəri ədəbiyyatından daha canlı və cəsarətli, dil-üslub baxımından daha yetkin, daha ağrılı, poetik, ritorikadan uzaq, daha duyğusal bir ədəbiyyat yaranır. Fərqli olan yeni əsərlərə, yeni tamaşalara, mədəniyyət hadisələrinə bəzi rəsmi dairələrin münasibətidir. O vaxt yeni əsərlər az qala dövlət səviyyəsində müzakirə olunur, milli-ictimai hadisəyə çevrilirdi. İndi gənclərin kitabları əlaqədar qurumlar tərəfindən və lazımi tirajla çap olunmur. Kənd kitabxanalarının əksəriyyətinə kitab getmir. Rayonlarda kitab mağazaları yox dərəcəsindədir və onlara da yeni kitablar çatmır.

Mən nəsilləri qarşı-qarşıya qoymaq istəmir və çağdaş ədəbiyyat deyəndə yalnız yeni nəslin yaradıcılığını nəzərdə tutmuram. Müasir ədəbiyyatımız bütün nəsillərin ümumi səyilə yaradılır. Ancaq bu prosesdə gənclərin payı getdikcə artır və buna təbii baxmaq lazımdır.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bütün çətinliklərə baxmayaraq, sovet dövründə yaşamış qələm sahibləri müstəqilliyin, bədii manifestini yazmış, onun fikir təməllərini hazırlamış və müstəqillik hərəkatının liderlərindən olmaqla yanaşı, qələmi də yerə qoymamışlar.

Dünyasını dəyişmiş qələm sahiblərindən İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Sabir Əhmədli, Hüseyn Abbaszadə, Söhrab Tahir, Xəlil Rza Ulutürk, Məmməd Araz, Maqsud İbrahimbəyov, Cabir Novruz, Nüsrət Kəsəmənli, Vaqif Səmədoğlu, Məmməd Aslan, Zəlimxan Yaqub, Rafiq Tağı və başqalarının müstəqillik dövründə yazdıqları əsərləri yada salmaq kifayətdir.

O dövrün hələ yaşayan yazarlarından Nəriman Həsənzadə, Fikrət Qoca, Fikrət Sadıq, Məmməd İsmayıl, Musa Yaqub, Çingiz Abdullayev, Vaqif Nəsib, Ramiz Rövşən, Seyran Səxavət, Abbas Abdulla, Mövlud Süleymanlı, Kamal Abdulla, Afaq Məsud, Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Vahid Əziz, Rüstəm Behrudi, Tofiq Hüseyn, Ənvər Əhməd və onların ardınca gələn Aqil Abbas, Rəşad Məcid, Əjdər Ol, Elçin Hüseynbəyli, Adil Cəmil, Zirəddin Qafarlı, Rasim Qusarçaylı, Sabir Sarvan müstəqillik dövrünün də fəal ədəbi simaları olaraq qalırlar. (Təvazökarlıqdan kənar sayılsa da, deməliyəm ki, bu sətirlərin müəllifinin üç şeir, iki publisistika, yeddi nəsr kitabı da müstəqillik dövrünün məhsuludur.)

Kitabları tapmaq çətindir. Amma təkcə "Azərbaycan" jurnalında son illərdə Anarın "Göz muncuğu" , Elçinin " Baş", Seyran Səxavətin "Qaçhaqaç", Məmməd Orucun "Qısa qapanma" və "Qara güzgü", Vaqif Nəsibin " Sənsizim, mənsizim, onsuzum", Mustafa Çəmənlinin "Ölüm mələyi", "Üç yaşlı əsir", Əli Əmirlinin "Ağdamda nəyin qaldı" romanları və saysız-hesabsız poetik nümunələr çap edilmişdir.

Bu sıraya əlimə keçmiş bir neçə başqa əsərin də adını əlavə etmək istəyərdim: Kamal Abdulla "Unutmağa kimsə yox", Aqil Abbas " Dolu", Sona Vəliyeva "İşığa gedən yol", Zahid Sarıtorpaq "Əlifba bayramında qətl", İlqar Fəhmi " Bakı tarixindən kollaj", Şərif Ağayar "Gülüstan", Qaraqan "A romanı", Cavid Zeynallı "Günəşi gözləyənlər", Aslan Quliyev "Ağrı", Seymur Baycan "Ana ürəyi", Xanəmir "Maqlar", Qan Turalı "Fələk qırmancı", Nəriman Əbdürrəhmanlı "Qurban" və "Yolçu", Pərvin "Balerina", Aysel Əlizadə "Qadın peyğəmbər" və b. Əksəriyyəti dəyərli əsərlərdir və mənim oxumadığım bir xeyli başqa belə nümunələr var.

Bundan əlavə, bu dövrdə yazarlar birliyində və müstəqil ədəbi qruplarda yaşı 20 ilə 60 arasında olan 2-3 nəsil istedadlı qələm sahibi yetişmiş, onların yüzlərlə kitabı işiq üzü görmüşdür. Bugün ədəbiyyatımızı onlarsız təsəvvür etmək mümkün deyildir: Yunus Oğuz, Salam, Aqşin, Həmid Herisçi, Faiq Balabəyli, Əlisəmid Kür, Əlabbas, Barat Vüsal, Qəşəm Nəcəfzadə, Kamran Nəzirli, Rəsmiyə Sabir, Rasim Qaraca, Qulu Ağsəs, Əkbər Qoşalı, Əyyub Qiyas, Kənan Hacı, Pərviz, Elxan Zal, Meyxoş Abdulla, Sərvaz Hüseynoğlu, Dəyanət Osmanlı, Orxan Fikrətoğlu, Elnur Astanbəyli, Nərmin Kamal, Qurban, Fəxri Uğurlu, Günel Mövlud, Zahir Əzəmət, Murad Köhnəqala, Mahir Qabiloğlu, Aydın Xan, Fərqanə, Azad Yaşar, Səhər, Sevinc Pərvanə, Kamil Əfsəroğlu, Afaq Şıxlı, Gülşən Lətifxan, Kəramət Böyükçöl, Emin Piri, Əyyub Qiyas, Cəlil Cavanşir, Cavidan, Mina Rəşid, Fərid Hüseyn, Əlirza Həsrət, Tərlan Əbilov, Firəngiz Əhmədova, Sabir Yusifoğlu, İbrahim İlyaslı, Mirmehdi Ağaoğlu, Ələmdar Cabbarlı, Rəfail Həbiboğlu, Fikrət Şahbazlı və b.

Yaşlarına, ədəbi xidmətlərinə görə bir- birindən fərqli olan yazarların bir hissəsinin adını sadalamaqla bu gün ədəbiyyatşünaslıq üçün necə böyük bir fəaliyyət meydanı açıldığını nəzərə çatdırmaq istəyirəm. İlk addımları ilə bizi sevindirən bir xeyli yeni imza da var ki, hamısını yazmaq imkan xaricindədir.

Bütün bunlar var ikən ədəbi tənqid və ədəbiyyatşünaslıq niyə ötən əsrin ortalarından qopub bu günümüzə gələ bilmir? Dərsliklərmiz də elə bu prinsiplə yazılır.

Yeni dövr ədəbiyyatı köhnəlmiş izmlərin meyarları ilə dəyərləndirilə bilməz. Bu əsərlərə köhnə açarlar düşmür. Bu ədəbiyyatın nəzəri, bədii-estetik, poetik dəyərini onun öz içindən, öz qanunauyğunluqlarından və ya qanunauyğunsuzluğundan çıxaraq vermək olar.

Bu gün ədəbiyyatda realizm, romantizm, modernizm, postmodernizm cərəyanları yanaşı yaşayır, kosmik, fantastik düşüncəylə mifik yozumlar qovuşur. Ədəbi gənclik milli ədəbiyyatın və dünya söz sənətinin təcrübəsini yaxşı bilir, ədəbi-bədii abidələrin dilimizə çevrilməsində gənclərin yardımıyla böyük iş aparılır. O ki, qaldı yeni nəslin əzilmişliyinə, itirilmişliyinə və ya idealsız, paradiqmasız olmasına, bu artıq dünya miqyasında gedən proseslərin tərkib hissəsidir. Yeni nəsil savaşın, terrorun dünyanı bürüdüyü, böyük dövlətlərin kiçik xalqları əzib keçdiyi, dialoq və qloballaşma adı altında dinlərarası, mədəniyyətlərarası ziddiyyətlərin körükləndiyi, multikulturalizm pərdəsi altında milli birliyin təhdid edildiyi, insanlığın tarixi uğurları olan bir çox mənəvi dəyərlərin dağıdıldığı və inkar edildiyi, humanizmin və maarifçiliyin süquta sürükləndiyi, ədalətin və sosial güvənin sarsıldığı xaotik bir dövrün övladlarıdır. Ədəbiyyatın ictimai vəzifələri, sözün vətəndaşlıq borcu da mübahisə predmetinə çevrilib. Azərbaycanda buna müharibə faciəsi və bir sıra başqa "özəlliklər" də qarışır. Köhnə sistemlərin dağılıb yenidən qurulması, keçid dövründə yaxşıyla pisin, düzlə əyrinin yerinin səhv düşdüyü sosial müdafiəsizlik çağının yetirmələri olsalar da, bu Sosial Sunami gəncləri susdura bilməmişdir.

Postmodernist sənəti təhlil etmək çətindir, çünki poetikası ziddiyyətlidir, dünyadakı dəyərlər deformasiyası, düzənsizlik həm də yazarların düşüncəsindəki xaosla davam etdirilir. Bütün nüfuzlu şəxsiyyətlərə, əsərlərə biganəlik, keçmişə üstdən aşağı baxmaq, ənənələrin inkarı, hər şeyə ironiya ilə yanaşmaq... İstedadlı qələm sahibi bu xaosun içindən öz yolunu, əsil ədəbiyyatın yolunu tapar. Paradiqma tələbi isə gözlənilməz ruh və ürək çağırışları ilə dolu olan bədii yaradıcılıqdan daha çox , nəzəri və metodoloji sistemə aiddir.

Yeni ədəbiyyat yaxşıdır , pisdir, ağrılıdır, uğursuzdur, ədəbi ənənələrə bağlı deyil, keçmişi inkar edir, qəzəblidir, istehza və həcvlə danışır, fərqi yoxdur, ədəbi tənqidin və ədəbiyyatşünaslığın diqqətindən kənarda qala bilməz .

Yuxarıda dediyim kimi, ədəbi proses haqqında hazır düsturlar, ehkama çevrilmiş nəzəri qəliblər çərçivəsində danışmaq nəticə verməz. Ədəbiyyat nəzəriyyədən yox, nəzəriyyə ədəbiyyatdan doğur.

Güman edirəm həmkarlarım bu yazıda mənim niyyətimi düzgün qəbul edər və inciməzlər.

Söz ardı. Bu məqaləni yazandan sonra Akademiyadan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı ikicildlik, fundamental araşdırmanı aldım. Ondan sonra bu məqaləni çap etdirməmək də olardı. Çünki həmin cildlər ədəbiyyatşünaslığımızda haqqında danışdığım boşluğu doldurur, həm də mənim bu yazıdakı mövqeyimi təsdiq edir.

“Ədəbiyyat qəzeti”, 29 oktyabr 2016

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti