Şəhərdə tualet axtarmaq - qıza yaraşmayan hərəkət

Şəhərdə tualet axtarmaq - qıza yaraşmayan hərəkət
21 may 2018
# 12:14

Könül Cəfərli

Məni o biri abırlı yazılarıma bağışlayın, üzümə yaşmaq tutub bu dəfə ayaqyolundan yazası oldum. Arada tualetdən gələn “baçok”un xorultusu diqqətimi dağıtsa da bu önəmli zada duyduğum dərin minnətdarlıq hissi məni yenidən yazıya kökləyir. Bir dəfə də tualetdən bəhs etmişdim. “Heç sizdən gözləməzdim”, “ölmədik bu günü də gördük, tualetdən yazıb” deyən oxucuları da unutmamışam. Yəqin oxşar reaksiyalar yenə olacaq. Olsun, ayaqyoluna edilən haqsızlığın yanında nədir ki? Gündə neçə dəfə qapısını açıb zad edirsiniz, amma barəsində tək kəlmə də xoş söz dediyiniz yadıma gəlmir.

Çox yox, bircə dəfə ayaqlarınızı sıxıb özünüzü güclə çatdırdığınız yerdə qapısı qıfıllana, açılmaya. Nə duruma düşəcəyinizi təsəvvür edirsinizmi? Yaxud da təcili axtardığınız məqamda ətrafda ayaqyolu tapılmaya. Elə bu iki vəziyyət bəs edir ki, tualetin həyatımızdakı önəmini dərk edək və ona layiq olduğu dəyəri verək.

Əvvəla ayaqyolu hər birimiz üçün gündəlik lazım olan ehtiyacdır. Yəni səhərdən axşamadək dəfələrlə baş çəkdiyimiz ən lazımlı vacibatlardan biridir. Tualetsiz ev olmadığı kimi iş yeri də yoxdur. Hətta küçə-bayırda təntiyən vətəndaşları və qonaqları nəzərə alaraq, ictimai tualetlər də fəaliyyət göstərir. Hətta o gün bir Avropa şəhərində çəkilmiş maraqlı foto da rastıma çıxdı. Küçənin ortasına diyircəkləri olan səyyar tualetlər düzmüşdülər. Özü də tam örtülü deyildi ha, yarımqapalı idi. Yəni lövhə “işi”ni görən adamın yalnız ön hissəsini gizlədirdi. Bizdə elə səyyar tualet hələlik yoxdur, yaxşı ki də yoxdur, bir aftafa boyda abrımız qalıb, varımızı da itirməsək yaxşıdır.

Aftafa demişkən, onun da haqqına girməyək. Bu nəsnə Şərq mədəniyyətinin bir parçası, uzun dövr təmizlik məqsədi ilə kütləvi şəkildə istifadə olunun məişət əşyasıdır. Günümüzdə müasir avadanlıqla əvəz olunsa da, o doğma əşyanı kənd yerlərində hələ də görmək olar. Niyə ancaq qırmızı boyayırlar? Orası bəndənizə də müəmma olaraq qalır. Bəlkə də mən başqa rənginə rast gəlməmişəm.

Özünüzü bilməzliyə vurmayın, heçmi əlimiz bir aftafa qulpuna dəyməyib?

Nə isə, mövzu o deyil, tualetdən uzaqlaşmayaq. O gün də bir xanıma bankda ayaqyolu lazım olub, qıza deyiblər ki, bizdə müştərilər üçün həmin zaddan yoxdur. Bacının tələbi bank işçiləri tərəfindən normal qarşılanmayıb. Halbuki ayaqyolu axtarışından və ehtiyacından təbii nə ola bilər?

Bu hal bir dəfə də mənim başıma gəlib. Tələbə yoldaşımın səhhətində problem vardı, ishaldan əziyyət çəkirdi. Dərsdən çıxıb evə piyada getdik. Yolda dedi ki, davam edə bilməyəcəyəm. Gördüm halı yaxşı deyil, tələsik yaxınlıqdakı bir evin qapısını döydüm. Bir başıləçəkli qadın çıxdı, vəziyyəti izah etdim. Razılaşdı, yoldaşım tualetdə ikən xala “Qız uşağına yaraşmayan hərəkətdir, çalışsın bir də belə şey eləməyin” – dedi. Ayaqyolu axtarmağımızı ayıb bilmişdi.

Bizdə çox zaman belədir, ictimai rəy düzəlməyincə, elə də qalacaq. Camaat içində “tualet” adını çəkdinsə, neçə bərəlmiş göz sənə dikiləcək, sifətlərindən də “ayıbdır, yavaş de” ifadəsi töküləcək. Hələ o qınayıcı baxışları demirəm...

Yox, bacım-qardaşım, ayaqyolu utanılası yer deyil. Ola bilər ki, kimsə tualetə girsin, amma siz düşündüyünüzü etməsin, məsələn, corabını, yubkasını, köynəyini düzəltsin, makiyajını yeniləsin.

Xəlvətə saldığımız üçün də ayaqyoluna tək münasibətimiz deyil, rəftarımız da pisdir. “Bizdə tualet mədəniyyəti olmayacaq qədər azdır”,- desəm, yəqin xətrinizə dəyməz. Yoxsa niyə unitazın üstünə ayaqqabı ilə çıxaq ki?

“Bakı-Gəncə” avtobusu dincəlmək üçün yarım saatlıq Kürdəmirdə saxlayır. O restoran tualetlərini təsvir etməyə söz bəs eləməz. Gərək 10 metrdən beyni deşən iyrənc qoxunu da əlavə edəsən ki, tam təəssürat yaransın. İçərisi isə bərbad. Hər tərəf nəcis dolu, bilmirsən ayağını hara atasan ki, salamat çıxasan. Restoranın xadiməsi deyir ki, mən səhər təmizləyirəm, bir də gedəndə görürəm ki, unitazı qoyub, yeri murdarlayıblar, bizim camaatla mən artıq bacarmıram.

Belə! Uzun sözün qısası, şortik geyinməklə, suşi yeməklə müasirlik olmur. Gərək “tualet”ə də bir əl gəzdirəsən. Bizdə bu mədəniyyət nə zaman formalaşacaq, deyə bilmərəm. Amma əminəm ki, dəyişiklik üçün ayaqyoluna münasibətimiz yenilənməli, ən azı mətbəx qədər açıq mövzu olmalıdır. Nə də olsa, biri yeməyin hazırlanması, o biri həzmdən sonrası üçün lazım olan iki paralel, önəmli məntəqələrdir. Deyilmi?

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #