Mister X demişdir ki...

Mister X demişdir ki...
24 noyabr 2012
# 11:31

Televizorda bir verilişə baxırdım. Mövzu beləydi : "Təhsilin indiki durumu və perspektivlər". Zarafat eləmirəm, ciddi sözümdür. Sir-sifətindən intellekt, alimlik, ziyalılıq tökülən dazbaş, qalstuklu, bığlı bir kişi söz istədi və çıxışına başladı: " Nobel mükafatı laureatı Mister X demişdir ki, təhsil hər bir millət üçün vacibdir. Onun sözləri burda sitat çəkməyim təsadüfi deyil. O bizim Bakı Dövlət Universitetinin qonağı olarkən-yeri gəlmişkən biz ona universitetimizin fəxri doktoru adını verdik-mən onu müşayət və müşahidə etdim. Söhbətimiz zamanı öyrəndim ki, o bir çox nüfuzlu mükafatları qazanmış, bir çox təhsil ocaqlarının fəxri doktoru seçilmişdir. Siz də təsdiq edərsiziniz ki, belə bir adamdan sitat gətirməyim elə belə deyil. Hər halda Mister X elə belə adam deyil..."

İş elə gətirdi ki, bu maraqlı verilişi yarımçıq qoyub evdən çıxmalı oldum, çünki zəng edib məni bir toplantıya dəvət etdilər. Könülsüz də olsam, o toplantıya getdim. Toplantı bizim çağdaş ədəbiyyatımıza həsr olunmuşdu. Dəyirmi masanın ətrafına toplaşan cavanlı-qocalı tədbir iştirakçıları - yəni bizlər, toplantının aparıcısının elanından sonra bildik ki, bura yığışmağımızın məqsədi çağdaş ədəbiyyatımızın gələcəyi üçün dəyərli fikirlər eşitməkdi. Toplantının mövzusu belə idi : "Çağdaş Azərbaycan ədəbiyyatının indiki durumu və perspektivlər ". Toplantıda çıxış üçün ilk söz qoca bir kişiyə verildi. Kişi otağın bu başından kürsüyə gələnəcən bütün stullardan tutdu ki, yıxılmasın, hətta mənə bir anlıq elə gəldi ki, o artıq nəfəs almadan yaşamağı öyrənib. Kişi öskürüb sözə başladı: " Sözümə Nobel mükafatı laureatı Mister X-in məşhur bir fikri ilə başlamaq istəyirəm : Ədəbiyyat hər bir xalq üçün vacibdir. Bu sözlər mən onun dilindən şəxsən eşitmişəm. Burda cavanlar çoxdu, onlar bilməzlər. Mister X 2003-ci ildə Bakıda olanda, mən ziyafətdə onunla yan-yana oturmuşdum. İndiyə kimi yadımdadır, ondan soruşdum ki, Mister X sizcə ədəbiyyat nədir ? O gülümsündü, əlini çiynimə qoyub dedi ki, ədəbiyyat çox ciddi şeydir. İndi o vaxtdan 9 il keçib və mən o sözlərin necə dərin sözlər olduğunu anlayıram. Sonra biz ona akademiyanın fəxri doktoru adını verdik, o bundan məmnun olduğunu dedi. Belə bir adamın fikriylə sözümə başlamağı mən özümə borc bildim. Hər halda o elə belə deyil..."

Bu tədbirdə çoxlu odlu-alovlu çıxışlar, hamısında da çıxışçılar bir məşhur adamı xatırladılar, onunla necə tanış olmaqlarından, yeyib içməklərindən danışdılar. Sonra toplantı bitdi və hamı dəstələr halında tələsik, amma sanki bunu büruzə vermədən yeyib-içməyə getdilər. Nə gizlədim, mən də bir dəstəyə qoşuldum.

Axşam mənə bir zəng gəldi. Dedilər ki, sabah filan yerdə musiqi ilə bağlı bir tədbir var, iştirakınızdan məmnun olardıq. Etiraz elədim, dedim ki, axı mənim musiqiyə nə dəxlim var ? Dəstəyin o başındakı kəs dedi : Nə danışırsız, Qismət bəy, siz orda mütləq olmalısınız. Hər halda, siz elə-belə adam deyilsiniz. Razılaşdım, neyləyim, hər halda getmək lazımdı.

# 3596 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #