Rayonumuza bədbəxtlik gətirən dollar

Rayonumuza bədbəxtlik gətirən dollar
25 fevral 2015
# 16:20

Cəlilabad alverçilərinin dəbdə olan dönəmi idi. Bir gün rayona xəbər yayıldı ki, Ayaqqabı İsa İrandan gətirdiyi çəkmələrdən birinin içindən min dollara yaxın bükülü pul tapıb. Nə qədər adam dollara baxmaq üçün İsanın qapısına axışdı. Sonra da tində-bucaqda, çayxanada oturub dolların rəngini, görkəmini müzakirə edirdilər.

Əslində camaat məsələni şişirtmişdi. Dollar tapılmışdı, amma, o qədər yox. İsa bu olaydan məmnun idi. Kürəyi yerə gəlməyən, vaxtilə vəzifəsi, nüfuzu olan İsanı saymayan kişilər indi haya-küyə düşüb ondan alverin yolunu, izini öyrənməyə çalışırdılar. Aclıq və qıtlığın insanlara yaşatdığı əziyyət bir anda sadəlövh rayon camaatının içinə çaxnaşma salmışdı.

Rayonda vəziyyət necə dəyişmişdisə az qala hamının işinin, peşəsinin yeri səhv düşmüşdü. Neçə-neçə müəllimim alver üçün Cəlilabada getməyə məcbur olmuşdu. Onları bazarda, dükanda satıcı görməyə gözümüz alışırdı artıq. Müəllim müqəddəsliyi itib yox olmuşdu. Əvvəllər biz də elə bilirdik, müəllim yemək yemir, çay içmir, yatmır. Hətta düşünürdük ki, onun evi məktəbdir, elə oradaca yaşayır. Bir anda içinə sığınıb yaşadığımız bu sehr uçub göyə sovrulmuşdu sanki. İndi hamı başıalovlu yalnız bir müqəddəs uğrunda vuruşurdu. PUL!

İnsanlar bir-birinin qəsdinə durmuşdu sanki. Kimi loto oyunları təşkil edir, kimi evində qumarxana açırdı. Heç kəs hətta qardaşının cibinin dərdini də çəkmirdi. Məsələn, bir qardaş o biri qardaşın qurduğu qumarxanada pulunu uduzub arvad-uşağının yanına üzüqara getməyə razı idi. Amma üzünün pis yerinə salıb qardaşından pulu geri istəməyi özünə sığışdırmırdı. Oyun qaydaları insanlıq qaydalarını üstələmişdi.

Kim hansı malı gətirirdisə ləqəbi o cür qalırdı. Məsələn, V. müəllim, dönüb Yağ V. oldu. Sonra camaata kələk gəldikcə, Oğraş V.-ya çevrildi. Fermada baş zootexnik işləyən Kazım öz həyətində kiçik hin düzəldib toyuq cücə saxlamağa başladı, döndü oldu Cücə Kazım. Hərbi hazırlıq fənnini tədris edən atam indi qızıl alveri edirdi. Döndü oldu, Qızıl Fazil. Bizə qışqıra-qışqıra riyaziyyat düsturlarını başa salan olduqca savadlı Fuad müəllim indi bazarın qabağında "çek, dollar, lare, rus rublu" deyib səsini başına atırdı.

Böyük, kiçik hamı eyni rəngdə, eyni formada paltarlar geyinirdi. Xatırlayanlar bilir, "prapitka" kurtkaları kişilər də geyinirdi, qadınlar da. Anam boğazı xamıt koftadan özünə də almışdı mənə də. Bir sözlə, hər malın böyük ölçülüsü də vardı, kiçik ölçülüsü də. Hamı bir-birinin içindən çıxan "Matryoşka" kuklalara bənzəyirdi.

Camaatın gözü necə qorxmuşdusa, dar günə pul yığan da evində saxlamırdı. "Vahid Bank"ı az qala Allahın evi kimi qəbul edirdilər. Heç ağıllarına gəlməzdi ki, Vahid Bank pulları elə "vahid" adam kimi təkbaşına yeyəcək.

Zaman keçdikcə insanlar həzm etməyi öyrəndilər. Yeyib-içən, gəzən, evində çoxlu qonaqlıqlar verən adamların qapısına həsədlə baxanlar artıq onlara müəllim deməyə başlamışdılar. Vaxtilə adam olmağa çalışanlar, indi kababı dişi ilə şişdən isti-isit çıxarmaqları ilə fəxr edirdilər.

Amma bir vaxt rayonumuzun sevimliləri müəllimlər idi. Və biz də böyüyüb müəllim olmağı arzulayırdıq. Yemək yeməyən, çay içməyən, yatmayan müəllim...

Nə deyim...

Kaş o vaxt Ayaqqabı İsanın İrandan gətirdiyi çəkmənin içindən dollar çıxmayaydı...

# 1542 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #