Keçən günlərin birində hamilə qadının dənizdə boğulması xəbərini eşitdik. Sabahısı gün belə bir informasya yayıldı ki, qadının ölümü bədbəxt hadisə deyil, qətl imiş.
Deyilənə görə, hamilə qadını öz həyat yoldaşı dənizdə boğub. Dənizdə iki adam arasında necə bir mübahisə baş verə bilər ki, qətllə nəticələnsin?
Qarışıq düşüncələrimin içində belə bir fikir də özünə “yer edir”: hamilə qadını əri öldürmək məqsədilə dənizə aparıb.
Qəribədir, dənizə ən müqəddəs mənaları yükləmişik həmişə. Dənizi azadlıq bilmişik, ən məhrəm duyğularımızı dənizlə bölüşmüşük.
Dənizə sevgimizi izhar etməyə getmişik.
“Dərdimi danışdım suya
Ürəyim qarışdı suya”-deyir şair.
Nazim Hikmət isə dəniz haqqında yazır ki, bir az çınqılından götürdük, bir az mavi duzundan, bir az da adam olduq…
Hamilə qadınını qətlə yetirən kişi də yəqin bir az dənizin çınqılından götürüb, bir az mavi duzundan, amma heyif ki, adam ola bilməyib.
Kim bilir, o qadın dənizə baxıb hansı xəyallar qurmuşdu, dənizi necə vəsf etmişdi ürəyində? Amma son mənzilinin dəniz olacağını hardan biləcəkdi?
Dünyada hər il neçə-neçə qadın həyat yoldaşı, ya sevgilisi tərəfindən qətlə yetirilir. Və belə bir maraqlı statistika da var: qadınlar əsasən öz mənzillərində öldürülürlər.
Qadının yuvası həm də, hardasa onun məzarıdı...
Əslində dəniz də evimiz kimidi, çünki orada daha çox özümüz ola bilirik. Çünki dənizdə bizə məhrəm olan, ovudan nəsə var...
Görəsən o qadındamı bunu hiss etmişdi?
Qətlin səbəbi nə olursa olsun, əsas zəmin - anlayışsızlıqdır. Çox vaxt özümüzü insanlar arasında yad cəbhədəki kimi hiss edirik. Qarşılıqlı anlaşma, qarşılıqlı hörmətin yerini qarşılıqlı ittihamlar tutur. Biz orda məğlub oluruq ki, harda ki, anlamaqdan vaz keçirik. Özümüzü digərinin yerinə qoya bilmirik, onun nə düşündüyünü anlamağa çalışmırıq. İnsanlar arasında savaş qarşılıqlı anlaşma və hörmətin bitdiyi yerdə başlayır. Anlayışsızlıq sevgimizə balta vurur, bizi başqalarına və özümüzə küsdürür, kinli və hikkəli edir.
Keçən dəfə gürcü yazıçısı Temur Babluaninin «Ay, günəş və buğda zəmisi” adlı əsərini oxuyanda çox çətin həyat yaşayan qəhrəmanın qeyri-adi anlayış duyğusuna sahib olduğu haqda düşündüm.
Baş qəhrəman yenicə həyata atılan gənc bir oğlandır. Qonşu qızı sevir. Onlar yoxsuldur, amma pis-yaxşı ümidləri, xəyalları var.
Qəfil hadisə hər şeyi alt-üst edir. Oğlan başqasının günahını öz üzərinə götürməli olur və həbsxanaya düşür.
Sonra həbsdən qaçır və bu zaman üstünə daha böyük cəza yüklənir. Tutulur, güllələnmə hökmü verilir. Onu və digər məhbusları başqa cəzaçəkmə müəssisəsinə aparan furqon təsadüfən yolda dayanmalı olur. Bundan istifadə edən qəhrəman yenidən qaçmağa müvəffəq olur, amma nəzarətçi onu arxadan güllə ilə vurmaq istəyəndə qəfildən yerin buz qatı yarılır və furqon məhbuslar və nəzarətçilər ilə birlikdə qəhrəmanın gözü önündə yerin tərkinə gedir.
Qəhrəmanımız yenidən azadlığa qovuşur, amma başqa problemlə üzləşir və sevgilisini yalnız 30 ildən sonra görə bilir.
Hər ikisi qocalmışdı və hər ikisinin səhvləri vardı. Amma bir-birlərini ittiham etmədən sakitcə havadan-sudan söhbət edirdilər, çünki heç nəyə baxmayaraq bir-birlərinə olan məhəbbət onları ayaqda və həyatda saxlamışdı.
Ən azından həmin məhəbbətə duyduqları sayğı və anlayış onları utanmadan yenidən bir-birinin gözünün içinə baxmağa sövq edirdi.
Mənəviyyatsızlıq-sevgisizlikdən, anlayışsızlıqdan başlayır. Öz eqolarımızı bəsləyirik, ancaq qarşımızdakı adamın nə düşündüyü, nələr yaşadığı vecimizə də deyil.
Bu yerdə illər öncəki bir hadisəni xatırladım. Atamın yatdığı xəstəxanada bir qadın yatırdı. Həmin palataya (daha doğrusu reanimasiyaya) ən ağır xəstələri qəbul edirdilər. Gənc qadın intihara cəhd etmişdi.
Adi anlayışsızlıq səbəb olmuşdu bu fəlakətə. Qayınanasıyla sözü çəp gələn gəlin ərinə şikayət edib, o da anasının tərəfini saxlayaraq onu boşayacağını bildirib. Bunu eşidən gənc qadın üstünə benzin töküb yandırıb.
Evdəkilər gəlini alovun əlindən xilas etməyə qaçıb, birtəhər yanğını söndürüblər, amma qadının xəsarətləri dərin idi, demək olar ki, yaşayacağına ümid yox idi.
Bu qadın 16 yaşda ərə verilmişdi, evdə onu gözləyən azyaşlı oğlu vardı. Bu hadisə həyatın yoldaşını möhkəm silkələmişdi, hər gün gəlir, arvadının başının üstündə durub çarəsizcə ona baxırdı. Sonra ayaqlarını sürüyə-sürüyə palatadan çxırdı.
Həkimlər konkret bir şey demirdilər, amma gəlinin sağalacağına ümidləri az idi. Amma qəribədir ki, qız sağalırdı. Dəhşətli ağrılar içində sağalırdı.
Anası qızının önündə diz çöküb çarəsizcə ona baxır, nə edəcəyini, bilmirdi. Onun fəryadlarına əri də tab gətirə bilmirdi, çünki özünü günahkar sayırdı.
Gəlin həyat yoldaşından polisə şikayət etməmişdi, amma özlüyündə onu bağışlaya bilmirdi. Bir dəfə isə palatadan qovdu onu, ağlaya-ağlaya anasına dedi ki, gələndə onu içəri buraxmasınlar.
Sabahısı gün oğlanı da qonşu palataya gətirdilər, o da özünü yandırmağa cəhd etmiş, amma bacarmamışdı, yalnız əlləri yanmışdı.
Qıza ərinin intihar cəhdini deyəndə ağladı. “Tale burda da birləşdirdi bizi, ta bundan sonra səhvə yol vermərik”, dedi.
Xəstəxana ortamında ortaq dərd insanların ağrılarını bir-birinə doğmalaşdırır, istər-istəməz heç kim bir-birinin taleyinə laqeyd qala bilmir. Bu gəlinin də başına gələnlər məni laqeyd qoymurdu, hər dəfə xəstəxanaya gələndə bir-birimizdən hal-əhval tuturduq.
Bir dəfə gələndə çox sevincli və ümidli gördüm gəlini. Dedilər ki, həyat yoldaşıyla barışıblar. Qız ərinin yanmış əllərini qucaqlayıb ağlayıb. Söz veriblər ki, nə olursa olsun, ayrılmayacaqlar.
Bu gənc ər-arvad o hadisədən sonra sanki bir-birlərini anlamağı öyrənirdilər. Doğrudan da bu hadisə onlara çox şey öyrətmişdi. Hər ikisi ümidliydi.
Adətən yanıqdan sonra 14-15 gün ən kritik vaxt hesab olunur. Amma təxminən 20 gün sonra qızın qəfidən halı pisləşdi. Tez oksigen balışı gətirdilər, amma kömək etmədi.
Təcili həkimi çağırdılar, iynələr vuruldu, amma heyhat. Gəlini həyata qaytarmaq mümkün olmadı.
Ondan sonra olanları təsvir edib başınızı ağrıtmaq və sizi kədərə boğmaq istəmirəm. Bir-iki gündən sonra biz də o xəstəxanadan ayrıldıq.
Bir neçə aydan sonra təsadüfən gəlinin qohumlarından biriylə rastlaşdım. Məni oğlanın taleyi maraqlandırırdı. Qadın bunları dedi:
“Arvadının ölümündən sonra havalandı. İndi nə özünə xeyri var, nə də bir kimsəyə. Saatlarla gözünü bir nöqtəyə dikib oturur. Ya da qəfildən kanistri götürüb anasının üstünə cumur, onu yandıracağı ilə hədələyir. Amma indiyə kimi heç kim zərər çəkməyib. Bəlkə ona görə ki, kanistrdə benzin yerinə su saxlayırlar”.
Qadın bunları deyib susdu. Sağollaşıb ayrıldıq. Yolda gələ-gələ düşünürdüm ki, bu adamlar hələ də anlaya bilməyiblər ki, əsas problem kanistrdəki benzində deyil, onların öz içindədi. Anlayışsızlıq və sevgisizlikdən mənəviyyatsızlıq və amansızlıq doğar.
Dənizdə ərinin boğduğu qadın da eyni amansızlığın qurbanı oldu. Həmin o qadın ki, suya pənah aparmışdı…