Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ
20 oktyabr 2026
# 11:15

İkinci Qarabağ müharibəsindən bir neçə il keçsə də, Azərbaycan ədəbiyyatında gözlənilən o böyük Zəfər romanı hələ də yazılmayıb. Müəyyən hekayələr, şeirlər və pyeslər qələmə alınsa da, qələbənin miqyasına adekvat irihəcmli nəsr əsəri ortada yoxdur. Səbəb nədir? Qələbədən yazmaq dərddən yazmaqdan daha çətindir, yoxsa müəlliflərə sadəcə zaman lazımdır? Bəlkə, sanballı əsərlərin yaranması üçün xüsusi maddi şərait və sifariş olmalıdır?

Kulis.az bu suallar ətrafında tanınmış yazıçı və ədəbiyyatşünasların fikirlərini öyrənib.

Sorğunu təqdim edirik:

Fəxri Uğurlu:

“Əslində, Qarabağın tam azad olunmasından üç il keçib. Bu müddətdə müharibə mövzusunda şedevr yaranacağını gözləmək sadəlövhlük olar. Həm də bu mövzu dünya ədəbiyyatında çox işlənib. Nə yazasan ki, onlara bənzəməsin, fərqli olsun? Salnamə yazmaq üçün yazıçı olmağa ehtiyac yoxdur, bunu yaxşı bir jurnalist, televiziya komandası da eləyə bilər. Yalnız böyük yazıçı müharibə mövzusunda təzə söz deyə bilər, o da hər ay, hər il yetişmir. Bəziləri üçün də xalqımızın dərd-səri spekulyasiya vasitəsinə, yem yerinə çevrilib, xalqın faciəsini yağlı loxmaya döndərib udmaq üçün növbəyə düzülüblər, halbuki, Allah eləməmiş, erməni gəlib Bakını işğal eləsəydi, düşmənə bələdçilik eləyər, vətənpərvər, qeyrətli oğlanların ünvanını göstərərdilər. Mən belə məsələləri qıraqdan təmkinlə müşahidə eləyirəm, artıq çoxdandır heç nəyə təəccüblənmirəm.

Vətən üçün, millət üçün gerçəkdən yananları həmişə yalnız külündən tanımışıq. Əsl ədəbiyyat da onların külündən doğulub, daha yanağından yağ daman vətən, millət alverçilərinin pul kisəsindən yox. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Nə yazsaq, Şuşanın qayalarına dırmanan igidlərimizin qəhrəmanlığına adekvat olmalıdır. Zəif ədəbi makulatura şəhidlərimizin xatirəsinə hörmətsizlikdir”.

Həmid Herisçi:

“Qarabağın azad olunmağı haqda təzə roman yazdıra bilməyəcəksiz. Çünki böyük ədəbiyyat ilk növbədə "YAZ-DIR-RIL-MIR!". YA-ZI-LIR!

İkincisi, bu roman çoxdan YA-ZI-LIB-DIR. Bu roman xalq YA-ZA-RI Sabir Əhmədlinin hələ uzaq 2008-ci ildə qələmə aldığı "Ömür urası" əsəridir. Xalq yazarının bu əsəri həqiqətən öncəgörmə nümunəsidir, bu da üç.

Sabir Əhmədli görəndə ki, ömrü "ura dövrü"nə, yəni sona yaxınlaşır və ola bilsin gələcək müharibəni görmədi, misilsiz qəhrəmanlıq etdi. Qələmini süngü edib, əsərində (!) Qarabağı azad etdi.

Əsərin baş qəhrəmanı Cəbrayıl orta məktəbinin sıravi müəllimidir. Yəni Sabirin özüdür. Həqiqətən şəhid atasıdır. Oğlunun şəhadətini misilsiz ustalıqla mətnə köçürüb.

Əsər, Cəbrayılın işğalının amansız səhnələri ilə başlayır. Xanadakı yarımçıq xalçanı yad qəsbkar əli elə xanadanca qoparır.

Xanadan yarımçıq qoparılan xalça. Əsir aparılmış xalçaçı qızlar...

Onlar əmrə tabe olub Xankəndidə xalça toxumaq istəmirlər və...

Üç nöqtə qoyuram bu mənzərəyə...

İndi mən sual verim hamınıza, ilk növbədə Mədəniyyət Nazirliyi məmurlarına: Niyə heç oxumursuz? Niyə Sabirin bu əsəri diqqətinizə çatmaq şərəfi tapmayıb?

Mədəniyyətdən də, ədəbiyyatdan da əsla bixəbərsiz bəlkə?

Bixəbərsiz.

Unutmayın, kinonu məmurlar çəkmir, elə ədəbiyyatı da məmurlar yazmır.

Əsərdən bəzi cümlələri yarımçıq, üç nöqtəylə verirəm ki, axırını qeyrət edib özünüz oxuyasız.

Əsərdən o acı günləri dinləyin. Cümlələri, sözləri özüm bilərəkdən yarımçıq yazıram ki, acı mənzərə, həyatın sürəti bir də gözlərinizdə canlansın:

“Saatlıdan... Beyləqana yax... yolları bürümüş... axınıyla qarşılaşdılar. Hərlənib Haramıya doğru gələn xılı “Jiquli” yarıb keçə bilmirdi, ilişdilər.

Haramı... belə köç görməmişdi... itlər boğazındakı zənciri torpağın üstüylə sürüyür... evdən çıxanda, köpəklər zəncirləri qoparıb düşmüşdülər bunların ardınca...

Arvad-uşağın üz-gözündən zəhər... kişilər hirs-hikkədən...

Fotoaparatı götürdü... Qadınlar, qızlar da şəkillərinin çəkilməyinə yol vermədilər...

Beyləqan İcra Hakimiyyətindən....

Dörd-beş kişi yanaşdı... İcra başçısından xahiş etsin, onlara yük maşını versinlər. Orda, kənddə xeyli taxıl qalıb. Gedib onu götürsünlər.

Qayıdıblar kəndə, giriblər taxıl ambarına... Ermənilər... güdürmüşlər... Hamısını taxıl-maşınlı girov götürüblər...”

Sanki şumer dövründən gəlib bizə çatmış bu mənzərəyə - insanların düşməndən qaçmaq səhnəsinə!

Day nə deyəsən... Köpəklər öz sahiblərinə vəfalılığı, boyunlarındakı zənciri qopartmaqla sübut etdikləri halda...

Qaçqınlar heç layiqdirlərmi öz köpəklərinin vəfasına?

Bax, bu dar məqamda bir dəstə qaçqın geri qayıdır. Düşmənlə döyüşməyə görə yox! Taxılı ambardan çıxarıb bazara çıxarıb satmaqdan ötrü!

Ancaq vətəni uduzanlar, öz kiçik ticarət sevdalarını da uduzurlar. Taxılı geri qaytarmaq həvəsinə düşənlər, vətəni geri qaytarmaq istəmirdilər...

Vətənə ilk QAYIDIŞ Haramı düzündəki bax bu əclaf qayıdışla başlayır - vətən hardadır? Taxıl ambarında? Köpəklərin vəfasında, yəni köpəklərin yaşlı gözündə?

Sabir Əhmədli bu “qayıdış”ı görüb”.

Şərif Ağayar:

“Bir neçə maraqlı hekayə yazıldı. İrihəcmli əsər və ya kinofilm rastıma çıxmayıb. Qələbədən yazmaq çətindir. Çünki qələbə harmoniyadır. Vətəni istəyirsən və ona qovuşursan. Yazmaq üçünsə dramaturgiya lazımdır. Lakin əlbəttə, qələmin nişangahına gəlməyən mövzu yoxdur.

Yazıçı istəsə, uşağını öpən ananın hərəkətində də dramaturgiya tapa bilər. Məncə, qələbə mövzusunun işlənməsi üçün bir az zamana ehtiyac var. İndi pafos mərhələsindəyik. Qələbə görməmişliyimizi yaşayırıq. Onun gurultulu şadyanalığı hələ də qulaqlarımızda çing edir. Həm də bir çox qələm adamları bu mövzunun istismarı ilə məşğuldur. Demişəm, bir də deyim: 44 günlük müharibədən ədəbiyyatın Hikmət Mirzəyevi olmağı bacaran alicənab insanlar nəsə yaza bilər.

Bu mövzunun Şuşasına bayraq taxmaq üçün peşəkarlıqla yanaşı, onurğa, cəsarət və obyektivlik lazımdır. Vətən sentimentallığından, yersiz milli-dini təəssübkeşlikdən və pafosdan arınıb hadisələrə ciddi sənət bucağından baxmasaq, həmişəki kimi mədhiyyə və tərənnümə yuvarlanacağıq”.

Elnarə Akimova:

“Biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən bir Vətən müharibəsinin, Qarabağ savaşının içindən keçdik. İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlar əlbəttə ki, fərqli diskurs tələb edir. Baxışlar, imperativlər dəyişib. Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz. Ədəbiyyatımıza bir çox yeni tip və obrazların gələcəyi, özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət gətirəcəyi şübhəsizdir.

Biz artıq məğlub deyil, qalib ölkənin qələm adamlarıyıqsa, bu əzm duyğusunun müəlliflərə ayrı bir impuls verəcəyi qaçılmaz faktdır. Sadəcə elə məsələlər var ki, bir az şüuraltı idrakını gözləyir. Məncə, 30 illik işğalın gətirdiyi həsrətin 44 gündə bitməsi bir az çaşqınlıq yaratdı, sanki şüuraltımız bu gözlənilməzliyə hazır deyildi.

Bu mənada, çağdaş ədəbi prosesdə həzin bir içəçəkilmə var. Zahirən Zəfərimizlə bağlı heç bir qaynarlıq, hadisə yaradan mətn çabaları görünmür. Ancaq bu durğunluq deyil: indi ədəbi gedişat şair və nasirlərin içində baş verir. Həyata, mövcud cəmiyyətə diktəli yox, analitik baxışın dramatizmi gücləndikcə bədii idrakın və inikasın “sualtı axını” sürətlənəcək. 2020-ci ildə şanlı Zəfərimizi qazandıqdan sonra bizi ən çox narahat edən sual bu oldu: sənətin, ədəbiyyatın diskursu dəyişdi, bəs ədəbiyyat baş verənlərin bədii dərkini necə verə biləcək? Hər şəhidin ömrü, həyat yolu, Şuşa qələbəsi özü bir filmdirsə, bu qədər təsirli həyat faktları, müharibə lövhələri önündə bədii sözün mövqe və münasibəti hansı çəkidə, hansı ağırlıqda olacaq?

Etiraf edək ki, qələbəmizin gözlənilməz olması müəyyən nəfəsdərmə tələb edən sənət meyarları ilə dissonans təşkil etsə də, hadisələrdən bir müddət sonra bu mövzuda az əsərlər yaranmadı. Xüsusilə, hekayə janrında diqqətçəkən nümunələr ərsəyə gəldi. Bu sırada oxuduqlarım içərisində Nərmin Kamal, Şərif Ağayar, Mübariz Örən, Sevinc Elsevər, Orxan Həsəni, Samirə Əşrəf, Orxan Saffari, Əli Zərbəlinin hekayələri diqqət çəkdi ki, müharibə amili bu mətnlərdə, ilk növbədə, sonsuz insan talelərinin, insan əzablarının yaşandığı amansız gerçəklik kimi təqdim olunub. Yaxud Azad Qaradərəli, İlqar Kamilin irihəcmli əsərlərində şəhidlərimizin bəzilərinin obrazı ümumi axından ayrılıb, uğurlu şəkildə fərdiləşdirilib.

Amma biz təbii ki, daha epoxal, daha siqlətli, müharibənin və onun törətdiyi faciələrin dərinliyini, insan psixologiyasının görünməyən, gizli tərəflərini təsirli şəkildə göstərməyə qadir bədii nümunələr umuruq və buna haqqımız da var. Çünki bu tarix, bu qələbə bizimdir və heç kəs bunu bizim qədər ağrıyıb, duyub yaza bilməyəcək.

Təbii ki, burada hazırlıqsız olmağın da müəyyən təsiri var. Müharibədən keçmiş hər şəhidin, hər qazinin ömür yolu bir roman mövzusudur və onların yaşadığı təcrübənin universallığı, ekstremal situasiyalarda davranışı ədəbiyyat üçün ciddi bazadır. Əsas məsələ bu bazadan uğurla yararlanmaq, mövcud materiallardan yaradıcı şəkildə bəhrələnib yüksək bədii dillə həllinə nail olmaqdır. Yazıçılarımız statistika içində itib-batan yüzlərlə talelərin əbədiləşməsinin estetik üsulunu axtarmalı, müharibədə olmuş, canlarını fəda etmiş, yaxud psixoloji təsirə məruz qalmış insanların dramını, həqiqətini gətirməlidir mətnlərə.

Amma burada dövlət dəstəyi və yaradıcılığın stimullaşdırılması baxımından da işlər görməliyik. Yazıçıların sosial müdafiəsini gücləndirən mexanizmlərin işlənməsi zəruridir. Yəni biz ədəbiyyatdan, yazıçılardan tələb edirik, bəs istedadlı yazıçılara bu əsərləri yazmaq üçün hansı dərəcədə maddi stimul, dəstək verə bilirik? Bu məsələlər tənzimlənməlidir ilk növbədə”.

Samirə Əşrəf:

"Mənim bildiyim qədərilə, böyük, irihəcmli romanlar və ya povestlər hələ yazılmayıb. Hekayələr yazılıb – bir çox tanınmış yazıçılarımız Qarabağ müharibəsi mövzusuna hekayə, reportaj və şeir formatında toxunublar. Teatr mühitində olduğum üçün bilirəm ki, Ülviyyə Heydərovanın müharibədən sonra yazdığı və səhnəyə qoyulan pyesləri çox yaxşı ərsəyə gəlib. Amma irihəcmli əsər yaranmayıb.

Bunun yaranmamasını əslində normal qəbul edirəm. “Yaranmalı idi, niyə yaranmayıb?” tipli suallar ünvanlansa da, mən hesab edirəm ki, bu, artıq dəfələrlə deyilmiş şablon fikirdir. Ancaq bu da dəqiqdir ki, müharibədən sonra isti-isti böyük əsərlər yaratmaq mümkün deyil. Ona görə ki, hadisələrə subyektiv, birtərəfli yanaşmalar ola bilər. Müharibənin elə ağrı-acıları, elə mövzular var ki, onlara dərhal toxunmaq mümkün deyil; mental qaydalar, qanunlar buna icazə vermir. Mənə elə gəlir ki, müharibənin üzərindən bir müddət keçməlidir.

Hamımız bilirik ki, istedadlı qələm adamlarının min bir imkanı, şəraiti yoxdur. Roman məsələsinin üzərindən sadəcə adını çəkib keçmək olmaz; roman çox ağır janrdır və onu işləmək günlərlə, aylarla təkcə yazmaqdan ibarət deyil. Yazıçı həm də onu düşünməli, hazırlamalıdır. Sənin bütün həyatın romandan ibarət olmalıdır ki, o əsəri yazıb ortaya çıxara biləsən.

Təəssüf ki, bizim istedadlı qələm adamlarımızın, nasirlərimizin roman yazmağa vaxtı yoxdur. Çünki əksəriyyəti mətbuatda, mediada və müxtəlif fərqli sahələrdə çalışır. Şəxsən roman yaza biləcək insanlardan biri mənəm və müharibə haqqında bir romana da başlamışam. Ancaq məişət qayğılarından, sosial problemlərdən, şəhər həyatının dinamikasından və iş rejimindən xilas olub heç cür toparlana, o romanı yaza bilmirəm. Çünki, əvvəla, vaxt tapa bilmirəm, ikincisi də, yazmaq üçün gərək əvvəlcə düşünüb hazırlayasan.

Ona görə də bunlar o qədər də asan, dildə deyilməsi rahat məsələlər deyil. Bunlar ciddi ədəbiyyat hadisələridir və o da hər zaman baş vermir. Düşünürəm ki, buna görə narahat olmağa dəyməz. Zamanı yetişəndə mütləq o romanlar da yazılacaq. Bəlkə də, elə biz indi bu söhbəti etdiyimiz zaman yazılır. Buna görə narahat olmağa ehtiyac yoxdur, çünki artıq o işartılar var, hekayələr yazılır, proses yavaş-yavaş gedir. Müəlliflər hekayələr yazırsa, deməli, bunun ardı da gələcək. Qarabağ müharibəsi haqqında böyük ədəbiyyat hadisələri mütləq yaranacaq.

"

Mirmehdi Ağaoğlu:

“Ekranlara yeni çıxmış “44” filminə hələ baxmamışam, amma çəkiliş və istehsal prosesini sosial mediadan izləmişəm. Layihəyə ayrılan diqqətdən, görülən işlərdən və sərf olunan zəhmətdən onun böyük miqyaslı bir film olacağı əvvəldən bəlli idi. “44”-ə qədər Vətən müharibəsi və Zəfər haqqında bir neçə film çəkilsə də, onların heç biri gözlənilən nəticəni vermədi. “44” filminə göstərilən diqqət isə öz nəticəsini verib və ortaya böyük bir ekran əsəri çıxıb.

Mənim demək istədiyim budur ki, ədəbiyyatda da, xüsusən Vətən müharibəsindən bəhs edən sanballı romanların yaranması üçün belə ciddi diqqət və şərait lazımdır. Söhbət qəhrəmanlıq dastanı səviyyəsində bir roman yaratmaqdan gedirsə, məncə, burada sifariş mexanizmi vacibdir.

Çünki belə bir əsər yazıçıdan böyük zəhmət və vaxt tələb edir. Müəllif arxivlərdə araşdırma aparmalı, müharibənin iştirakçıları ilə görüşməli, ətraflı material toplamalı və bütün bunları bədii əsərə çevirməlidir. Düşünürəm ki, Azərbaycan reallığında yazıçıların əksəriyyətinin başqa işlərini kənara qoyaraq iki-üç ilini bütövlükdə belə bir layihəyə sərf etməsi mümkünsüzdür. Bunun üçün onlara lazımi şərait yaradılmalı və yüksək qonorar ödənilməlidir ki, yazıçı bütün vaxtını və enerjisini bir əsərə verib, iki-üç il ərzində sanballı bir roman ortaya qoya bilsin.

İnanıram ki, bu şəkildə yaxşı bir əsər ortaya çıxar”.

İlham Əziz:

“Müharibə haqqında ədəbi sifarişi düzgün hesab etmirəm. Sifarişlə ədəbiyyat yaranmır, yarana da bilməz. Nə vaxt təbii proses hər hansı bir yazıçının içində yaranacaqsa, o da yazacaq. Sifarişlə yazılanlar karikatura effekti yaradır. Bunu yazıçıların istedadı və ya dünyagörüşü ilə bağlamaq, ən azından ədəbiyyat barədə yanlış fikirdə olmaqdır.

Bəlkə heç yazılmadı. Ola bilər. Sovet alətlərini yerə qoymaq lazımdır. Yaradıcılığı məmur fəaliyyəti ilə eyniləşdirmək olmaz”.

Sevinc Elsevər:

“Vətən müharibəsinə həsr olunmuş povest, roman oxumamışam. Amma yaxşı hekayələr yazılıb. Şeirlər yazılıb. Pyeslər var. Mənim özümün yazdığım "Çiçək məktublar" dramı Mədəniyyət Nazirliyinin Vətən müharibəsinə həsr olunmuş müsabiqəsində qalib olmuşdu.

Filmlər də çəkilib müharibə mövzusunda. Amma düz deyirsiniz, məhz irihəcmli nəsr əsəri yoxdur. Bunun səbəbi, məncə, təkcə müharibədən yazmağa hazır olmamağımızla bağlı deyil. Roman az yazılır onsuz da. Son illər barmaqla sayılacaq qədər roman yazılıb.

Bir vaxt yaxşı təbliğat vardı. Hamı roman yazmağa girişirdi. Hətta bir dəfə yazar dostlarımızdan biri mənimlə hal-əhval tutanda kimi soruşdum, dedi roman yazır, qayıdıb dedi ki, "Uşaqlar elə bil romana kürt yatıblar, bu nədir hamı roman yazır?!" Çox gülmüşdüm. Yadıma düşəndə gülümsəyirəm hələ də.

"Qanun" nəşriyyatının propaqandası vardı o vaxtlar. Mən özüm o propaqanda sayəsində bircə ayın içində roman yazmışdım. Düzdür, bircə ayda yazırsan yazmağına. İllərin yığılıb qalan söz-söhbəti olur, o başqa. Amma fakt budur ki, mən o romanı bir aya yazmışdım.

Uşaqlar dolanışıq dərdindədir. Hərə başını birtəhər girləyir. Hekayə, şeir, kiçikhəcmli mətnlərlə baş qatırlar. Roman yazmaq ciddi işdir. Həm motivasiya, həm ağır zəhmət, həm pul tələb eləyən işdir. Bir aya yazdım deyirəm, amma sutkada 8 saat durmadan yazırdım. Ona həm həvəsim, həm enerjim vardı. İndi elə gənc, elə sağlam və həvəsli deyiləm.

Gənclərdən gözləyirik o romanları. Sağlam, ruh yüksəkliyi olan işıqlı gənclərdən. Mən arzulardım ki, o romanları müharibə şahidləri olan qələm adamları yazsınlar. Onlarda daha gözəl alınar.

Zamanın da rolu var yəqin ki, bu məsələdə. Bir şeyi də deyim, dərdi yazmaq asandır, görünür. Sevinci, qələbəni yazmaq çətin. Ədəbiyyat adamları boş yerdən demirlər ki, ədəbiyyat dərddən yaranır. Məsələ budur ki, Vətən müharibəsindən yazanda hər iki hissi, duyğunu birləşdirməlisən.

Bizim ədəbiyyat illərlə ağlaşmaya öyrənib. Görünür, "ələmdən nəşəyə" keçməyin vaxtıdır”.

# 149 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər