Conatan Sviftin məşhur satirik əsəri “Qulliverin səyahətləri”nin nəşrindən 300 il ötür.
Kulis.az xəbər verir ki, 1726-cı ilin oktyabrında anonim şəkildə nəşr olunan kitabın yubileyi İrlandiyada sərgilər, müzakirələr, seminarlar və müxtəlif mədəni tədbirlərlə qeyd edilir.
Əsər ilk nəşrindən etibarən geniş maraq doğurub. Svift kitabda insanın özünü həddindən artıq böyük görməsini, siyasi çəkişmələri, korrupsiyanı, dini münaqişələri və elmi iddiaların bəzən gülünc həddə çatmasını satira vasitəsilə tənqid edirdi. Qulliverin Liliput ölkəsində yaşadıqları, balaca insanların qaynadılmış yumurtanı hansı tərəfindən sındırmaq üstündə müharibə aparması kimi epizodlar siyasi və dini mübahisələrin absurdluğunu göstərirdi.
Dublindəki Triniti Kollecində təşkil olunan yubiley sərgisi əsərin müxtəlif dövrlərdə nəşr edilmiş versiyalarını bir yerə toplayır. Burada qədim qravürlər, pop-up kitablar, komiks nümunələri və nadir nəşrlər nümayiş olunur. Tədbirlərdə əsərin müasir feminist yozumları, mədəniyyətin hakimiyyətlə münasibəti və Sviftin dövrünü aşan satirik dili də müzakirə edilir.
Maraqlı məqamlardan biri budur ki, “Qulliverin səyahətləri” bu gün süni intellekt və texnologiya ilə bağlı narahatlıqlar kontekstində də şərh olunur. Sviftin elmin insan həyatından uzaqlaşaraq mənasız eksperimentlərə çevrilməsini təsvir etməsi müasir oxucu üçün yeni məna qazanır. Üç əsr əvvəl yazılan kitabın hələ də aktual müzakirələrə səbəb olması klassik ədəbiyyatın zamanla münasibətini bir daha göstərir.