Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi
29 oktyabr 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Qəşəm Nəcəfzadənin "Erməni qızı" hekayəsini təqdim edir.

Nə vaxtki, atam böyük qardaşım Əlmurada “gözün üstə qaşın var deyirdi”, o da o saat başlayırdı evdə açar axtarmağa. Açar bəzən tez tapılırdı, bəzən də gec. Tez tapılanda kədərlənirdik, çünki qardaşım Almurad ağzından heç nə qaçırtrmırdı və biz də gülüb eləmirdik. Elə ki, gec tapılırdı Əlmurad başlayırdı açarın tarixini və bu tarixdə öz taleyini danışmağa. Elə odlu- alovlu danışrdı ki, elə bil atəşli sözlər azğzını, dilini pörşələyirdi. Çünki arada kəkələyirdi. Danışığındakı əsas fikir bu idi ki, o, Rastovda hərbi xidmətdə olanda bir qızıla tanış olubmuş, qıza vurulubmiş, qız da bunun üçün ölürmüş. Leyli Məcnun bunların yanında yalanmış. Sevgi o qədər güclü olubmuş ki, qız Rastovdakı evinin açarını veribmiş, qızın dilincə desək (Əlmurad belə deyir), bizim Əliquluşaya.

Açarın evdə itməyinə əsas səbəb nə idi? Əlmurad açarı elə bir yerdə gizlədirdi ki, sonra həmin yer özünün yadından çıxırdı. Yenə başlayırdı evin altını üstünə çevirməyə, rastovlu qız haqqında təzə xəbərlər üyütməyə.

Məsələn, Əlmurad deyirdi ki, rastovlu qızdan bir oğlu da var. Bu yerə çatanda o, nənəmin süd vedrələrinə təpik vururdu, danqıltısı Beyləqanın Salvartısında eşidilirdi. Nənəm Allaha yalvarırdı ki, kaş açar tez tapılsın, yoxsa gədə bizi öldürəcək. Elə ki, açar tapılırdı, Almuradın köpü alınırdı.

Bəs Almuradın açarı tez – tez axtarmaqda məqsədi nə idi, bunu nədən və kimdən ötrü edirdi? Səbəb o idi ki, atam ona iş buyuranda və iş də gedib kötüyə dirənəndə Əlmurad başlayırdı açar axtarmağa. Bu da ondan ötrü idi ki, guya buralar onun könlüncə deyil, hirsləndirib eləsələr, elə bu gecə Gəncə qatarı ilə gedər Bakıya, ordandan da Rastova; ev orda, eşik orda, uşaq orda, arvad orda. Daha buralarda nə iti azıb ki, gündə mal yeri kürüyə, qoyun mizi çıxarda, ağac dibi belləyə, nar bağını külləyə. Ondansa çıxıb gedər Rastova. Bəy oğlu bəy kimi işləyər Rastovun bazarında.

Bir növ açar qardaşım üçün qatar bileti idi. Qatar bileti olmasa da, daşdan keçən möhürlü - zaddı bir göndəriş idi. Ona görə biz evdə Əlmuradın qabağına dura bilmirdik. Açar itəndə, özümüz də əl – ayağa düşüb axtarırdıq. Tapılanda evdə hamımız, xüsusən, mən və balaca bacı- qardaşlarım başlayırdıq açara tamaşa eləməyə. Hərdən də barmağımızı açara toxundurub dodağımıza vururduq. Elə bu vaxt Əlmurad açarı götürüb başlayırdı evin kilidlərinə salmağa. Bir - iki dəfə o tərəf, bu tərəfə burub (ağzını da o cür burcudurdu) keçirdi o biri qapılara. Hamsını yoxlayırdı, düz gəlməyəndə bir – iki ağız rusca söyürdü və bu söyüşlərdən də bizim çox xoşumuz gəlirdi.

Qardaşım rus dilini bilirdi, ya bilmirdi, heç nə deyə blmərəm, amma əlində açarı fırlada – fırlada ata –anama, məhlədə tay-tuşlarına deyirdi ki, o, rus dilini qonşu Fatma xalanın satdığı simecka kimi çırtlayır.

Bür gün atam Əlmurada dedi ki, gəl gör bu “Vremya” xəbərlər proqramında Əfqanistandan nə deyirlər, nədən danışırlar? Tərcümə elə, biz də qulaq asaq. Çünki kiçik dayım oğlu bir il idi ki, Əfqanistanda hərbi qulluqda idi, biz də bu üzdən çox narahat olurduq.

Əlmurad dizlərini qoydu yerə, diqqətlə qulağını şəklədi diktorların ağzına. Yarım saat keçdi, Əlmuraddan səs çıxmadı. Atam soruşanda, Əlmurad açarı o tərəf, bu tərəfə (ağzını da eyni ilə) yelləyə - yeləyə dedi ki, onlar mənim bildiyim rus dilində danışmırlar.

Bununla da Əlmuradaın rus dili məsələsinə qəşəngsə son qoyuldu. İndi qaldı açar.

Əlmurad iki ay olardı ki, açarı heç bir yerdə gizlətmirdi, asmişdi toqqasının ilgəyindən. Tez – tez əli ilə yoxlayırdı, bu minvalla açar da gözümüzün qabağında par – parılayırdı. Bu da o demək idi ki, Əlmuradın xətrinə (nənəm demiş çestinə) toxunmaq olmaz. O saat minər Gəncə -Bakı qatarına, ordan da minər Bakı- Rastov qatarına, düz gedər Rastova, düşər perrona, düşən kimi minər 346 nömrəli trelleybusa, beş dayanacaq gedəndən sonra düşər Maksim Qorki küçəsi 866- da, yəni səkkiz saylı binanın qabağında. 5- ci blokdan çıxar beşinci mərtəbəyə, açarı salar 58 nömrəli mənzilin qapısına. Vəssallam, şüttamam.

Ona görə də, biz də ona heç nə demirdik, hər şeydə Əlmuradın canına and içirdik ki, xətri xoş olsun, yenə nənəm demişkən heç nə və heç kəs “çestinə” toxunmasın.

Əlmurad əsgərlikdən 1988- ci ildə gəlmişdi, Gəncədə xalq cəbhəsinin ən fəal üzvlərindən biri kimi ordan batıb, burdan çıxırdı. Yerin altını da bilirdi, üstünü də. Deyəsən belində qayışa keçidiyi açar bir az yaddan çıxmışdı. Hərdənbir nənəm açarı soruşurdu, o da deyirdi ki, hələ baş qarışıqdı, qoy işləri yoluna qoyum, səni də götürüb gedəcəyəm Rasrtova.

Düz 2004- cü ilə qədər qədər Əlmuradın başı açılmadı ki, açılmadı. “ Xalq cəbhəsi” vaxtı Gəncənin Kəpəz rayonunda bir az jek müdiri işlədi, guya özünün dediyinə görə, nə qədər adama ev açarı verdi. Amma öz açarı hələ ki, heç bir qapıya düşmədi. Sonra nəyin üstündəsə həbs olundu. Səbəbini öyrənə bilmədik. Nə özündən, nə də məhkəmədən. Özü bir onu deyirdi ki, el üçün ağlayan göz kor olar, vəssalam. Yatdığı kameranın qapısı şakkaşaraq bağlananda öz açarı yadına düşürdü.


İş kəsilib türməyə aparılanda paltarlarını mən gətirdim evə, açar elə şalvarın qayışına bağlı idi. Anam Əlmuradın şalvarını hər gün qabağına qoyub ağlayırdı. Ən çox da dəfələrlə itirdiyi, tapanda sevindiyi, qayışa bərkidilmiş açarı ağlayırdı. Nəmişlikdənmi, nədənmi, bilmirəm, artıq açarın dillərinin bir neçəsi paslanmışdı. Anam dizinə döyüb hönkürürdü ki, bu açar daha heç bir qapıya düşməyəcək.

Bunu da ərz eləyim ki, biz Qərbi Azəbaycandan köçüb məskünlaşmışdık Gəncədə. Bir - iki davar-duvarımız vardı, satdıq, Gəncə çayının (Samux tərəfində) sahilində on sota yaxın torpaq sahəsi aldıq. Sonra da bu torpağı tutdurduq göy- göyərtiyə. Göy- göyərtini də tutdurduq bazaralara. Sonra keçdik qonşu rayonlara. Canım sizə desin, hara getdik, göy göyərti ilə tanındıq. Gəncə bazarlarını bizim göy - göyərtilər aldı ayağının altına. Hətta atamın adının əvvəlinə bir “göy” sözü də artırdılar. Göy Səfərəli. Biz də göy Səfərəlinin göy uşaqlarıydıq.

Harda var, harda yox, atamın çoban dostunun oğlu dəli Mərdan axşam üstü, şərin şər, darın dar vaxtı gəlib çıxdı bizə. İlk sözü bu oldu ki, ayə başınıza soyuqmu dəyib, dünən axşam Rastovdan gəldim, Gəncədə su qiymətinə olan göy, Rastovda od qiymətinədir. Bu sözü eşidən kimi atamı od götürdü, Əlmuradı su. Rastov adını eşidən kimi Almuradı bərk tər basdı, cım-cılıx suya batıb çıxdı, tər dabanınla getdi.

Atam dedi:

- Rastovda evimiz də var, çöldə ki, qalmayacağıq. Açarı da, budey (Əlmuradı göstərərək) cibimizdə.
Atam arada bir Almurada nəzər saldı, gördü ki, rəng alıb, rəng verir, daha doğrusu, rəngi vəzəri kimi göyərib, şüyüd kimi boşalıb, ispanax kimi saralıb.

Nə başınızı ağrıdım, elə günü səhərdən kim qapıya gəldisə, dedik, göy - göyərtni bu il çor vurub, həyətimizi külək sovurub, evimiz yıxılıb. Vallah – billah nə göy var, nə göyərti. Alverçi arvadın biri atama qayıtdı ki, siz nətər adamsınız, elə yaxşı eləyib adına “Göy Səfərəli” deyirlər.

Atam elə bu dəqiqələrdə Rastovun xəyalında idi, arvadın nə dediyini eşitmədi. Eşitsəydi, bu məsələ bir ilin göyərti “sezonuna” başa gələcəkdi.

Nə başınızı ağrıdım, səhər saat 5 də çatdıq Rastovun bazarana. Atamdı, Almuraddı, Mərdandı, bir də mən. Düz üç maşın göyərti vurmuşuq, bax belə, kefin istəyən. Rastov da kı, nə Rastov; aşıq demiş: yemə, içmə gül camalına tamaşa elə. Tərəkəmə ola, Rastov ola, yəni ki, at suyu görür, su da atı, daha burda fıştırıx nəyə lazım? Az qala atam Rastova şeir qoşsun. İndi qardaşım Əlmurad yalan olub, atam gerçək. Elə bil kişi illər uzunu imiş ki, Rastovun həsrətini çəkirmiş. Anam yanımızda olsaydı, mtləq atamdan şübhələnərdi. Nə isə, sözüm onda yox, “on beş də”, gələk göy - göyərtini necə xırıd eləməyimizə.

Piştaxtanın arxasında Mərdanla mən durmuşam. Atamla Əlmurad bazarı fırlanırılar, dost – tanış axtarırlar ki, görsünlər Azərbaycandan burda kim var, kim yox? Əsas məqsəd budur ki, onları kəndçilərimizdən biri görsün və gedib Gəncədə qıy vursun ki, mən Göy Səfərəli ilə Mərdanı Rastovda gördüm və özü də necə gördüm.

Ayrı piştaxtalara da göy vermişik. Atam ora da nəzarət eləyir. Amma Almuradın kefi yoxdur. Elə bil suya düşüb çıxıb, burnunu balıq qarmağı kimi sallayıb. Gələndən atam ona tapşırıb ki, göylərin saralan qanadlarını qırıb atsın. Hələ birinə də əlini vurmayıb. Elə bil dünya vecinə deyil, heç Rastov üçün dava eləyən bu adam deyilmiş?

Mərdan göy alan bir rus qızını söhbətə tutmuşkən, mən Əlmuradı çəkdim bir kənara. Dedim: - qağa (biz tərəflərdə böyük qardaşa Qağa deyillər), evin açarı üstündə?

Dedi- Yox, yadımdan çıxıb qalıb evdə.

Elə bil başıma daş düşdü.

Dedim - qağa, indi mən gəlinbacını görməmiş gedəcəyəm? Qardaşım oğlu mənə nə deyər? Deməzmi, ay əmi, Rastova gəlmisən, burdan bura mənə dəyməmisən.

Qolumla burnumun suyunu silib yüngülcə kövrəldim. Sonra qağamın qolundan tutub kənara çəkdiyim yerdən bir az da kənara çəkdim.

- Qağa, açar yoxdur, eybi yox, evin ki, yerini bilirsən, gedək axşam üstü gəlinbacıya dəyək.

Almurad bir dəfə burnunu çəkib, iki dəfə ösgürdü, bir dəfə də yerdəki mandalin qabığına təpik vurdu.

- Məsələ burasındadır ki, evin də yerini unutmuşam.

Uzaqdan atamın səsi gəlirdi. Deyəsən bir azərbaycanlını salmışdı çənəsinin altına:- yox, qardaş sağ ol, özümüzün Rastovda evimiz var. Böyük gədə əsgərlik vaxtı alıb- fikrini atam dönə - dönə təkrarlayırdı.

Canım sizə bu əhvalatın əsas yerini ərz eləsin; göy - göyərtinin şıdırğı gedən vaxtı, birdən – birə bazara elə bir sükut çökdü kü, göyün üstündə fırvıra vuran milçəyin qanadlarının səsi aydınca eşidildi. Bazarın girişindən bir dəstə adam gəlirdi, heç birinin də səsi çıxmırdı. Ancaq orta da ucaboylu bir qadın mətin adamlarla irəliləyirdi. . Hərdənbir yanındakı kişiyə nəsə deyirdi. Kişi də dəftərəçəyə qeyd eləyirdi. Bəlkə də 38 yaşı olardı, bəlkə də heç olmazdı. Üzü ay parçası kimiydi. Baldırları ilə üzü eyni anda bir parelellik təşkil edirdi. Saçını “kare” vurdurmşdı, qısa olsa da, şəlalə kimi qayadan atılmaq vəziyyətində idi. Boynu, sinəsi təzə yağmış qar kimi dibdiri idi, su içsəydi, boğazında görünərdi. Durna boğazlıydı. Əlində qara eynək vardı. Əynindəki yubka onun bədən cizgilərini aydın göstərirdi. Üz kvadrat şəklində deyildi, incə xəfif bir təbəssmdən tez – tez dəyişirdi. Hiss olunurdu ki, qəddar deyil, hər şeyi, ən ağır günahı belə bağışlayan bir insana bənzəyərdi.

Biz lal kimi dayanmışdıq. O, piştaxtalara baxa- baxa gəlirdi. Deyəsən gözü bizim göyləri tutmuşdu. Yaxınlaşdıqca üzündəki mehribanlıq daha da artırdı. Elə bil o, körpə bir uşağı qucağına götürməyə tələsirdi. Sanki həmin uşaq da uçurumdan yıxılacaq anında idi. Başqa piştaxtalarda işləyənlərin boynu biz tərəfə qanrılmışdı.

Qadının yubkasının yan tərəfdəki yarıqları çox düzgün seçilmişdi. Bəlkə də bu yarıqlar arxa və qabaq hissədə olsaydı, ona yaraşmazdı. Yubkanın vişnə rəngində olmağı xüsusi zövqdən xəbər verirdi. Dizdən beş barmaq ancaq aşağı ola bilərdi. Pencək “vişnə” rəngində olsa da, azacıq yubkadan fərqlənirdi. Pencəyin altından düm ağ köynək geyinmişdi. Qara qalustuk vurmuşdu. Eynən kişi kimi. İlk anda hiss elədim ki, o, yəqin Rastov şəhərinin deputatıdır. Çünki geyimi onu paprlament adamına bənzədirdi. Ayaqqabısı elə hündürdaban deyildi, qara rəngində olmağı yubka və pencək kompleksini tamamlayırdı Üzünün səmimiyyəti, geyminə də hopmuşdu.

Qadın çoxdanın tanışı kimi bizim piştaxtanın qarşısında dayandı. Heç bir kəlmə də danışmadı. Amma üzündən elə görünürdü ki, o, bizə salam verib və bizdən də salam alıb. Hələ xeyli söhbətlər də eləyib. Amma aramızda heç bir söhbət olmamışdı.

O, əlini uzadıb dörd dəstə kərövüz götürdü. Xeyli kərövüzə tamaşa elədi, dəstənin bağını açdı, əlləri ilə daraqladı. Sonra onu duz burnunun ucuna tutdu. Dərindən və acgözlüklə kərövüzü qoxuladı.

Biz çaşbaş qalmışdıq. O, kərövüzü dönə-dönə qoxulayırdı. Sinəsi yavaş – yavaş qalxıb enirdi. Gözlərindən yaş axırdı. Yaş yanaqlarında şırım açmışdı, damcılar bir – birininə qovaraq kərövüzü isladırdı, elə bil göyün üstünə şeh düşmüşdü. Birdən o, hönkürməyə başladı. Bu hönkürtünün içində dağ şəlaləsinin səsi gəlirdi. Aşağı əyildi, dizlərini qatladı, xeyli göyü qoxlaya – qoxlaya ağladı. Atam, mən, Əlmurad və Mərdan ayaq üstü qurumuşduq. Elə bilirdik ki, nəsə bir günah işlətmişik.

Ətrafdakı adamlar suya –buza dönmüşdülər. Heç kəs qorxusundan çıqqırını çıxartmırdı. Xeyli keçəndən sonra qadın yavaş – yavaş ayağa qalxdı. Göy dəstələrini dodaqlarına sıxıb, acgözlüklə yenə qoxuladı və ağlaya – ağlaya Azərbaycan dilində dedi:

- Gəncə göyü. Mən neçə illərdi, Gəncə göyünün həsrətini çəkmişəm. Hər yerdə; bütün dünyada bu qoxunu axtarmışam, ancaq tapa bilməmişəm.

Sonra mehrbanlıqla bizdən soruşdu:

- Azərbaycanlısınız?

Atam, Əlmurad, mən və Mərdan – dördümüz də bir ağızdan cavab verdik:

-Hə

-Gəncədənsiniz.?

Yenə xorla dedik:

- Bəli, Gəncədənik.

- Gəncənin harasındasınız?

- Gəncə çayının aşağı sahilində yaşayırıq. Samux tərəfdə. Çayqıraxlıyıq.

O, yenə əlindəki göyləri var gücü ilə qoxuladı, gözləri yaş içində boğulurdu. Yenidən “Uyyy” – deyib ah çəkdi

- Gəncə göyü. Bu ətri heç harada tapa bilmədim, aradım, axtardım, heç nə Gəncə göyünün qoxusunu vermədi.

Birdən - birə mən ürəklənib soruşdum:

- Xanım, bəs siz kimsiniz?

- Mən erməniyəm, erməni qızıyam.

Bu sözü eşidən kimi elə bil bizi tok vurdu. Geri atılmaq istəsək də, bacarmadıq, elə bil yerimizə mıxlanmışdıq.

O, yenə göyləri hiçqıra- hıçqıra qoxuladı

- Mən də Gəncədənəm – dedi – İkinci şöbədə, Masim Qorki küçəsində yaşayırdıq. Pivə zavodunun yanında. O vaxt köçüb əvvəlcə Moskvaya, sonra isə Rastova gəldik. Heç vaxt Gəncəni unuda bilmədim.

Qadın yenidən göyləri qoxuladı və son dəfə balasını öpürmüş kimi qoxunu çiyərlərinə çəkdi.

- Bir dəfə Gəncəni görsəydim, ölsəm də, heç bir arzum olmazdı.

Ağlamağın özü ona bir yaraşıq verirdi. Boy-buxununu, gərdənini, üz cizgilərini daha da zinətləndirdi. Sanki həsrət, xiffət onu gözəlləşdirmmişdi. Bəzən məğlubiyyətin özü qadına xüsusi bir gəzəllik verir. Bəli, o, tam məğlub olmuşdu.

-Bu bazar mənim ərimindi- dedi - Samvelin, heç kəs burda sizə “gözünüz üstə qaşınız var” deyə bilməz. Sonra əlavə etdi- “bu qaş, göz” məsələsini Gəncədə öyrənmişəm.

Baxdım ki, atam yaman kövrəlib. Əgər mən vaxtında dinməsəydm, hönkürəcəkdi. Onun da yadına Göyçə düşmüşdü. Göyçədə qoyub gəldiyi evləri, göy biçənəklər, qoyun çəhlimləri onu doyunca ağladacaqdı.

-Xanım, çox sağ olun, nə qədər lazımdır, göy - göyərtidən götürün - dedim

Yanındakı adamlar zəmbili hazır tutmuşdular. Qadın dəstələri qoxulaya – qoxulaya zəmbilə yığırdı. Sevinc içində göz yaşlarını saxlaya bilmirdi. Arada bir əlini saxlayıb göyü qoxulayaraq deyirdi

- Nə gözəldi Gəncə göyü.

Sonra götürdüyü dəstələrin beş qat pulunu verdi, bizlə xudafizləşib getdi. O saat kənardakı adamlar gətirdiyimiz göyləri yarım saatın içində göyə götürdülər.

Ayaqlarımız elə bil yerə quylanmışdı. Traktor da gəlsə, bizi yerimizdən qopara bilməzdi. Handan – hana atam dilləndi:

- Gedəyin, bu gecə qalaq Əlmuradgildə. Sabah danüzü Rastovdan çıxarıq.

Əlmurad utana – utana: - Ata, açar evdə qalıb - dedi.

Atam lap hirsləndi.

- Açar cəhənnəmə qalsın, evin ki yerini bilirsən.

- Bilmirəm, evin yeri də yadımdan çıxıb.

Atam bu dəfə lap cin atına mindi.

- Ayə, ay fərsiz bala (əlini yelləyə- yelləyə), o açara görə, bu Rastova görə, sən məni neçə illərdi qorxu altında saxlamısan. İndi belə deyirsən, beyvicdan köpəyoğlu. (Atam həmişə “vicdansız” sözünü belə deyirdi, hələ özünə də söyürdü)

Birdən – birə Əlmurad ciddi bir görkəm alıb son sözünü deyən müttəhim kimi dilləndi.

- Ata, əsgərlik vaxtı evləndiyim erməni qızı idi.

Atam cin – cin oldu. Bir yerə baxdı, bir göyə baxdı, elə bil nəsə axtardı, tapa bilmədi. Əlacsız qalıb ayağımızın altındakı iki dənə kubik daşı üst – üstə qoyub aldı qucağına , otuz metr aparıb kənara tulladı, sonra qayıdıb gəldi yanımıza.

Atam nə üçün belə elədi, bunun məsələyə nə dəxli vardı, bilmədim.

# 146 dəfə oxunub

Oxşar xəbərlər

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

14:10 28 oktyabr 2026
"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

14:00 28 oktyabr 2026
"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

15:00 27 oktyabr 2026
"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

15:00 26 oktyabr 2026
Elçilik - Şahmarın hekayəsi

Elçilik - Şahmarın hekayəsi

11:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər