Bu gün ingilis yazar Franses Hoqson Börnettin anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Doğru baxmağı bacarsan, bütün dünyanın bircə böyük bağ olduğunu görərsən.
***
- Bahar gəlir? - deyə soruşdu. - Necə bir şeydir o? - Yağışın üzərinə günəşin doğması, günəşin üstünə yağışın yağması kimidir...
***
Nə baş verirsə versin, bircə şeyi dəyişə bilməz. Cır-cındır içində birinə çevrilsəm belə, ruhən şahzadə olaraq qala bilərəm. Qızıl saplı parçalardan libas geyinəndə şahzadə olmaq asandır, amma heç kim bilmədiyi halda, hər an daxilən şahzadə qala bilmək əsl qələbədir.
***
İki şey eyni yerdə ola bilməz. Gül bəslədiyin yerdə, oğlum, qanqal bitməz.
***
Əvvəlcə insanlar qeyri-adi bir işin görülə biləcəyinə inanmırlar. Sonra bunun mümkünlüyünə ümid etməyə başlayırlar, daha sonra isə artıq baş tutduğunu görürlər və nəhayət, hər şey gerçəkləşdikdə bütün dünya təəccüblə soruşur ki, bu niyə əsrlər öncə edilməmişdi?
***
Təbiət səni verən, bəxş edən biri kimi yaradıbsa, əllərin də, qəlbin də dünyaya açıq doğulur. Əllərinin bomboş qaldığı anlar olsa da, qəlbin həmişə dopdolu olar və oradan daim nələrsə paylaya bilərsən - hərarət, mərhəmət, şirin duyğular, kömək, təsəlli və təbəssüm... Bəzən ən böyük kömək elə səmimi, xeyirxah bir gülüşün özüdür.
***
Bu dünyada yaşamağın ən qəribə tərəflərindən biri budur: insan yalnız arabir, ötəri anlarda əbədiyyən yaşayacağına tam əmin olur. Bəzən sübhün o zərif, təmkinli çağında oyanıb çölə çıxanda, başını arxaya atıb göylərə dikilərək solğun səmanın tədricən rəng almasını, qızarmasını və füsunkar, sirli möcüzələrin necə baş verdiyini izləyəndə bunu hiss edirsən; şərq üfüqü səni az qala heyrətdən qışqırmağa vadar edir, min illərdir hər səhər təkrarlanan günəşin o əzəmətli, dəyişməz ucalığı qarşısında ürəyin donub qalır. O an bircə saniyəliyinə bunu bilirsən. Bəzən isə günbatımı meşədə tək-tənha dayananda, budaqların arasından süzülən sirli, tünd-qızılı sükut sənə nə qədər çalışsan da dəqiq eşidə bilmədiyin bir şeyi pıçıldayanda bunu duyursan. Bəzən milyonlarla ulduzun intizarla baxdığı gecənin ucsuz-bucaqsız tünd maviliyi insanı buna inandırır, bəzən uzaqlardan gələn bir musiqi səsi, bəzən isə kiminsə gözlərindəki bircə baxış...
***
Hər şey bir hekayədir. Sən də bir hekayəsən, mən də.
***
Küləklə savaşdıqca daha da gücləndi.
***
Qəzəbinə hakim ola bildiyin an insanlar sənin onlardan daha güclü olduğunu anlayırlar; çünki sən öz hiddətini boğacaq qədər qüvvətlisən, onlar isə yox - sonra da peşman olacaqları axmaq sözlər danışırlar. Qəzəbdən daha güclü heç nə yoxdur, yalnız bircə şeydən başqa: onu içində saxlamağı bacaran iradə. Düşmənlərinə susmaqla cavab vermək ən doğrusudur.
***
Mən şahzadəyəm. Bütün qızlar şahzadədir. Hətta köhnə, balaca çardaqlarda yaşasalar belə. Əyinlərində cır-cındır olsa da, gözəl, ağıllı və ya gənc olmasalar belə. Onlar yenə də şahzadədir.
***
Kitaba dalmışkən qəfil narahat ediləndə özünü saxlamaqdan çətin heç nə yox idi. Kitabsevərlər belə anlarda adamı bürüyən o qıcıq hissini yaxşı bilirlər. Əsassız yerə qəzəblənmək və acıqlı cavab vermək istəyini cilovlamaq heç də asan deyil. Sanki kimsə məni vurdu, - deyə Sara bir dəfə sirr kimi Ermenqardaya etiraf etmişdi. Və sanki mən də ona qarşılıq vermək istəyirəm. Acı bir söz deməmək üçün dərhal başqa şeyləri yadıma salmalı oluram.
***
Təbəssümün bir insanı necə gözəlləşdirdiyini görmək ona çox qəribə gəldi. Əvvəllər bu barədə heç düşünməmişdi.
***
Əlbəttə, dünyada möcüzələr çoxdur, - deyə bir gün müdrikliklə dilləndi, - amma insanlar bunun nə demək olduğunu və onu necə yaratmağı bilmirlər. Bəlkə də hər şey gözəl hadisələrin baş verəcəyini dönə-dönə söyləməklə başlayır, ta ki onlar gerçəkləşənə qədər. Mən bunu sınayacağam, təcrübədən keçirəcəyəm.
***
Və o gizli bağ çiçəkləndi, barlı-bəhərli oldu; hər səhər yeni möcüzələr bəxş etdi.
***
Bəlkə də hər şeyi tez öyrənmək bacarığı hələ hər şey demək deyil. İnsanlar üçün xeyirxah olmaq bundan qat-qat dəyərlidir... Nə qədər ağıllı adamlar olub ki, ancaq zərər vurublar, qəddarlıq ediblər...
Rus dlindən tərcümə etdi: Aydan Ağayeva