Antarktida

Antarktida
8 may 2011
# 13:07
Mən istəyirdim ki, müharibə olmasın. Amma oldu.

Sonra mən istədim ki, ərim məni və uşağımızı götürüb müharibə olmayan başqa bir ölkəyə aparsın.

Sabah orada da müharibə başlansa, yerimizi yenə də dəyişməyə hazır olardım.

İşdi, əgər birdən dünyanın hər yerində müharibə olsa, ailəmlə birlikdə hətta Antarktidaya da getməyə razı olardım.

Körpəmin və ərimin soyuqdan tələf olmamaları üçün bir neçə isti paltar kifayət edərdi mənə.

Başqa heç nə götürməzdim.

Hər gün buzlaqların arasından, qarın içindən onlar üçün yeməyə nəsə bir şey tapardım.

Şaxta əlimi-ayağımı dondursa belə…

Müharibə qurtarana qədər hər ikisini gizlədərdim orada.

Təki üçümüz də sağ qalaq.

Təki üçümüz də bir yerdə olaydıq.

Təki ərim müharibəyə getməyəydi.

Amma o getdi. Getdi və öldü. Sonra müharibə dayandı. Sakitlik oldu…

…Əgər dava yenidən başlasaydı belə daha qorxmazdım. çünki artıq itirəsi heç nəyim qalmayıb.

Eşitdiyimə görə uşağımı körpələr evinə veriblər.

Amma onun da başqa uşaqlar kimi öz valideyinləri ilə birgə gözəl həyat yaşaması üçün hər cür haqqı vardı.

Təəssüf ki, müharibə belə haqları tanımayan çağırılmamış qonaqdır. İstədiyi vaxt gəlir və…

Hər halda ümid edirəm ki, balamın yeri Antarktidadan yaxşıdır.

Mən biçarəsə yenə də Antarktidaya getməkdən imtina eləməzdim.

Orada olmasam də əminəm ki, Antarktida mənim indi qaldığım yerdən çox yaxşıdır…

Nə yazıqlar ki, həkimlər qollarımı bağlayıb məni evdən çıxaranda hara getmək istədiyimi soruşmadılar…
# 5469 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #