“Elin sözü” düzdürmü?

“Elin sözü” düzdürmü?
30 iyul 2021
# 09:01

Kulis.az Sevda Sultanovanın “Elçin Əlibəylinin verilişində kukla eksperimenti” yazısını təqdim edir.

Təxminən bir neçə həftə öncə “Space” telekanalında yayımlanan “Elin sözü” proqramında qadın haqları mövzusunda keçirilən müzakirəyə rastladım. Çoxdandır, Elçin Əlibəylinin aparıcısı olduğu proqramları izləmirdim. Dəqiq bilmirəm, kanalın yeni rəhbərin idarəçiliyinin nəticəsidir, ya nədəndir, Elçin Əlibyəli bir aparıcı kimi yetərincə adekvat görünürdü. Qonaqlarına söz demək imkanı yaradır, ironik, aşağılayıcı münasibət göstərmir, əksinə, sayğıyla yanaşır, dəqiq suallar verirdi.

Burası öz yerində.

Verilişdə “Azərbaycanda qadın hüquqlarının pozulumlası həqiqətdirmi, yoxsa bu, dəyərləri sarsıdan oyundur?” sualının qoyuluşu kobud səslənir, hətta qadın zorakılığını sanki tamamilə şübhə altına almaq cəhdləri duyulurdu.

Müzakirənin gedişatından aydın oldu ki, əslində, bəzi qeyri-hökumət təşkilatlarının qadın haqları mövzusunda manipulyasiya eləməsi və fəaliyyətinin maliyyə maraqlarına dayanması nəzərdə tutulur. Bütün hallarda mövzunun gündəmə çıxarılması vacibdir. Lakin bu proqram bir daha ölkədə sosioloji araşdırmalar sahəsində ciddi boşluqların mövcudluğunu, dəqiq statistik məlumatlar sarıdan problem olduğunu göstərdi. Ona görədir ki, verilişdə mövzular bir-birinə qarışaraq anlaşılmazlıqlar yaratdı.

Misalçün, qonaqlardan biri Aysel Əlizadə başdan mövzuya qeyri-dəqiq yanaşma elədi. Onun fikrincə, boşanma statistikası məsələnin məğzini göstərir: “O deməkdir ki, qadınlar artıq dözmək istəmirlər”.

Təbii ki, bütün boşanmaların kökündə qadına qarşı fiziki zorakılıq dayanmır. Çünki boşanmalar ən müxtəlif səbəblərdən baş verir. Aysel Əlizadə sonradan niyyətini dəqiqləşdirsə də, məsələ digər iştirakçılar tərəfindən lazımsız yerə şaxələndi.

Lakin bir məsələ də var ki, ümumən qadın haqları ilə məşğul olanların, feministlərin boşanmaların kökünü daha çox qadına qarşı zorakılıq motivinə bağlamaq istəyi təsəvvürü yaranır. Belə bir yanaşma həm də ona görə trendə çevrilir ki, ölkədə ailələrin neçə faizinin məhz zorakılıq səbəbindən dağılması haqda müntəzəm, əhatəli bilgilər əlçatan olmur. Daha vacibi, zorakılığın törənmə səbəbləri haqda indiyədək fundamental analiz, sosioloji araşdırmalar təqdim olunmayıb.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytına nəzər saldım. Saytda yer alan müxtəlif illərin hesabatlarını oxudum. Həmin hesabatların heç birində aparılan araşdırmalarla bağlı geniş məlumat verilmir.

Məsələn, qeyd olunur ki, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair araşdırmalar aparılıb. Araşdırmaların nəyi, necə bir faktları əhatə etməsi haqda isə məlumatsızıq.

Üstəlik, sözügedən verilişdə komitənin əməkdaşı Tural Hüseynzadə bütün ölkənin keysləri və statistikası barədə məlumatlarının olduğunu dedi. Lakin nədənsə keysləri ümumiləşdirən mətn yoxdur ki, cəmiyyətdə qadın haqları ilə bağlı gerçək vəziyyəti haqda aydın təsəvvürə malik olaq. Bu sahədə araşdırmalar cəmiyyətə açıqlansa, mövzu üzrə müzakirələrin istiqaməti də konkretləşər, əsassız, yanlış ittihamlar səslənməz.

Verilişdə bəzi qonaqların qadına qarşı zorakılıq məsələsində ancaq kişilərə yüklənməsi, onları günah keçisi çıxarması, qadını isə qurban kimi göstərməsi cəmiyyətimizdə yayğın tendensiyalardandır.

Kişilərə qarşı zorakılıq sanki qəsdən fokusdan qaçırılır. Bildiyim qədərilə, ailədaxili zorakılığın cinslər üzrə statistikası aparılmır. Ümumən isə yalnız qadınlara aksent edilməsi, güman ki, qadın haqlarının Qərbdə daha prioritet olması ilə bağlıdır. Lakin hamımız görürük ki, ailələrimizdə təkcə qız uşağını çərçivələrə salmırlar. Oğlan uşaqları da “olmaz”larla böyüyür, onların üzərinə uşaqkən az qala bütün nəslin məsuliyyətini qoyurlar: “Sən evin kişisisən, kişi özünü yüngül aparmaz, güclü olmalısan, bacını, ananı qorumalısan” və s.

Bunu təkcə ata yox, ana da təlqin eləyir. Konfliktlər yalnız qızla valideyn yox, bəlkə daha çox oğulla valideyn arasında baş verir. Məgər valideynin təkidiylə evlənən azmı kişi var?

Hətta Qərbdə təhsil almış oğlanın anasının israrıyla, onun seçdiyi qızla evlənməsi faktına az rast gəlinmir.

Problemlərin bir kökü də övlada münasibətdən, yanaşmadan qaynaqlanır. Qısası, qanunvericilik öz yerində, ailə institutumuzda çox yanaşmaların dəyişilməsi üçün nələrsə edilməlidir. Amma heç bir halda “Vagina mənimdir, kimə istəsəm verərəm” tipli şüarlarla yanaşmalar dəyişməyəcək.

Proqramda yadımda qalan iki məqama da toxunum. Ağ Partiyasının sədri Tural Abbaslı kimi polemikalarda təcrübəli adamın, digər müsahiblərini provokasiyaya çəkərək, öz fikir oyununda tərəf-müqabil etməyi bir yana, onun “ölkədə qadın haqları pozulmur” fikrini təlqin etməsi də absurddur. Lakin haqlı olduğu tərəf odur ki, qadınların hökmran olduğu ailələrdə də başqa fəsadları ortaya çıxır. Yeri gəlmişkən, bu da ayrıca araşdırma mövzusudur.

Digər məqam, sonda Aysel Əlizadənin guya eksperiment iddiasıydı; aparıcıya qız və oğlan kuklaları verərək, hansını tutarkən komfort hiss etdiyini soruşur. Və boynuna qoymağa çalışır ki, aparıcı oğlan kuklasını tutanda guya özünü daha rahat hiss eləyir.

Eksperimentin məğzində o dayanır ki, oğlan və qız uşaqlarına əks cinslərin kuklalarıyla ünsiyyət gələcəkdə onlar arasında psixoloji əngəli qaldırmalıdır. Bu cür səthi, təsirsiz eksperimentlərdənsə, funksional çıxış yolları təklif olunmalıdır.

# 6139 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #