“Xocalı ayı”: Şəhid şəhər – Xocalı – Fərid Muradzadə

“Xocalı ayı”:  Şəhid şəhər – Xocalı – Fərid Muradzadə
23 fevral 2022
# 13:00

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Fərid Muradzadə “Şəhid şəhər – Xocalı” şeirini təqdim edir.

Sinəsi qırmızı qanla bələnmiş,
Bu şəhid şəhərin adı Vətəndir.
Ağ qarın üstünə qanı ələnmiş,
Məsum körpələrdir, ruhsuz bədəndir.
Qorxudan, şaxtadan əsən balalar,
Qısılıb anaya titrəyir tir-tir,
Fəryad ərşə qalxan, vəhşət tökülən,
Bu şəhər bəlkə də mərhəmət üçün
Yalvarıb, sızlayan sonuncu yerdir…
Əsir düşməməkçün ciyərparasın,
Sıxıb sinəsində öldürən ana,
Hər gün diz çökəcək vicdan önündə,
Qan-yaş axıdacaq hey yana-yana.
O başdan bu başa, bu qədim şəhər,
Başdaşı olmayan məzarlıq oldu.
Şirin balaların şirin arzusu,
Cəllad gülləsinə tuş oldu, öldü.
Dünya görmədimi “balayanları”
erməni xislətin qələmə alan
"Vo imya kresta" kitabın yazan
Şeytan qılığında “xeyriyanları”
O gecə haqq özü batilə döndü,
Qızların dünyaca sevən atalar
Namus ləkəsindən qurtulmaq üçün
Qızların öldürüb qatilə döndü…
O gün yer üzündən başladı məhşər,
Tanrı ki, hər şeyi görüb-biləndir.
Sinəsi qırmızı qanla bələnmiş,
Bu şəhid şəhərin adı Vətəndir.

26.02.2021

# 2364 dəfə oxunub

Müəllifin son yazıları

# # #