Xoşbəxt olmağa səbəb çoxdur...
Ətrafda baş verən çox şeyin adı səadətdir – doğan günəş, yağan yağış, açan çiçək, tikilən ev... Bədbəxtliyinsə ikinci adı çarəsizlikdir...
Gözü zəif görən biri üçün yolun o biri üzündəki zibillikdə yemək axtaran pişiyi, parkın sonunda oynayan uşağın topunun rəngini, neçə metr uzaqda fotoşopla yığılmış bir xanımın “gəl-gəl” deyən “tezliklə” adlı reklamındakı heç vaxt zəng etməyəcəyi nömrəni görə bilmək xoşbəxtlikdir...
Amma işıqlı gözlərlə ancaq pislik görməyin adı çarəsizlikdir...
Yağışı-qarı çağırılmamış qonaq kimi yuxarı başa keçən, küləyi-günəşi içində hiss olunan, divarları nəm qoxulu, döşəməsi dərd qoxulu, hər an uça biləcək qəzalı kasıb komanın küncündə sevdiyin insanla baş-başa verib böyük ev arzulamaq səadətdir...
Amma geniş bir evdəki nəhəng tənhalığın adı çarəsizlikdir...
Sevdiyin insanla ən pis günü belə paylaşmaq xoşbəxtlikdir...
Amma xatırlanmadığın gecələrdə soyuq yastığa axan göz yaşının adı çarəsizlikdir...
P.S. Lütfən, “Çarəsizsiniz, çarə Sizsiniz” təsəllisindən qaçaq, çarəsizliyin çarəsi yoxdur...