“Özünə gəl!” – Gənc yazarlar qəzəbləndi

“Özünə gəl!” – Gənc yazarlar qəzəbləndi
8 iyul 2021
# 15:01

Yazıçı Ayxan Ayvaz son vaxtlar keçirilən kitab təqdimatları və imza günləri haqqında tənqidi yazı yazıb. O, qeyd edib ki, kiçik tirajla çap olunmuş kitabları oxucular deyil, yazarların özü alır, buna görə, bu tip tədbir mənasızdır.

Kulis.az son vaxtlar kitabları çap olunan, təqdimat və imza günü keçirən gənc yazarların məsələylə bağlı fikrini öyrənib. Cavabları təqdim edirik.

Orxan Saffari

Mən uşaq olanda fərqliydi hər şey... - Orxan Saffari - şeirlər |  Edebiyyatqazeti.az

Ayxan Ayvaz mənasız bir yazı yazıb. Ona görə mənasız deyirəm ki, ədəbiyyat mühitinin içində olan, yazıb-yaradan bir adam birdən-birə durub “bombalıq” edir, özü də gənc olduğu halda gənclərə ustadlıq etməyə çalışır.

Əvvəla, bu, Ayxanın yaradıcılığının belə “harcı” deyil. Adama deyərlər, 13 yaşında “Kurtlar Vadisi”nə baxıb kitab çıxardan sən, (yəqin ədəbiyyatın Polat Alemdarı olmaq istəyib, amma Güllüsü oldu – O.S.) yaxın illərdə reportajlardan, sentimental yazılardan ibarət hekayələr kitabı çıxardan sən, utanmadan, yenidən bir hekayələr kitabı çıxardan sən, amma indi anladın ki, bıyy, sən demə, bunlar mənasız imiş.

Ayxan deyir, imza günü eləmək mənasızdır, onsuz da beş-on tanış gəlib alır. İndi, Ayxan, özün imza günü edəndə bilmirdinmi gələn ancaq biz olacağıq, elə biz də gəldik? Sən o vaxt bilmirdin ki, belə olacaq, belədir vəziyyət? Axı, nə vaxt normal olub? Nədir bu dahilik sevdan, Ayxancan?

Mənə elə gəlir, sən altı boş olan dahiyanə havandan çıxmalısan. Yaşın da artır, səndən yaxşı roman gözləyirik, sən isə mənasız söhbətlərinə davam edirsən. Özün də gəncsən. Yaşın 30 deyil, amma 80 yaşlı Anar intonasiyasından istifadə edirsən. Özünə gəl, a bəy! Özünüz elədiyinizi başqalarına səhv kimi tutmayın. Gedin, oturun, yazın, belə sən demiş, beş-on nəfər tanış da gəlib alsın. Onsuz da bu ölkədə ədəbiyyatla məşğul olmaq fədakarlıqdır. 10 il əvvəl də belə idi, indi də. Camaata qaramatlıq, nihilistlik aşılamayın.

Əlavə olaraq; iki ildi rayondasan, gedəndən roman yazıram deyirsən. Ara-sıra da xəbərini paylaşırsan ki, belə, elə. Niyə yazırsan, Ayxan? Hansı gününə? Kim alacaq? Mən dəqiq alacam. Sonra? Şərifdi, Sərdardı, Ulucaydı, Həsəni, Rəvan... Sən demiş, üzə düşüb alacağıq. Yenə deyirəm, onda niyə yazırsan? Səni buna nə vadar edir? Vermə də kitabını çapa. Borc-xərc tapıb çap eləmə, onsuz nəşriyyat sistemi də yoxdur, qonorar da vermirlər. Bu sözləri deyən, bu cür danışan adama indən belə kitab çıxartmaq yaraşmaz. Yəqin, vəziyyət düzəlməyənə kimi sən bir daha kitab çıxartmayacaqsan. Onda deyərəm, əsl xarakter adamıdır, sözünün üstündə durur. Yox, əgər çıxartsan, mən təzədən qayıdacam bu yazıya. Ümid edirəm, bir daha təqdimat zad etməyəcəksən.

Müşfiq Şükürlü

Mənim balaca sərçəm - Müşfiq Şükürlüdən yeni hekayə

Fikrimcə, dünyada elə məfhum yoxdur ki, onu tənqid atəşinə tutmaq, ona etiraz etmək mümkün olmasın. Mədəniyyətin insanı uçuruma, məhvə, zülmə apardığını düşündüyüm olub. Bu mənada Ayxan Ayvazın kitab nəşri ilə bağlı yazdıqları məni elə də təəccübləndirmədi. Üstəlik, dediklərində həqiqət var. Yazıçıların kitab çıxarmalarının toy estetikasına çevrilməsi mədəniyyətin erroziyasıdır. Fikirlərində gerçək payı olsa da, yazıçılara “kitab çıxarma” demək gülüncdür. Yazıçının işi budur. Kitab olmasa yazıçı da olmaz. Elektron kitabların varlığından da danışır alternativ kimi. Kağız kitabların aradan çıxma təhlükəsi varkən, çoxumuz bundan narahatkən kitab təqdimatlarına etiraz etmək heç insaflı davranış deyil. Məncə, Ayxan ədəbi mühitdən və ədəbiyyata dair bütün proseslərdən yorulub. Onun kitab çapına belə sərt, açıq etirazı özündə hiss etdiyi anlamsızlıq duyğusudur.

Elşad Barat

Parkda öpdüyüm qızlar, sevgilisi ilə qucaqlaşan əsgər, heykəlin qulağına  pıçıldadıqlarım – Bakıdan Yeni il reportajı

İmza günü qələm adamı ilə oxucu arasında olan kütləvi bir hadisədir. Çox təəssüf ki, Azərbaycanda qələm adamlarının mahiyyətcə imza günü olmur. Məsələn, keçən dəfə Xalq şairi Ramiz Rövşənin imza gününə az qala 2 min adam gəlmişdi. Elə bilirsiz, onlar oxucu idi? Xeyr. Ramiz Rövşən ilə şəxsi münasibətləri olan universitet rektorları, idarə rəhbərləri işçiləri və tələbələri göndərmişdi. Biz elə bilirik, imza günü yazıçılar arasında olur, amma yox, yazıçı yazıçının oxucusu ola da bilər, olmaya da, amma onun imza gününə getməsi balasının toyuna getməsi kimidir. Bizdə imza günü mədəniyyəti hələ formalaşmayıb. Çünki yazılan kitabın kütləvilik əhəmiyyəti olmalıdır, kitab kütləvi maraq daşımalıdır. Məsələn, mən inanıram ki, hazırda zəfər şəhidlərimizdən yazdığım kitab kütləvi maraq kəsb edəcək və ona imza günü keçirmək olacaq.

Eminquey Akif

Gərək qulağını burum bu ömrün..." - Eminquey Akifin şeirləri

30-40 dərəcə istinin ağuşunda ləhləyə-ləhləyə redaksiyamızda oturub öz işimlə məşğulam. Xəbər hazırlayıram, yazı tərcümə edirəm, bir də görürsən, kimsə yazıb kitabımı almaq istədiyini deyir, vaxt, yer təyin edib, kitabı oxucunun adına imzalayıb satışımı edirəm. Elə bax, bu səhər partiyalardan birindən kitab sifarişi qəbul etmişəm. Həm partiya adına, həm də partiyanın başqanı adına. Bu xoş xəbərin üstündən kimin yazısı rastıma çıxsa yaxşıdır? Azərbaycan ədəbi mühitinin sonbeşiyi (nə bilim, belə deyirlər də) Ayxan Ayvazın. Ayxan həqiqətən də özünü son beşik kimi aparır. Bu son beşikdən əksərən ağlamaq eşidərsən. Bu ağlamaq səsini necə susdurasan? Laylamı deyəsən? Südmü verəsən? Qucağına götürüb o baş-bu baş yelləyə-yelləyə gəzdirəsən? Özü də cuppulu şeydi.

Deməli, bizim bu cuppulu sonbeşik kitab çıxaran, təqdimat keçirən yazı-pozu adamlarına baxıb zırıldayır. Ki, bəsdirin, daha kitab-zad çap etdirməyin. Kitab oxuyan yoxdur, kitab alan yoxdur, təqdimatımıza da ancaq elə özümüz gedib-gəlirik. Və Ayxan qeyd edir ki, yaşının üstünə yaş gəldikcə bu qənaətə gəlib. Nə böyük qənaət imiş bu nihilist düşüncə?!

O, deyir ki, guya kitab çap etdirən dostlar borc-xərclə görürmüş bu “pis” əməli. Bəs, bu qənaətə necə gəlib? Yəqin edirəm ki, Ayxan özünün içi reportaj, üstü hekayə kitabını çıxartdığı müddətdə yaşadığı maddi problemlərdən ilhamlanıb. Ay Ayxan, bura qədər üzümü oxuculara tutub yazırdım, indi isə üzümü sənə sarı çevirirəm, başına dönüm, niyə hər şeyi öz cuppulu arşınınla ölçürsən? Sən kitabı borc-xərc edib çıxartdırırsansa, sata bilmirsənsə, demək, hamıda vəziyyət belədir? Sənin təqdimatına ancaq ədəbiyyat adamları təşrif buyurubsa, demək, hamının təqdimatında vəziyyət belədir? Sonuncu dəfə hansı kitab təqdimatında olmusan?

Məsələn, elə mənim.

Gələnlər bilir ki, mən nə imza günümə ədəbiyyat adamlarını dəvət etdim, nə də, sağ olsunlar, özləri gəldilər. Kitabı da borc-xərc çıxartmamışam. Yazılarıma dəyər verən bir oxucum çəkib xərcini. İmza günümdə mədəniyyət, incəsənət adamları, heç tanımadığım oxucular iştirak etdilər. Ondan sonra indiyə kimi hələ də kitab satışım davam edir. Poçtla bölgələrə yollayıram, yaxud özümdən gəlib alırlar. Bu gün Azərbaycanın müxtəlif bölgələrində ən azı iki-üç “Günəbaxan”ım var. Ölkədən kənarda - Moskvada, Həştərxanda, İstanbulda, Kiyevdə... Az, ya da çox, fərq etməz, əsas odur ki, çarx xarab deyil.

Başa düşürəm, Azərbaycanda kitab satmaq çox çətin işdir, amma Xaçmazda Buddalar kimi bardaş qurub Bakıda baş verənlərə “müdrik”cəsinə mız qoymaq, ümumiyyətlə, bu yaşda, bu qələmdə kiməsə öyüd-nəsihət vermək hələ sənin üçün tezdir. Çox təəssüf edirəm ki, bir xeyli müddətdir səndə çox səbəbsiz bir “müdrik”lik yaranıb. İndi kimlərsə beş-üç hekayənimi tərifləyib, beş-on reportajınımı bəyənib, bilmirəm. Amma yanğına dimdiyinə su daşıyan sərçələr kimi nələrsə etmək istəyən adamları qanadlarından tutub saxlamaq, yerə çırpmaq istəmək sənin təəbirincə desək, “ərkyana” məsləhət vermək kənardan yaxşı görünmür.

Ola bilər, sən yoruldun, bacarmadın, ruhdan düşdün, amma nəsə etmək istəyən insanlara mız qoşmağının adını “məsləhət” qoyub heç kimi özündən incik salma.

Yadına düşər, elə “Ədalət”də birgə işləyən vaxtlarımız idi. Köhnə kitabını Türkiyəyə göndərmək üçün zülm çəkirdin. O vaxt səninlə məzələnmişdim:

“Ayxan Ayvaz adlı gənc klaviatura sahibi "Mən necə Polad Alemdar oldum" adlı kitab yazır. Sonra qərara gəlir ki, bu kitabı türk dilinə çevirtdirib yollasın Türkiyə nəşriyyatlarının birinə, bəlkə çap etdilər, məşhur-zad oldu. Və nəhayət bir gün həyəcanla, intizarla cavab gözləyən Ayxan Ayvaza cavab gəlir:

- Üzgünüz, efendim, siz henüz Polat Alemdar ola bilmemişsiniz”.

Düzdür, məzələnmişdim, amma görürəm, onlar sənə həqiqəti deyiblər. Polat Alemdar nə qədər güllə yesə də, bezməmişdi, yorulmamışdı. Sən doğrudan da Polat Alemdar ola bilmədin.

Son olaraq:

Xaçmazda, təbiətin qoynunda yeni qurduğun ailə və yeni dünyaya gələn körpənlə sənə xoşbəxtlik arzu edirəm. Ruhdan düşmə, yaz, yarat, çalış yazdıqlarını sata biləsən, oxutdura biləsən. 30-40 dərəcə istinin ağuşunda bekar qalıb bizi düşünmə.

El Roman

No description available.

Ötən günlərin birində kitabımın imza gününü keçirdim. Tədbir başlamamışdan qabaq Ulucay Akif zarafatyana məndən soruşdu ki, imza gününü pul yığmaq üçünmü edirsən? Mən də "hə" dedim. O da reportajda yazmışdı ki, El Roman zarafatyana "hə" dedi.

Burada qətiyyən biabırçılıq yoxdur. Biabırçılıq ondadır ki, bir şeyi edəsən, ancaq mahiyyətə başqa cür don geyindirəsən.

Bu gün "Bu mənasız imza günləri kimə lazımdır?" deyən Ayxan Ayvazın bir il əvvəl etdiyi paradoks kimi...

Ayxan, məsələn, kitabların heç müğənnilərə də lazım deyildi.

Hələ sənin müğənnilərə "kitab alın və paylayın, oxumasanız da olar" söhbətini demirəm. Elə bil, İnstaqramda panel izləyici vurursan, amma layk gəlmir.

Yıldız Tilbe kitab oxuyan olub, bəli. Özü də Nazim Hikmətin pərəstişkarıdır. Sənin yazdıqlarına görə müğənnilər də "tırkaya" gedirdilər ki, necə olur, Yıldız Tilbe Nazim Hikmətin kitablarını alıb oxuyur, biz kitab alıb dəstək olmayaq? Daha qavraya bilmirdilər ki, özləri Yıldız Tilbe, Ayxan Ayvaz Nazim Hikmət, "Mavra, Zəhra və başqaları" kitabı da "Ne güzel şey hatırlamak seni" kitabı deyil.

İndi mənə deyə bilərsən ki, sən bunu qətiyyən maddiyyat a görə etmirdin?

Edirdinsə, biabırçıdır, etmirdinsə, daha çox biabırçıdır.

Edirdinsə, biabırçıdır, çünki bu gün "gənc" yazarların pul qazanmaq üçün girişdiyi imza günlərinin mahiyyətini tyənqid edirsən və özün daha gülünc yola əl atırsan.

Maddiyyat üçün etmirdinsə, daha çox biabırçıdır, çünki sənin 300 nəfərlik oxucu kütləni "manıs"lar formalaşdıracaqsa, mən imza günümə gələn 30 nəfər şeirsevər dostumla daha çox xoşbəxtəm.

İkimiz də pul qazanmaq üçün etmişik də, nə fərqi var?

Məsələn, dörd il əvvəl keçirdiyin kitab təqdimatında 10 ədəd kitabını alıb oxucularına paylayan adama niyə minnətdarlıq etmişdin?

Yəqin, oxucularını sənin kitabınla tanış edib deyə. Qətiyyən maddiyyata görə olduğunu düşünmürəm.

Ölkədə nəşriyyat sisteminin düzgün fəaliyyət göstərmədiyi bir zamanda, kitab çıxarıb "pub"larda satsan, "qaraçı" deyəcəklər, imza günü edib satsan, qeyri-sağlam düşüncə...

Nadir Yalçın

Səlahiyyət və səmimiyyət - Nadir Rzalı yazır

Ayxan Ayvazın son yazısı çox ziddiyyətlidir. Bəzən qısqanclıq insanı lüzumsuz söhbətlərə vadar edir. Ayxan Ayvazın şəxsiyyətinə böyük hörmətim olsa da, hazırda onun ədəbi obrazı yox səviyyəsindədir. Son günlərdə kitab çap eləyib imza günü keçirən Orxan Saffari ilə El Romandır. Ayxanın yazısı bu iki imzaya tuşlanıb. Ayxan hər iki imzanı küçümsəyərək onların oxucu kütləsinə maraqlı olmadığını iddia edir. Amma hələ 20 yaşlı El Roman da hazırda Ayxan Ayvazdan daha çox populyardır, Orxan Saffari də həmçinin. Elə gözümün qabağında imza günündə Orxanın 100 kitabı satıldı. Elə adamlar yaxınlaşırdı ki, heç Orxan onları tanımırdı. El Roman təzə kitab çıxaran vaxtlarda “28 May” metrosunun keçidində bardaş qurmuşdu, tanımadığı oxucular axın edirdi. Demirəm, bu iki müəllifin kitabları bestsellerdir, amma nəyəsə cəhd edirlər.

Bu 20-23 yaşlı gənclərin bütün çətinliklərə rəğmən cəhdlərini 30 yaşlı Ayxan Ayvazın böyük yazıçı intonasiyasında acı-acı tənbeh etməsi həm gülməlidir, həm ağlamalı. Əgər nəşriyyat sistemi inkişaf etməyibsə, xüsusi qonorar təklif olunmursa, heç kim oxumursa, gəlin, hamımız qələmimizi sındırıb ataq, başda Ayxan Ayvaz olmaq şərtilə. Ayxan Ayvaz, görəsən, kimin üçün yazır? Bu qədər giley-güzarla özü hardan stimul alır? Mənim Orxanla El Romanın üzərində qalxan olmaq fikrim yoxdu. Amma belə yanaşmalar adamın əlini soyudur. Axı Ayxan da bu yolu keçib, özü çap olunub, dəstək olublar, mənəvi güc veriblər.

Maraqlıdır, Ayxan Ayvaz indi belə yanaşırsa, qocalanda nə edəcək? Hələ görəcəkli günlərimiz qabaqdadır.

Sonda sığortalanmaqdan ötrü özünə ünvanlanacaq əks fikirləri qeyd edib, qabaqdan gəlmişlik edib. Mənim o əks fikirləri özünün qeyd etdiyi kimi yazmağa yaşım, ərkim icazə vermir. Amma Ayxanın bu yazısına görə təəssüflənirəm.

Səddam Laçın

No description available.

“İllər əvvəl çox mənasız və məzmunsuz bir hekayə yazmışdım, adını da qoymuşdum “Cinlərin Bakıya gəlişi”.

Bu cümlə ərki çatan dostlarına şifahi, çatmayanlara yazılı şəkildə mənasız iş gördüklərini deyən Ayxan Ayvaza məxsusdur və çox da uzaq keçmişə aid deyil. Cəmi bir-iki gün əvvəlin paylaşımıdır. Bu gün isə “Bu mənasız imza günləri kimə lazımdır?” başlıqlı bir yazı yazıb. Ümumiyyətlə, mənə elə gəlir, “mənasız” sözü Ayxanın leksikonunda çox mənasız biçimdə möhkəmlənib. Mən isə burada sözün yerində işlənib-işlənməməsindən çox, kimin işlətməsinə diqqət çəkmək istəyirəm.

Ayxan yazısında qeyd edir ki, kitab təqdimatlarına sadəcə ədəbi mühitin adamları gəlir və öz aralarında kitab alğı-satqısı edirlər. Bəzi istisnaları çıxmaq şərti ilə haqlıdır. Lakin əsas məsələ Ayxanın özünü kənarda tutması, sözdə gənc nəslə “ağsaqqal məsləhəti” verməsidir.

Ayxan Ayvaz kimdir? O, kitab təqdimatlarını mənasız hesab edən, bunu öz əməli ilə, yəni etmədiyi təqdimatla göstərən üsyankar ruhlu yazıçıdırmı?

Xeyr!

Ayxan da mənasız hesab etdiyi adamlar kimi kitabına təqdimat edənlərdən biridir, hətta indiki gənclərin sələfidir, - desək, yanılmarıq. Bəlkə Ayxan iddia edir ki, mənim təqdimatıma kolxozçular, sovxozçular gəlmişdi? Edirsə, yalan deyir. Onun da təqdimatına ədəbiyyat adamları gəlmişdi. Ondan da kitab alanlar üzə düşüb almışdılar və məqsədləri, yəqin ki, növbəti təqdimatlarda Ayxana kitab satmaq olmuşdu.

“Balaca bir tirajla kitab çıxarmaq nəyə lazım?” Bu da Ayxanın yazısındakı ritorik suallardan biridir. Ona görə ritorik ki, sualın cavabın hamıdan yaxşı Ayxan özü bilir. Axı “Mən necə Polad Alemdar oldum?” adlı bir kitabı dərc etdirmə cəsarətini özündə tapan adam şeirlər və ya hekayələr kitabını çıxaran şairləri hansı haqla, nəyə əsasən qınayır?

“Satılmırsa, kitabı çap etmək...”

Mən Ayxanı bir o qədər də tanımıram. Amma on birinci sinifdən, yəni 2009-cu ildən bəri yerli və xarici müəlliflərin əsərlərini oxuyuram. Bestsellerlərlə maraqlanıram. Hazırda 30 yaşımın içindəyəm və bu günə qədər Ayxan Ayvazın kitablarının heç birini gənclərin əlində görməmişəm. Ayxan heç vaxt kitabları yüksək tirajla satılan yazıçı olmayıb. Bəs, o zaman “balaca bir tirajla kitab çıxarmaq nəyə lazım?”, ümumiyyətlə, “balaca tiraj” ifadəsi gənclərə tövsiyə verə biləcək iqtidarda olan yazıçının istifadə edəcəyi sözdürmü? Nisbi və mütləq sinonimlər haqqında danışmaq özü ayrıca bir yazı mövzusu olduğundan çox da uzatmıram .

“Belə bir fərəhsiz mühitdə ədəbiyyatdan, kitabdan danışmaq da gülüncdür”.

“Belə çıxır ki, Ayxanın bu günə kimi ədəbi fəaliyyəti gülüş doğurmaqdan başqa heç bir işə yaramayıb.

Baxın ha, vallah, mən demirəm, bütün bunları Ayxan özü deyir. Axı, o da ədəbiyyat adamıdır və belə bir fərəhsiz mühitdə ədəbiyyatda olmağın, özünü onun bir parçası saymağın da gülünc olduğunu bilir. Haradansa gözəl bir cümlə oxumuşdum:

“Dünyada heç vaxt quldarlıq bitməyəcək, çünki bütün qullar bir gün ağa olmaq istəyir”.

Ayxan da qulluqdan quldarlığa keçmiş adam kimi danışır. Əslində, “gənc”ləri yox, öz dünənini tənqid edir, öz etdiklərini mənasız adlandırır. Belə. Mənim sözüm bura qədər.

# 6382 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #