Kulis.az Ukraynanın Dnepr şəhərində yaşayan Toğrul Dəmirlinin reportajını təqdim edir.
Adım Toğruldur. Ukraynanın Dnepr şəhərindəyəm. Mən də bura bir neçə il qabaq yeni iş, imkan əldə etmək üçün gələn minlərlə əcnəbidən biriyəm.
Şəhərin adı yenicə dəyişmişdi onda. Belə ki, Sovet dönəmində bu şəhər sahilində yerləşdiyi Dnepr çayının və əmək fəaliyyətinə burada başlamış partiya xadimi Petrovskinin şərəfinə Dnepropetrovsk adlandırılmışdı. Ancaq Sovet İttifaqı tarix səhnəsindən silinsə də, Ukraynada kommunist irsinin xatirələrini özündə daşıyan adlardan imtina etməyə tələsməmişdilər.
Məsələn, Azərbaycanda Kirovabadı ləğv edib, tarixi adı Gəncəni hələ 1989-cu ildə bərpa etmişdilərsə, Ukraynada Kirovoqrad adında şəhər 2016-cı ilə qədər qalırdı. Hətta Komsomolsk adında şəhər də vardı. Yalnız Rusiyanın işğalçılıq pəncəsi “qardaş” slavyan xalqına da yetişəndə ukraynalılar sanki qəflət yuxusundan ayıldılar. Krımın itirilməsindən, Donetsk və Luqansk vilayətlərinin çox hissəsinin işğal edilməsindən sonra ukraynalılar üçün yeni dövr başlandı.
Dnepropetrovsk qəbul edilmiş qərarla bu gözəl şəhəri ikiyə bölən ölkənin ən iri çayının məlahətli Ukrayna dilindəki adı ilə Dnipro adlanmağa başlandı. Qərb ölkələrində, eləcə də Türkiyədə bu şəhərin adı məhz ukraynalıların dediyi kimi – Dnipro şəklində yazılsa da, niyəsə Azərbaycanda hələ də rus versiyasında saxlanıb.
Dneprdə yalnız şəhərin adı dəyişmədi, bütün ölkə ərazisində olduğu kimi, müxtəlif inqilabçıların, bolşevik liderlərinin adları kinoteatrların, küçə və meydanların üzərindən tarixin qara ləkəsi kimi silinib atıldı. İkinci dünya müharibəsi qəhrəmanlarından isə yalnız Ukraynadan olanlara güzəşt edildi.
2022-də başlayan yeni təcavüzkar müharibə vəziyyəti daha da kəskinləşdirdi. İndi burada sovet dövrünü əks etdirən hər şeyə – ən adi simvollara belə rus imperializminin əlaməti kimi baxırlar.
Buraya gəldiyim ilk vaxtlar şəhər mərkəzində ukraynca danışanları nadir hallarda görürdüm. Yeni müharibədən sonra isə vəziyyət tədricən dəyişir. Qərbi Ukraynada rast gəldiyim doğma dilində danışmaq ənənəsi ölkənin mərkəzi və şərq bölgələrinə də sürətlə yayılır. Hələ ki, marketə girib rus dilində nəsə istədikdə, adama qərb bölgələrində olduğu kimi tərs-tərs baxmırlar. Ancaq dövlət orqanları və banklarda, poçt şöbələri və ofislərdə əməkdaşlar suallara istisnasız olaraq dövlət dilində cavab verirlər. Bu yalnız insanlarda vətənpərvərlik duyğularının baş qaldırması ilə bağlı deyil. Həm də yeni qanunların tələbidir.
Dillə bağlı Qanundan söz düşmüşkən, bir neçə il qabaq dostumla “Şərq ekspressində qətl” filminə bilet alıb baxmağa getmişdik. Böyük ekranda əla səs effektləri ilə maraqlı rejissor işini seyr etməyə özümü köklədiyim anda kinonun Ukrayna dilinə dublyaj olunduğunu gördüm. Axıracan oturdum, amma filmə ha diqqət kəsilsəm də, tam başa düşmədiyim üçün elə də zövq almadım. Salondan çıxanda administrator izah etdi ki, prezident yeni sərəncam verib və artıq kinoteatrlarda filmləri yalnız ukraynca nümayiş etdirəcəklər. Bir qədər məyus halda oranı tərk etdim.
İş burasındadır ki, şəhərin rusdilli olmağı buraya gəlmiş əksər azərbaycanlılar kimi, məni də tənbəlləşdirmişdi. Heç birimiz yaşadığımız yeni ölkənin dilini öyrənməyə can atmırdıq. Əvvəla ona görə ki, burada yaşamaq və işləmək üçün rusca bilmək kifayət edirdi. İkinci tərəfdən isə rus dilini yaxşı bilirsənsə, diqqətlə qulaq asanda ukraynalıları 70-80 faizə qədər anlamaq olur. Digər həmyerlilərimi deyə bilmərəm, həmin film əhvalatından sonra şirin melodiya kimi səslənən Ukrayna dilini öyrənməyə başladım.
Bir şeyi də deyim ki, ölkədə dövlət dilininin tətbiqini genişləndirmək üçün təhsil sistemində də köklü dəyişikliklər edilib. Bu gün Dneprdə demək olar bütün bağça və məktəblər yalnız ukraynca tədris verir. Hərçənd müharibəyə görə bağçalar çoxdan işləmir, məktəblər isə pandemiyada olduğu kimi məsafədən onlayn rejimdə fəaliyyət göstərir, ancaq artıq xeyli müddətdir ki, aparılan iş öz təsirini göstərir.
Məsələn, küçədə gəzərkən maraqlı mənzərə müşahidə edirəm. Yaşı 40-dan yuxarı olanlar daha çox rusca, daha aşağı yaş qrupları isə əsasən ukraynca danışırlar . Həyət-bacada oynayan uşaqların səslərinə qulaq verdikdə isə, rus dilində danışıq eşitmək, demək olar ki, mümkün deyil. Onlara oxuduqları dildə danışmaq daha rahatdır.
Müharibə dövrünün Dnepr şəhəri
Ukrayna ədəbiyyatının sütunlarından sayılan Taras Şevçenkonun Dnepr çayını vəsf edən şeirlərinin bir bəndi belə səslənir:
Geniş Dnepr kükrəyir və inləyir
Pis külək əsir
Bu isti yay günlərində kükrəyən Dnepr çayının iniltisi, bəlkə də, yalnız təbiət hadisəsi deyil. Şərqdən o pis küləklə gələn ədalətsiz və qanlı savaşda vətənlərini qoruyan mərd övladlarının yasını tutur.
Bir müddət qabaq yerli bir qocaya ölkələrini tərifləyirdim. Ukraynanın geniş və bərəkətli torpaqlara sahib olduğunu deyəndə doluxsunmuş halda verdiyi cavab çox təsir etmişdi mənə:
“Bu cür yaraşıqlı və cüssəli oğullarımızı veririk o torpağa, niyə bərəkətli olmasın?!”
Bu gün Dneprdə döyüş getmir, ancaq müharibənin bütün ağırlığı burada hiss olunur. Əvvəla ona görə ki, ruslar ağır və öldürücü raketlərə bu şəhəri də dəfələrlə “qonaq ediblər”.
Bundan xeyli əvvəl, 2014-cü ildə Rusiya işğalları başlayanda Dnepr ilk köçkünlər dalğasını qəbul etmişdi. 2022-nin fevralından başlayan yeni müharibə isə buraya yüzminlərlə məcburi köçkünün pənah gətirməsinə səbəb olub. Şəhərdə yüzlərlə insan könüllü dəstələr yaradıb köçkünlərə bacardıqları qədər kömək etməyə çalışırlar. Şəhərin hər yerində atılmış binalar, yararsız hala düşmüş köhnə yataqxanalara əl gəzdirib, insanları müvəqqəti olaraq yerləşdirirlər. Boş evi olanlar isə çox vaxt onu pulsuz-parasız qalmaq üçün köçkünlərin ixtiyarına verir. Fərəhli hal odur ki, soydaşlarımız da bu işlərə biganə deyillər.
Yeni müharibə başlayandan hərbi vəziyyət elan olunduğuna görə Dneprdə də çoxsaylı məhdudiyyətlər tətbiq edilib. Bu qadağaların bəziləri vaxt keçdikcə təcrübədə özünü doğrultmadı deyə, dəyişdirildi.
Məsələn, ilk vaxtlar marketlərdə spirtli içkilərin satışına qadağa qoyulmuşdu. Təsəvvür edin, qış çıxmaqda, yaz gəlməkdə olsa da, havalar əsasən soyuq keçir, bir yandan da müharibənin yaratdığı stress. Və Şərq slavyanları spirtli içki olmadan bu “ağırlığı” qaldırmalıdırlar... Yaxşı ki, bu qərarı verənlər səhvlərini tez başa düşdülər, qərarı ləğv elədilər.
Müharibənin ilk ayları burada komendant saatı 19:00-dan başlanırdı, hazırda isə saat 24:00-dan 05:00-dək qüvvədədir.
Şəhərdə tez-tez həyəcan siqnalı verilir. Müharibənin ilk günlərində bu səs yalnız ikinci dünya savaşını xatırlayan sağ qalmış azsaylı qoca insanlar üçün tanış idi. Digər ukraynalı və bu ölkədə yaşayan mənim kimi əcnəbilər isə bu vahiməli xəbərdarlıq “melodiya”sını yalnız hərbi filmlərdən eşitmişdik. Mənim yadıma dərhal “Bizim Cəbiş müəllim” filmindəki məşhur səhnə düşdü. Ancaq orada filmin qəhrəmanlarından olan Makedon rus qızı ilə binanın damına dırmaşmışdısa, əksər adamlar kimi mən də yeraltı zirzəmiyə sığınmışdım. Adamların çoxu ilk vaxtlar həyəcan siqnalı zamanı təlimata uyğun davranır, yaxındakı sığınacağa qaçırdılarsa, vaxt keçdikcə bu adəti tərgitdilər. İndi Dneprdə sutka ərzində 7-8, bəzən isə 10- 12 dəfə həyəcan siqnalı verilsə də, bu, insanlar üçün adi hala çevrilib, daha heç kim məhəl qoymur, əlində gördüyü işi davam etdirir.
Ancaq bir şeyi pisdir ki, siqnal işə düşən anda bankda olan, yaxud hansısa dövlət orqanına müraciət edənlər dərhal bayıra çıxarılır, raket hücumu təhlükəsinin ləğvi barədə məlumat daxil olana kimi işlər dayandırılır. Bu məcburi fasilələr uzun növbələrin yaranmasına səbəb olur.
Növbədən söz düşmüşkən, müharibə dövrü Dneprini xarakterizə edən ən yayğın elementlərdən biri məhz budur. Ukrayna hökuməti başqa şəhərlərə sığınmış köçkünlərə aylıq sosial müavinət verir. Bu müavinətləri sənədləşdirməkdən ötrü tez-tez növbələr yaranır. Bundan başqa Avropa Birliyi dövlətləri, ayrı-ayrı fondlar ehtiyacı olan ukraynalılara müxtəlif ərzaq yardımları da göstərirlər. Dneprdə yerli orqanların qarşısında köçkünlərə ayda bir dəfə böyük karton qutularda təqdim olunan həmin yardımı almaq üçün səliqə ilə sıraya durmuş solğun bənizli, üzlərindən qəm-qüssə yağan qadınları, yaşlı kişiləri görəndə, yadıma 90-cı illərin Azərbaycanına dair videolentlər düşür. İşğal altına düşən rayonlarımızdan evlərini tərk edən azərbaycanlılar da Bakıda, Sumqayıtda, Gəncədə, Bərdədə bu cür yardım növbələrinə dururdular.
Həlak olanların dəfni
Dneprdə başqa bir qələbəliyə də çox tez-tez rast gəlirəm. Hər gün bu böyük şəhərin müxtəlif səmtlərində Vətənləri üçün həlak olan övladlarını son mənzilə yola salmağa toplaşan sakinləri görmək olur. Belə tədbirlər adətən kilsələrin qarşısında, park və meydanlarda təşkil edilir. Bir neçə dəfə bu mərasimləri ürək ağrısı ilə seyr edərkən yenə də yaddaşımda Qarabağ savaşları canlanıb, istər-istəməz bu ağır insan faciəsini öz ölkəmdə baş verən oxşar hadisə ilə müqayisə etmişəm. Ukraynalılar həlak olan övladları ilə bizdən daha sakit tərzdə vidalaşırlar. İnsanlar Şərqdəki emosionallıqla ağlamırlar. Kilsə mahnılarının və keşişin dualarının arası kəsildikcə qulağa sakit hıçqırtı səsləri gəlir. Dəfn maşınına qədər əsgərlərin apardığı cənazənin ətrafını saran insanlar həmvətənlərinin qəhrəmanlığı qarşısında ehtiramlarını yaşıl, mavi gözlərindən axan yaşla və yerə diz çökməklə ifadə edirlər.
Bizimkilər Dneprdə
Bu gün ukraynalılar iş və təhlükəsizlik qayğılarına görə dünyaya səpələnirlər, ancaq vaxtilə, əsasən keçmiş Sovet respublikalarından, Ukraynaya qazanc üçün üz tutanlar az deyildi. Onların arasında azərbaycanlılar da kifayət qədərdir.
Bu şəhərdə bizimkilər daha çox restoran biznesi, bəzi tikinti layihələri və sözsüz ki, ticarət obyektlərində çalışırlar. Müharibə çox xariciləri bu ölkədən perik salsa da, Dnepri çox az azərbaycanlı tərk edib.
Vaxtilə şəhərin mərkəzi küçələrində hər addımda türklərə, ərəblərə, digər şərq xalqlarının çoxsaylı nümayəndəsinə rast gəlmək olurdusa, 2022–nin fevralından sonra mənzərə dəyişib. Buraya tələbə, hansısa işlə bağlı, yaxud gəzmək üçün gələn xaricilər, demək olar ki, yoxdur. Şəhərə “sadiq” qalanlar yenə də keçmiş Sovet ölkələrindən olanlar, özəlliklə qafqazlılardır. Şəhərin “Ozerka” adlanan mərkəzi bazarında tez-tez doğma sözlər eşitmək olur. Burada da vəziyyət xeyli ağırlaşıb. Rusiyanın Koxovka su anbarını partlatması ekoloji fəlakətlə yanaşı, ətraf bölgələrin içməli su təminatını iflic edib. Bölgədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan təsərrüfatlara ağır ziyan dəyib, bu isə ağır iqtisadi şərtlər nəticəsində onsuz da yüksək olan qiymətlərin bir az da artmasına səbəb olub. Bazarda rast gəldiyimiz satıcılar insanların alım gücünün ciddi zəifləməsindən, alıcılar isə od tutub yanan qiymətlərdən gileylənir.
Ancaq bütün çətinliklərə baxmayaraq, insanlar müharibə şəraitinin reallıqlarına artıq öyrəşiblər. Elə mən özüm də ilk günlərdə yaşadığım hissləri, qorxunu çoxdan unutmuşam. Müharibənin gətirdiyi məhrumiyyətlər, faciə və itkilər nə qədər ağrılı, kədərli olsa da, gələcəyə olan ümidi azalda bilməyib.