Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir
1 mart 2018
# 15:30

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

***

Təyyarəçi Hüseynbala Əliyev

Sankt-Peterburq şəhərinin Nizino qəsəbəsində, meşənin dərinliyində bir qardaşlıq məzarlığı var. Təyyarəçi Hüseynbala Əliyevin və ya yerli sakinlərin dili ilə desək Hüseyn Əliyev də bu qəbirdə əbədi uyuyanlar sırasındadır. Məzarlıq hərbi hissənin ərazisində yerləşdiyindən buranı ziyarət etmək hamıya qismət olmur.

2009-cu ildə Peterburqa səfərimiz zamanı o məzarı çətinliklə bula bildik. Çox qəribədir ki, Hüseynbala Əliyev Sovet İttifaqı Qəhrəmanı olmasa da yerli əhali 9 May günü onun məzarının üzərinə qoyulan əklildə Sovet İttifaqı Qəhrəmanı adını yazırlar. Səbəbini soruşanda belə dedilər: “Hüseynbala bizim qəhrəmanımızdı.”

Məzar yolu qarla örtüldüyündən yolu açmaq üçün yerli əhali və əsgərlər ürəklə bizə kömək edirlər.

O, iyirmi üç il yaşadı bu dünyada. Davanın elə ilk günlərində hava döyüşündə, Leninqradın müdafiəsi zamanı həlak oldu. Amma, sən demə, bu iyirmi üç il də kifayət edərmiş ki, ömrünü xalqının yaddaşında davam edəsən.

Leninqradın Nizino kəndində qoyulan mərmər abidə üzərində müharibənin ilk günlərində həlak olan onlarla döyüşçünün adları həkk olunub. Onlar qocalmadan bizim babalarımız, ulu babalarımız oldular. Öz hünərləriylə doğma torpağın əbədi müdafiəçilərinə çevrildilər... Adama elə gəlir ki, onlar ölməyib, göylərin dərinliyinə çəkilib ordan, sonsuz ucalıqdan bu abidəni ziyarətə gələnlərə baxır.

Abidə üzərində ilk gələn ad leytenant, dəniz aviasiya təyyarəçisi Hüseynbala Əliyevin ismidir. Onun qısa ömrü əfsanəyə döndü.

25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində anadan olub. Onun uşaqlıq illəri köhnə Bakının məhəllələrində və Pirşağı kəndində keçib. Hüseynbala Əliyev göylərə, səmaya bağlanmış oğlan idi. Bakıda ilk dəfə aviasiya məktəbi açılanda, Hüseyn ora yazılır, planerləri mənimsəməyə başlayır. İki ildən sonra isə artıq o, təyyarəçi-təlimatçı kimi özündən kiçiklərə uçmağı öyrədirdi. Təqvimdə isə 1939-cu il yaxınlaşırdı.

Hüseynbala Əliyev əsl hərbi təyyarəçi olmağı qarşısına məqsəd qoyur və Yeysk hərbi-dəniz aviasiya məktəbinə daxil olur. Beləcə dəniz və səma onun taleyində birləşirlər.

Hərbi məktəbi bitirdikdən sonra leytenant Əliyev Baltika Dəniz aviasiyasında xidmət edir. Müharibədən əvvəl onun briqadası Kronştadtdan Leninqrad səmasının müdafiəsinə göndərilir.

1941-ci il iyunun 22-dən onun hərbi uçuşları başlayır. 27 gün ərzində - 49 hərbi uçuş! Onun avia briqadası Kronştadt və misilsiz muzeyləri, sarayları və parkları ilə zəngin olan Leninqradı, onun ətrafını düşmən hücumlarından müdafiə etməyə başlayır. O bilirdi ki, ölkənin cənubunda da müharibə gedir. Faşistlər neftə görə onun doğma vətəni Bakını ələ keçirmək istəyirlər. Çünki neft müharibənin qanı və enerjisi deməkdi.

Leytenant Hüseynbala Əliyevin mükafatlar siyahısından:

“Leytenant Əliyevin 49 hərbi uçuşu olub. Bu uçuşların hamısı əla yerinə yetirilib. 1941-ci il iyulun 18-də hərbi uçuşdan qayıdarkən düşmənin üç “Yunkers-88” təyyarəsi ilə döyüşüb və bu döyüşdə ağır yaralanıb, kabinəsində mərmi partlayaraq otuz qəlpə yarası alıb. Buna baxmayaraq, Əliyev döyüşü davam etdirib və iki “Yunker-88” məhv edib. O ağır yaralı halda öz ərazisində yerə enib. Yoldaş Əliyev enişdən iyirmi dəqiqə sonra dünyasını dəyişib. Ölümündən sonra yoldaş Əliyev ən yüksək mükafata – Lenin ordeninə layiq görülüb.

Qırmızı Bayraqlı Baltik donanmasının komandanı vise-admiral Tributs.”

Hüseyinbala Əliyevin az qala kliniki ölüm anında göstərdiyi bu qeyri-adi qəhrəmanlığı izah etmək çox çətindir. İnsanın belə yaralı vəziyyətdə yaşaması və hərəkət etməsi tibbdə görünməmiş bir haldır. Qırıcı təyyarə uçur, yerə eniş edir. Elə bil zaman dayanmışdı, buna baxmayaraq o təyyarəni sürməyə davam edirdi. O, qeyri-adi bir gücə sahib idi, çünki huşunu itirməmişdi. Son sözləri belə oldu: “Mən yerinə yetirdim. Əlvida!”

N.K.Çukovskinin "Baltik səması" romanında, V.Ketlinskayanın "İradə" hekayəsində onun qəhrəmanlığından bəhs edilmiş, Məmməd Rahimin "Leninqrad göylərində" poeması ona həsr olunmuşdur.

"Azərbaycan film" kino studiyası onun haqqında Hünər əbədidir (film, 1967) adlı film çəkmişdir.Pirşağı qəsəbəsində büstü qoyulmuşdur.

Adına küçə var.

O, cəmi iyirmi üç il yaşadı bu dünyada. Deyirlər təmiz qəlblər əbədi həyat üçün çox erkən kamilləşir. Göylər öz mübarək iqamətgahının qapılarını onların üzünə taybatay açır. Bizə isə, yerdəkilərə onların ölməzliyə qovuşanların xatirəsini qoruyub saxlamaq qalır.

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

# 1595 dəfə oxunub

Müəllifin son yazıları

# # #