Əli Kərim necə fəxri ad ala bilmədi?

Əli Kərim necə fəxri ad ala bilmədi?
4 oktyabr 2016
# 16:25

Nasir, dramaturq Altay Məmmədovun “Tanıdığım Əli Kərim” adlı kitabını oxudum.

Kitabın sevgili Əli Kərim haqda o qədər də uğurlu portret olduğunu düşünmürəm. Üslub kasıblığını, yaradıcı yanaşmanın, şairin şəxsiyyətinə hərtərəfli baxışın yoxluğunu nəzərdə tuturam əsasən.

Zira, kitab həm faktoloji, həm də o dövrün yazıçı mühitinin təsviri baxımından əhəmiyyətlidir.

Müəllifin qeyd elədiyi bu fakt diqqətimi xüsusi çəkdi:

“Mehdi Hüseyn Rəyasət Heyətinin siyahısını oxudu (söhbət 1958-ci ildən gedir-S.S.) və təsdiq üçün səsə qoydu. Əli Vəliyev elə bir pəhləvan nərəsi çəkdi ki, pəncərə şüşələri cingildədi. Əli Vəliyev ona görə hayqırdı ki, adı siyahıda yox idi. Rəyasət heyəti bir növ MK-nin bürosu kimi bir şey idi. Mən əvvəllər elə bilirdim ki, yazıçılar nüfuz baxımından onun üzvü olmaq istəyirlər. Lakin tək nüfuz məsələsi deyilmiş. Əli Vəliyevin səsinə başqa gurultulu hayqırtısı səs verdi, şair Məmməd Rahimin səsi. İlahi, onlar Mehdi Hüseynə və MK nümayəndəsinə bir hücum çəkirdilər, səslərindən adamın əti çimçəşirdi. Təxminın on beş - iyirmi dəqiqəlik fasiləsiz hücumdan Mehdi Hüseyn də, MK nümayəndəsi də geri çəkilməli oldular. Əvvəlki siyahıdan Mir Cəlal müəllimin, bir də adını unutduğum bir yazıçının adlarını çıxardılar. Onun adının siyahıdan çıxarılmasına səs verən Süleyman Rüstəm dedi ki, Mir Cəlal abırlı adamdır, bir söz deməz siyahıdan çıxarılmasına (Mir Cəlal müəllim özü orda yox idi). Səməd Vurğun ona deyərmiş, “tı slişkom poryadıçnıy çelovek.”

Belə bir davaya təxminən on, ya on beş il sonra bir də təsadüf etdim. Bu dəfə adı siyahıya düşməyən Bəxtiyar Vahabzadə Mirzə İbrahimova əleyhinə danışdı. Bəxtiyarı tərəfdarları üzlərində iblis sevinci vardı, onların özləri cəsarət edib Mirzəyə söz deyə bilməzdilər. Mirzənin rəngi dümağ idi...

Bəli, Rəyasət heyətinə üzv olmaq tək rəyasət, tək şöhrət, tək hörmət xatirinə deyildi. Buranın üzvləri özlərinə və istəklilərinə fəxri adları müqavimətsiz ala bilirdilər. Onların cildləri də nəşriyyat planlarına asan salınırdı, əsasən öz əllərində idi. Nümayəndəliklər daxilində xaricə getmək də onlar üçün problem deyildi. Süleyman Rüstəm, Mirzə İbrahimov və onların nəslindən sonra ədəbiyyata gələnlərin birinci dəstəsi Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Əhməd Cəmil nisbətən fağır adamlar idilər. Onların dalınca gələn nəsil isə öz haqqını tələb eləməyə başlamışdı. Uzun müddət müqavimətə rast gəlməyən əvvəlki nəsil üçün bu bir az gözlənilməz idi. İttifaqda hamı iyerarxiyanın olduğunu bilirdi. İyerarxiya üzvlərinə bəzən bezoçered yazıçılar da deyirdilər. Yəni onların əsərləri jurnal və qəzetdə növbəsiz çap olunmalı idi. Belə bir mühitdə Əli necə mənzil ala bilərdi”.

Müəllif başqa məsələlərə də toxunub: Əli Kərimin Fəxri Xiyabanda dəfninə, mənzil almasına, yazılarının çapına əngəl törədilməsinə qədər...

Faktı oxuyanda milli ədəbiyyatda (və söhbət təkcə ədəbiyyat deyil, xoşagəlməz vəziyyəti başqa sənət sahələrinə də aiddir) nədən keyfiyyətli əsərlərin azlığını, ciddi şəxsiyyətlər probleminin olmasını anlayırsan. İzah çox sadədədir. Çünki sənət, ədəbiyyat bu adamlardan ötrü ehtiras, tutqu olmayıb. Çünki ədəbiyyat onlardan ötrü mənsəb, mənfəət, hansısa maddi məqsədə çatmaq üçün tramplin olub.

Əli Kərim isə bu mühitdə ona görə “uduzdu” ki, onun üçün ədəbiyyat tutqu idi, həyat tərzi idi. O, ədəbiyyatı təmənnasız, qarşılıq gözləmədən sevirdi, onunla yaşayırdı.

Ona görə XX yüzilliyin Azərbaycan ədəbiyyatının ən parlaq şairləri sırasında Əli Kərimin adı ilk pillələrdə yer alır.

Kulisin bir neçə il əvvəl keçirdiyi “Əsrin şeiri” sorğusunda Əli Kərimin dörd şeiri iyirmilikdə idi.

Biz dostlarla söhbətləşəndə sevgiylə xatırladığımız, şeirlərindən sitat gətirdiyimiz şairdəndir Əli Kərim. Sonsuz sevgiylə, dərin ehtiramla andığımız az ədəbiyyat adamlarındandır Əli Kərim.

...Və siz təsəvvür edin ki, istinad elədiyimiz Qərb ədəbiyyatının “üzü üzlər görüb”. Yaxşı mənada yəni: nə metodlar, nə fəndlər, nə estetikalar... Ədəbiyyat özü özünü keçib hardasa və bu gün dünya ədəbiyyatı, elə kino da sanki yaradıcı, yenilik dinamizmindən yorğun düşərək yenidən ənənəvi nəqlə qayıdır.

Biz isə XX əsrin böyük dövründə ənənəsini intriqa, mənsəbpərəstlik, məişətçilik üzərinə qurulan, kasıb, zavallı ədəbiyyatımızdan birdən-birə postmodernizm gözləyirik... Çox sadəlövhük, dostlar.

# 2185 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #