Bacı qatilini sevənlərin 8 Martı

Bacı qatilini sevənlərin 8 Martı
7 mart 2016
# 11:12

Sevda Sultanova

Yadınızdadırsa, bir neçə həftə əvvəl, qardaşın bacısını bıçaqlaması xəbəri qızğın müzakirələrə səbəb olmuşdu. Qardaş 29 yaşlı baçısını ondan icazəsiz evdən çıxdığına və telefonunda kişi fotosu gördüyünə görə bıçaqladığını demişdi.

Hadisə sosial şəbəkələrdə müzakirə olunanda adamların reaksiyalarını izləyirdim. Müzakirə olunan hadisədə mənə daha çox qadınların rəyi maraqlıydı.

Bir xanım istifadəçi yazır: “Səhv edib. Amma bacı da uşaq deyil, 29 ildi bilir ki, qardaşı icazə vermir tək çıxmağa, evdə belə xasiyyətdədirlərsə, kimə, nəyə güvvənib, sözündən çıxır qardaşının”.

Başqa bir xanım: “Qardaş bacının pisliyini istəməz. O bacı indi özünü heç pis hiss eləməz”.

Daha bir rəy: “Qız nə qələt eləsə də bıçaqlamaq olmaz axı”.

Qadınlar arasında yaşından, təhsilli olub olmamasından asılı olmayaraq konkret bu məsələ ilə bağlı sorğu keçirsələr, inanıram ki, qardaşı müdafiə edənlər üstünülk təşkil edəcək.

Abbas Kiarostaminin “Zeytun ağacları altında” adlı filmi var. Savadı olmayan oğlan təhsilli qızla evlənmək istəyir, düşünür ki, onun övladlarını savadlı ananın yetişdirməsi vacibdir. Bizim ailələrdə ana kultunun güclü olması və övladlara atadan çox təsirinin olması danılmazlır. Amma hətta qadının savadlı olması, bir neçə ali məktəbə bitirməsi, bir neçə dil bilməsi və s. qətiyyən onun övladlarının feodal təfəkkürdən uzaq, sivil böyütməsi anlamına gəlmir. Bu şərhləri yazan xanımların ali savadı almasına şübhə eləmirəm.

Cəmiyyətdə əsrlər boyu dərin kök salmış arxaik ənənələr, adətlər, təfəkkür tərzi bu insanların aldığı savadı üstələyir və savad köhnəlmiş düşüncənin basqısına məruz qalır. Tipik azərbaycanlı mahiyyətcə, bizi sivil dünyadan qoparan bu köklərə bağlıdır.

Azərbaycan qadınlarının əksəriyyəti türk seriallarını izləyir. Demək olar ki, bütün turk seriallarında dominant olan bir neçə motiv var. Bunlardan başlıcası qadın haqları, köhnə adətlərin qadını da, kişini də buxovunda saxlamasıdır. Bu, türk serial sənayesinin ötürdüyü əsas mesajlardan biridir. Və qəribədir ki, türk seriallarının qəhrəmanlarını sevən qadınlarımızın əksəriyyəti bir həmcinsinin individ, şəxsiyyət olma haqqını tanımaq istəmir. Bu seriallarda dediyim problemlər son dərəcə sadə, bəsit şəkildə anladılır. Amma yenə də qadının sonda gəldiyi nəticə bu, olur: “Evdə belə xasiyyətdədirlərsə, kimə, nəyə güvvənib, sözündən çıxır qardaşının”.

Bizim təsəvvürmüzdə birmənalı şəkildə azadlıq, sərəbəstlik əxlaq anlayışının əksdir. Hətta əminik ki, azad düşüncə əxlaqla birlikdə mövcud ola bilməz, onlar mütləq əks qütblərdə dayanır.

Mənə hərdən elə gəlir ki, bizim uzun illər rahatlıqla imperiya əsarətində qalmağımızın əsas səbəblərindən biri bu olub: azad, özbaşına yaşasaq, əxlaqımızı itirə ilərik. Başqa cür desək, biz azadlıqdan əxlaqımızı itirə biləcəyimiz üçün qorxuruq. Təbii ki, təsəvvürlərdəki tipik, bəsit əxlaq anlayışını nəzərdə tuturam.

Bacısını, öz həyatını arzularına uyğun qurmaq istədiyinə görə bıçaqlayan bu tip kişilərin çoxluğu həm də azadlıqdan qorxan anaların, ataların dünyaya baxışının nəticəsidir.

Həsən Quliyev “Arxetipik azərilər: mentaliletin simaları” kitabında yazır:

“Tipik azərbaycanlı ailə vəzifəsindən azad şəxsiyyət kimi doğulmur. O, xoşbəxtcəsinə başa düşür ki, həyat ona öz eqoist istəklərini təmin etmək və sərbəst şəkildə gəzib dolaşmaq üçün verilməyib.

Azərbaycanlılar məhz belə bir mental tipaja malikdilər: onlar ailəyə pərçimləniblər və onların bütün həyatı ailə missiyasının labüd kolliziyaları ətrafında daim fırlanmaqdan ibarətdir: bu mənada onlar ailə ənənəsinin dustaqları qismində dünyaya gəlirlər.

Azərbaycanlılar düşünmədən onları ənənəvi ailə həyatı ağuşunda köləliyə məhkum edən həyat modelini seçirlər: şüurlu şəkildə ənənənin, ailənin, uşaqların və s. kölələrinə çevrilirlər.

Öz şəxsi azadlığını qurban verməklə hər bir kəs ənənənin vacib hissəsinə çevrilir”.

Əminəm ki, bacısının azadlığını tanımayan qardaşı müdafiə edən xanımlar 8 mart günündə səbirsizliklə təbriklər, hədiyyələr gözləyəcəklər. O 8 mart ki, kişilərdən hədiyyə almaq, diqqət gözləmək anlamına gəlmir. O 8 mart ki, qadın azadlığını, haqlarını, qadının kişidən asılı yaşamamasını, iqtisadi müstəqilliyini simvolizə edir.

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #