Ruhi xəstəyə ərə gedənlər

Ruhi xəstəyə ərə gedənlər
12 may 2015
# 12:22

Yaxınlarda saytlardan birində əri və dörd uşağı ruhi xəstə olan qadının hekayəsini oxudum. Hekayə deyirəm, əslində faciədir.

Ailə yoxsulluq içində yaşayır, pensiya zəruri xərcləri ödəməyə yetmir, kommunal xərclərdən dolayı borç borca calanıb, sosial təminatları yoxdur, ailə üzvləri xəstəlik tutmaları başlayanda ev əşyalarını qırır, dağıdır və sair. Məsul şəxslər həyatın dibinə atılmış bu insanların durumuna biganədir.

Bu dramatik əhvalatda diqqətimi həm də başqa bir məqam çəkdi. Qadın psixoloji cəhətdən sağlamdır, amma 22 yaşında ruhi xəstəyə ərə gəlib.

Araşdırsaq, Azərbaycanın hər yerində bu cür ailələrə rast gələ bilərik. Azərbaycanlıların hansısa naməlum inanclarına görə, ruhi xəstə olan kişi evlənərsə, o, sağalar.

Mən belə mövhumatçı ailələr tanıyıram. Bir tanışımız vardı, oğlu ağır ruhi xəstə idi. Ana inanırdı ki, oğlu ailə qursa sağalar, ona qız axtarırdı. Amma anası oğlunu evləndirməyə macal tapmadı, çünki oğlan həyatla vidalaşadı.

Yəqin o insanlara elə gəlir ki, cinsi münasibət ruhi xəstələrə müsbət təsir göstərər. Belə bir fikri onların hardan, hansı elmi, tibbi tədqiqatların nəticələrindən aldığını bilmirəm.

Bildiyim odur ki, bilgisizliyin, savadsızlığın nəticəsi faciəvi olur.

Vaxtaşırı saytlarda ruhi xəstənin arvadını, uşağını baltaladığı, bıçaqladığı haqda xəbərlər oxuyuruq.

Məsələn, keçənlərdə bir kişinin həyat yoldaşını yatdığı yerdə qətlə yetirdiyi haqda xəbər oxumuşdum. Yaxınlarının sözlərinə görə, cinayəti törədən kişi ruhi xəstə olub. Ona görə də qohumları ailəsi ilə onu gözdən uzaq qoymurmuşlar. Qadın da kişinin psixoloji problemləri olduğunu bilə-bilə ona ərə gedib.

Yuxarıda haqqında danışdığım qadın da ailə quranda ərinin anadangəlmə psixoloji problemi olduğunu bilib.

Problemlərin kökündə yenə müəyyən mənada mental problemlərimiz, ailəyə, həyata yanlış baxışımız dayanır.

Ailələr həkimə müraciət etmədən, xəstəliyin genetik, nəsildən-nəslə keçib-keçmədiyi haqda bilgi almadan psixi problemləri olan övladlarını evləndirirlər.

Bir qayda olaraq analoji problemli ailələr uşaqlarını həkim müayinəsindən keçirməyə utanırlar. Ümumiyyətlə, bizim təsəvvürümüzdə belə stereotip var ki, psixiatr yanına gedən adam mütləq ruhi xəstədir. Ona görə ətrafın reaksiyasından, qonum-qonşunun, qohum-əqrəbanın nə düşünəcəyini önəmsəyərək müayinələrdən çəkinirik.

Sağlam qızlarının ruhi xəstəylə evlənməyinə razı olan ailə də yəqin düşünür ki, qızı evdə un çuvalına tay olunca elə ruhi xəstəyə ərə getsin, pis-yaxşı ailəsi olsun.

Maraqlıdır ki, bu vəziyyətdə cinsi-ayrı seçkiliyə də yol verilir. Məsələn, ruhi xəstə ola kişiyə qız verilir, amma belə xəstə qadınla sağlam kişi ailə qurmur. Və ya ailədə də qızın psixi problemləri varsa, onun taleyi ilə barışırlar, ruhi xəstə oğlandırsa onun ailə qurmasına çalışacaqlar.

Yeri gəlmişkən, Türkiyədə ruhi xəstələr evlənmək üçün həkim müayinəsindən keçərək, ailəyə yararlı olub-olmamaqları haqda rəy almalıdır. Ailə haqda qanunda bununla bağlı maddə də var.

Bizdə faciəli nəticələrin qarşısını almaq üçün cəmiyyətdə, insanların şüurunda çox şey dəyişməlidir. Ayrıca dövlət, ictimai institutlar məsələni nəzarətdə saxlamağa borcludurlar.

# 1626 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #