Partlayış nəticəsində ölən Azərbaycan rejissoru

Partlayış nəticəsində ölən Azərbaycan rejissoru
18 yanvar 2016
# 09:00

“Naməlum kino” layihəsində Ramiz Əsgərovun 1966-cı ildə çəkdiyi “Yaşamaq gözəldir, qardaşım” filmini təqdim edirik.

Amma əvvəlcə filmin rejissoru Ramiz Əsgərov haqda...

Çox gənc ikən həyata əlvida deyən R. Əsgərovun taleyi məndə fransız rejissoru Jan Viqo ilə oxşar assosiasiya olunur.

Viqo 29 yaşında vərəmdən ölüb, R. Əsgərov 30 yaşında “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı faciəvi şəkildə həlak olub.

Hadisənin şahidi olan Rasim Ocaqov danışırdı: "1967-ci ildə "Mən ki gözəl deyildim" filminin birinci yaradıcı heyətilə Lənkəranda faciəli hadisə baş verdi. Orda müharibə vaxtı bizim əsgərlər qayıqla üzür və ətrafda partlayışlar baş verməliydi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqları arasındakı altı partlayışın hündürlüyünü, ölçülərini götür-qoy etdik. Sonra studiya adətiylə ilk günü şampanla “yumaq” üçün ziyafət verməyi də nəzərə aldıq. Budur, Port-İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexnikərə işarə verilir. “Çəkiliş başladı. Birinci kadr. Birinci dubl.” Birinci, üçüncü...beşinci partlayış-hər şey əladır. Altıncı! Ayaqlarımızın altında nəsə guppuldayır və tam sakitlik çökür. Özümə gələndə dəhşətli mənzərə gördüm. Gənc fotoqrafın gözləri hədəqədən çıxmışdı, içalatı əllərinə tökülmüşdü. Solda qıçı üzülmüş pirotexnik uzanmışdı. Hər şey tüstü içindəydi. Qana bulaşmış Ramiz yanımda idi. O, əlini mənə uzadıb dedi: “Rasim, bax barmağımın üçü yoxdu”. Ayağa durmağa çalışdı, ancaq qalxa bilmədi. Qıçlarının ikisi də üzülmüşdü, lakin bunu dərk etmirdi, ağlına yerləşdirə bilmirdi. Mən də qıçımdan yaralanmışdım, qanaxmanı saxlamaqçün yaramı dəsmalla bağlamaq istəyirdim. Birdən sükutu vahiməli bağırtılar pozdu. Xaos. Çaxnaşma. Kimsə kömək etməyə çalışır. “Desantlar” qayıqda avar çəkirlər. Onlara, deyəsən, heç nə olmayıb, təkcə aktyor Ələddin Abbasovun əlindən qan axırdı. Bizi vertolyotlarda apardılar. Dörd nəfər həlak oldu (üçü elə yerindəcə, Ramizsə ertəsi gün hospitalda). Dörd nəfər yaralandı. Sonra bizə dedilər, bədbəxt yoldaşlarımızın cənazələrini studiyadan götürüblər. Çoxlu adam varmış, hamı da şok vəziyyətində. Sonralar məlum oldu ki, pirotexnik partlayıcı qurğunu səhv salıb, üstünə mindiyimiz saldakı qurğunu partladıb. Filmi ikinci dəfə Tofiq Tağızadə çəkdi".

***

Siyasətlə məşğul olan valideynlərinin diqqətindən kənarda qalan, qohumlarının himayəsində yaşayan Viqonun uşaqlığı qayğılar içində keçib. R.Əsgərovun da müharibə illərinə təsadüf edən uşaqlığı çətin olub.

Viqonun filmoqrafiyasında dörd filmi var, R.Əsgərovun da. Onlardan biri ÜDKİ-də oxuyanda tələbə yoldaşları ilə birlikdə çəkdiyi “Yurka-dağınıq komanda” qısametrajlı filmi idi.

Bundan başqa “Əzim Əzimzadə” sənədli filminin ssenaristi olub.

“Yaşamaq gözəldir, qardaşım” onun tammetrajlı film kimi debütü idi. “Mən ki gözəl deyildim” filmi isə yarımçıq qalıb.

Viqonun heç bir filminin normal prokatı olmayıb, sağlığında tamaşaçıya göstərilməyib. R. Əsgərovu isə bu gün də geniş tamaşaçı kütləsi tanımır. “Həyat gözəldir, qardaşım” filminin böyük ekranlarda premyerasını isə rejissor görməyib.

Viqo poetik realizmin inkişafında mühüm rol oynamışdı, R. Əsgərova isə ümidverici rejissor kimi baxırdılar. Müəllimi, məşhur rus rejissoru Mixail Romm onu ən istedadlı tələbələrindən biri sayırdı:” Mən ondan çox şey gözləyirəm”.

***

Operator Rasim İsmayılov xatirələrində deyirdi: “Orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı studiyasına işləməyə gələn Ramiz Əsgərovla tanış oldum. O, kinonun dəlisi idi. Biz birlikdə ÜDKİ-na daxil olmaq üçün Moskvaya getdik. Mən operatorluğu seçdim. Ramiz isə rejissorluq fakültəsinə, Mixail Rommun emalatxanasına daxil oldu. Ən nüfuzlu ustad sayılan Mixail Rommun emalatxanasında təhsil almaq heç də asan iş deyildi. Romm tələbəni elə-belə seçmirdi. O, yalnız gələcəyinə inandığı istedadlı gəncləri öz emalatxanasına götürürdü. Onun emalatxanasından mahir kinematoqrafiya ustaları çıxırdı”.

R. Əsgərov isə onu gözləyən faciəni sanki duymuşdu. Yazdığı bu qısa qeydləri onun öncəgörməsi də adlandırmaq olar: “Altı il Moskvada qalandan sonra o səs-küylü, şən şəhəri tərk etməli oldum. Ayrılığın belə çətin olacağını heç təsəvvürümə də gətirə bilməzdim. Çox darıxıram, o günlərin xiffətini çəkirəm. Qabaqda məni nə gözlədiyini bilmirsən, firavanlığa ümidim qalmayıb. Heç bir şansım da yoxdur. Mənə elə gəlir ki, gələcəkdə ancaq uğursuzluqlarla rastlaşacağam. Lakin taleyin belə gərginliyi ilə barışmayacağam. Gücüm çatdıqca mübarizə aparacağam. Çünki yaxşı yaşamaq istəyirəm! Uğur olsun, cavan oğlan! 01.10. 1964”.

***

Nazim Hikmətin “Yaşamaq gözəl şeydir, qardaşım” romanı əsasında ekranlaşdırılan “Yaşamaq gözəldir, qardaşım” filmi 1920-ci illərdə Yaxın Şərq ölkələrindən birində kommunistlərin fəaliyyətindən bəhs edir.

Varlı ailədə böyüyən Əhməd (Vladimir Koval) marksizm-leninizm ideyalarını geniş kütlə arasında yaymaq üçün ağır mətbəə şriftlərini İsmayılın (Oleq Xabalov) qayalıqlar arasında yerləşən daxmasına gətirir. Daxmaya gətiriləcək çap dəzgahını yerləşdirmək üçün günlərlə İsmayılla döşəmədə iri quyu qazır. Əqidə yoldaşları həbsdə olan dostlar ehtiyatlı davranırlar. Amma hər şey onların planlaşdırdığı kimi getmir. Günlərin birində Əhmədi it qapır. İtin quduzluq ehtimalı, müalicənin ancaq paytaxtda mümkünlüyü, amma təhlükə ucbatından ora gedə bilməməsi vəziyyəti gərginləşdirir.

İlk baxışda sıradan təbliğat kimi görünən süjetdə xeyli incə, maraqlı nüanslar, insan dramları var. Əhvalatın əvvəlində tamaşaçıya elə gəlir ki, Əhməd qətiyyətlə siyasi mübarizə aparacaq, rejissor bizə kommunizm ideyalarını təbliğ edəcək. Amma müəllif ustalıqla ideoloji mübarizəni inamsız görünən qəhrəmanın hər şeydən əvvəl özünün şübhələri ilə şəxsi mübarizəsinə çevirir. Quduzlaşmaq qorxusu üzündən qəhrəmanın keçirdiyi psixoloji gərginlik, sevdiyi qıza görə nigarançılıq, hakimiyyət tərəfindən təqib olunmasının əndişəsi, müəyyən tərəddüdlər, suallar - bir birinə qarışaraq qarabasmaya çevrilir və bu, filmə subyektiv atmosfer qatır.

Ona görə də burda inqilabi mübarizədən bəhs edən filmlərdə görməyə adət etdiyimiz pafos, şüarçılıq yoxdur. Rejissor ideal qəhrəman obrazı yaratmağa iddialı olmayıb.

Əhmədin daxilində dialoq-mübahisə başlayır. Biz qəhrəmanın iki fərqli tərəfini görürük. Onun birinci “mən”i “qorxuram” deyir, ikinci “mən”i isə qorxunu üstələməyə çalışır.

Müxtəlif ideologiyaların, fərqli mədəniyyətlərin toqquşduğu dövrdə insan dramlarının ön plana çəkilməsi süjeti də, strukturu da zənginləşdirir. Məsələn, Əhmədin Moskvada oxuduğu illərdə tələbə yoldaşı olmuş çinli Si-Ya-Udanın, sevgilisi Annuşkanın taleyi, xərçəngdən əziyyət çəkən, pilləkəndən yıxılaraq ölən tələbə dostu (və ya intihar edən – rejissor bu haqda birmənalı açıqlama vermir, nəticə çıxarmağı tamaşaçıya buraxır), qızıl əsgər geyimindəki Əhməddən balıq istəyən azyaşlı ac oğlan, dostu Ziyanın həbsi... Əhmədlə Annuşkanın münasibətlərindəki Şərq-Qərb toqquşması, sevgi üçbucağı - əhvalatın melodramatik qatı toxunulan mövzuların əhatə dairəsini genişləndirir.

Sovet dövrünün gəncləri teatrın bir sənət növü kimi yaşayıb-yaşamayacağı haqda müzakirə edir, ekzistensial ruhlu “ölüm nədir”, həyatın çıxılmazlığı haqda suallarda ilişib qalırlar. Onların müzakirəsi nikbinlik vəd edən kommunizmlə kontrast təşkil edir.

***

Film fleşbek fəndi ilə (süjet xəttinin kəsilərək, keçmişdə baş verənlərin nəql olunması) çəkilib. Bəzi milli filmlərimizdə bu nəql texnikası fraqmental şəkildə istifadə olunubsa, R. Əsgərov əhvalatı tamamilə onun üzərində qurub. Keçmişin film boyu təsviri süjetdə kəsiklik, qırıqlıq təəssüratı yaratsa da eyni zamanda əhvalatın bütövlüyünə, qəhrəmanı, dövrü tam anlamağa xidmət edir.

Sənədli kadrlardan istifadə, dokumental manerada çəkilən məişət, ağır güzəran-xışla yer şumlayan kəndli, çadralı qadınların kirkirədə buğdanı una çevirmələri, uşağın kor babasını arxasınca aparması, zibillikdə eşələnən yoxsul uşaq təsvirləri əhvalata neorealist ruh verir.

Yaddaqalan səhnələrindən biri Əhməd çaydan keçərkən arxa planda yaşmaqlı qadının kişini belinə alıb çaydan keçirməsidir. Əhməd onu müşayiət edən kəndlidən “Elə niyə?” deyə soruşanda o, biganəliklə “Arvaddır da. Ərini çaydan keçirir ki, ayaqları suya batmasin” deyir. Çox qısa planda belə bir effektiv, dolğun görüntü ilə qadın haqlarının pozulması təsvir olunur. Və bu təsvir “Molla Nəsrəddin” jurnalının həmin mövzuda çəkilən karikaturalarının uğurlu kinematoqrafik həllidir.

Finalda rejissor maraqlı mizan qurur: Əhməd sağalandan sonra qatarda onu izləyən şübhəli şəxslə üz-üzə, dueldə imiş kimi oturur. Sükut içində bitən son səhnə mübarizənin davam etdiyini göstərir.

***

Filmin operatoru Rasim İsmayılov çəkiliş prosesinə hazırlıq barədə deyir: “Film üzərində işləməyə başlayanda ilk növbədə Nazim Hikmətin vaxtilə Peredelkinoda yaşadığı evdə onun dul qadını ilə görüşdük. Ramiz Nazim Hikmətin əyləşdiyi kürsüdə oturdu, onun əlyazmalarını vərəqləməyə və şəkilləri seçməyə başladı. Bütün bunlar ona böyük təsir göstərirdi. O, Nazim Hikməti çox sevirdi. Tez-tez Nazim Hikmətin tərcüməçisi və katibi olan Əkbər Babayevlə görüşürdü. Çəkilişlər çox mürəkkəb idi. Moskvaya, Kiyevə, Şuşaya qış ekspedisiyaları təşkil olundu. Təbii ki, filmin Türkiyəyə aid olan hissələrini biz Bakıda və onun ətraf kəndlərində – Fatmayidə, Qobustanda çəkdik”.

“Yaşamaq gözəldir, qardaşım” 1967-ci ilin martında Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna filmlərinin kinofestivalında ən yaxşı rejissor debütünə görə xüsusi mükafat qazanıb.

Yeri gəlmişkən, R.Əsgərovun arzularından biri “Babək” haqqında film çəkmək, teatrda Mirzə Cəlilin “Ölülər”inə quruluş vermək idi.

Fəqət, tale qismət eləmədi.

P.S. Yazının hazırlanmasında göstərdiyi köməkliyə görə Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə təşəkkür edirik. Yazıda eyni zamanda kinoşünas Aydın Dadaşovun “Rejissorların yetim qızları, yaxud ayaqsız cənnət quşları” məqaləsindəki faktlardan istifadə olunub.

# 2610 dəfə oxunub

Müəllifin son yazıları

# # #