On beş yaşlı qıza elçi düşənlər

On beş yaşlı qıza elçi düşənlər
21 noyabr 2017
# 09:00

Sevda Sultanova

Televiziyalar onsuz da məhdud intellekt səviyyələrinin imkan verdiyi qədər hər cür abırsız, faydasız proqramlarla, evimizə iznsiz girir. Ancaq bu virtuallıq onlara yetmir. Əllərinə kamera alaraq, küçələrə düşür, adamların evlərinə çağırılmamış, bir sıra hallarda arzuolunmaz qonaq statusunda soxulur.

“Lider” kanalındakı belə proqramlardan biri “Ay ev yiyəsi” haqda bir neçə dəfə yazmışdım.

İndi də “Xəzər” TV-nin “5də5” verilişi yeni mövsümdən “Elçilik” adlı rubrika açıb. Zəng əsasında rayonlara gedir, qapı-qapı düşüb elçiliklə məşğuldur. Elçilik ailə qurmaq institutunun nüfuzlu, vacib hissəsi olduğundan yanlarına məşhur adamları da qoşurlar.

Niyəsə düşünürlər ki, televiziyada işləmək, məşhur olmaq onlara hər qapını rahatlıqla açmaq, insanların intim həyatına soxulmaq lüksünü verir.

Ötən həftə sosial şəbəkələrdə verilişin aparıcısı Zaur Kamalın gitaraçı Rəmişi və Aşıq Solmazı yanına alaraq Ağdamda yetkinlik yaşına çatmayan qıza elçilik etməsi etirazlarla qarşılandı. Hətta məsələyə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi də qarışdı.

Məsələnin hüquqi, etik, Zaur Kamalın ədəbsiz, hətta sərt desəm, sırtıq aparıcılıq manerasından danışmayacam. Çünki baş verənlərdə diqqətimi tamamilə başqa, daha vacib bir məqam-elçiliyə gedən iki QADININ - Aşıq Solmazın və oğlanın anasının davranışı çəkdi.

Qızın anası israrla, normal şəkildə onlara övladının həddi buluğa çatmadığını, təhsil almaq istədiyini, ona elçi düşəni sevmədiyini deyir. Ancaq buna baxmayaraq, oğlanın anası, özəlliklə də Solmaz xanım bu fikirlərə hörmət eləmir, özünü özgəsinin evinə girməyi, özəl həyatına burnunu soxmağı haqq edən birisi kimi aparır.

Hələ bu azmış kimi, ana qızın 15 yaşı olduğunu deyəndə o, “Nə var ki burda, nişanlı qalar” deyir. Özü də sakitcə, təbii bir təəccüblə deyir.

Diqqət edin, bu sözlər kişinin yox, məhz qadının dilində səslənir. Məhz qadın başqa bir qadına anlayışsızlıq göstərir, onun fikrinə, hisslərinə, arzularına sayğısızlıq edir. Hələ üstəlik, Solmaz xanım qadının ocağının başında oturub, çayından içib ona acıqla irad tutur ki, qızının yaşını səhv deyib. O, ədalət məhkəməsi qurur, özünü elə aparır ki, sanki evinə çağırılmadığı adamın bunun qarşısında düz danışmaq kimi öhdəliyi var.

Cəmiyyətdə belə bir stereotip fikir var: Qadın haqlarının pozulması deyiləndə ilk ağıla kişilər gəlir. Halbuki bu toplumda qadın haqları elə ən çox onların öz həmcinsləri tərəfindən tapdanır.

Ailə mədəniyyətimizdə çox güclü, sarsılmaz statusa malik alçaldıcı, təhqiramiz yengəlik institutunun qurucusu da, himayədarı da qadındır. Elçilik institutunda həlledici rol da qadındadır. Əksərən, ailələrdə qızını kimə ərə vermək, oğlunu kimlə evləndirmək qərarını da qadın verir.

Bu faktdır ki, Azərbaycan ailələrində ana kultu güclüdür. Qohum-əqrəba arasında mehriban münasibət yaratmaq və ya konflikt salmaqda qadının rolu böyükdür.

Ailənin qohum-əqrəba arasında, cəmiyyətdəki yeri, nüfuzu da çox vaxt qadının niyyətindən, xarakterindən asılıdır. Təsadüfi deyil ki, ocaq, ev obrazı qadınla assosiasiya olunur.

Ailədə azadlığı pozulan, gözardı edilən qız, ərə gedəndən sonra kulta, gücə çevrilir.

Filosof Həsən Quliyev bunu belə analiz edir: “Ailə qadının hökmranlıq etdiyi aləmdir: burada o, arzusunda olduğu azadlığı əldə edir və iyerarxiyanın zirvəsinə qalxır. Ər evdə olmayanda ailəni o idarə edir, qocalar və uşaqlar üçün nüfuz sahibinə çevrilir. Azərbaycanlı qadın üçün ailədən imtina azadlıq əldə etmək imkanı ilə assosiasiyaya girmir”.

Qadın ana olandan, xüsusən də əgər oğlan doğubsa, öz mövqeyini gücləndirir. Beləcə, kölə, ikinci dərəcəli adam ortamında böyüyən, özünü şəxsiyyət, fərd olaraq realizə edə bilməyən qadın ərə gedib ana olandan sonra bir revanş götürür.

Və nəticədə Solmazlar meydana gəlir.

Şübhəsiz ki, bunun kökündə sistem problemi dayanır, cəmiyyətdə bir sıra dəyərlər dəyişilməli, o keyfiyyətcə tamamilə yenidən təşkil olunmalıdır.

# 1370 dəfə oxunub

Müəllifin son yazıları

# # #