Herostratı unutmağın Azərbaycan metodu

Herostratı unutmağın Azərbaycan metodu
24 noyabr 2015
# 12:56

Milli teatrımızın ən işıqlı

adamlarından biri

Hüseynağa Atakişiyevin

xatirəsinə

Keçən həftə Azdramada rejissor Mehriban Ələkbərzadənin quruluşunda “Herostratı unudun” tamaşasının premyerası oldu. Pyes rus yazıçısı Qriqori Qorinindir. Dəfələrlə Rusiyanın müxtəlif teatrlarında oynanılıb. Bizdə ona zamanında Hüseynağa Atakişiyev quruluş verib.

M.Ələkbərzadənin quruluşunda rejissor interpretasiyası olmadığı üçün bu haqda yazmaq istəmirəm.

Amma “Herostratı unudun” Dram teatrının səhnəsində gördüyüm çox az əsərlərdəndir ki, onu müxtəlif yozumlarda işləmək üçün münbit material vardı.

Kinorejissor olsaydım (çünki teatrın təbiətini özümə yaxın hiss edə bilmirəm), pyesin motivləri əsasında fərqli bir süjet, qara komediya qurardım.

Məsələn, təxmini versiya: Hadisələr qədim Yunanıstanda yox, günümüzdə baş verir. Herostrat isə tacir yox, vaxtilə "Azdrama"da çox uğurlu səhnə taleyi olmuş, pafoslu, ritorik oyun tərzini təmsil etmiş keçmiş aktyordur. O, "Azdrama"da Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımovla işləyib, onların tamaşlarında baş rollarda oynayıb. Və Kaşşey kimi ölməzdir.

Sovet İttifaqı dağılandan sonra ölkədəki hərtərəfli böhran teatra da təsir edir, ona maraq, qayğı azalır və cəmiyyətdə millli teatr, aktyorlar haqda miflər dağılır. Buna etiraz olaraq Herostrat tamaşa zamanı qəfildən səhnədə susur (Berqmanın “Persona”sından sitat). O, teatrdan ayrılıb yaslarda mollalığa başlayır. Yaxşı pul qazansa da Herostratın aktyorluq həsrəti öləzimir. O, hər dəfə cildini dəyişərək "Azdrama"nın bütün tamaşalarına gedir, zəif aktyor oyunu, uğursuz tamaşa görəndə zövq alır, pafos görməyəndə isə özünü pis hiss edir.

Herostrat özünə dərd edir ki, "Azdrama" özünün məbəd imicini itirir, Aliyənin, Aygün Aslanlının bu haqda məqalələri onun psixikasını pozur.

Teatrın “məbəd” imicini itirməsinə etiraz olaraq, "Azdrama"nı yandırır.

Sonra Herosrtat mətbuat konfransı keçirərək "Azdrama"nı yandırdığını etiraf edir. Buna kimi hamı Herostratı ölmüş hesab edirdi. Məlum olur ki, Herostrat öz ölümünü səhnələşdiribmiş.

Aktyorlar, rejissorlar, Hetostrata məhkəmə qurmaq üçün yer axtarır.

Birinci aktyor:

- Gəlin, Oda-ya müraciət edək.

İkinci aktyor:

- Yox, onlar tərbiyəsizdilər. Milli dəyərlərimizə qarşı çıxırlar.

- Birinci aktyor:

- Onda “Pantomim”dən yer istəyək.

İkinci aktyor:

- Yox, onlar da sözləri tualetə atıb, Şekspir klassikasına xəyanət ediblər. Sən Allah, yadındadır, Hamleti necə oynamışdım? İndikilər nə qanır Hamlet nədir?

Sonra o, Hamletin monoloqunu söyləyir.

Birinci akyor:

- Yaxşı ətimi tökmə, onda Hamleti mən oynamalıydım, sən rolumu əlimdən aldın, sənin üzündən indiyə kimi də qəbirqazanı oynayıram.

Onlar yumruqlaşırlar. Hardansa Aliyə peyda olur. Onların fotosunu çəkib, aradan çıxır.

- Ən yaxşısı Yuğa deyək.

Ortaq qərara gəlib məhkəməni Yuğda qururlar. Heorstratın linçləmə prosesinin başında Sevda Sultanova dayanır, o, Herostratı söz demək haqqından məhrum edir, bütün imkanları yaradır ki, onu ittiham edərək, aşağılasınlar.

Herostrat emosional, psixoloji zorakılığa məruz qalır, tamaşaçı zəngləri onu məbədi yandırmaqda, milli teatrımızın tarixini məhv etməkdə günahlandırır.

Sosial şəbəkələrdə isə Herostrata olan münasibəti insan haqlarının pozulması kimi dəyərləndirirlər. Herostratın gözlərində yaş görünür, bu, kədər yox, sevinc göz yaşlarıdır. O, undulmuş şöhrətini geri qaytardığı üçün xoşbəxtdir, qınanılması vecinə də deyil.

Sonra hadisələr təkadamlıq kamerada cərəyan edir. "Ölüm hökmü haqqında" qanun qadağan edildiyi üçün Herostrata ömürlük cəza verilir.

Günlərin birində Hökumə Qurbanova Kleopatra qiyafətində peyda olur, o, Herostratı məbədlə birlikdə onun xatirələrinin yandırdığı üçün ittiham edir. Onların arasında mübahisə düşür. Herostrat deyir ki, vaxtilə H.Qurbanovaya aşiq olduğu, o isə Heorstratı rədd etidyi üçün qisasını belə alıb. H. Qurbanova Kleopatradan Janna Darka çevrilir. Herostratın başını qılıncla üzmək istəsə də, alınmır, çünki hər dəfə üzdükcə yeni baş peyda olur.

Beləcə, o dünyada olan aktyorlar, rejissorlar, dramaturqlar gəlir, onlar Herostratla sənət mübahisəsi yox, nə vaxtsa olub-bitmiş intriqalardan danışır, hərə qəzəbini Herostratdan bir cür çıxır.

İllər ötür, Herostrat tənələrdən bezir, ölə bilmir, monoton günlərdən əzab çəkir. Nəhayət, intihar etmək qərarına gəlir: “İnsan ol, Herostrat, ləyaqətin olsun, ömrün boyu kölə kimi yaşamaqdansa özünü öldür”.

İplə özünü boğmaq istəyəndə hiss edir ki, vicdanı sızlayır. Yadına düşür ki, sızıltının səbəbi ona Hüseynağa Atakişiyevin baş çəkməməsidir. Gecə-gündüz tanrıya dua edir ki, H.Atakişiyev ona baş çəksin. Nəhayət, arzusu yerinə yetir. H.Atakişiyevdən halallıq istəyir, etiraf edir ki, vaxtilə "Azdrama"da ona qarşı olan qruplaşmanın başında özü dayanıb. H.Atakişiyev ona o dünyada ömür boyu Fikrət Əliyevin “Axırıncı dayanacaq” filmində oynamağı arzulayıb qeybə çəkilir. Herostrat dəhşət içində qışqırır: “Yox, təkcə bu, yox”. Onun başı gicəllənir. Bu zaman o, özünə təsəlli verir ki, Hiçkokun “Başgicəllənmə” filmində oynayır.... Bu təsəlliyə də canını tapşırır”.

# 1121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #