Kulis.az “Əsl kino” layihəsində Pablo Larrainin “Yox” və Petter Nessin “Ellinq” filmlərini təqdim edir.
Çili rejissoru Pablo Larrainin “Yox” filmi 2012-ci ildə ekranlara çıxıb və Kann festivalında Art Kino Beynəlxalq Konfederasiyasının mükafatını alıb.
Süjet: Hadisələr Auqusto Pinoçetin hakimiyyəti dövründə baş verir. Əsas qəhrəman Rene (Qael Qarsiya Bernal) uğur qazanmış reklamçıdır, özünün yüksək kreativliyi ilə seçilir. O, oğlu ilə birlikdə sakit həyat yaşayır. Siyasət isə onu maraqlandırmır. Ölkə referendum keçirməyə hazırlaşır. Auqusto Pinoçet özünün beynəlxalq aləmdə legitimliyini qəbul etdirmək üçün referendum keçirməyə məcburdur. Onun hakimiyyətdə qalıb-qalmaması referendumun nəticələrindən asılı olacaq.
Hakimiyyət referendum ərəfəsində beynəlxalq ictimaiyyətin təzyiqi ilə müxalifətə efir vaxtı verməlidir. Renenin valideynlərinin dostu ondan xahiş edir ki, müxalifətin təbliğat kampaniyasına yardım eləsin. Rene buna öncə həvəssiz yanaşır, amma sonucda onun vətənpərvərlik duyğusu qalib gəlir. Hətta işlədiyi agentlik buna qarşı çıxsa da o, “Pinoçetə yox” kampaniyasına qoşulur. Və müxalifətin reklam strategiyasını dəyişir...
“Yox” dramı seçkilərdə təbliğat strategiyasının necə qurulması baxımından maraqlıdır. Əhvalat real hadisələrə əsaslanır. Rene obrazı bir neçə real adamın ümumiləşmiş prototipidir. Bundan başqa filmdə göstərilən adamların çoxu uydurulmuş yox, real adamlardır və onlardan bəziləri hələ də Çili hakimiyyətində təmsil olunurlar. “Yox” kampaniyasında iştirak edənlərin çoxu bu filmdə rol alıb.
Rejissor əhvalatda təkcə təbliğata fokuslanmayıb. O, bu hazırlıqların fonunda Pinoçet hakimiyyəti dövründə baş verən zorakılıqları, ölkənin ictimai-siyasi durumunu, xalqın mövqeyini ekrana gətirir. Və bütün bunlar filmin əsas mövzusu ilə əlaqəli şəkildə ortaya çıxır.
“Yox” kampaniyasının tərəfdarlarının hazırladığı çarx əsasən Pinoçet hakimiyyətin dövründəki zorakı təsvirlər üzərində qurulur. Rene buna qarşı çıxır, onun arqumentinə görə, neqativ təsvirlər elə də təsirli deyil. O, həmin kadrları ixtisar edərək, çarxı Pinoçetsiz işıqlı gələcək üzərində qurmaq, onu nikbin hazırlamaq təklifi ilə çıxış edir. Onun təklifi diktaturanın dəyənəyini dərisində yaşamış adamların etirazına səbəb olur. Onların fikrincə, uzun illər televiziyaya buraxılmayan müxalifətin həqiqəti demək şansını əldən buraxmaq olmaz. Rene onların fikirlərini nəzərə alır, lakin yenə də təbliğatı nikbin notlarda qurur. Və zorakı hadisələrin təsvirlərini basqı kimi yox, sevgi, anlaşmaq kontekstində işləyir. Misalçün, bir epizodda bir çilili polis etiraz edən digər çililini döyür. Kamera onların hər birinə fokuslanır və kadrarxası mətndə deyilir ki, hər iki statusda olan çilinin öz həqiqətini demək haqqı var, amma bu, zorakılığa səbəb olmamalıdır.
Reklam çarxının müzakirəsi zamanı ölkənin mövcud durumu müzakirə olunur, seçicilərin tərkibi, fikri incələnir, vəziyyətdən çıxmaq üçün nə etməli sualına cavab axtarılır.
Filmdə 1988-ci ildə çəkilmiş orijinal çarxlar nümayiş olunur. Müəllif reklam, bədii və sənədli kino dilinin məziyyətlərinin sintezi ilə əhvalatın strukturunu zənginləşdirir. Kəskin montaj fəndindən yararlanan rejissor kinematoqrafik zamanı sürətləndirərək, eyni mövzuda müzakirələri müxtəlif zaman və məkanda davam etdirir.
Referendumda “Yox” kampaniyası qalib gəlir. Ən təsirli epizodlarından biri Renenin qələbə fonundakı təsviridir. Onun fikriləri ilə razılaşmayan “Yox” kampaniyasının bəzi üzvləri bunu az qala öz fərdi qələbəsi kimi verir. Rene isə susur, onu ön planda olması maraqlandırmır. O, qələbədən mütəəssir olmuş halda oranı tərk edir.
***
Norveç rejissoru Petter Nessin 2001-ci ildə nümayiş olunan “Ellinq” filmi San-Sebastyan festivalında xüsusi mükafata layiq görülüb. Film norveçli yazıçı İnqvar Ambyönsenin “Qan qardaşları” romanına əsasən çəkilib.
Süjet: Əhvalatın qəhrəmanlarından biri Ellinqin (Per Kristian Ellefsen) yaşı çox olsa da, o, həmişə anasının himayəsində və nəzarətində yaşayıb. Ellinq kadrarxası nəqlində özünü “ana uşağı” adlandırır. Anası vəfat edəndə onu psixi klinikaya yerləşdirirlər. O, burada Kyellə (Sven Nordin) eyni otağı bölüşür. Onlar bir müddət sonra buraxılır və sosial işçi Frankın (Yorgen Lanqhelle) nəzarətinə verilir.
Onlara Oslonun mərkəzində zəruri əşyalarla təmin olunmuş ev verilir. Qarşılarına qoyulan əsas şərt isə sosial adaptasiyadır. Hər ikisi mövcud həyat şərtlərinə uyğunlaşmalı və fəal həyat sürməlidirlər. Ellinq təxəllüslə şeirlər yazır və tanınır. Kyel isə qonşuluqdakı hamilə qadına vurulur. Və həyatında heç vaxt qadın olmayan Kyel ilk intim əlaqəsini yaşayır....
“Ellinq” komediya-dramına baxanda ağla ilk gələn odur ki, autsayder vəziyyətdə qalan insanlar normal cəmiyyətdə onlara göstərilən qayğı nəticəsində sosiuma daxil olur. İnsani münasibət, sevgi, motivasiya fərdi normal həyata qaytara bilər.
İnfantil, ünsiyyətə çətin gedən iki qəhrəman ən adi şeylərə uyğunlaşa bilmirlər. Mislaçün, telefon zəng çalanda qorxur, cavab vermək istəmir, dükana getməyə ehtiyat edirlər. Onlar tədricən buna alışır, üstəlik, özlərini realizə edirlər. Rejissor təbii ki, hər şeyi ideal göstərmir. Onların bu duruma düşməsinin səbəbini ailə travmaları ilə bağlayaraq ailə institutundakı problemlərə eyham edir.